Nərimana dəstəyinə görə Qurban müəllimə təşəkkür edirəm!
Mən bir müəllim olaraq Qurban Qurbanovu anlayıram. Amma etiraf edim ki, vətəndaş kimi, azarkeş kimi içimdə başqa hisslər də vardı. Bəli, o dəqiqələrdə edilən dəyişikliklər mənə də ağır gəldi, mənə də yersiz göründü. Qələbə gözləyirdik, inanmışdıq, ümid etmişdik. İnsanı yoran da elə məhz bu ümiddir.
Bu gün hamının dili də, gözü də Nərimanın üzərindədir. Hər kəs onu günahlandırır, hər kəs bir hədəf axtarır. Açıq danışaq: nəticə istədik, sevinc istədik və alınmadı. Amma gəlin bir anlıq futbol tribunalarından çıxıb, insanın içinə baxaq.
Qurban Qurbanov sadəcə baş məşqçi deyil. O, mahiyyət etibarilə bir müəllimdir. Yaxşı müəllim isə yalnız qalibiyyət və nəticə üçün çalışmır – o həm menecerdir, həm təşkilatçıdır, həm də psixoloqdur. O bilir ki, bəzən bir səhv addımın arxasında zəiflik yox, ağır psixoloji yük dayanır. Bir neçə uğursuz qərar ola bilər, amma insan amilini nəzərə alanda bu qərarları anlamaq mümkündür.
Biz elə bilirik ki, məğlubiyyətin ağrısını yalnız biz yaşayırıq. Amma özümüzü bir anlıq Nərimanın yerinə qoyaq. Gəncdir. Təzyiq altındadır. Gözləntilər, sosial şəbəkələr, kütləvi ittihamlar, linç mədəniyyəti… Bir insanın üzərinə bu qədər psixoloji basqı yüklənəndə onun daxilində nələr qopduğunu təsəvvür edirsinizmi?
Qurban Qurbanov məhz bu nöqtədə müəllim mövqeyi tutur. O, şagirdinin arxasında dayanır. Onu tək buraxmır. Onu cəmiyyətin bu amansız psixoloji burulğanından çıxarmağa çalışır. Mənim üçün bu, təkcə taktiki qərar deyil – bu, insani qərardır. Və mən məhz buna görə onu haqlı hesab edir və alqışlayıram!
Bir insanın taleyini, psixoloji sağlamlığını, gələcək yolunu kütlənin anlıq sevincindən üstün tutmaq yalnız müəllimlərə xasdır. Hər kəs nəticə istəyər, amma hər kəs insanı qoruya bilməz.
Unutmayaq ki, bu məğlubiyyətin səbəbi təkcə Nəriman olmaya da bilərdi. Biz Qarabağın neçə dəfə ümidsiz vəziyyətdən qalib çıxdığının şahidi olmuşuq? Necə olur ki, yeni çiçəklənməkdə olan Qarabağ bunu edə bilir, amma Ayaks kimi köklü komanda bunu edə bilməsin? Futbolun təbiəti budur. Normal oyun axarında da Ayaks qalib gələ bilərdi. Sadəcə bu dəfə biz bu yolu seçdik.



