Xəbərlər

Qarabağ Çelsi oyununda qələbə qazanacaq

Qarabağ Çelsi oyununda qələbə qazanacaq
Bəzən bir futbol oyunu təkcə idman deyil, bir millətin ruh aynasına çevrilir. Qarabağ–Çelsi qarşılaşması da belə bir oyundur – nəticədən çox, ruhun, inamın, millətin özünə baxışının göstəricisidir.
Hər bir fərd, hər bir xalq bir işi başlayanda qazanacağına inanmalıdır. Çünki inam olmadan heç bir zəfər mümkün deyil. Necə ki, indiyə qədər Qarabağ edib. Bizim tariximizdə minlərlə sübut var ki, inamla atılan addım, istər savaşda, istər elmdə, istər mədəniyyətdə, gec-tez qələbə ilə nəticələnib. Amma bu gün yenə də oyundan əvvəl bir sindrom hiss edirəm – “məğlub sindromu”, yəni hələ top dığırlanmamış məğlubiyyətə razılaşmaq halı. Halbuki Qarabağ adı təkcə bir klub deyil, o, xalqın dirənişinin, ruhunun, Zəfərinin adıdır.
Siz nə deyirsiniz, deyin, Mənim içimdə qələbə inamı var. Bəziləri bunu romantika sayar, amma bu inam duyğu yox, düşüncə məsuliyyətidir. Mən 2012-ci ildə yazılarımda Şuşanı azad etmişdim, mənim kimi minlərlə insanın qəlbində o azadlıq çoxdan baş vermişdi. Vətən müharibəsi bu inamın reallaşmış forması idi — qəlbində qələbə yaşayan xalq bir gün onu torpaqda da qazandı.
Almaniyada yaşayan dostum Orxan Aras mənə bir hekayə danışmışdı. Bir türk fəhlə bir zavodda işləyirmiş, amma alman mühəndislər ona işin texniki tərəflərini izah edə bilmirmişlər. Çünki adam alman dilini yaxşı bilmirdi. İş sahibi Orxan bəydən xahiş edib ki, gəl bu məsələdə bizə kömək et. Məsələni soruşanda fəhlə demiş ki, “alman kimdir ki, mənə nəsə öyrətsin? Mən Osmanlı torunuyam, kimsə mənə nəsə öyrətməyə qalxmasın! ”
Baxın, bu, bəlkə də savadsız bir inam idi, amma içində çox dərin bir özünəgüvən vardı. O adam bilmirdi, amma inanırdı ki, öyrənə bilər, bacarar, uduzmaz.
Bu, bir millətin genetik yaddaşıdır – özünə inam, ruh gücü, iddia. O fəhlənin içindəki “mən bacararam” duyğusu əslində bir xalqın yüzillik kodudur. Bizim də Qarabağ qarşısında, istər futbol meydanında, istər həyatda bu iddianı, bu inamı yaşatmağımız lazımdır.
Biz elə bir millətin övladlarıyıq ki, yalnız qılıncla deyil, qələmlə, sözlə, fikir və mədəniyyətlə də qalib gəlmişik. Dünyada neçə xalqın “Kitabi Dədə Qorqud”u, Alpamış dastanı, Nizamisi, Nəsimisi, Tusisi var? Bizim kökümüzdə həm döyüş, həm də düşüncə qələbəsi var.
Ona görə də bu gün Qarabağ–Çelsi oyunu sadəcə idman deyil – bu, ruhun meydanıdır. Qələbə sadəcə hesabda deyil, qəlbdə yazılır. Qəlbində inam, sevgi, mübarizə olan xalqın qarşısında heç Çelsi də dura bilməz!
Qarabağ meydanda oynayır, amma o, bütün bir xalqın ruhunu təmsil edir. Biz artıq uduzmuruq – biz hər gün yenidən qalib gəlirik.

Oxşar yazılar