Aylıq arxivlər

Dekabr 2025

Xəbərlər

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər təkcə yubiley nitqi deyil, eyni zamanda dil siyasəti ilə bağlı ciddi bir strateji mesaj idi. Prezidentin “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir” fikri dil məsələsinin mədəni yox, milli təhlükəsizlik müstəvisində dəyərləndirilməsinin vacibliyini bir daha ortaya qoydu.

Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi oldu: “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur.”

Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması təqdirəlayiqdir. Bu məsələdə istərdim ki, təhsil sistemimizdə kök salmış yanaşmaların dəyişdirilməsinin vacibliyini qeyd edim.

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram və dərsliklərdə Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər iki anlayış eyni dili – Azərbaycan dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu fənn “Dövlət dili” adlandırılır.

Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür. “Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir.

Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.

Saat fərqi – bərabərsizliyin institusionallaşması da vacib məqamlardandır.

Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır. Azərbaycan bölmələrində ibtidai siniflərdə Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və ingilis bölmələrində bu göstərici 2 saatla məhdudlaşır. Bu, sadəcə metodiki fərq deyil, dilin funksional imkanlarının şagirdlər arasında qeyri-bərabər bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar Elm və Təhsil Nazirliyi bu sahədə çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən də alqışlanıb.

Təsəvvür edin: eyni ailədə böyüyən iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu üçün dili bütün üslubları ilə öyrənir, digəri isə ingilis bölməsində oxuduğuna görə Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir. Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.

Müəllimlər yaxşı bilirlər ki, 2–3 saatla dili nə akademik, nə rəsmi-işgüzar, nə də bədii üslubda öyrətmək mümkündür. Evdə danışılan dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində formalaşır.

Son vaxtlar xarici təcrübədən misal çəkəndə cəmiyyətimizdə xoş qarşılanmasa da, nə edək ki, biz bir dünyada yaşayırıq, bəzən beynəlxalq təcrübə ilə də tanış olmalıyıq.

Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr açıq və prinsipial mövqe ortaya qoyur:

  • Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün fransız dili eyni həcmdə və eyni proqramla tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika dəyəri kimi qorunur.
  • Finlandiya: İsveç və fin dillərində təhsil alan məktəblərdə dövlət dilləri bərabər saatla və yüksək akademik səviyyədə tədris edilir.
  • İsrail: Tədris dili ivrit olmayan məktəblərdə belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.
  • Türkiyə: Tədris dilinin hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.

Bu ölkələrdə dil məsələsi seçim azadlığı ilə deyil, milli konsensusla tənzimlənir.

Azərbaycanda bu fərqləndirmə sovet dövrünün rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə ingilis bölmələri doldurur. Problem ingilis dilinin öyrədilməsində deyil – problem Azərbaycan dilinin zəiflədilməsi bahasına çoxdillilik yaratmaq cəhdindədir. Bu isə uzunmüddətli perspektivdə milli dil şüuruna ciddi zərbə vurur.

Dil siyasətində yarımçıq qərarların zamanı bitib. Bunu isə bizə Böyük Zəfərimizin memarı Cənab Ali baş komandan deyir, ona görə də düşünürəm ki, gecikmədən qərar almalıyıq.

  1. Bütün bölmələrdə fənnin adının qarşısında yalnız “Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət dili ifadələri sadəcə Dövlət dili ilə əvəz edilməldir;
  2. Tədris dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni saatla, tədris edilməlidir;
  3. Birinci siniflərdən başlayaraq vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;
  4. Digər xalqların ana dillərində təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi hesabına olmamalıdır.

Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr edilməz. Azərbaycan dili müəllimləri də iki bölmənin müəllimi kimi bölgüləndirilməz.

Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə görə nazik və ya qalın etmək isə gələcəyimizi riskə atmaq deməkdir.

Təhsil texnoloqu, dosent Şəmil Sadiq

Elmi Xəbərlər

 Türk Bölməsi və ya Türk Təhsil modeli

 Türk Bölməsi və ya Türk Təhsil modeli

Qloballaşma dövründə təhsilin artıq təkcə məktəb və universitet divarları ilə məhdudlaşan bir sahə olmadığını hamımız yaxşı bilirik. Bu gün təhsil sistemləri dövlətlərin iqtisadi, mədəni və ideoloji təsir alətlərindən birinə çevrilib. Bir çox ölkələr yaratdıqları təhsil modellərini sistemləşdirir, brendləşdirir və bu modelləri dünya miqyasında yaymaqla həm maddi, həm də strateji qazanc əldə edirlər. Düzdür, bunu özəl sektorun əli ilə təqdim edir, birmənalı şəkildə bilirik ki, bu cür layihələrə birbaşa dövlətlər özləri dəstək olur.

Bizim də bu yazının yazının məqsədi mövcud qlobal təhsil modellərinə qısa nəzər salmaq, Türkiyənin bu sahədəki mövqeyini dəyərləndirmək və Türk dünyası üçün real, tətbiq edilə bilən “Türk Bölməsi” adlı təhsil modelinin niyə zəruri olduğunu ictimai müzakirəyə çıxarmaqdır.

Bu gün Cambridge, International Baccalaureate (IB), Pearson, Advanced Placement (AP) kimi sistemlər sadəcə tədris proqramı deyil, qlobal təhsil markalarıdır. Bu modellərin ortaq aşağıdakılardır:

  • Mərkəzləşdirilmiş və standartlaşdırılmış kurikulum
  • Beynəlxalq səviyyədə tanınan imtahan və qiymətləndirmə sistemi
  • Akreditasiya və lisenziya əsasında davamlı maliyyə mexanizmi
  • Dil və mədəniyyət üzərindən təsir gücü

Sözsüz ki, Bu sistemlər vasitəsilə təkcə bilik ötürülmür, eyni zamanda müəyyən bir dil (əsasən ingilis dili), dəyərlər sistemi və dünyagörüşü təqdim edilir. Başqa sözlə, təhsil burada “yumşaq güc”ün ən təsirli alətlərindən birinə çevrilir. Heç təsacüfi deyil ki, bütün ölkələr öz mədəniyyətini, dilini təbliğ etməyə xüsusi büdcə ayırır, bunun üzərində diaspor fəaliyyəti qururlar.

Məktəblər və valideynlərin bu təhsil sistemlərinə marağının da mərkəzində duran xüsusi səbəblər var.  Bəzən elə düşünülür ki, bu cür bahalı təhsil sistemlərinə yönələnlər üçün təkcə keyfiyyət anlayışıdır. Daha profesional yanaşsaq, görərik ki, sadəcə keyifiyyət əsas deyil. Yeni qurulan məktəblər üçün:

-Kurikulum və imtahan hazırlamaq yükünü aradan qaldırır

-Hazır və beynəlxalq səviyyədə tanınan model təqdim edir

-Prestij və rəqabət üstünlüyü yaradır

Valideynlər isə əsasən bu səbəblərə görə seçim edirlər:

-Uşağın ingilis dilini yüksək səviyyədə öyrənməsi

-Xarici universitetlərə qəbul şansının artması

-Qlobal təhsil mühitinə inteqrasiya

-Gələcəkdə daha yaxşı iş imkanı əldə etmək

Nəticədə təhsil seçimi getdikcə daha çox rasional və strateji qərara çevrilir.

Bütün bunlara diqqət yetirəndə təbii olaraq içimdə bir sual yaranır, axı  Niyə hələ də Türk Təhsil Konsepti yoxdur, niyə hələ də türk ölkələrində ortaq kurikulumu olan bir sistem qurulmayıb? Niyə Türkiyə hələ də beynəlxalq səviyyədə tanınan, akreditasiyalı bir Türk təhsil modeli təqdim etmir?

Sözsüz ki, mən bu yazım bu sahəyə diqqət çəkməkdir. Gəlin bir türk təhsil modeli yaradaq, deyib, sabah da bunu elan etmək mümkün deyil. Amma indiyə qədər bu düşünülməli və tətbiq edilməli idi deyə düşünürəm. Könül istər ki, bu model Türk Akademiyası tərəfindən bütün türk dövlətlərinin birgə çalışması ilə ərsəyə gəlib, hamısında tətbiq edilərdi. Lakin Bu günün prizmasında baxanda isə ən yaxın görünən Türkiyə Cümhuriyyətinin bu sahədə atmalı olduğu addımdır. Çünki prosesin təşkili daha asan, daha tez başa gələndir. Çünki, türkiyə köklü universitet ənənəsinə, güclü akademik potensiala, Ortak dil, tarix və mədəniyyətə malik geniş Türk dünyasına, Yüksək mədəni cazibə gücünə malikdir. Həmçinin etiraf edək ki, Türkiyə həm siyasi, həm iqtisadi baxımdan bu işi öhdəsinə götürə biləcək ən güçlü türk ölkəsidir və bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, eləcə də İranda yaşayan azərbaycanlılar arasında Türkiyəyə güclü təhsil marağı var. Hər il on minlərlə gənc Türkiyədə oxumaq üçün universitetlərə müraciət edir. Türkiyə bu coğrafiyada akademik mərkəz kimi qəbul olununan qardaş ölkədir. Bu isə təkcə tələbə axını deyil, təhsil modeli ixracı üçün də böyük potensial deməkdir.

Bildiyimiz kimi Sovetlərdən ayrılan türk ölkələrində Rus bölməsi adlı bir ifadə var. Bu gün isə bu bölmənin nüfuzunun xeyli  zəifləməsi və yaranan boşluq da bizə imkan veriri ki, Türk Təhsil Modeli adlı bölməni yaradaq. Bunu şərtləndirən bir neçə vacib məqam var:

-Türk dövlətlərinin bu gün tarixdə heç vaxt olmadığı qədər yaxınlığı

-Rusiyanın regional təsirinin azalması

-Yeni nəslin rus dilinə marağının zəifləməsi

-Türkçə və ingilis dilinin yüksəlişi

-Türkiyə Türkcəsində elmi ədəbiyyatın yetərincə çoxluğu və tərcümənin zəngin olması

Nəticədə təhsil sahəsində ciddi bir boşluq yaranıb. Bu boşluq ya düzgün doldurulacaq, ya da başqa güclər tərəfindən tutulacaq.

Bəlkə də, indi kimsə deyəcək ki, hazırda Türkiyənin bir çox ölkələrdə dövlət və özəl məktəbləri var. Qeyd etməliyəm ki, mövcud Türk məktəbləri yetərli deyil.

Türkiyənin dəstəyi ilə fəaliyyət göstərən Maarif (özəl fomatda) məktəbləri və bəzi dövlət və özəl Türk məktəbləri əhəmiyyətlidir. Amma reallıq budur ki, bu məktəblər: Say baxımından azdır, Ümumi təhsil sistemini dəyişəcək miqyasda deyil, konkret bir modellə fəaliyyət göstərmir. Mənim təklifim isə bunu daha genişmiqyaslı və  qlobal təsir yaratmaq üçün tək-tük məktəblər yox, model, proqram və akreditasiya sisteminin olmasıdır. Niyə hansısa bölgəmizdə bir məktəb bu konseptdən istifadə edə bilməsin, niyə hansısa başqa bir ölkə məhz Türk Təhsil Konsepti ilə təhsil verməyi seçə bilməsin? Məsələn, mən bir özəl məktəb sahibiyəm, istərdim ki, rus bölməsi əvəzinə türk bölməsi açım, amma burada çoxlu açıq suallar var, ən vacibi isə sonda məzun hansı diplomu alacaq?

 Təklif etdiymiz “Türk Bölümü” və  ya “Türk Təhsil Konsepti” aşağıdakı əsaslara söykənə bilər:

-Ortaq Türk dəyərləri sisteminə əsaslanan təhsil

-Türkiyə mərkəzli vahid və standart kurikulum

-Türk dili əsaslı, eyni zamanda çoxdilli (Türkcə–İngiliscə) təhsil

-Ortak Türk tarixi, ədəbiyyatı və mədəniyyəti

-Beynəlxalq standartlara uyğun qiymətləndirmə

-Türkiyə tərəfindən verilən akreditasiyalı diplom

Bu proqram istənilən ölkədəki dövlət və özəl məktəblər üçün müraciət əsasında açıq olmalıdır.

Bu modelin cazibəsini artıracaq əsas amil isə “Türk Bölümü” məzunlarına Türkiyə universitetlərində: Xüsusi kontenjanlar, Təqaüdlər, Qəbul və keçid üstünlüklərinin olmasıdır.

Bu gün təhsil sadəcə dərs prosesi deyil. Təhsil – dil, mədəniyyət, iqtisadiyyat və geosiyasətin kəsişdiyi strateji sahədir. Əminəm ki, Türkiyə öz tarixi, mədəni və intellektual potensialı ilə Türk dünyası üçün ortaq, güclü və rəqabətədavamlı təhsil modeli yarada bilər. Əgər buna nail olub, tətbiq edilərsə, məhz qardaş Türkiyənin, təhsil diplomatiyasını gücləndirər, Türk dünyasında ortaq akademik zəmin yaradar, Birlik ideyasını söz səviyyəsindən institusional səviyyəyə qaldırar.

Bu artıq bir arzu deyil, zamanı çatmış strateji zərurətdir.

Mənsə 30 illik təhsil təcrübəmlə bu prosesin istənilən yerində könüllü olaraq dəstək verməyə cani-könüldən hazıram.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru,

Turan Balabilgə Akademiyasının prezidenti,

dosent Şəmil Sadiq

Xəbərlər

Ankarada Azərbaycan-Türkiyə qardaşlığı

Şəmil Sadiq şagirdlərlə görüşərək mühazirə oxuyub

Tanınmış yazıçı, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, təhsil mütəxəssisi Şəmil Sadiq Ankarada fəaliyyət göstərən, Türkiyənin köklü təhsil ocaqlarından olan “Nesibe Aydın Okulları” şəbəkəsinin “Yıldızlar Okulları” filialında şagirdlərlə görüşüb.

Görüşdə məktəbin 9-10-cu sinif şagirdləri, pedaqoji heyət və rəhbərlik iştirak edib. Tədbir şagirdlərin hazırladığı “Şəmil Sadiq kimdir?” adlı xüsusi təqdimatla başlayıb.

“Savad tərbiyə və sayğı ilə birləşəndə dəyər qazanır”

Görüş təəssüratlarını bölüşən Şəmil Sadiq şagirdlərin intellektual səviyyəsini və etik davranışlarını yüksək qiymətləndirib:

“Savadlı uşaqlar həm də tərbiyəli və sayğılı olur. Bunun əyani sübutunu məhz “Yıldızlar Okulları”nda gördüm. Bir məktəb necə olmalıdır desəniz, bu təhsil ocağını nümunə göstərərdim”, – deyə o bildirib.

Milli kimlik və qardaşlıq vurğusu

Çıxışında təhsildə dəyərlərin önəminə toxunan yazıçı, müasir dövrdə təhsildən gözləntilər və milli kimlik məsələləri ətrafında mühazirə oxuyub. Tədbirin ən yadda qalan anlarından biri isə Şəmil Sadiqin şagirdlərlə birlikdə “Azərbaycan-Türkiyə” şeirini səsləndirməsi olub. İki qardaş ölkənin birliyindən bəhs edən bu anlar zalda böyük coşğu ilə qarşılanıb.

Maraqlı hədiyyə: Yazıçı adına əkilən ağac

Görüşün sonunda şagirdlərin suallarını cavablandıran Şəmil Sadiq onlara müəllifi olduğu kitabları hədiyyə edib. Məktəb rəhbərliyi tərəfindən isə yazıçıya maraqlı və anlamlı bir hədiyyə — onun adına əkilmiş ağacın sertifikatı təqdim olunub.

Yüksək səviyyəli qonaqpərvərlik

Şəmil Sadiq tədbirin təşkilinə görə “Nesibe Aydın Okulları”nın qurucu təmsilçisi, tanınmış iş adamı Mirkan Aydına təşəkkürünü bildirib. Rəsmi hissədən sonra o, Türkiyənin görkəmli təhsil xadimi Nesibe Aydın və tanınmış iqtisadçı Burcu Aydın ilə bir araya gələrək təhsilin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Xəbərlər

Bakıda Təhsil Texnologiyaları Sərgisi keçiriləcək

Dekabrın 20-də Bakıda təşkil ediləcək III Təhsil Menecerləri Forumu çərçivəsində ilk dəfə xüsusi Təhsil Texnologiyaları Sərgisi keçiriləcək.

Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən son texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradacaq: Yeni nəsil interaktiv tədris texnologiyaları, rəqəmsal təhsil və LMS platformaları, İKT əsaslı idarəetmə və monitorinq sistemləri, məktəblər üçün innovativ proqram və tətbiqlər, robotika, STEAM və VR/AR təhsil mühitləri, smart cihazlar, ölçüləbilən tədris alətləri izləyicilərə təqdim olunacaq.

“Təhsilin gələcəyi ilə tanış olun” devizi ilə açılacaq sərgi təhsil liderləri üçün texnologiya ilə daha yaxından tanış olmaq, müasir həllər seçmək və yeni əməkdaşlıqlar qurmaq üçün yaxşı fürsətlərdən biri kimi dəyərəndirilir.

Qeyd edək ki, III Təhsil Menecerləri Forumunun təşkilatçısı Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupudur. Təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər, innovativ yanaşmalar, tətbiq edilə bilən həllər barədə çıxışlarının təqdim edəcəyi böyük platformadır.

Xəbərlər

Hekayə olmayan yerdə turizm olmur – ŞƏMİL SADİQ

Hekayə olmayan yerdə turizm olmur – ŞƏMİL SADİQ
“Dranqonun evi” adlı mifik bir muzey-kafe də yarada bilərik
Hər dəfə xarici ölkələrə səfər edəndə, bir şəhərin turistlərlə necə “danışdığını” görəndə istər-istəməz eyni sual beynimdə dolaşır: Niyə bizdə turizm bu qədər zəifdir? Bu sual təkcə xarici turistlərlə bağlı deyil, elə yerli turistlər üçün də keçərlidir. Bizim üçün “gəzmək” çox vaxt Şamaxıya gedib bir quzunu aşırmaqdan, bir şəkil çəkdirib qayıtmaqdan ibarət olur. Şəhərlərimizdən xatirə yox, sadəcə yol yorğunluğu ilə dönürük.

Bir az dərindən düşünəndə anlayıram ki, problem nə təbiətdədir, nə də tarixdə. Biz hekayə yaratmağı və onu təqdim etməyi öyrənməmişik. Hətta, real əsası olan hekayələrimizi belə danışa bilmirik. Hekayə olmayan yerdə isə turizm olmur.

Xaricə gedənlər yaxşı bilir: bəzən elə dəyərsiz görünən bir daş, adi bir ağac, ya da kiçik bir küçə elə mifikləşdirilir ki, sanki bir azdan möcüzə baş verəcək. Sonra yaxından baxırsan və anlayırsan ki, ortada möcüzə yox, “yaxşı danışılmış hekayə” var. İnsanları cəlb edən də məhz budur.

Məsələn, Londonda “Baker Street 221B”. Şerlok Holms tarixi şəxsiyyət deyil. Heç vaxt yaşamayıb. Amma onun “evi” hər gün turistlə doludur. İnsanlar bilet alır, şəkil çəkdirir, xəyali bir detektivin kreslosuna oturub xoşbəxt olurlar.

Veronada “Cülyettanın eyvanı”: Şekspirin uydurduğu bir obraz. Amma minlərlə insan o eyvanın altında sevgi məktubu yazır, divara ürək şəkli yapışdırır. Parisdə Sena sahilində “aşiqlərin körpüsü”, Brüsseldə balaca bir uşaq heykəli – “Manneken Pis” – bir şəhərin simvoluna çevrilib. Bunların heç biri “möhtəşəm tarix” deyil, amma “yaxşı qurulmuş mifologiyadır”.

Bizdə isə hekayələr hazırdır, hekayə uydurmalı deyilik.

Məsələn, Bakıda “Qoşa Qala qapısının” qarşısında Hüseynqulu xanın Sisianovla qarşılaşmasını xatırladan kiçik, amma simvolik bir abstrakt heykəl təsəvvür edin. Yanında qısa bir mətn: “Bu qapıdan işğalçı girmədi.” Eyni konsepti Gəncədə də tətbiq etmək olar.

“Səadət Sarayı”, “İsmailiyyə binası”, “Hüsü Hacıyev küçəsi” – bunların hər biri daşdan çox taledir. Dəniz kənarında, səssiz bir yerdə sadəcə “bir cüt ayaqqabı heykəli” qoyub, repressiya qurbanlarının, Mikayıl Müşfiqin yarımçıq qalmış həyatını danışmaq olar. Sözsüz, amma təsirli.

“Neft Daşları” – dünyanın ortasında qurulmuş şəhər. Onun kiçik bir hissəsini turizmə açmaq, qonaqlara neftin necə çıxarıldığını göstərmək, toxunmaq imkanı yaratmaq olar. Bəli, bu bahalı ola bilər. Amma məhz buna görə dəyərlidir.

“Nobel burada kofe içib…”

Bakı bir vaxtlar dünya ədəbiyyatının və siyasətinin səssiz şahidi olub. Bunu niyə göstərməyək?

“Nobel burada kofe içib” deyilən bir kafe, Yeseninin yemək yediyi masa, Knut Hamsunun oturduğu skamya, İvo Andriçin pivə içdiyi məkan, Stalinin yaşadığı ev… Hətta, istəsək, zarafatla “Dronqonun evi” kimi tam mifik bir muzey-kafe də yarada bilərik. Turist üçün əsas olan tarixi dəqiqlikdən çox emosional bağdır.

Unutmayaq ki, turizm bizneslə mədəniyyətin qovuşduğu yerdir.

Mən Bakılı deyiləm, amma kənardan baxanda görürəm ki, bu şəhər hekayə baxımından tükənməzdir. Sadəcə konseptual düşünmək, planlı şəkildə işləmək və cəsarət lazımdır.

Sadaladıqca bitməz. Bəlkə bir gün bu hekayələrin ayrıca bir toplusunu da hazırladım. Hətta indi elə bu yazı ilə başlayaq. Siz də əlavə edin. Kim bilir, bəlkə də bu yazı bizdə turizmin daşdan yox, hekayədən başladığı bir dövrün kiçik başlanğıcı oldu…

Hekayə Xəbərlər

İB-nin küçə uşaqları

İB-nin küçə uşaqları
Ankarada maşınla gedirdik. Yol kənarında su, salfetka satan uşaqları görəndə dostum Kamal bəy, sanki heç bir iddiası yoxmuş kimi, araya bir zarafat atdı:
– İB uşaqları!
Əvvəlcə gülümsədim. Sonra düşündüm. Bir az da duruxdum. Kamal nə dediyini bilirdi. O, pedaqoq deyil, təhsil nəzəriyyəçisi isə heç deyil. Amma illərdir böyük bir təhsil qurumunun inzibati işlərini idarə edir. Yəni sinfin içində olmasa da, təhsilin mərkəzindədir.
Sözüm Kamala deyil. Sözüm ondadır ki, o, küçədə gündəlik çörək dalınca qaçan uşaqlara “İB uşaqları” dedi.
İroniya idi, bəli. Amma bu ironiyanın içində çox ciddi bir həqiqət gizlənirdi.
Bu gün dünyada İB – International Baccalaureate – ən bahalı, ən prestijli təhsil modellərindən biridir. Öz fəlsəfəsi, öz dili, öz kurikulumu var. İddiası böyükdür: bilik yığan yox, bacaran insan yetişdirmək. Ünsiyyət quran, əlaqələri idarə edən, risk alan, təşəbbüskar, öz ayaqları üzərində dayanan fərd.
İB açıq şəkildə deyir: “Uşaq çox şey bilə bilər, amma həyat qarşısında acizdirsə, o bilik onu xilas etməz.”
İndi gələk yol kənarındakı o uşaqlara.
Onların diplomu yoxdur. Kurikulumu yoxdur. “Learner profile” deyilən anlayışdan da xəbərləri yoxdur. Amma hər gün həyatla üz-üzədirlər. Müştəri ilə danışmağı bilirlər. Rədd cavabını udmağı bacarırlar. Risk edirlər. Qorxmurlar. Ayaqda qalmaq üçün öz içlərində bir yaşamaq immuniteti formalaşdırırlar.
Bu uşaqlar cəmiyyətin hər üzünü görürlər. Həyatla döyüşürlər, amma qaçmırlar. Bir gün çox rahatlıqla bahalı məktəblərdə oxumuş, amma real həyat qarşısında çaş-baş qalan gəncləri idarə də edə bilərlər. Çünki onlar artıq həyatı oxumağı öyrəniblər.
Bir zamanlar təhsil bacarıqlı, zirək, təbiəti və insanı duya bilən uşaqlara daha çox bilik verməklə dəyərli sayılırdı. Bu gün isə mənzərə tərsinə çevrilib. Yeni nəsil getdikcə daha passiv, daha qorxaq, daha iddiasız böyüyür. Təhsil indi onlara bilik verməkdən çox, yaşamağı öyrətməyə çalışır.
Və bu, dövrümüzün acı reallığıdır.
Kamal isə sadə bir insan kimi bunu çox dəqiq görür: məktəbin içində “bacarıq” adıyla verilən şey, əslində, o uşaqların küçədə, həyat bahasına qazandıqları ilə eyni şeydir.
Fərq hardadır?
Biri bunun üçün milyonlar xərcləyir,
digəri isə uşaqlığını.
Ankara. 15.12.25
Xəbərlər

Turizm daşdan yox, hekayədən başlayır

Turizm daşdan yox, hekayədən başlayır
Hər dəfə xarici ölkələrə səfər edəndə, bir şəhərin turistlərlə necə “danışdığını” görəndə istər-istəməz eyni sual beynimdə dolaşır: **niyə bizdə turizm bu qədər zəifdir?** Bu sual təkcə xarici turistlərlə bağlı deyil, elə yerli turistlər üçün də keçərlidir. Bizim üçün “gəzmək” çox vaxt Şamaxıya gedib bir quzunu aşırmaqdan, bir şəkil çəkdirib qayıtmaqdan ibarət olur. Şəhərlərimizdən xatirə yox, sadəcə yol yorğunluğu ilə dönürük.
Bir az dərindən düşünəndə anlayıram ki, problem nə təbiətdədir, nə də tarixdə. **Biz hekayə yaratmağı və onu təqdim etməyi öyrənməmişik.** Hekayə olmayan yerdə isə turizm olmur.
Xaricə gedənlər yaxşı bilir: bəzən elə dəyərsiz görünən bir daş, adi bir ağac, ya da kiçik bir küçə elə mifikləşdirilir ki, sanki bir azdan möcüzə baş verəcək. Sonra yaxından baxırsan və anlayırsan ki, ortada möcüzə yox, “yaxşı danışılmış hekayə” var. İnsanları cəlb edən məhz budur.
Məsələn, Londonda “Baker Street 221B”. Şerlok Holms tarixi şəxsiyyət deyil. Heç vaxt yaşamayıb. Amma onun “evi” hər gün turistlə doludur. İnsanlar bilet alır, şəkil çəkdirir, xəyali bir detektivin kreslosuna oturub xoşbəxt olurlar.
Veronada “Cülyettanın eyvanı”. Şekspirin uydurduğu bir obraz. Amma minlərlə insan o eyvanın altında sevgi məktubu yazır, divara ürək şəkli yapışdırır. Parisdə Sena sahilində “aşiqlərin körpüsü”, Brüsseldə balaca bir uşaq heykəli – “Manneken Pis” – bir şəhərin simvoluna çevrilib. Bunların heç biri “möhtəşəm tarix” deyil, amma “yaxşı qurulmuş mifologiyadır”.
Bizdə isə hekayələr hazırdır, hekayə uydurmalı deyilik.
Məsələn, Bakıda “Qoşa Qala qapısının” qarşısında Hüseynqulu xanın Sisianovla qarşılaşmasını xatırladan kiçik, amma simvolik bir abstrakt heykəl təsəvvür edin. Yanında qısa bir mətn: “Bu qapıdan işğalçı girmədi.” Eyni konsepti Gəncədə də tətbiq etmək olar.
“Səadət Sarayı”, “İsmailiyyə binası”, “Hüsü Hacıyev küçəsi” – bunların hər biri daşdan çox taledir. Dəniz kənarında, səssiz bir yerdə sadəcə “bir cüt ayaqqabı heykəli” qoyub, repressiya qurbanlarının, Mikayıl Müşfiqin yarımçıq qalmış həyatını danışmaq olar. Sözsüz, amma təsirli.
“Neft Daşları” – dünyanın ortasında qurulmuş şəhər. Onun kiçik bir hissəsini turizmə açmaq, qonaqlara neftin necə çıxarıldığını göstərmək, toxunmaq imkanı yaratmaq olar. Bəli, bu bahalı ola bilər. Amma məhz buna görə dəyərlidir.
“Nobel burada kofe içib…”
Bakı bir vaxtlar dünya ədəbiyyatının və siyasətinin səssiz şahidi olub. Bunu niyə göstərməyək?
“Nobel burada kofe içib” deyilən bir kafe,
Yeseninin yemək yediyi masa,
Knut Hamsunun oturduğu skamyə,
İvo Andriçin pivə içdiyi məkan,
Stalinin yaşadığı ev…
Hətta istəsək, zarafatla “Dronqonun evi” kimi tam mifik bir muzey-kafe də yarada bilərik. Turist üçün əsas olan tarixi dəqiqlikdən çox emosional bağdır.
Unutmayaq ki, turizm bizneslə mədəniyyətin qovuşduğu yerdir
Mən Bakılı deyiləm, amma kənardan baxanda görürəm ki, bu şəhər hekayə baxımından tükənməzdir. Sadəcə konseptual düşünmək, planlı şəkildə işləmək və cəsarət lazımdır.
Sadaladıqca bitməz. Bəlkə bir gün bu hekayələrin ayrıca bir toplusunu da hazırladım. Hətta indi elə bu yazı ilə başlayaq. Siz də əlavə edin. Kim bilir, bəlkə də bu yazı bizdə turizmin daşdan yox, hekayədən başladığı bir dövrün kiçik başlanğıcı oldu.
Xəbərlər

Şəmil Sadiqin TÜYAP-da ümumtürk ədəbi dili mövzusunda çıxışı

ANAİB sədri, dosent Şəmil Sadiq Mədəniyyət Nazirliyinin dəvəti ilə İstanbul TÜYAP kitab sərgisində “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxışının mətnini sizinlə paylaşırıq:
Hörmətli həmkarlar, dəyərli alimlər və əziz qonaqlar,
Sizi Azərbaycan adından salamlayıram. Türk dünyasının mədəni, ədəbi və elmi əməkdaşlığının getdikcə gücləndiyi bir dövrdə belə bir tədbirdə çıxış etmək mənim üçün xüsusi şərəfdir.
Son illər Türk Dövlətləri Təşkilatının yaranması, Türk Akademiyasının fəaliyyəti, ortaq tarix, ədəbiyyat və coğrafiya dərsliklərinin hazırlanması, Ortaq Türk əlifbası və Turan bayrağı kimi təşəbbüslər ümumtürk dil birliyi məsələsini yenidən gündəmə gətirir. Azərbaycan 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə yaxınlaşarkən, bu ideyanın yenidən canlanması təsadüfi deyil. Türk xalqlarının bir-birini vasitəçi dil olmadan anlaya bilməsi bu gün təkcə romantik arzu deyil, real inteqrasiya tələbatıdır.
Tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonundan etibarən İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə bu yolun əsasını qoydu. Lakin ideyanın kökləri daha qədimdir. XI əsrdə Mahmud Kaşğarlı “Divanü lüğət-it-türk”ü hazırlamaqla müxtəlif dialektlərə bölünən türk dillərinin vahid dil altında birləşməsi fikrinin ilk böyük elmi nümunəsini yaratdı.
Bu gün “Ortaq türk dili” ifadəsi daha çox işlədilsə də, məncə, elm üçün daha dəqiq termin “Ümumtürk ədəbi dili”dir. Çünki burada söhbət yalnız gündəlik ünsiyyətdən deyil, yazılı ənənəyə, ədəbi-estetik zövqə və dilin formalaşmış strukturuna söykənən bir anlayışdan gedir. Türkoloqlar arasında da bu termin getdikcə daha geniş qəbul olunur.
Azərbaycan tarixən Türk dünyasının ortasında yerləşən bir mədəniyyət mərkəzi kimi həmişə bu ideyanın önündə gedib. Bu, millətçilikdən çox, tarixi missiyanın fərqinə varmaqdır. Azərbaycan aydınları – dövlət başçıları, ədiblər, maarifçilər – Turan fikrini daim yaşadıb və sözlə yanaşı, əməli addımlar atıblar.
XIX əsrdə Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə ortaq əlifbaya keçid ideyasını gündəmə gətirmiş, Osmanlı sarayına konkret layihələr təqdim etmişdilər. Əli bəy Hüseynzadə ədəbi dilin millətin varlığı üçün şərt olduğunu vurğulayaraq, Qaspıralı kimi Osmanlı türkcəsini ümumi ədəbi dil kimi görürdü.
Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim.
Əli Bəy Hüsneynzadə “Hali-Vətən” ilk dəfə 1904-cü ildə A.Turani imzası ilə Misirdə çıxan “Türk” qəzetinin 24 noyabr tarixli 56-cı sayında çap edilir:
Hali-Vətən
Ucundadır dilimin
həqiqətin böyüyü;
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi!
Bilirmisən cühəla
Nə etdilər vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana!..
Durur bilahərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə irəli,
Nə dönmədə geriyə!..
Ədu qırar qapıyı,
Biz evdə bixəbəriz,
Nə başqa başqalarız,
Nə ittihad edəriz!..
Ayıltmadı qələmim
Şu türk ilə əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi!..
1904, Bakı
XX əsrin əvvəllərində Məhəmməd Hadi və Hüseyn Cavid kimi sənətkarlar isə bu ideyanı təkcə nəzəri olaraq müdafiə etməmiş, əsərlərində faktiki olaraq tətbiq etmişlər. Mustafa Haqqı Türkəqulun Cavid dilini araşdırarkən dediyi kimi, Cavid İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında canlı körpü yaratmış, türklərin müxtəlif bölgələrində oxuna bilən, dadlı, işlək bir ədəbi türkcə meydana çıxarmışdır.
Hüseyn Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı “Hərb və fəlakət” şeiri bir manifesti xatırladır. Bu şeirində mütəfəkkir millətinə:
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman.
Şaşırıb, durma böylə… Bir aydın
İdeal arxasınca qoş, çırpın!
Səni qurtarsa, qurtarar Birlik,
Çünki birlikdədir, fəqət Dirilik” –
Hörmətli tədqiqatçı alim Aydın Qasımlı qeyd edir ki, Hüseyn Cavidin “Türk Birliyi” ideyasının əsasını Türklərin dil və din birliyi təşkil edirdi. “Türk Birliyi” ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışan Cavid də digər Türkçülər kimi Türklərin dil birliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyn Cavidi “Turan ədəbi dili”nin banilərindən saymaq olar.
“Bəli, Mütəfəkkirin əsərlərinin əksəriyyətində hadisələr Türk -Turan dünyasında cərəyan edir. Onun qəhrəmanları da tarixdən seçilmiş Türk oğul və qızlarıdır. Əfrasiyab, Səyavuş, Atilla, Alp Arslan, Məlikşah, Çingizxan, Teymur, İldırım Bəyazid, Elxan, Orxan, Ərtoğrul, Yavuz, İlcan, Özdəmir, Xandəmir, Sabutay, Qaratay, Oqtay, Ağbuğa, Dəmirqaya, Qaraquş, Qaplan, Qorxmaz, Alagöz, Altunsaç, Almas və s. birər Türkdürlər.”
Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklərinə anlatmağa çalışmışdır, bu şeirin həm dilinə, həm də mövzusuna, ideyasına diqqət etsək, bunun bir daha şahidi olarıq:
“Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
Altay dağı, Makan çölü, həm də Yasın ovası,
Birər aydın səhifədir, hər Türk gərək anlasın.
Südü təmiz, əsil oğlu bilməzmi ki, əcdadı,
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər?
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuk qurur, çiçək açmaz, bar verməz.
Bakın, görün, tariximiz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
…Əvət arslan yavrularım, Türk Eli həp şanlıdır,
Almas gibi ləkəsizdir, sakın, qafil olmayın”!
Beləliklə, bizim ədəbiyyat tariximizdə Ümumtürk ədəbi dilinin konturları artıq XX əsrin əvvəllərində formalaşmağa başlamışdı. Bu yalnız ideoloji mövqe deyildi – Cavidin, Əli bəyin, Hadinin yaradıcılığı bunu ədəbi təcrübə səviyyəsinə yüksəltmişdi.
Müasir dövrə keçsək görərik ki, bu xətt davam edir. Məncə, Ümumtürk ədəbi dilinin formalaşması prosesi bu gün də davam edir və ən maraqlısı odur ki, artıq bu ideya təkcə ədiblər tərəfindən deyil, dövlət başçıları tərəfindən də daşıyıcı səviyyədə ifadə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ərəfəsində və müharibə dövründə müxtəlif ölkələrin media nümayəndələrinə verdiyi müsahibələr bunu aydın göstərir. Türk televiziya kanallarına verdiyi canlı müsahibələrdə Prezidentin Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini ustalıqla uzlaşdırması, sözlərin seçimi və ifadə tərzi onun nitqində artıq orta ünsiyyət modelinin formalaşdığını nümayiş etdirirdi. Bu, sadəcə fonetik yaxınlaşma deyildi, düşüncə tərzində və ifadənin strukturunda özünü göstərirdi.
3 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibə
1. Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək bir kaç şəhər və köyümüzü işğaldan azad etmişdir.
2. Ermənistanın bu xain saldırısının səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər.
3. 200-dən çox tank imha edildi, 2 S-300 hava hücumuna qarşı qurğu imha edildi.
4. Əziz qardaşım R.T.Ərdoğanın açıqlamaları, digər üstdüzey yetkililərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
5. İndi basında kim yazırsa, yazsın. O bizi ilgiləndirməz.
Bir əsr əvvəl Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının, Hüseyn Cavidin arzuladığı o dil birliyi bu gün siyasi səviyyədə, kommunikasiya müstəvisində real təzahür edir. Bu həm tarixə bağlılıq, həm də gələcəyə açılan yoldur.
Əminəm ki, Türk dövlətləri arasında artan siyasi, iqtisadi və mədəni yaxınlaşma ilə Ümumtürk ədəbi dili daha da sürətli inkişaf edəcək. Əgər bir zamanlar bu ideya aydınların arzusu idisə, bu gün artıq xalqın və dövlətlərin real ehtiyacına çevrilib.
Sonda demək istəyirəm: bizim ədəbiyyat tariximiz bu birliyə doğru yüz illərdir addımlayır. Bu addımlar indi daha sürətlidir, daha məqsədyönlüdür. Ədəbi dil birliyi – təkcə dilin birliyi demək deyil, mədəniyyətin, yaddaşın və gələcək baxışının birliyidir.
Diqqətinizə görə təşəkkür edirəm.
Xəbərlər

Nərimana dəstəyinə görə Qurban müəllimə təşəkkür edirəm!

Nərimana dəstəyinə görə Qurban müəllimə təşəkkür edirəm!
Mən bir müəllim olaraq Qurban Qurbanovu anlayıram. Amma etiraf edim ki, vətəndaş kimi, azarkeş kimi içimdə başqa hisslər də vardı. Bəli, o dəqiqələrdə edilən dəyişikliklər mənə də ağır gəldi, mənə də yersiz göründü. Qələbə gözləyirdik, inanmışdıq, ümid etmişdik. İnsanı yoran da elə məhz bu ümiddir.
Bu gün hamının dili də, gözü də Nərimanın üzərindədir. Hər kəs onu günahlandırır, hər kəs bir hədəf axtarır. Açıq danışaq: nəticə istədik, sevinc istədik və alınmadı. Amma gəlin bir anlıq futbol tribunalarından çıxıb, insanın içinə baxaq.
Qurban Qurbanov sadəcə baş məşqçi deyil. O, mahiyyət etibarilə bir müəllimdir. Yaxşı müəllim isə yalnız qalibiyyət və nəticə üçün çalışmır – o həm menecerdir, həm təşkilatçıdır, həm də psixoloqdur. O bilir ki, bəzən bir səhv addımın arxasında zəiflik yox, ağır psixoloji yük dayanır. Bir neçə uğursuz qərar ola bilər, amma insan amilini nəzərə alanda bu qərarları anlamaq mümkündür.
Biz elə bilirik ki, məğlubiyyətin ağrısını yalnız biz yaşayırıq. Amma özümüzü bir anlıq Nərimanın yerinə qoyaq. Gəncdir. Təzyiq altındadır. Gözləntilər, sosial şəbəkələr, kütləvi ittihamlar, linç mədəniyyəti… Bir insanın üzərinə bu qədər psixoloji basqı yüklənəndə onun daxilində nələr qopduğunu təsəvvür edirsinizmi?
Qurban Qurbanov məhz bu nöqtədə müəllim mövqeyi tutur. O, şagirdinin arxasında dayanır. Onu tək buraxmır. Onu cəmiyyətin bu amansız psixoloji burulğanından çıxarmağa çalışır. Mənim üçün bu, təkcə taktiki qərar deyil – bu, insani qərardır. Və mən məhz buna görə onu haqlı hesab edir və alqışlayıram!
Bir insanın taleyini, psixoloji sağlamlığını, gələcək yolunu kütlənin anlıq sevincindən üstün tutmaq yalnız müəllimlərə xasdır. Hər kəs nəticə istəyər, amma hər kəs insanı qoruya bilməz.
Unutmayaq ki, bu məğlubiyyətin səbəbi təkcə Nəriman olmaya da bilərdi. Biz Qarabağın neçə dəfə ümidsiz vəziyyətdən qalib çıxdığının şahidi olmuşuq? Necə olur ki, yeni çiçəklənməkdə olan Qarabağ bunu edə bilir, amma Ayaks kimi köklü komanda bunu edə bilməsin? Futbolun təbiəti budur. Normal oyun axarında da Ayaks qalib gələ bilərdi. Sadəcə bu dəfə biz bu yolu seçdik.
Şeir

İçimdə hər gün bir adam ölür

“İçimdə hər gün bir adam ölür”
Biri yaxından, biri uzaqdan,
Biri haqlı ikən ölür,
biri nahaqdan,
Biri intihar edir,
biri başın sürtür bıçağa,
birinin ölümü əcəldir,
birininki də gəlir O haqdan!
Ölüb gedənlərlə ölmürəm,
Qabağa baxıram, geri dönmürəm!
Amma…
Birinin dalınca baxdım uzaqdan,
Dilsiz, ağızsız idi o,
Bir az xətalı, bir az diqqətsiz,
Bir az sözün bilməyən, bir az ağılsız…
amma günahsız idi o….
Çarəsizdi, dinləmədi o məni…
Mən güclü idim, o zəif,
Mən böyük idim, o kiçik,,
Mən səsli idim, o səssiz,
Harayına çatmadı içim,
Əbədəyə düşmüşdü sanki,
Eləcə Diri-diri öldü getdi…
Öldürməsəm də, ölümünü izlədim…
Sonra, sonra yenə Vicdanımı dinlədim,
Qəfil məzarını aradım,
Nə məzar vardi, nə də baş daşı,
İçim dönmüşdü daşa,
Adam çevrilmişdi yaddaşa…
Dözmədi qəlbim, dözmədi,
Bağırdı ki, eyyy, yaşa, yaşa…
Gerçəkliksə mənə səsləndi,
Haşa, haşa, haşa…
Rustəm Behrudiyə nəzirə.
Dekabr
Xəbərlər

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən  görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.

Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.

Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.

Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.

Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli  və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.

İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının  prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.

Turan Balabilgə Akademiyasının fəxri üzvləri

  1. Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
  2. Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
  3. Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
  4. Sultan Raev – TÜRKSOY-un Baş katibi
  5. Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
  6. Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
  7. Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
  8. Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
  9. Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
  10. Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
  11. Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
  12. İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
  13. Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
  14. Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
  15. İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
  16. Rüstəm Behrudi – Şair (Azərbaycan)
  17. Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)

Turan Balabilgə Akademiyasının qurucu üzvləri

  1. Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
  2. Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
  3. Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
  4. Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
  5. Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
  6. Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
  7. Əkbər Qoşalı (Yolçuyev) – DGTYB başqanı (Azərbaycan)
  8. Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
  9. Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
  10. Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
  11. Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
  12. Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
  13. Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
  14. Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
  15. Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
  16. Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
  17. Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
  18. Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)
Xəbərlər

Repetitorluğun lisenziyalaşdırılması ideyası kökündən yanlış yanaşmadır.

Repetitorluğun lisenziyalaşdırılması ideyası kökündən yanlış yanaşmadır.
Bir insan illərlə oxuyur, universitet bitirir, diplom alır, bilik və zəhmətinin qarşılığında öyrətmək hüququ qazanır. Belə olan halda, onun öz evində, öz kabinetində, öz şəxsi bilik və təcrübəsinə əsaslanaraq məşğələlər keçməsi üçün əlavə lisenziya tələb etmək nə hüquqa, nə məntiqə, nə də insanın azad seçim haqqına uyğundur. Bu, həm də müəllimlik peşəsinin mahiyyətinə hörmətsiz yanaşmadır.
Sertifikasiya məsələsinin gündəmə gətirilməsi isə daha da təəccüblüdür. Sertifikasiya işəgötürənin öhdəliyidir – o, öz əməkdaşını inkişaf etdirmək üçün daxili testlər aparır, təlimlər təşkil edir, nəticələrə görə qərarlar verir. Bəs repetitoru kim sertifikasiya edəcək? Məşğələyə gələn uşaqların valideyni? Yoxsa tələbənin özü? Axı bu fəaliyyət bazar münasibətidir: razılıq varsa, ödəniş də var, nəticə də var. Kimin harada və necə müəllimlik etməsini dövlət testlə yoxlaya bilməz. Bu fikir ciddiyyətini itirir, gülüş doğurur.
Unutmayaq ki, repetitorluq könüllü əmək münasibətidir. Heç kim heç kimi məcbur etmir ki, “mənim yanımda hazırlaş”. Tələb var, xidmət var – məsələ bu qədər sadədir. Repetitorluğu lisenziyalaşdırmaq o deməkdir ki, dövlət kölgə təhsilini rəsmiləşdirir, ona hüquqi forma verir. Bu isə nə qanunun, nə də sistemin mahiyyətinə uyğun gəlmir. Kölgə fəaliyyət rəsmiləşərsə, artıq kölgə olmur – bu isə açıq-aşkar paradoksdur.
Amma vergi məsələsi tamam başqa söhbətdir. Vergi nəzarəti gücləndirilə bilər, hətta gücləndirilməlidir də. Çünki repetitorluq, istəsək də, istəməsək də, sahibkarlıq fəaliyyətidir. Adam bilik satır – xidmət göstərir və buna görə də gəlir vergisi verməlidir. Mən tanıdığım neçə-neçə repetitor var ki, onlar illərdir vergi ödəyiciləridir. Bu, həm dövlətə hörmətdir, həm də öz fəaliyyətinə məsuliyyətli yanaşmağın göstəricisi. Əsl düzgün mexanizm də elə budur.
Lakin əsas məsələ tam başqadır. Heç bir lisenziya, heç bir sertifikat repetitorluğu aradan qaldıra bilməz. Çünki repetitorluq boşluqdan doğur. Orta məktəbin zəiflədiyi, qəbul sisteminin mürəkkəbləşdiyi, şagirdlərin müəllimdən daha çox “dəstə ilə” test həll etməyə yönəldiyi məqamda repetitorluq ayaqda duran yeganə dayağa çevrilir. Bu, problem deyil, problemin nəticəsidir. Səbəb içəridədir – məktəbdə, sistemdə, mexanizmdə.
Repetitorluq qəzalı bir binaya vurulan müvəqqəti dirək kimidir. O dirəyi götürməklə bina möhkəmlənmir. O binanı sökmək, əsasından düz tikmək lazımdır. Şagird məktəbdə aldığı dərsdən razı olsa, müəllim sinifdə şagirdi inkişaf etdirə bilsə, məktəb proqramı uşağı yormasa, repetitorluq da öz-özünə yox olacaq. Dayağı deyil, binanı düzəltmək lazımdır.
Və mən inanıram ki, Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar – konsept yenilikləri, proqram dəyişikləri, müəllim əməyinə verilən qiymətin artması – bu “binanı” yenidən tikmək cəhdidir. Uzun illərdən qalan çatlar təkcə bir qərarla aradan qalxmır, amma ən azından niyyət görünür. Sistem dəyişdikcə, məktəb gücləndikcə, qəbul mexanizmi sadələşdikcə repetitorluq da təbii şəkildə azalacaq.
Repetitorluqla mübarizə aparmaq yox, təhsilin özünü sağlamlaşdırmaq lazımdır. Çünki bir ölkənin gələcəyi müəllimin gücündən, məktəbin dayanıqlığından, uşağın aldığı təhsilin keyfiyyətindən başlayır. Dayaqları qırmaq asandır; çətin olan binanı yenidən və möhkəm tikməkdir.

Xəbərlər

Hədəf Dəyərlər Konsepti Qazaxıstan məktəblərində

Hədəf Dəyərlər Konsepti Qazaxıstan məktəblərində
Nazarbayev İntellektual Məktəbləri (NİM) və Hədəf Şirkətlər Qrupu arasında dəyərlərə əsaslanan təhsil modelinin Qazaxıstan məktəblərinə inteqrasiyasını nəzərdə tutan əməkdaşlıq başladı.
Bu əməkdaşlıq çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, müavinləri dosent Elvin Əliyev, Emin Sadiq və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Qazaxıstanın Almatı şəhərində yerləşən NİM Almatı məktəbinin direktoru və NİM-ə daxil olan STEP Academy məktəblərində rəsmi səfərdə olublar.
Görüşlərdə məktəblərin direktorları Erbolat Ziyadov, Ermek Paizov və onların komandaları ilə Hədəf konsepti, dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı ətrafında geniş müzakirələr aparılıb, gələcək birgə layihələr və konkret əməkdaşlıq planları razılaşdırılıb.
“Adal Adam” proqramı və Hədəf modeli eyni masada
Nazarbayev İntellektual Məktəbləri uzun illərdir şagirdlərinin yüksək akademik nəticələri ilə tanınır. Son illərdə idarə heyəti təkcə akademik göstəricilərlə kifayətlənmədən, şagirdlərin hərtərəfli inkişafı konsepsiyasını qəbul edib. Bu çərçivədə Qazaxıstanda “Adal Adam” (“Ədalətli İnsan”) proqramı həyata keçirilir və milli, əxlaqi dəyərlərin möhkəmləndirilməsi prioritet elan olunub.
Məhz bu kontekstdə Hədəf Liseyinin təcrübəsi nümunə kimi seçilib. Hədəf konseptinin əsasını milli-mənəvi dəyərlərin müasir təhsil metodları ilə sintezi, tənqidi düşünən, komanda ilə işləməyi bacaran, empatiyalı və məsuliyyətli vətəndaşların yetişdirilməsi təşkil edir.
Almatıda baş tutan görüşlər zamanı dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı və Hədəf Konsepti NİM və STEP Academy rəhbərliyinə təqdim olunub, kitabda təsvir olunan konsepsiyanın Qazaxıstan mühitinə uyğunlaşdırılması ilə bağlı konkret təkliflər irəli sürülüb.
Hər iki tərəf razılaşıb ki:
• Birgə metodiki qruplar yaradılacaq;
• Hədəf modelinin seçilmiş Qazaxıstan məktəblərində pilot tətbiqi həyata keçiriləcək;
• Növbəti tədris ili üçün müəllimlər üçün dəyərlər yönümlü təlim proqramı hazırlanacaq;
• Şagirdlərdə dəyərlərə əsaslanan liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün ortaq layihələr həyata keçiriləcək.
“Savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və qorumzaq lazımdır”
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq əməkdaşlığı şərh edərkən bildirib:
“Bu gün dünyada hər kəs savaddan danışır, amma təkcə savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və onu qorumaq lazımdır. Qazaxıstanla bu əməkdaşlıq həm bizim üçün, həm də region üçün vacib bir addımdır. Məqsədimiz – Azərbaycan və Qazaxıstanda böyüyən uşaqların yalnız yaxşı riyaziyyat bilən şagirdlər deyil, eyni zamanda vicdanlı, mərhəmətli və məsuliyyətli insanlar kimi formalaşmasına xidmət etməkdir.”
Görüşlərin davamı olaraq, yaxın aylarda Hədəf və NİM komandalarının həm Bakı, həm də Qazaxıstanda növbəti işçi sessiyaları planlaşdırılır.
Bu əməkdaşlıq regionda dəyərlərə əsaslanan təhsil modelinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və hər iki ölkə arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək.
Xəbərlər

Artıq Çimkənddəyik və elə ilk günümüz də məktəbdən başladı.

 Çimkənd 147 nömrəli orta məktəb bizi güllə-çiçəklərlə qarşıladı, çox səmimi və maraqlı bir tədbirə şahid olduq.
Qazaxıstanın bəzi məktəbləri Sovet dövrünün pioner və oktyabryat ənənəsini özlərinə məxsus şəkildə yenidən formalaşdırıblar. Pioner qalstuku və nişanını qazax bayrağının rəngləri ilə uyğunlaşdırıblar, adını isə qazaxca “Jasqıran, Jasulan” qoyublar – mənası da “gənc ordu” deməkdir. Bizim üçün xüsusi təşkil olunmuş bu tədbirdə bala bilgələrə bayraq və nişanlarını təqdim etdik!
Məktəbin direktor əvəzi Çolpan xanım və komandası bizə misli görünməmiş qonaqpərvərlik göstərdi, bütün məktəbi gəzdik. Dövlət məktəbi olsa da, bir çox özəl məktəbdən heç nəyi ilə geri qalmır:
• Müəllimlər üçün ayrıca paltar dolabları, uşaqlar üçün ayrıca dolablar;
• İbtidai sinif şagirdləri üçün günorta yeməyi;
• Valideynlərlə görüş üçün xüsusi otaq və maraqlı tərtibat;
Çimkəndin kənarında yerləşən bu məktəb ab-havası, nizam-intizamı və müasir yanaşması ilə sanki şəhərin mərkəzindəki nümunəvi bir təhsil ocağını xatırladır.
Xəbərlər

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ
Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mədəniyyət Təşkilatı-TÜRKSOY tərəfindən Azərbaycan nəşriyyat sektoruna yüksək qiymət verən mühüm addım atılıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq Türk dünyası mədəniyyəti və incəsənətinə verdiyi töhfələrə görə TÜRKSOY medalı ilə təltif edilib.
Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Rayev təqdim edib. Medalda qeyd olunur ki, təltif Türk dünyasının mədəniyyəti və sənətinə göstərilən xidmətlərin və uzun illər ardıcıl fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır.
Şəmil Sadiq çıxışında bu mükafatı bütün Hədəf Komandası, Azərbaycan nəşriyyatları Assosiasiyası, eləcə də kitabı həyat tərzinə çevirən oxucuların uğuru kimi dəyərləndirib:
“Bu medal mənim şəxsi fəaliyyətimlə yanaşı, Hədəf Müəllimlərinin, Azərbaycan kitabının, nəşriyyatlarının, müəllif və tərcüməçilərimizin, kitab sərgilərimiz və oxu layihələrimizin tanınması deməkdir. Türk dünyasının ortaq mədəni məkanında Azərbaycan sözünün daha gur səslənməsi üçün bundan sonra da çalışacağıq.”
Təltif, Şəmil Sadiqin
Türk dünyası miqyasında həyata keçirdiyi layihələrin – beynəlxalq kitab sərgiləri, uşaqlar üçün nəşr proqramları, müəllif mübadiləsi və oxu marafonlarının – davamlı və sistemli şəkildə qurulmasının məntiqi nəticəsi kimi qiymətləndirilir.
TÜRKSOY medalı Şəmil Sadiqin Türk dünyasında kitab və mədəniyyət körpülərinin qurulmasında oynadığı rolun, eləcə də Azərbaycanı regionda nüfuzlu nəşriyyat mərkəzinə çevirmə istiqamətindəki fəaliyyətinin rəmzi ifadəsi kimi tarixə düşdü.
Qeyd edək ki, 2023-cü ildə Bakı Beynəlxalq Kitab sərgisində Şəmil Sadiqin