Müəllimin 8 saatlıq iş rejimi: inkişaf, yoxsa yeni risklər?
P.S. Oxuyub anlama başlığı yox, mətni oxuyub anlamaq deməkdir.
Son günlər müəllimlərin digər sahələrdə olduğu kimi 8 saatlıq iş rejimi ilə məktəbdə qalması məsələsi yenidən gündəmi zəbt edib. Hazırda müəllimlər məktəbdə yalnız dərs saatları qədər olur və faktiki olaraq pedaqoji işin böyük hissəsi məktəbdən kənarda, fərdi qaydada icra edilir.
Bu təklifin tərəfdarları da, əleyhdarları da var. Gündəm qızışmışkən dedim, mövzuya yenidən həm müsbət, həm də mənfi tərəfləri ilə toxunum, hər iki tərəfin də arqumentlərini bir arada verim. Bəlkə, bu dəfə fikrimi daha aydın ifadə edə bildim. Çünki mövzunu anlayan da, anlamayan da kütlə psixologiyası ilə söhbətə girişib.
Tərəfdarların gözü ilə baxış etsək, görərik:
1. Pedaqoji keyfiyyətin yüksəldilməsi
8 saatlıq rejim müəllimə təkcə dərs demək deyil, həm də hazırlanmaq, qiymətləndirmək, təhlil aparmaq üçün məktəb daxilində mühit yarada bilər.
Müəllim: dərs planlaşdırmasını, layihə işləməsini, şagirdlərlə fərdi məşğuliyyəti məktəbdə, sistemli şəkildə həyata keçirmiş olar.
2. Məktəbdaxili metodik keyfiyyətin yüksəldilməsi:
Hazırda metodbirləşmələr çox zaman formal işləyir. Əgər rejim tətbiq olunsa: dərs dinləmələri, məktəbdaxili təlimlər, yeni pedaqoji modellərin müzakirəsi
mütəmadi xarakter ala bilər.
3. Dərsdənkənar fəaliyyətlərin keyfiyyətinin yüksəldilməsi:
Fakültətiv dərnəklər, klublar, sosial layihələr və mentorluq görüşləri bu gün əksər hallarda formal görünür. Müəllimin məktəbdə daha çox olması bu sahəni canlandıra bilər.
4. Şagird davranışlarına müsbət təsiri
Müəllimlərin məktəbdə olması: emosional əlaqəni artırır, davranışın monitorinqini gücləndirir, geridə qalan şagirdlərlə fərdi işi mümkün olar.
Bu funksiyanı bu gün yalnız sinif rəhbərləri öz üzərinə götürüb.
5. Repetitorluq yükünün azalması:
Əgər sistem əməkhaqqı ilə balanslaşdırılsa, müəllimlər paralel hazırlığa məcbur qalmaz. Məktəbdə keçirilən 8 saat həm maddi təminat baxımından, həm də fəaliyyət baxımından daha məntiqli olar.
6. Beynəlxalq praktika ilə uyğunluq
• Finlandiya: müəllimlər dərs analizi və tədqiqat fəaliyyətini məktəbdə görür.
• Sinqapur: müəllimlərin 5–6 saatı yalnız peşəkar öyrənməyə ayrılır.
• Cənubi Koreya: vaxtın 60%-i planlaşdırma və qiymətləndirməyə gedir.
• Estoniya: rəqəmsal idarəetmə və müəllim monitorinqi güclüdür.
Bu nümunələr göstərir ki, sistemli quruluş olduqda bu model işləyir.
Əleyhdarların gözü ilə baxış etsək görərik ki:
1. Fiziki şərait və infrastruktur
Məktəblərin böyük hissəsində: müəllim otaqları yoxdur və ya yetərsizdir, dərs hazırlığı üçün şərait yoxdur, maddi-texniki təminat minimaldır.
Belə şəraitdə 8 saatı səmərəli keçirmək çətin olacaq.
2. Məktəb rəhbərliyinin hazır olmaması
Bu sistemin effektiv olmasının 90%-i idarəetmədən asılıdır.
Əgər rəhbərlik: planlaşdırma bilmir, müəllim yükünü düzgün bölə bilmir, motivasiya mexanizmi yaratmırsa, 8 saatlıq rejim sadəcə formal sənədləşmə yükünü artıracaq.
3. Əməkhaqqının real vəziyyəti
Bu sistem ciddi maaş artırılmadan tətbiq olunsa: müəllimlərdə narazılıq artacaq, repetitorluq yenə də davam edəcək (sadəcə vaxt daha az olacaq), motivasiya düşəcək. Bu, ciddi şəkildə risk deməkdir.
4. “Məktəbdə olmaq”, “iş görmək” deyil
Əgər fəaliyyəti ölçən və qiymətləndirən mexanizm qurulmazsa, 8 saat sadəcə “oturub vaxt keçirməy”ə çevrilə bilər, bu da ağır olan durumu bir daha ağırlaşdıra bilər.
5. Metodik fəaliyyət mədəniyyətinin zəifliyi
Bu gün ölkə məktəblərinin əksəriyyətində: tədqiqat, araşdırma demək olar ki, yoxdur, dərs dinləmələri nadir hallarda olur, metodik fəaliyyət motivasiyadan çox, sənədləşmə xarakteri daşıyır. Bu mədəniyyət formalaşmadan 8 saatlıq mexanizm “kağız üzərində inkişaf” yaradacaq.
6. Repetitorluğun kök səbəblərinin qalması
Qəbul imtahanlarının ağırlığı, valideyn gözləntiləri, məktəb-dərnək-sistem uyğunsuzluğu paralel hazırlığın daxili motivasiyasını güclü saxlayır. Təkcə iş rejimi bu problemi həll etmək gücündə ola bilməz.
Bəs real inkişafı təmin etmək üçün nə etmək lazımdır?
8 saatlıq iş rejimi potensial olaraq təhsildə ciddi keyfiyyət dəyişikliyi yarada bilər. Lakin bu yalnız aşağıdakı şərtlərlə mümkündür:
1. Ədalətli əməkhaqqı və sosial paketlər artırılmalıdır.
2. Məktəb rəhbərləri bu sistemi idarə edəcək səviyyədə hazırlanmalıdır.
3. Məktəblərdə fiziki və texniki baza yaxşılaşdırılmalıdır.
4. Metodik mədəniyyət yenidən qurulmalıdır – formal yox, real fəaliyyət səviyyəsində.
5. Hər bir fəaliyyət ölçülən və nəticəyə bağlı olmalıdır.
Əks halda, sistem həm müəllimləri yoracaq, həm də gözlənilən effekti verməyəcək. Və beləcə kurikulumun ilk tətbiqi zamanı yaranan qəbuledilməzlik sindromu kimi, təhsilin boynundan asılı qalacaq.
P.S. Sonda onu deyim ki, 8 saatlıq iş rejimi nə “Amerika kəşf etməkdir”, nə də “böyük təhlükə”. Bu günün əmək məcəlləsinə görə də ştatda olan müəllim elə 8 saat iş başında olmalıdır. Sadəcə 90-cı illərin problemləri dövlətin buna göz yumması ilə bu günə qədər davam edir. İndi isə biz güclü dövlətik, müəllimə get başını birtəhər dolandır deməməliyik.
Bu ideyanı güclü edən də, formal edən də – sistemin necə qurulacağından asılı olacaq!


