Çoxdan idi Naxçıvana gəlmirdim. Yenə ailəmlə birlikdə yola düşmüşdük. Yoldaşım və uşaqlar arxa sıralarda oturmuşdular, mən isə tək idim. Yanımdakı yerə uzunboylu, yekəpər, qara eynək taxmış bir adam oturmuşdu. Elə geniş yayılmışdı ki, qolumu qoymağa belə yer tapmırdım.
Salam verdim. Eşitdi, eşitmədi, bilmədim, amma üzündə heç bir ifadə dəyişmədi. Sakit, soyuqqanlı, bir az da sirli adam təsiri bağışlayırdı. Sanki səsinin eşidilməsindən, üzünün görülməsindən narahat idi.
Təyyarə uçuşa hazırlaşanda bələdçi yaxınlaşıb kəmərləri bağlamağı xahiş etdi. Mən dərhal bağladım. Sonra yanımdakı sərnişinə müraciət etdi. Reaksiya vermədi. Xanım ikinci dəfə dedi, yenə tərpənmədi. Mən də kömək məqsədilə yavaşca:
– Qardaş, kəməri bağlayın, – dedim.
Yenə heç nə… Reaksiya olmadı…
Nəhayət, üçüncü xəbərdarlıqdan sonra eynəyini bir az aşağı endirdi, sakit və aram səslə dedi:
– Hələ qırmızı işıq yanmayıb. Qırmızı işıq yananda bağlayacağam.
Bələdçi izah etməyə çalışdı ki, qayda budur, təyyarə hərəkətə başlamazdan əvvəl kəmər bağlanmalıdır. O isə heç nə demədən yenə əvvəlki ciddi görkəmi ilə oturdu. Bir az sonra işıq yananda kəmərini elə aram-aram bağladı ki, sanki bütün proses onun nəzarəti altında gedirdi. Bax bu an hara uçduğumun fərqində oldum. Axı biz göylə gedirik…
Təyyarə havaya qalxdıqdan təxminən on beş dəqiqə sonra mürgüləməyə başladım. Maraqlıdır, mən rahat çarpayıda çətin yatıram, amma maşında, avtobusda, təyyarədə yuxu məni tez tutur.
Birdən qolumda yumşaq bir toxunuş hiss etdim.
Gözümü açanda gördüm ki, gülərüz, pozitiv stüardessa idi. Gülümsəyərək yavaş səslə dedi:
– Müəllim, beş dəqiqədən sonra pilot kabinəsinin arxasındakı pərdənin yanına gələ bilərsiniz?
Elə həmin an qalxmaq istəyəndə, yenə əlini ehtiyatla biləyimin üstünə qoyub:
– Yox, tələsməyin. Beş dəqiqə sonra gəlsəniz kifayətdir, -deyib, uzaqlaşdı.
İndi siz mənim vəziyyətimi təsəvvür edin siz…
“Niyə məhz məni çağırırlar?”
Başladım beynimdə min cür ssenari qurmağa. Ağlıma nələr gəlmədi… Amma inanmıram ki, hazırda sizin düşündüyünüzlə mənim düşündüklərim eyni olsun. Görəsən, təyyarədə problem var? Mənim köməyim necə ola bilər? Bəlkə, təhlükəli sərnişin elə yanımda oturan bu qara eynəkli adamdır? Arxaya baxdım, ətrafda əsasən qadınlar və uşaqlar oturmuşdu. Öz-özümə artıq qəhrəmanlıq planları da cızırdım. “Lazım gəlsə bunu belə tutaram, ordan keçərəm, bunu edərəm, onu edərəm.”
Bu düşüncəyə gəlməyimin bir səbəbi də girişdə bileti kəsdirəndə baş verən hadisə oldu həm də. Çünki əməliyyatı aparan yoldaş yanındakından nəsə soruşdu, o da baxdı mənə, dedi, hə kişidir, ora yaz. O anda ağlımdan keçən əlbəttə ki, o idi ki, sağ olsunlar, deməli, elə planlayırlar ki, qadın olanda yanında tanımadığı kişi olmasın, heç olmasa qadın olsun. Bu bizim ənənəmizə uyğun addım idi. Amma hadisə baş verəndə düşündüm ki, yəqin ona görə məni bura salıblar.
Nəsə, saat da elə bil dayanmışdı. Bir dəqiqə… İki dəqiqə… Üç dəqiqə… Nəhayət, dördüncü dəqiqə bitən kimi sakitcə ayağa qalxıb pərdənin yanına keçdim.
Stüardessa məni gülümsəyərək qarşıladı. Elə bil çoxdanın tanışı, dostu idik. İri qara gözlərinin içi gülürdü sevincdən. Çox maraqlıdır ki, mənim bayaqdan həyəcanım, planlarım, düşüncələrim elə bil yoxa çıxmış və məni bura çağırılmağımın səbəbini bilirdim. Bütün o qəhrəmanlıq ssenarilərim, təhlükə ehtimalları, beynimdə qurduğum əməliyyat planları bir anda yoxa çıxdı.
Bəli, Məlum oldu ki, heç nə… Səbəb tamam başqa imiş…
Xanım: – Mən sizi tanıyıram, deyib, telefonunda qəşəng bir qız şəkli göstərdi. Bunu tanıyırsınız? Tez eynəyimi taxıb, diqqətlə baxdım və bizim şirkətin əməkdaşı olduğunu gördüm. Bəli, dedim, niyə tanımıram.
-Xalamın qızıdır, siz də onun müdirisiniz. Sizin haqqınızda o qədər danışır ki, elə bil mənim müdirimsiniz, dostumsunuz. Heç dilindən düşmürsünüz. Şəklinizi də görmüşəm. Sizi tanıyandan sonra düşündüm ki, sizə kiçik bir qonaqpərvərlik edim. Nəsə etməliyəm. Təşəkkür etdim, xoş olduğunu bildirdim, amma əl çəkmədi.
Bilirsiniz, Naxçıvan reysində uçuş vaxtı qısa olduğundan, adətən, yalnız su verilir. Düzdür, əvvəllər bir meyvə şirəsi, bulka verilirdi, amma indi sadəcə 250 qramlıq su. Mənə bir fincan kofe hazırladı, yanında da çərəz. Bir az söhbət etdik, oğlunun təhsilindən danışdı, şəkillərini göstərdi, xalası qızını təriflədi. hardasa beş dəqiqəyə yaxın səmimi bir söhbət etdik.
Yerimə qayıtmaq istəyəndə soruşdu:
– Oğlunuz da sizinlə idi deyəsən?
– Bəli, anasının yanında oturub, dedim.
Bir anlıq duruxdu. Təəccüblü bir görkəm aldı…
– Mən ona da su aparım? Birdən yanlış başa düşərlər…
Gülümsədim:
– Narahat olmayın. Mən ictimai adamam, belə şeyləri normal qarşılayırlar, deyib, təşəkkür edərək yerimə qayıtdım.
Amma etiraf edim ki, o beş dəqiqə ərzində beynimdə qurduğum bütün qəhrəmanlıq planları elə təyyarənin qanadından havaya sovruldu.
Bəzən insanın xəyalında yazdığı ssenarilər həyatın özündən qat-qat dramatik olur. Həyat isə sonda sadəcə bir fincan kofe ilə gülümsəyib keçir.
P.S. Mən xanıma nə hesabat verdim, necə izah etdim, orasını da özünüz təsəvvür edin))


