Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Naxçıvanda bağlı qapılar açılır

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə giririk. Bakıdan “I Naxçıvan Kitab Sərgisi” üçün gəlmiş heyətin bəzi üzvlərini Prezidentin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli qəbul edəcək. Bu binada ilk və son dəfə, yəni cəmi bircə dəfə, illər öncə olmuşam. Qapıdan girər- girməz, qarışıq hisslər içində olmağıma baxmayaraq, beynim xatirələr səhifəsini açıb 29 il əvvəli, 1994-cü ilin martını səhifələyir.

 

 

Birinci kursda oxuyan tələbə, bir məsələ ilə bağlı Ali Məclisə görüşə gəlmiş kəndçilərinin içində, sıxıla-sıxıla elə məhz bu qapıdan içəri girir. Eyni qapıdır, eyni girişdir, eyni dəhlizlərdir. O vaxt bizi bu uzun dəhlizlərdən içəri keçirib, bir zala yığmışdılar. Ali Məclisin o vaxtkı sədri gəlmişdi. Əvvəl camaatı dinləmişdi, sonra uzun uzadı çıxış eləmişdi, sonra çəkiliş kameralarını çıxarıb görüşə gələnləri xeyli “danlamışdı”… Amma əsas olan o idi ki, girmişdik binaya. Binanın qapıları açılmışdı, bizi içəri buraxmışdılar.

 

Sonra qara yellər əsdi, qara buludlardan qırmızı ildırımlar çaxdı, rəngli dolular, rəngsiz yağışlar yağdı. Və o binanın qapısı bir dəfəlik bağlandı. Xalq o qapının açıq olduğunu bir daha görmədi. Bircə nəfər sadə insan o qapıdan içəri girmədi. İllərlə Naxçıvan şəhərində, Ordubadda kənddə yaşadım, bircə dəfə o qapını açıq görmədim, açıq olduğunu eşitmədim. Heç o qapıdan içəri girməyə cəhd edəni də eşidib görmədim. İndi isə qapı taybatay açıq idi. Biz də bu taybatay açıq qapıdan içəri girib, yuxarıya, görüş otağına qalxırdıq…

Əziz oxucular, dostlar, həmvətənlər! Başlığın ikinci hissəsini əbəs yerə yazmamışam. Bu yazıda mən sadəcə gördüklərimi yazıram. Bir görüşün məndə buraxdığı təəssüratı qələmə almağa çalışıram. Bir az da çəkinə- çəkinə. Ətrafımda, sosial şəbəkələrdə  məndən tənqid gözləyən, şikayət gözləyən xeyli tanıdığım var. Səmimi danışırıqsa, qoy deyim. Əvvəl düşündüm ki, görüş olmayacaq, heç bizi qəbul etməyəcəklər. Di gəl, elə sərginin ilk günü xəbər gəldi ki, şənbə günü olmasına baxmayaraq, görüşə razılıq verilib. Bir ara düşündüm ki, mənim adım görüş üçün verilmiş siyahıdan silinər, o da olmadı. Görüş üçün verilən tam siyahı təsdiq olundu. Dedim, bəlkə Ali Məclisin qapılarından girəndə tək-tək yoxlanarıq, girişdə binanı mühafizə edən polislərin hərbi salam verib dayandığını görəndə bu “arzu”mun da baş tutmadığına əmin oldum. Ən son iclas otağında bir neçə dəqiqə gözlədiləcəyimizi, handan-gecdən Səlahiyyətli Nümayəndənin gələcəyini, hamımızın ayağa qalxıb salamlaşacağımızı “xəyal edirdim”, xeyr, Fuad Nəcəfli bizi qapıda qarşıladı. Bir-bir hamımızla mehribanlıqla görüşdü və bizi içəri dəvət etdi. Donub qalmışdım. Mənim yuxarıdakı “arzularım”  illərlə Naxçıvanda şahid olduğum rejimin  yaşatdıqlarından irəli gəlirdi. Amma bir fərqlə. Mən bu hallar olacaq təqdirdə şikayət statusları yazacağımı, tənqid edəcəyimi düşünürdüm. Amma bundan əvvəl bir şikayət etməyi, tənqidi heç yuxumuzda belə görə bilmirdik. Demək ki, hər şey bir yana, şikayət və tənqidi düşünə biliriksə, çox şey dəyişib…

 

 

 

Qayıdaq görüşə. Otağa girər-girməz protokol qaydalarını pozmağı təklif edir, Fuad Nəcəfli: “O tərəf- bu tərəf yoxdur. Keçin əyləşin, tərəfləri birləşdirmişik daha”.

İlk kəlmədən yumor hissini nitqinə qatıb, vəziyyəti bir kəlmə ilə izah edir. Daha sonra aram-aram, rəvan nitqlə xoşgəldin edib, bəzilərimizi tanıdığını, tanımadıqlarını da tanımaqdan şad olacağını söyləyir. Heyətin başçısı Şəmil Sadiq bizi bir-bir tanış edir və görüşün əsas hissəsi başlayır.

Səmimidir. Vəziyyəti izah edir, olan-keçənlərə ekskurs edir. Naxçıvana təyinatından, ilk gəlişindən danışır. Naxçıvandan lap çoxdan, orta məktəbi bitirdikdən çıxdığını deyəndə Rəşad Məcid təəccübünü gizlətmir:

– Siz orta məktəbi burada oxumusunuz?

– Bəli, kənddə bitirmişəm. Kolanıda.

– Bunu çox adam bilmir, demək-yazmaq lazımdı, bilinsin.

“- Əksinə, hamı bilir”, – deyib gülümsünür. Davam edir: “Qohumlarıma, məktəb yoldaşlarıma hamısına xəbər vermişəm ki, qətiyyən başqa fikirlərə düşməsinlər. Mənim üçün qohumluq, tanışlıq amili yoxdur. Üç müavinim var, heç biri naxçıvanlı deyil”.

Problemləri sadalayır, çoxluğunu və miqyasını bircə kəlməylə çatdırır: “Üzərimizə buraxılan “miras” o qədər böyükdür ki, qısa zamanda həll mümkün deyil” deyir. Problemlərin həlli yolunda görüləcək işlərdən, Naxçıvan üçün nəzərdə tutulan layihələrdən danışır.

Məlumatlıdır. Rəşad Məcidin İstanbuldakı “Naxçıvan məhəlləsi” haqqındakı dediklərinə tam ayrıntılı cavab verir, insanları vətənlərinə qaytarmaq yolunda görüləcək işlərdən, məsələnin həlli yolunda görünən və görünməyən xeyli problemdən danışır. Rüstəm Behrudinin “Vaxti ilə Azərbaycanda ikinci ən böyük kitab mağazası Naxçıvan şəhərindəydi…” fikirlərinə kitab satışındakı problemlərdən, gəncliyin kitab oxumağa təşviqindən danışaraq cavab verir. “Kitab mağazası üç ay sonra zərərə görə bağlanacaqsa, indidən açmağın nə adı var? Əvvəl kitabı oxuyanları yetişdirək, sonra mağazanı açarıq” deyir. Yazıçı Varis Yolçuyevin tarixi serial olan “Atabəylər”in ssenari qrupunun rəhbəri olduğunu eşidəndə, filmlərlə bağlı məlumatları, film sənayesinin vəziyyətini və seriallarımızdakı “copy-past xəstəliyini” əks elətdirən fikirlər səsləndirir. Əhməd Qəşəmoğlu məktub göndərdiyini deyəndə, yazdığı məktubçün, təkliflər üçün təşəkkür edir, məktubu oxuduğunu bildirir.

Naxçıvanın tarixi abidələrindən söz düşür, heyfslənərək “Tarixi abidələrimizin vəziyyəti heç yaxşı deyil” deyir.

Pozitiv və ümidlidir. Dövlət başçısının tapşırıqlarını yerinə yetirdiyini və sona qədər də yerinə yetirəcəyini deyir. Mərkəzi hökumət ilə inteqrasiyadan, struktur yeniləşmələrinin labüdlüyündən danışır. İş adamlarına yaradılan imkanlardan, “azad iqtisadi zona” yolunda görülən işlərdən söhbət açır. Gələcəklə bağlı planlardan ağızdolusu söhbət edir. Bunları danışarkən üzündə əminlik ifadəsi və ümid hiss olunur.

Beləcə qarşılıqlı söhbət və dinləmə şəraitində keçən görüş yekunlaşır, hamımız bərabər aşağı düşürük. Gözüm o məşhur qapıdadır. Taybatay açıqdır yenə. O qapını bağlayanlar minlərlə adamı bu torpaqlardan didərgin salmışdılar. Gedin, bir daha gəlməyin demişdilər. Bura qonaq kimi gəlmək istəyən minlərlə insana “Naxçıvana gəlməyin” demişdilər.

Qapıdan çıxıb pilləkənlərdə dayanırıq, xatirə şəkli çəkdirməkçün. Şəklin ardından sağollaşarkən yoldaşlardan kimsə Naxçıvan üçün bizim nə edə biləcəyimizi soruşur. Bir kəlmə ilə cavab verir:

–  Naxçıvana tez-tez gəlin!

Günün sonunda bir daha rastlaşırıq Fuad Nəcəfli ilə. Naxçıvan Dram teatrı tamaşaya dəvət edib. Günün yorğunluğu ilə teatra son dəqiqədə çatırıq. Sən demə Səlahiyyətli Nümayəndə də teatra dəvətlilər arasındadır. Və yenə də, əvvəllər belə hallarda yüz yerdən kilidlənən qapılar ardına qədər açıqdır. İçəri girərkən tələskənlikdən “protokol cərgəsi”nə yaxınlaşırıq, səhv etdiyimizi gördükdə başqa sıraya keçmək istəyirik, başı ilə “əyləşin” işarəsi verir. Beləcə gün ərzində ikinci dəfə protokolu pozur, hörmətli Fuad müəllim.

Açıq qapılar, protokoldan uzaq, səmimi söhbətlər, gələcəyə inam, işıqlı və gözəl bir Naxçıvan uğrunda görülən, görüləcək işlər. Mənim görüş təssüratlarım bunlardır.

Mən bunları gördüm!

Ümidliyəm!

 

Xəbərlər

Kitab kimi Adam – Məktəb kimi Adam…

Müasir təhsilimizdə müstəsna xidmətləri olan, ədəbiyyatımızdakı fəlsəfi dərinlik ənənələrini nəinki hər bir əsərində, hətta qələmə aldığı mətnlərin hər bir abzasında qoruyan, əsilzadə düşüncəsi, vətəndaş ziyalı mövqeyi, özünəməxsus yazı manerası ilə seçilən dəyərli Ustadımız Şamil Sadiq böyük zəhmət və fədakarlıqla Naxçıvan mədəniyyəti tarixində layiqli bir ənənənin başlanğıcına – möhtəşəm bir ilkə imza atdı…

Adətən, övladlarından yarıyan ata-anaya bəxtəvər valideyn deyirlər. Doğulduğu torpağın da elə valideyn qədər adamın üzərində haqqı olur. Bu mənada, Naxçıvan olduqca bəxtəvər torpaqdır. Qoynunda böyütdüyü övladlar o torpağın qoynuna əli kitablı qayıdanda Vətənin hər qarışı təzə pöhrələmiş çiçək fidanları kimi daha da pardaxlanır, sanki ağuşunu geniş açıb qucaqlayır balalarını… Eynən bu gün Şəmil müəllimi qucaqladığı kimi…

 

Ötən ay II Çoçuq Kitab festivalındaykən dostlardan duydum ki, belə bir festival mayısda Naxçıvanda düzənlənəcək. Əlbət ki, bu gözəl təşəbbüsün müəllifi Şəmil müəllim idi…

Qısa bir zaman kəsiyində düşündüyümüzdən də möhtəşəm bir Kitab sərgisi gerçəkləşdi Naxçıvanda…

Kitab kimi Adamlar Əlahəzrət Kitabın qanadlarında paytaxt Bakıdan “Cahanın nəqşi” – Naxçıvana yola düşdülər… Kitab işığında aydınlanan bu qutsal yolçuluğu, bu səfəri, bu sərgini kənardan izlədikcə qəribə bir məqamı gözləmlədim… Sadəcə Naxçıvan deyil də, sanki Şəmil Sadiq özü paytaxtdan gedən qonaqlara ev sahibliyi edirdi… Adamın nə böyüklükdə ürəyi olmalıdır ki, yetmişdən çox qonağı təkcə elinə yox, evinə – ürəyinə sığdırmağa, xətrini əziz etməyə çalışa…

Ümid edirəm ki, Naxçıvan Kitab sərgisi xatirələrə köçəndə əziz Qulu Müəllim başda olmaqla bütün ədəbi cameəmiz Şəmil Sadiqin qonaqcanlılığından, dostcanlılığından hələ uzun zaman danışacaqlar… Şəmil müəllim qələmdaşları qarşısında qardaşlıq, Ata yurd – Ana torpaq qarşısında vəfa borcunu bu gün çox layiqiylə ödədi… Hər daim Üzü ağ olsun!

Şəmil müəllim çağdaş Azərbaycan təhsil xəritəsində öz yolu, meyarları ilə öncül olan bilim uzmanı olmaqla yanısıra mükəmməl ənənələrə söykənən məktəb yaratdığı təkin, ədib, sənətkar, şəxsiyyət kimi özü bütövlükdə bir məktəbdir!

                                                                                    ***

Krımda keçirilən bir beynəlxalq elmi konfransa dəvət olunmuşdum. Bağçasarayı ziyarət edərkən Bağçasaray yaxınlığında bir mədrəsə gördüm, adına “Zəncirlənmiş məbəd” deyirdilər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.

Şəmil müəllim mizanı pozulmuş Azərbaycan təhsil mühitində başımızı əyib sidq ürəklə təzim edəcəyimiz bir məktəb ənənəsi yaratdı… Eynən Cavid Əfəndi kimi, eynən Firidun bəy Köçərli kimi…

Kitablarıyla düşüncəmizdə, Varlığıyla Yolumuzda İşıq yandırdı…

Bu torpağın nə gözəl milli sərvətləri var!… Varımız olan bu adamların yorulmaz əməyini dəyərləndirmək üçün ömür nərdivanının 70-ci məqamına yetişməsini gözləməməliyik bəlkə də… Necə ki, kimlərsə onların düşüncəsini, əməyini, ürəyinin mübhəm bir diləyini çalmaq, çarpmaq üçün fürsəti fövtə vermirlər…

Qorumalıyıq o Adamları!… Sevməliyiq o Adamları!…

Çünki bu milləti işıqlı sabaha onlar aparacaq, eynən Cavid Əfəndi kimi, eynən Məhəmməd Tağı Sidqi kimi…

Şəmil Sadiq kimi…

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş II Uşaq Kitab Festivalı

 

Kitab-kitab böyüyək !!!

Kitabın, mütaliənin gücünə də, romantikasına da həmişə inanmışam. Bir məsələ var ki, biz kitabın gücündən çox romantikasına inanır, onun arxasınca gedirik. Kitabı daha çox əyləncə, vaxt keçirmək üçün oxuyur, ya da sıxıcı dərs kitabları deyib keçirik. 8-11 aprel tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən II Uşaq Kitab Festivalı bizi kitabın romantikadan çox gücə sahib olduğuna bir daha inandırdı. Sərgidə onlarla nəşriyyatın iştirakı da, minlərlə uşaq və yeniyetmənin, şagird və tələbənin, müəllim və valideynin axını da buna əsl sübutdur. Hələ təşkilatçıların, sərgi iştirakçılarının necə həvəslə festivala hazırlaşdıqlarını, oxucuları necə həvəslə qarşıladıqlarını görmək lazım idi. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) layihəsi olan sərgi-festivalın əsas təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi idi. Artıq 3 ildir, fəaliyyət göstərən ANAİB yarandığı ilk gündən kitabın, kitabçılığın inkişafına ciddi töhfə verir, bu sektorun yeni hədəflərə doğru aparılmasında komanda olaraq çalışır. İndiyə qədər “Bölgələrə kitabla gedək” çağırışı altında Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi şəhərlərimizdə yazıçılarla oxucuları görüşdürüb, bölgələrimizdə kitabı əlçatan edib. Keçən ildən idarə heyətinin qərarı ilə məhz uşaqlar üçün nəzərdə tutulan, spesifik layihə həyata keçiririk.

ANAİB UŞAQ KİTAB FESTİVALI! Düzü, ilk müzakirələrimizdə əksəriyyətin fikri o idi ki, onsuz da nəşriyyatların sayı azdır, ixtisaslaşmayıblar, kitab sərgilərində iştirak edən oxucu sayının bu qədər az olduğu dövrdə yalnız uşaqlara ünvanlanan sərgi-festival baş tutarmı? Narahatlıq doğuran səbəblərin arxasında ciddi faktlar dururdu, amma layihə müəllifi, uşaq yazıçısı Fatimə Alxazın israrla, “Yaxşı olacaq, məncə, başlayaq” – deməsi, komandanı inandırması, layihəyə başlamağımıza kifayət etdi. Və bacardıq! Ciddi marağın olduğuna da şahid olduq. Axın-axın gələn məktəblilərin kitabla təması, festival çərçivəsindəki tədbirlərdə aktiv iştirakı, bir daha göstərdi ki, bu prosesi gileylənməklə yox, əməli işlə inkişaf etdirə və uşaqlarımızda oxu bacarıqlarını formalaşdıra bilərik. Sözsüz ki, belə sərgilərin təşkilində həm özəl sektorun, həm də dövlət qurumlarının ciddi dəstəyinə ehtiyac var. Çox təəssüflə qeyd edim ki, keçən il müraciət etdiyimiz dövlət qurumlarından, özəl sektordan heç bir dəstək ala bilmədik. Sonda yenə birliyin üzvləri əlini daşın altına qoyub öz imkanları hesabına o möhtəşəm tədbiri keçirə bildi. Aldığımız nəticə, sosial aktivlik, gələn mesajlar çətinliklə addımlayan kitab sektorunu az da olsa, ruhlandırdı. Və bu il daha planlı, daha mütəşəkkil, daha öncədən layihənin icrasına başlanıldı. Üstəlik dövlət qurumlarının verdiyi motivasiya işin möhtəşəmliyini ortaya qoydu. Demək, bir şeyi sidq-ürəklə istəyəndə olurmuş. Amma istəməklə yanaşı cəhd etmək də önəmli idi.

Festivalın piarı “Mənim kitab daxılım” layihəsi üzərindən aparıldı. 20.000 daxıl hazırlayıb məktəblərdə şagirdlərə payladıq. Üstəlik bu daxıllar müasir təhsil yanaşmasına xas şəkildə, interkativ formada naşirlərin birbaşa iştirakı ilə uşaqlara paylanıldı. Sinifdə birgə quraşdırıldı və elan olundu ki, sərgiyə qədər daxıllara pul yığıb, bu qutularla sərgiyə gəlib 50 %-ə qədər endirimlə kitablar əldə edəcəksiniz. Uşaqların sevinci, həvəsi çox uğurlu nəticə verdi. Sərgidə uşaqların o daxıllarla stendlərə yaxınlaşmasını, həvəslə pullarını saymasını görmək çox gözəl idi. Bu, uşaqlarda təkcə kitaba məhəbbət yox, önəmli bir işi bacarmaq, hesabatlılıq, özgüvən, maliyyəni idarəetmə bacarığını formalaşdırmaq üçün vacib addım idi. Sərginin təşkilinə dövlət qurumlarının diqqəti, dəstəyi prosesi daha da alovlandırdı.

Sərgi-festivalın açılış mərasimində iştirak edən ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, və Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli öz çıxışlarında festivalın əhəmiyyətindən, gəncliyin formalaşmasında önəmli layihələrdən biri olduğunu vurğuladı, iştirak edən uşaqlarla söhbət edib şəkillər çəkdirərək onların yaddaşında silinməz iz qoydular. Yüksək çinli dövlət məmurunun kitabın təbliğində dəstəyinə həmişə ehtiyac var. Əgər oxucu sayını artırmaq istəyiriksə, bu cür addımları çoxaltmalıyıq. Təəssüf ki, 10 milyonluq Azərbaycanda cəmi 30 aktiv fəaliyyət göstərən nəşriyyat var. Lakin əhalisi demək olar, bizimlə eyni sayda olan Avstriyada 600-dən çox nəşriyyat fəaliyyətdədir. Bu o deməkdir ki, bizim oxucu sayımız az, tələbimiz minimum həddədir. Amma ümidsizliyə qapılmaq da yanlışdır. Keçənilki festival-sərgidən bu günə qədər ciddi dəyişiklik olub. Bir neçəsini sadalayım: – sərginin keçirildiyi məkan iki dəfə daha böyük oldu; – keçən il həm kitab mağazaları, həm nəşriyyatların hesabına 30 iştirakçı vardısa, bu il sadəcə nəşriyyatların iştirakı ilə 24 qurum sərgiyə qatıldı; – keçən ildən bəri 6-7 nəşriyyat öz alt markalarını yaradıb yeni uşaq kitabları ilə iştirak etdi. – 10-dan çox yeni nəşr məhz sərgi üçün hazırlandı, həmin gün oxuculara təqdim edildi; – keçənilki iştirakçı sayı 20.000 idisə, bu il 50.000-dən çox oldu; – keçən il 40.000 kitab satılmışdısa, bu il 70.000 mini ötdü; – keçən il tədbir iki gün davam etmişdi, bu il isə 4 gün; – keçən sərgiyə gələn uşaqlar daha çox hədiyyə kitab almaq üçün gəlmişdisə, bu il öz büdcəsi ilə kitab almağa, istədiyi kitabı seçməyə gəlmişdi; – keçən il sərgi çərçivəsində 30-a yaxın tədbir keçirilmişdi, bu il isə 60-dan çox əyləncəli, intellektual tədbir baş tutdu; – keçən il daha çox valideynlər uşaqları sərgiyə gətirməyə maraqlı idisə, bu il əksinə oldu; – bu il layihə çərçivəsində elmi-praktik konfransın da keçirilməsi prosesin tədqiqatı baxımından da çox önəmlidir ki, naşirlər gələcək fəaliyyətini bu sahədə qura bilsinlər; – ölkəmizdə ilk dəfə olaraq kitab sektorunda çalışan qurumların özəl sərgisinə naşirlər xüsusi hazırlanmış stendlərlə çıxdı. Bunlar göstərir ki, sözügedən sahədə görülməli iş çoxdur. Təşəbbüs olsa, milli dəyər, müasir düşüncəyə sahib gənclik yetişdirmək, ölkəmizin gələcəyi naminə daha faydalı işlər görmək olar. Bu gün yad və düşmən ünsürlərin əsirinə çevrilmiş gəncləri görməkdəyik, lakin savadlı, intellektual gənclik yetişdirə bilsək, onların dünyagörüşünü öz milli maraqlarımız və bəşəri dəyərlər əsasında formalaşdırsaq, bu gün yaşadığımız yanlışlıq davam etməz.

Dörd gün ərzində sərgiyə gələn uşaqlar yaşlarına uyğun tədbirlərə, yazarlarla görüşə, teatr tamaşalarına cəlb edilir, imza mərasimlərində iştirak edirdi. Zahid Xəlil, Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, Sevinc Elsevər, Solmaz Amanova, Elgüsel, Sevinc Nuruqızı kimi yerli uşaq yazarları ilə yanaşı Türkiyədən dəvət olunan Suat Turqut, Özgə Lokmanhəkim kimi ədiblər də maraqlı müzakirələr apardı, kitab imzaladılar. Tanınmışların nağıl saatı uşaqlarda daha çox maraq doğrudu. Xalq artisti Mənsum İbrahimov, tanınmış futbolçu Qara Qarayev, qiraətçi Xəzər Süleymanlı, yazıçı Rövşən Abdullaoğlu kimi tanınmış ictimai xadimlər uşaqlara öz üslublarında nağıl danışdılar. Düzü, əksəriyyət sərgi ilə yarmarkanı, sərgi ilə festivalı qarışdırır. Dörd günlük tədbir təkcə sərgi və ya yarmarka yox, Uşaq Kitab Festivalı idi və təşkilatçılar bunun tam öhdəsindən gəldilər. Festivalda iki səhnə ayrılmışdı, biri Firudin bəy Köçərli, biri isə Abdulla Şaiqin adını daşıyırdı. Bu özü də çox şeydən xəbər verir. Bu səhnələr günün bütün saatlarında dolu olurdu. Uşaq birliklərinin özfəaliyyəti, master-klaslar, rəssamların uşaqların şarjını çəkməsi – hamısı ümumi işin tərkib hissəsi idi.

Festivalın üçüncü günü “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçirildi. Seminarda Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini həll yolları ilə bağlı məruzələr edildi, təkliflər dinlənildi, müzakirələr aparıldı. – ANAİB-in sədri, seminarın moderatoru Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”; – Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri: oxuyub, anlamaq”; – yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”; – “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində. Çap və elektron resurslar: mif və reallıq”; – Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”; – məruzələri seminarın ciddiliyindən xəbər verir. Bəli, bu sadaladıqlarım Azərbaycanımız üçün, zəfərin uşaqlarını yetişdirmək üçün Ümummilli lider Heydər Əliyevin, “Azərbaycanın gələcəyi gənclərin çiyinləri üzərində qurulacaq” – ideologiyasının həyata keçməsi üçün böyük hadisə idi. Bunu həyata keçirən isə fədakar naşirlər – ANAİB komandası oldu. O komanda ki, böyük ideallar arxasında yorulmadan çalışır, güclərini birləşdirir, yeri gələndə kitab tərtib edir, yeri gələndə sərginin masalarını daşıyır, yeri gələndə satıcı kimi stendin arxasında kitab satır. Əlbəttə, kitab sektorunun çatışmazlığı çoxdur və bu problemləri təkcə vətəndaş həmrəyliyi ilə həll etmək mümkün deyil. Necə ki, bu layihənin həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ciddi dəstək verdi və kitabın arxasında durdu, eləcə də digər dövlət qurumları anoloji addım ata, beləcə, ölkənin gələcəyinə yatırım edə bilərlər. Kitabla böyüyən gənclik həmişə, hər yerdə Azərbaycanın üzünü ağ edəcək, gücünə, güc qatacaq!

 

Şəmil SADİQ ANAİB idarə heyətinin sədri

Azərbaycan müəllimi qəzeti, 14.04.2023

Azərbaycan Nəşriyyatları Assosiasiyası

Xəbərlər

Hədəfimizə yürüməyi öyrədən Adam…

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Naxçıvan təkcə Azərbaycanda deyil, bəlkə də bütün dünyanın geoxəritəsində əsrarəngiz dağları ilə seçilir. Mən Şəmil Sadiqə hər baxanda elə bilmişəm ki, o Uca Dağları görürəm. İlahi bir doğmalıqla Şəmil Sadiqi Dağa bənzətmişəm. Naxçıvanın Üzü Haqqa sarı dayanan başı qarlı ən Uca Dağıdır Şəmil Sadiq…

***

Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Şəmil müəllim haqqında bu yazı, əslində, lap çoxdan içimdə  yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş.

 

Dəyərli məsləkdaşım, sirdaşım, CNN Türk kanalının “Özəl xəbərlər” şöbəsinin müdiri Fulya Öztürk bu günlərdə bir telefon danışığımızda:

“Hayalecim, bir kişiyi sormak isterim Senden – Şemil Sadık…

Şemil Hoca – bizim Üstadımız O…

Hocanmı olmuş senin. Ne güzel. Ne mutlu sana. Ne şanslısınız, öyle İnsanlardan ders alıyorsunuz. Bilirmisin, Hayalecim, bizim Türkiyedeki depremzedelere Şemil Bey ve çalışanları yaklaşık 400 bin Tl civarında büyük bir destekde bulunmuşlar. Ve bunu “Kardeşe vefa borcumuz” diye öyle içtenlikle yapmışlar ki… Can Azerbaycanımın candan aziz insanları, Siz kalp değil de sanki içinizde pırlanta taşıyorsunuz…” – deyəndə göz yaşlarımı saxlaya bilmədim…

Telefonun o biri başında Fulyanın minnətdarlıq dolu ifadələrini sözlə ifadə edilməyəcək hıçqırıqları müşayiət edirdi.

Söhbət əsnasında Şəmil müəllimin necə Turan sevdalı, milli məfkurəli insan olduğundan danışdıqca Fulya “ən yaxın zamanda  İstanbulda proqramlarımızın birində qonağımız olmasını, Turan düşüncəsini bizimlə paylaşmasını təmənni edərik” – söylədi…

Fulya ilə həmin söhbətimizdən sonra həmişə Ustadım bildiyim, bir müəllim kimi yetişməyimdə kitabları ilə Yolumuza işıq olan Şəmil Sadiq haqqında yazmağa içimdə bir mənəvi ehtiyac hiss etdim…

Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir.

Nədənsə, Şəmil müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Şəmil müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bu yazımı yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Şəmil Müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Şəmil müəllim məhz o insanlardandır…

Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə əzəmət və əsalət öyrəndiyimiz Şəmil müəllimə borcluyuq!

Böyük Hüseyn Cavidin amalını, İsa Muğannanın işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Şəmil Sadiq…

Şəmil Sadiq ilk gənclik illərimizdən sağlam düşüncəmizi bina edən, bizi “Ümidlərin izi ilə” arzularımızın arxasıyca aparmağı bacaran insandı…

Şəmil Sadiq bizləri peşə vicdanına sadiq bir öyrətmən olaraq yetişdirən, mənəvi dünyamızın, ruhumuzun memarı olan, ürəklə “Mən bir müəlliməm”  deməyimizi sağlayan Hocalar Hocasıdır, mənəvi hamimiz və Ustadımızdır!

Şəmil Sadiq “Od ər”lərinin milli varlığını, milli şüurunu sətir-sətir tarixləşdirən, ocağında Odər böyüdən, düşüncələriylə hər bir türkün düşüncəsində Odər toxumu göyərdən Turan məfkurəli ideoloqdur.

Şəmil Sadiq böyük Cavidin narahat ruhunu dərin elmi araşdırmaları ilə şad etməyi başaran dəyərli bilim adamıdır.

Dəyərlərin aşındığı, oxucu ilə kitab arasında ilişkilərin çat verdiyi bir toplumun tən ortasında İsa Muğanna işığını sönməyə qoymayan, gördüyü misilsiz işlərlə və gerçək bir övlad məhəbbəti  – doğma oğul sevgisi ilə böyük yazıçımızı ömrünün ixtiyar çağlarında bəxtiyar edən, İsa Muğannaya həyata inamla baxma, yaşam və yaradıcılıq stimulu olan İdeal Şəxsiyyətdir Şəmil Sadiq…

***

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, “iç mən”imizə sadiq qala biliriksə,  Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Şəmil Müəllimin bizə öyrətdikləri sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı gənc qələmləri də, gənc yazı əhli də Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Şəmil müəllim!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz…

Dərs dediyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız Şəmil Sadiqin yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Şəmil müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının –insanlığın Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla türk və Turan düşüncəsinə həsr edən vətəndaş ziyalı…

***

Seyran Səxavətin “Nekroloq” romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insan ayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin… Bu elə qapın bağlı qalsın, – deməkdir. Qapıda o vaxt otbitir ki, gəliş-gediş olmur. “Nekroloq”da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı…

“Kənddən yolaşana qədər iki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı, onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq, sınıq-salxaq uşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedib qayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi – əlli-altmış nəfər olardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir”…

Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt “çolaqayaq”larını, “şikəstlik”lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o “tək ayağını” cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.

Bu cəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizin sayənizdədir, əziz Şəmil Müəllim!

Öyrətmən sadəcə elm öyrədən deyil, yetirmələrinin xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Gənc bir müəllimə sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır…

Siz həyatımızdakı bütün bomba dəliklərini Günəş yapan  qəlbimizdəki o Bilgə İnsansınız, Şəmil Müəllim!

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Şəmil Müəllim!

Sizin üstləndiyiniz müəllimlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn olmağı bacarmısınız.

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala…

– sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Şəmil Müəllim! Yetişdirdiyiniz balalar Sizin əsərlərinizdir – tikdiyiniz qalalardır…

Müəllim olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi…

Müəllim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Müəllim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı…

Siz Özü ən ləyaqətli örnək olmaqla, Müəllim kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və  düşüncəmizi formalaşdıran,  mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Şəmil Müəllim!…

Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, “Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur”

Nə mutlu bizə ki, Şəmil müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Şəmil müəllim var Yolumuzun başında. Nə yaxşı ki Var!…

Yazımın bu yerində tələbəlik illərimizə aid bir məqamı xatırlamaq istəyirəm. Biz həyat yoldaşımla bir partada oturardıq. Şirin bir xatirə kimi həmişə müəllimlərimiz bizə baxanda bizdən öncəki illərdə tələbələri olmuş və indi ömür yolunu bərabər addımlayan Şəmil Müəllimlə Zülfiyyə Xanımın ailə həyatını hamımıza örnək göstərirdilər. Hər dəfə Zülfiyyə Xanımla Şəmil Müəllimin adı çəkiləndə mən Məmməd İsmayılın “Bir adam yol gedir bizdən qabaqda…” misralarını xatırlayırdım… Və Şəmil müəllimin elmi, ədəbi, pedaqoji uğurlarının ideya həmmüəllifi olaraq düşünürdüm Zülfiyyə  Xanımı… Bu gün ən təqdirəlayiq olan odur ki, bu iki gözəl insan əl-ələ verərək qurduğu gözəl bir ailə modeli ilə bərabər həm də çağdaş Azərbaycan təhsilində ən öncül model olan böyük “Hədəf” ailəsini yaratdılar. Var olsunlar!

Bütün qəlbimlə “Elm və həyat Yolu”muza işıq olan sevgili Zülfiyyə xanımın, dəyərli Şəmil müəllimin əməyini ayaqüstə alqışlayır, onların fədakar əməyi qarşısında sayğıyla baş əyirəm!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanları tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, uca ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan  İnsanların varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq Zülfiyyə Xanım və Şəmil Sadiq ləyaqətdə qutsal və uca İnsanlar yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

 

Xəbərlər

Meksika səfirliyində Şəmil Sadiqin “Yuxu maşını” kitabı müzakirə edildi

“Hədəf Şirkətlər Qrupu” MMC-nin qurucu direktoru, dosent Şəmil Sadiq və Meksika səfiri Viktoriya Romeronun təşəbbüsü ilə Meksika yazıçısı Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” və Şəmil Sadiqin “Yuxu maşını” kitabları ilə bağlı müzakirə keçirilib.

Şirkətdən verilən məlumata görə, çıxış edən səfir iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb, belə tədbirlərin davamlılığında maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Şəmil Sadiq Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” kitabının tərcümə və çapı haqqında danışıb. Bildirib ki, kitab qurucusu olduğu “Hədəf Nəşrləri”ndə işıq üzü görüb.

Filologiya üzrə elmlər doktoru Elçin İbrahimov Azərbaycan və Meksika  xalqlarının ortaq mədəniyyətinin əhəmiyyətini vurğulayıb, türk xalqının dünyanın ən qədim xalqlardan olduğunu və Gene de Matlokun da bundan ilhamlandığını qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Meksika ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin vacibliyindən söz açıblar.

Tədbir bədii hiss ilə davam edib.

Xəbərlər

Meksikanın Azərbaycandakı səfiri ilə görüş

“Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun baş direktoru f.ü.f.d., dosent Şəmil Sadiq Meksikanın Azərbaycandakı səfiri  Viktoriya Romero ilə görüşmüşdür. Xanım səfirə dəvət üçün təşəkkürünü bildirən Şəmil Sadiq Azərbaycan-Meksika əlaqələrinin mədəniyyət və təhsil sahəsində necə inkişaf etdirilə biləcəyi, bu istiqamətdə hansı adımların atıla biləcəyi haqqında məlumatlar vermiş, bu mövzular ətrafında təkliflərini qeyd etmişdir. Şəmil Sadiq ona xüsusi hədiyyəsi olan Azərbaycan xəritəsini, Meksikalı yazar Gene de Matlokun “Hədəf Nəşrləri”ndə çap edilən “Ey dünya insanları, hamınız türküsünüz” araşdırma kitabını, müəllifi olduğu “Azərbaycan dilini öyrənirəm” və Meksika həyatından bəhs edilən “Yuxu maşını” romanını bağışlamışdır. Şəmil Sadiq Azərbaycan yazarlarının əsərlərinin Meksikada, Meksika yazarlarının əsərlərinin Azərbaycan çap edilməsi və Meksikadakı bir məktəblə Hədəf Liseyinin qardaşlaşmış məktəb olması ilə bağlı təklif vermiş, bu münasibətlə Azərbaycan və Meksika xalqlarının bir-birini yaxından tanımasının var olan əlaqələrin inkişafına yaxşı təsir göstərəcəyini vurğulamışdır.

Səfir dəvəti qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirmiş, bu əlaqələrin inkişafında həm azərbaycandakı Meksika səfirliyi, həm də meksikadakı Azərbaycan səfirliyinin maraqlı olduğunu qeyd edərək hər kitabın Meksika səfirliyində təqdimatını keçirilməsi təklifini etmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

Xəbərlər

Qardaşa Vəfa borcumuz!

 

Əziz Hədəf Qrup çalışanları, valideynləri, şagirdləri! Bildiyiniz kimi Qardaş Türkiyədə baş verən böyük faciədə evlərini, yaxınlarını itirən insanlarımız var. Bu fəlakət bizi də sarsıdır, kədər gətirir. Hədəf Şirkətlər Qurupu olaraq Türkiyə Cümhuriyyətinə, millətinə başsağlığı veririr, acınız acımızdır, deyirik.
Türkiyə Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır. Biz də Azərbaycanın bir parçası olaraq öz yardımımızı, vəfa borcumuzu ifadə etmək məqsədi ilə, Hədəf Şirkətlər Qrupu olaraq, Konseptimizdə olan Dəyərlər həftəsinin Yardımsevərlik həftəsini 6-13 fevral tarixlərinə elan edir, insanlıq, qardaşlıq borcumuz olaraq maddi yardım kompaniyasına başlayırıq. Hədəf Şirkətlər Qrupu rəsmi büdcəsindən 15000 manat vəsait ayırmaqla yanaşı, şirkətimizin çalışanlarını, vaildeynlərini, şagirdlərini öz imkanları daxilində bu müddət ərzində filiallarımızada ayrılan ‘’Vəfa Borcumuz’’ adlı qutulara təqdim etməklərini arzulayırıq. Ümid edirik, hər birimiz aktiv iştirak edəcək, dəstəyimizi əsrigəməyəcəyik. Bunun üçün bütün filial müdirlərimiz, öz filiallarında lazımı tapşırıqları versin, uyğun şəraiti qursun. 14 fevral tarixinndə AFAD-a (AFET ve acil durum başqanlığının rəsmi bank hesabına) ödəyəcəyik.
Sizlərə insanlığa, qardaşlığa göstərdiyiniz dəstəyə görə öncədən təşəkkürümüzü bildirirəm.
Biz birlikdə güclüyük, birliyimiz gücümüzdür!
Gün birlik günüdür!

Hörmətlə,

Hədəf Şirkətlər Qrupunun Qurucu direktoru Şəmil Sadiq!
Türk qardaşlarımıza Vəfa borcumuz – YouTube

Xəbərlər

“Hədəfdə STEAM-5” Beynəlxalq İnteraktiv təlim-treninq

Hədəf STEAM liseyinin təşkilatçılığı, Hədəf Şirkətlər Qrupu, Eduhek, Robotzadə və Bilim Bakının tərəfdaşlığı ilə 27-28 yanvar 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş “Hədəfdə STEAM-5” adlı Beynəlxalq İnteraktiv Təlim-treninqinin açılış mərasimi keçirilmişdir.
Azərbaycanın ilk STEAM liseyi kimi fəaliyyət göstərən “Hədəf Liseyi” tərəfindən 2019-cu ildən təşkil edilən bu tədbir təhsil sahəsində çalışan tədqiqatçıları, müəllimləri bir araya gətirməklə müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsininin paylaşmasını, yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.
Təlim-treninqin STEAM dərs nümunələri, sərgi və geniş mövzulu plenar sessiyalarında paytaxt və regionlardan 200 nəfərdən çox müəllim iştirak edir.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Azərbaycan Texniki Universitetinin Rəqəmsallaşma və Layihələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Rəsad Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Azərbaycan Respublikası Təhsil İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynur Alışzadə, “Təmiz şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı, STEAM üzrə ekspert Aliyə Əhmədova, “AzeRobot Education”-nun layihə rəhbəri İmamir Mirzoyeva, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, Hədəf Liseyi nəzdində İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasov, hərbi mühəndis və fərdi investor Ülvi Hacıyev “Bilim Bakı” rəhbəri Yusuf Polat iştirak etmişdir.

Xəbərlər

XII “Fənlərin Dostluğu Olimpiadası”

XII “Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri mükafatlandırıldı Dekabrın 19-da Hədəf Şirkətlər Qrupunun və UNECin birgə təşkilatçılığı ilə keçirilən XII “Fənlərin Dostluğu Olimpiadası”nın (FDO-12) bağlanış və mükafatlandırılma mərasimi Azərbaycan Dövlət İqtisad Universitetinin III tədris binasının akt zalında baş tutub. Hədəf Şirkətlər Qrupu xəbər verir ki, bağlanış mərasimində Milli Məclisin deputatları Musa Qasımlı, Ceyhun Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Raqif Qasımov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Nizami rayon Bələdiyyəsinin müdir müavini Vüqar Tarquliyev, Hacı Nuran, Azərbaycan Özəl Təhsil Müəssisələri İctmai Birliyinin sədri Heydər Eminli və başqaları iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan layihənin ideya müəllifi “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq diqqətə çatdırıb ki, FDO-nun on iki ildir, təşkil olunması layihənin artıq ənənəyə çevrilməsinin göstəricisidir: “2023-cü ildən etibarən Türk İnteqrasiya Olimpiadası – dünya üzrə türk dövlətləri və milli qurumları arasında keçirilən məktəb fənlərinin inteqrasiyası olimpiadasını keçirməyi planlaşdırırıq. Bu da artıq olimpiadanın beynəlxalq miqyas alması deməkdir”. Ş.Sadiq qalibləri təbrik edib, iştirakçılara növbəti illər üçün uğur arzulayıb, bütün şagirdləri əzmlə çalışmağa, şəxsiyyət kimi yetişmələri üçün təhsil və mütaliəyə səsləyib. Musa Qasımlı çıxışında belə maraqlı bir layihəyə görə Ş.Sadiqə təşəkkürünü bildirib, qalibləri təbrik edərək onlara gələcəkdə də uğurlar arzulayıb. Ceyhun Məmmədov da olimpiadanın fənlərin inteqrasiyasındakı əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Raqif Qasımov belə maraqlı tədbirə evsahibliyi etdiklərindən məmnunluğunu, gələcəkdə də belə tədbirlərə dəstək olacaqlarını ifadə edib. “Hədəf” Şirkətlər Qrupunun baş direktor müavini Elvin Əliyev “Fənlərin Dostluğu Olimpiadası”nın keçdiyi yoldan danışıb. Olimpiadanın, fənlərin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb. “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov olimpiadanın sualları, onları cavablandırmaq yolları, suallara görə verilən ballar barədə məlumat verib, sualların çətinlik dərəcəsinə görə 1 baldan 3 baladək qiymətləndirildiyini bildirib. Tədbir çıxışlar və qaliblərin mükafatlandırılma mərasimi ilə davam edib. Onu da nəzərə çatdıraq ki, Hədəf Liseyinin Abşeron filialının balabilgələri bədii proqramlarla tədbirə rəng qatıblar. Olimpiadanın qalibləri də öz təəssüratlarını bizimlə bölüşüblər. Birinci yerin sahibi Xocavənd rayonu, 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd Cavadzadə olimpiadanın çox yaxşı keçdiyini diqqətə çatdırıb: “Mənimçün maraqlı idi. Qeyd etməliyəm ki, hətta bir ballıq suallarda belə çətinlik çəkdiyim oldu. Ümumilikdə isə çətin olmadı. Təxminən imtahanın bitməsinə bir saat qalmış cavab vərəqini təhvil verdim”. İkinci yerin sahibi, Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin 9-cu sinif şagirdi İsmayıl Mustafayev sualları çox bəyəndiyini deyib: “Müəyyən qədər çətin, bir az gözlənilməz və düşündürücü idi. Üçüncü ixtisas qrupuna hazırlaşdığım üçün kimya, fizika kimi fənlərlə inteqrasiya olunmuş suallarda daha çox düşünməli oldum. Bu olimpiada öz adını artıqlaması ilə doğruldur!” Üçüncü yerin sahibi, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Lalə Tahirli olimpiadanın, sualların tərtibinin çox maraqlı olduğunu bildirib: “İlk dəfə idi ki, belə bir olimpiadaya qatılırdım. Fənlərin inteqrasiyası, bir sualda bir neçə fənnin əks olunması çox maraqlı idi. Həqiqətən, fənlərin dostluğu olimpiadası idi. Sualların tərtib edən müəllimlərin əziyyətini, xüsusilə, qeyd etmək istərdim. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Üçüncü yeri tutduğuma hələ də inanmağım gəlmir. Üzərimdə əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm”. Qeyd edək ki, olimpiadanın bütün iştirakçıları “Hədəf” kurslarından 10, ilk 100 yerin sahibləri 20, 10-4-cü yerlərin sahibləri 25, 3-cü yerin sahibi 50, 2-ci yerin sahibi 70, birinci yerin sahibi isə 100 % endirim qazanıblar.

15:03
Xatırladaq ki, XII Fənlərin Dostluğu Olimpiadasının dəstəkçiləri “Azərbaycan Naşirləri Assosiasiyası” İctimai Birliyi (ANAİB), HT Clinic, SİNKOD yayın və dağıtım şirkəti, “Eduhek”, “Sınaq” İmtahan Mərkəzi, “Kitabevim.az” kitab mağazası və “Hedef Global”, informasiya tərəfdaşları isə “Ustad” dərgisi, “Senet.az”, “Azedu.az” portallarıdır.
Köşə Manşet Mükafatlar Sertifikat Xəbərlər

“Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildi”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə HƏDƏF Şirkətlər Qrupunun qurucu direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” MEDALI ilə təltif edildi.
Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi bu etimaddan dolayı minnətdarlığım bildirirəm!
Müsahibələr Xəbərlər

Şəmil Sadiq: ”Adam romanında vicdan dərsi keçsin, özü vicdansız olsun, bu, üst-üstə düşmür ”


“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşarın bugünkü qonağı Şəmil Sadiqdir. Pedaqoq, naşir, yazıçı, iş adamı olan Şəmil Sadiq hər bir ampluasında kifayət qədər məhsuldardır, ən əsası da, xalqı üçün faydalıdır.

 

– Salam, Şəmil müəllim. Zamanı ədəbiyyata ayırmaq zamanıdır?

– Salam, xoş gördük. Hər dövrün poetikası, lirikası, sujeti, kulminasiyası və s. var. Ona görə də hər dövr elə ədəbiyyat dövrüdür. Zamanı ədəbiyyata ayırmaq məsələsinə gəldikdə isə, bəli, niyə də olmasın?!

Təhsildənmi ədəbiyyata gəldiniz, yoxsa, ədəbiyyatdanmı təhsilə gəlmiş sayırsınız özünüzü?

– Mənim ədəbiyyatda geniş fəaliyyət göstərməyimin səbəbi təhsildir. Çünki içimdə özümü daha çox müəllim kimi görürəm, maarifləndirməyə meyilli adam kimi. Müəllim öz düşüncələrini, arzularını, ideyalarını təbliğ etməklə bir sinfi, auditoriyanı, məktəbi idarə edir. Amma, ədəbiyyatın zamanı da böyükdür, məkanı da böyükdür. Bu baxımdan ədəbiyyata geniş auditoriya kimi baxıram. Auditoriyada çatdıra bilmədiklərimi daha geniş kütləyə çatdırmaq baxımından ədəbiyyat işimə yarayır. Bu baxımdan deyərəm ki, məni ədəbiyyata təhsil gətirdi. Çünki ilk pyesimi məhz 20 nömrəli məktəbdə yazdım. Şagirdlər üçün səhnə hazırlayarkən ssenari yazdım və o, pyese çevrildi. Buna görə də deyə bilərəm ki, məni ədəbiyyata təhsil gətirib.

Hazırda özünüzü daha çox hansı alana aid edirsiniz, təhsilə, yoxsa ədəbiyyata?

– İndi mənim işim çox qarışıqdır (Gülür). Arada fikirləşirəm ki, mən müəlliməm. Uzun müddət fasilədən sonra siniflərdə bir neçə dərsim, görüşmələrim olub. Özümü daha çox xoşbəxt hiss etmişəm. Ədəbiyyat mənimçün hazırda mütaliə baxımından olmasa da, yazmaq baxımından bir hobbidir, məşğuliyyətdir. Bu baxımdan, hazırda mənə görə, mən daha çox müəlliməm.

Son zamanlar da hiss olunur ki, ədəbiyyata yetərincə vaxt ayıra bilmirsiniz.

– Deməli, 2013-cü ildə yazdığım “Odərlər” ramanım ki, var, o romanın ikinci hissəsini yazmalıydım. 2015-2016-cı illərə çatmalı idi. O romanın bütün eskizləri hazır olsa da hələ də yazıb bitirə bilməmişəm. Çünki zaman çatmır. Məktəbin işi həm ağırdır, həm də maraqlıdır. Mən həmişə sevdiyim və bəyəndiyim işlə məşğul olmuşam deyə ürəyimə nə yatırsa onu edirəm. Hətta bir dəfə doktorluq dissertasiyamı və “Odərlər” romanımı qoydum qarşıma ki, seçim etməliyəm. Bunlardan birini yazmalıyam. Və seçdim romanı yazmağı. Amma mən seçim etsəm ki, ədəbiyyatmı, təhsilmi, yəqin ki, təhsili seçəcəm. Çünki, təhsil həm də mənim işimə çevrilib. Bu həm də həyat tərzimdir, burada idarəçilik də var, təkcə müəllimlik etmirəm, işin içərisində həm də biznesin idarə edilməsi var. Bu baxımdan son dövrlər doğru-düzgün bir yazı qələmə ala bilməmişəm. Bəzən də elə bilirəm ki, heç yaza bilmirəm.

“Ustad” dərgisini yaratdınız. Zərurəti nə zaman hiss etdiniz?

– Yadına gəlirsə, 2014-cü il idi, “Kitabevim.az” mağazası açıldı. Ondan bir il sonra Gənclər günündə “sənət.az” saytını yaratdıq. Ondan bir il sonra da “Ustad” jurnalını təsis etdik. Ədəbiyyat dərgisi qalıcıdır, tarixdir. Bizim bir işimiz təhsildir, bir işimiz də nəşriyyatdır, kitabçılıqdır. Bir növ, naşir fəaliyyətimiz də zərurət yaratmış olur bu tip işləri görməyə. Bununla bərabər, ədəbiyyatla məşğul olduğun üçün, məsələn, özün yazırsan, ətrafında yazanlar var və bu yazanların münbit şəraiti yoxdur, bud a başqa bir zərurət idi. O dövrdə ümumiyyətlə, şərait fərqli idi. İki fərqli qol var idi, xatırlayırsınızsa. Bir tərəfdə AYB-nin dərgiləri vardı, digər tərəfdə isə özəl bir sayt formalaşdırmışdılar. Ancaq, o dar boğazdan keçib hər kəs öz düşüncə dostunu, ətrafını çap edirdi. “Ustad”ın yaranmasının əsas səbəbi bu oldu. Əslində, mənim gördüyüm işlərin bir çoxu belədir. Bir növ, prinsiplərim olur. Kursu da açanda belə olmuşdu. Təhsil meydanı qardaş ölkələrdən birindən gəlmiş bir şirkətin əlində idi. Bir növ, o duruma qarşı üsyan kimi oldu içərimdə ki, biz niyə edə bilmərik?! “Kitabevim.az” mağazası da o cür yarandı. O dövrdə 3-4 kitab mağazası vardı və onlara da hər adamın kitabı qoyulmurdu. Biz də bu kitab evini açdıq və dedik ki, bu, xalqın kitab evidir və hamının kitabı satılacaq burda. “Ustad”ın da yaranmasının səbəbi bu idi ki, bəzi gənclərin meydanı yox idi. Düşündük ki, bu meydanın içində yeni bir meydan yaratmış olaq. Ədəbiyyatdakı dostlarımızın bu kimi çox cəhdləri olur. Bunların bəziləri qalıcı, bəziləri isə günlük, aylıq, illik olur. Amma şükürlər olsun, “Ustad” artıq xeyli müddətdir fəaliyyət göstərir. Artıq 35-ci sayı dərc olundu. Bu dərgidə tam demokratik, münbit və səmimi bir kollektiv var. Burada qələmi, bacarığı olan insanlara həmişə yer verilib. Amma indi təəssüflər olsun ki, o rəqabət də yoxdu. İndi hər kəs öz meydanında çalıb-oynayır.

Bu gün dərgi istədiyiniz səviyyədədirmi?

– Bəli, mənə görə biz istədiyimiz səviyyədədir. Bunu həm də poliqrafik, tərtibati baxımdan deyə bilərik. Bu gün biz dünyada məşhur olan və pafos kimi səslənsə də Azərbaycan tarixində ilk dəfə dərgi və qəzet arasında olan bir formata keçmişik. Amma, oxucu heç nə istəmir deyə onun istədiyi səviyyədədirmi, deyilmi, onu bilmirəm. Oxucunun istəyi, tələbi artarsa, sən bir naşir olaraq özünə çəki, düzən vermiş olursan. Təssüflər olsun ki, bu gün ölkədə laqeyd münasibət var ədəbiyyata, sənətə, mədəniyyətə. “Ustad”da Türkiyədən olan bir sənət adamının fikirlərini vermişdim. O deyirdi ki, İŞİD terrorçuları sənəti Türkiyə sənətçilərindən, ümumiyyətlə millətdən daha çox sevir. İzahı da belə idi ki, Türkiyə cəmiyyəti sənəti nə sevib qucaqlayır, nə də ki İŞİD kimi dağıdır. İŞİD başa düşür ki, bu çox dəyərlidir, onu dağıdır. Amma Türkiyədə cəmiyyət o qədər laqeyddir ki, heç olmasa demir ki, bu çox dəyərlidir bunu dağıdaq, yaxud da, əksinə, qoruyaq. İndi bizdə də ədəbiyyata, sənətə belə laqeyd münasibət var. Uzaqbaşı bir-birimizə bir link atırıq, o da barmaq işarəsi ilə bir bəyəndim edir. Heç çox vaxt da açıb oxumur. Ədəbi mühit yoxdur. Sözsüz ki, burada sosial şəbəkələrin böyük təsiri var. Zaman bizi öz istədiyi kimi idarə edir, biz zamanı idarə edə bilmirik. Problem də buradadır. Oxucunun tələbi olacaqsa, “Ustad” da, digər dərgilər də onun tələbiylə ayaqlaşmağa çalışacaq. Təssüf ki, heç bir reaksiya yoxdur və bu, ümidsizlik yaratsa da, biz gücümüz çatdığı qədər davam edəcəyik. Hazırda dərgi şirkətin (“Hədəf “ şirkəti –red.) dəstəyi ilə çıxır. Amma daha yaxşı dərgi çıxarmaq üçün sözsüz ki, yaxşı qonorar verməlisən. Qonorar versək də, bu, başqaları ilə müqayisədə normal olsa da, cüzi məbləğdir. Bəlkə də zamanla proseslər düzələcək. Sən dərgini satacaqsansa, gəlir əldə edəcəksənsə, məcbursan yazarı da müəyyən mənada razı salasan.

Tək “Ustad” yox, ümumiyyətlə mühitdə dərgilər nə dərəcədə boy göstərir? Azərbaycan olaraq bizdə çox da dərgi yoxdu. Elə təkcə qardaş Türkiyəni misal çəksək, orada kifayət qədər çox dərgi var və bu çoxluqda da kifayət qədər əhatə dairəsi geniş olanlar var.

– İntiqam bəy, həmişə mən belə düşünürəm, Sovet dövrü ki dağıldı, bir ənənə qırıldı. Biz həmişə eşidirik o dövrlə bağlı ki, adam vardı, filan dərginin bütün saylarını yığmışdı, filan dərgi 70-80 min tirajla çap olunurdu və s. Amma, müstəqillikdən bu tərəfə keçən 30 ildə biz onu görə bilməmişik, o hissi yaşamamışıq. Azərbaycanda saysaq, bu gün 5-6 dərgi var. 2-3-ü özəl sektorun ola bilər, digərləri də AYB-nin. Kitabçılığın inkişaf etməməsi dərgiçiliyə də təsir edir. Necə ki, mətbuatda qəzet anlayışını saytlar məhv edir. Kitabçılıqda da bu amil dərgilərə təsir edir. Amma inanmıram ki, hazırda hər hansısa şou-maqazin dərgisini də kimsə ala. Bu baxımdan, bizimlə müqayisədə Türkiyədə ədəbiyyat və dərgi çox yüksək səviyyədədir. Hətta biz mağazalardan da görürük ki, “Kafkaokur” dərgisi Azərbaycanda məşhurdur. Belə olan halda fikirləşirsən ki, o dərgini insanlar sifariş edib gətirdirlərsə, bizdə də bu hal ola bilər. Belə olan halda marketinq məsələsi çıxır ortaya, Azərbaycan kitabçılığında marketinqin bərbad vəziyyətdə olması, təbliğat imkanlarının zəifliyi ümidsizlik yaradır. Bu işdə fədakar insanlar lazımdı. Milli burjuaziya əslində bu idi. 100 il bundan öncəki Azərbaycanı yadımıza salaq. O zamanlar kitab, dərgi necə çıxırdı?! Cəlil Məmmədquluzadə hansı əziyyətləri çəkirdi?! Hansısa milyonçuların, Hacı Zeynalabdin Tağıyevin, Məmmədağa Şahtaxtinskinin dəstəyi ilə ortaya bu işlər çıxırdı. Yəni, biznesmenlərin bu işə xüsusi dəstəyi olmalıdır. Məsələn, bizim dərgi öz imkanları hesabına qalsa, əlbəttə çıxa bilməyəcək. Bir yerdə dayanacaq. Şirkətin əlavə bir maliyyə dəstəyi var. Mən bu işdəyəm və özümə borc bilirəm ki, özümə düşən paydan buraya ayırım. Bunu digər qurumlar, müəssisələr, təşkilatlar da düşünməlidir. Hər hansı bir dərginin yaşaması, təbliğatı üçün dəstək verilməlidir. O olmazsa, belə də gedəcək. Milli burjuaziya inkişaf etsə, bu ona gətirib çıxaracaq ki, bu dərgilər inkişaf edəcək, dünya səviyyəli standartlara cavab verəcək.

Xarici səfərlərdə çox olursunuz. Ədəbi yöndə hansısa nümunələr olubmu ki, fikirləşəsiniz, bunu mütləq bizdə də tətbiq etmək lazımdı.

– Mən daha çox xarici səfərlərdə bir iş adamı kimi, alim kimi oluram. Ədəbiyyat adamı kimi çox az səfərlərdə oluram. Amma çoxlu nümunələr var ki, biz bunu edə bilərik. Beynəlxalq kitab sərgisi təşkil olundu Azərbaycanda və yaxşı da təşkil olundu. Amma neçə illərdi səsləndiririk ki, tələbələrin kitaba marağını, həvəsini artırmaq üçün nə olardı ki, universitetlərin büdcəsindən və ya sponsorların köməkliyi ilə onlara bir 10 manatlıq kitab almaq üçün kart verəydilər. Bu da bir sövqdür, bir təşviqdir. Və yaxud, hələ də bizim ölkəmizdə ədəbiyyatla, kitabla bağlı birmənalı olaraq hamının gözlədiyi mükafat yoxdur. Hamı hər il gözləsin ki, bu mükafatı bu il kim alacaq. Çox təəssüflər olsun, ədəbiyyat ölkəsi olaraq “Nizami Gəncəvi ili”ni başa vururuq, hələ də belə bir milli mükafat yoxdur. Bilinsin ki, ədəbiyyat sektorunda roman yazarımız filankəsdir və bu, normal araşdırılsın, normal münsiflər heyəti olsun. Sözsüz ki, bütün mükafatlarda sonda söz-söhbət olur. Amma, biri var, çoxluğun söz-söhbəti, biri də var, təsadüfi söz-söhbətlər. Mənim yadıma gəlir, “Qızıl kəlmə” mükafatı vardı, bu ildən deyəsən formatını dəyişdirirlər, bir il mən o mükafatı almışam. Həmin il o mükafatı iki yerə böldülər. Natiq Məmmədlinin “Körpüdə ümid” romanına və mənim “Odərlər” romanıma verdilər. Orada mükafat fondu da vardı. Bu, mənim bir az xətrimə dəydi ki, mənim əsərim daha layiq idi, niyə başqasına da verilir. Bir az araşdırdım, bir az da acığa düşüb o kitabı axşam aparıb oxudum. Oxuyandan sonra razılaşdım ki, düz ediblər. Mən də seçim qarşısında qalsaydım bu iki roman arasında qala bilərdim. Bu baxımdan çox şeylər sadalamaq olar. Daha böyük sərgilər, kitabla bağlı milli mükafatların olması, ədəbiyyat adamlarının ələ baxımlılıqdan çıxıb qonarar səviyyəsində yüksək təminatının olması və s. bunlara daxildir. AYB-nin orqanlarında qonorar var. Əgər, o qonorar böyük olsa ədəbiyyatçılar arasında çox ciddi rəqabət olar. Amma “Azərbaycan” jurnalına hər saat düşmək olmur, sözsüz ki, ayda bir dəfə çıxan jurnaldır, hər adamın yazısını da vermək mümkün deyil. Bir vaxtlar mənim marağım vardı ki, orada nəsə çap olunsun. Amma indi nə jurnalın böyük tirajı qalıb, nə də ordan çox böyük qonarar əldə edirsən. Belə olan halda bu məsələ səninçün bir yerdə bitir. Deyirsən, bunu bir sayta verərəm, daha geniş auditoriya oxuyar. “Ədəbiyyat qəzeti”nin də, AYB-nin nəzdində olan digər ədəbi orqanların da qonorar fondu çox zəifdir. Qonorar fondu yükəsk olsa rəqabət yüksələcək və o zaman tənqid də inkişaf edəcək. Amma jurnal olsa da, olmasa da, qonorar verilsə də, verilməsə də, istənilən halda ədəbiyyat var. Yazıçı üçün nəticə önəmli deyil, o onsuz da yazısını yazır. Bu gün olmasa da, 50 ildən sonra kiməsə maraqlı olsa onu çap edəcək. Bu başqa məsələdir. Amma bu günün insanını ədəbiyyata çatdırmaq üçün xarici təcrübə çoxdur. Yeri gəlmişkən deyim, ədəbiyyatımızın xaricdə tanıtımı ilə bağlı heç bir fəaliyyət yoxdur. Ölkədə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradılıb. Bu mərkəz də nəşriyyat kimi gedib xaricdən kitab alıb gətirir, tərcümə edir və Azərbaycanda satışa çıxarır. Gülməli vəziyyətdir. Tərcümə Mərkəzi istərdim ki, Azərbaycan ədiblərinin qayğısını alsın çiyinlərinə və desin ki, hər il mən 10 şeir, hekayə, roman ustasının kitablarını xaricdə çap edəcəm, nəşriyyatlara göndərəcəm, bunun menecerliyini, marketinqini aparacam, tərcüməsinə nəzarət edəcəm. Bilmirəm, bunlar onun nizamnaməsində varmı?! Bu tip şeylər olmadıqda ədəbiyyat da yerində sayacaq.

Şeir də yazırsınız, nəsr nümunələri də. Daxili tələbatdır, yoxsa qələm təcrübəsi kimi yanaşırsınız?

– İntiqam bəy, yəqin ki çox adamda belə olur, ilk dəfə ədəbiyyata şeirlə gəlir. Mənim də ilk şeirlərim 90-cı illərin əvvəllərində anama, ya da vətənə yazdığım şeirlər olub ki, onları xatırlayıram. Amma, şeirə məndə daxili tələbat olur. Çox fərqli məqamlarda şeir yaza bilirəm. Bir növ, şeiri özüm üçün yazıram. Şeir kitablarım olsun, şeirlərimi ard-arda düzüm və s. bu kimi fikirlərim olmayıb. Amma, nəsri bir az pafosla səslənsə də xalq üçün yazıram, oxucu üçün yazıram, maarifləndirmək üçün yazıram. Şeiri özüm üçün yazıram. Bu hər hansısa emosiyadan, sevgidən, nifrətdən ola bilər. Şeir məndə daxili tələbatdan irəli gəlir. O da çox nadir hallarda olur. 3-5 aydan bir yazaram-yazmaram.

“Odərlər” romanındakı ideyalar 44 günlük vətən savaşımızla bir növ reallaşdı. Roman istədiyiniz effekti verdimi?

– İndi hamı öz yazdığını tərifləyir. Mənimçün “Odərlər” bəlkə də yaradıclığımın şah əsəri olacaq. Bundan sonra nə yazacam bilmirəm. Bəlkə də mən bu ədəbiyyatda qalaramsa elə “Odərlər”ə görə qalacam. Bu romanda özümün də fərqinə varmadığım çoxlu mesajlar, proqnozlar var idi. Bəlkə də bu, daxili istəkdən belə idi. Elə bil ki futbola baxırsan, “Qarabağ” klubu Çempionlar liqasında ən güclü klubla oynayır. Heç bir azərbaycanlı onun uduzacağını xəyal edə bilmir. Əslində daxilində sevimli klubunu o qədər böyütmüsən ki, ən böyük klublarla oynasa belə uduzacağını qəbullanmırsan. Amma, reallıq da başqa bir şeydir. Sənin istəyinlə reallıq üst-üstə düşməyə bilər. “Odərlər” də mənim üçün o cür oldu. Bəlkə də istəklərimin tərənnümü vardı orada. 2012-ci ildə yazılan bu romanda xeyli proqnozlar var. FETÖ məsələsi ilə bağlı, Krımla bağlı, Qarabağla bağlı. Bizim Şuşamızı xüsusi təyinatlılarımızın azad etməsi, oradan videoların internetə qoyulması, birinci şəxsə Şuşada artıq Azərbaycan bayrağının dalğalanması mesajının verilməsi və s. orada əksini tapıb. Hətta biz Şuşa azad olunan kimi kiminsə namaz qılmasını, duasını etməyini də gördük, kiminsə şərab içib şadyanalıq etməsini də gördük. “Odərlər”də də beş qəhrəman vardı ki, Azərbaycan tolerant ölkə olduğu üçün onlardan biri sünni idi, biri şiyə idi, biri deist tipli, biri tenqriçi, biri dinə marağı olmayan bir adam idi. Bu cür fərqli obrazlar yaradaraq Şuşaya göndərmişdim ki, onların qanında türk, azərbaycanlı genofondu yaşayır. Bunlar nə etsələr Azərbaycan üçün edirlər, hansısa bir dövlətin dünyagörüşünə görə eləmirlər. Biz də Qarabağ müharibəsində dinindən, irqindən asılı olmayaraq birləşdik. Arada özüm üçün də təəcüblü gəlir ki, mən bunları necə yazdım?! Dostlar bəzən zarafat edirlər ki, sən o vaxtlar İsa Muğanna ilə dostluq edirdin, yəqin onun təsiridir (Gülür). Amma, həqiqətən də İsa Muğanna kimi böyük şəxsiyyətin “Odərlər”ə dahi roman deyib verdiyi qiymət, yaxud da Türkiyənin naziri olmuş Namiq Kamal Zeybəkin romandan öz verilişində bir hissə oxuyaraq sonda deməsi ki, “kəramət kimi adamdır”, çox böyük qiymətdir. Yəqin ki o zamanlar hamı mənim kimi bunları arzulayır və təxmin edirdi. Sadəcə, mənim yazmaq qabiliyyətim şansım idi ki, belə bir roman ortaya çıxdı. Maraqlı olan ondan ibarətdir ki, romanın sonunda Qarabağ məsələsi bitir, romanın qəhrəmanı Aslanı göndərirlər Çinə ki, oradan qədim türk tarixinə aid kitablar gətirsin. O, təyyarədə olarkən, zəng gəlir ki, səndə proqram dəyişdi. Artıq tapşırıq Təbrizədir. Maraqlı proseslər baş verir həqiqətən. Yəqin ki, mənim romanımın ikinci hissəsində Aslan Təbrizə gedəcək.

Ustad İsa Muğannadan bəhs etdiniz. Elə növbəti sual da onun haqqındadır. Bilirəm ki, ustadla bağlı çoxlu xatirələriniz var. Xatirələrinizi kitablaşdırmısınız, amma istərdim oxuculara yenə nələrsə danışasınız.

– Bu gün darıxdığım iki adam var mənim üçün. Tez-tez xatırlayıram. İki ustadım deyək. Biri şeiri, əruzu mənə sevdirən ilk ustadım Zülfəli Zülfəliyev olub, digəri isə İsa Muğannadır. İndi ədəbiyyatla bağlı maraqlı bir işim olanda, hər ikisi kaş burada olardılar, kaş görərdilər deyə ürəyimdən keçən hisslər olur. İsa müəllim mənim üçün müdrik bir ağsaqqal, üləma bir elm adamı, bununla bərabər həm də yaxın bir dost idi. Çünki, gənc yaşlarımda tanış olmuşdum hər iki ustadımla. Mən İsa Muğannanın evinə gedib-gələndə onun yaşı 70-in üzərində idi. Mənim də yaşım 30-un üzərində idi. Aramızda yaş fərqi də çox idi. Amma mütaliə, ranq, imic baxımından aramızda fərqə baxmayaraq, mən onun yanında özümü çox yaxşı hiss edirdim. Onunla sanki, bir tələbə yoldaşımla oturub ədəbi müzakirə, söhbət edər kimi rahat söhbət edirdik. Bunların hamısı indiki xatirələrim üçün çox önəmlidir. Yadıma gələn, heç vaxt unutmadığım nüanslardan biri də Firuzə xanımın (İsa Muğannanın həyat yoldaşı –red.) bizə qulluğu idi. Ona görə də mən o evdən həmişə çıxanda yemək yeyib çıxmaq məcburiyyətində qalırdım. Halbuki, elə planlayırdım ki, yemək saatına vaxt çatmasın. Amma necə olurdu, bilmirəm, həmişə yemək saatına qalırdım. Firuzə xanım da deyirdi ki, bu evdən yemək yemədən getmək olmaz. Bu, hər halda elimizin qonaqpərvərliyindən irəli gəlir. Həmişə deyirlər, hər bir böyük kişinin arxasında böyük qadın durur. Mən bunu bir neçə qadının timsalında görə bilirəm ki, bunlar Əhməd Cavadın Şükriyyəsidir, Hüseyn Cavidin Müşkinazıdır və İsa Muğannanın Firuzəsidir. Çünki Firuzə xanım ona elə bir qulluq edirdi, elə bir xidmət göstərirdi, onu elə qoruyurdu ki. Hətta sizə onu deyim, Firuzə xanım olmasaydı kimlərsə ona ədəbiyyatımızda bir dəli deyib keçib gedəcəkdi. Çünki Firuzə xanım ona gələn yan təsirləri, qızışdırmaları və s.-i hiss edirdim ki, nəzarətdə saxlayır. Müsahibələr verəndə belə oturub qulaq asırdı, deyirdi, məsələn, İsa bunu demə, onu demə, bu olmaz, o olmaz və s. İsa müəllim də bir ədəbiyyat adamı kimi azad, rahat adam idi. Amma, xanımı onu həmişə ehtiyatlı olmağa sövq edirdi. Bir dəfə Firuzə xanım dedi ki, ay Şəmil, istəyirəm ki, Tanrı mənə elə yaş versin ki, İsa ölənə qədər mən ona qulluq edə bilim. Məni ondan qabaq aparmasın. İsa müəllimin də qəşəng bir gülüşü vardı. Gülüb dedi ki, onda gərək sən əbədi yaşayasan ki. Yəni bir dost, bir ziyalı, mütaliəli bir şəxsiyyət kimi İsa müəllimlə isti münasibətimiz vardı. Bir də yaddaşı çox güclü idi. 80-dən yuxarı yaşı olan İsa müəllim 15-20, 30-40 yaşlarından elə xırda şeyləri xatırılayırdı ki, heyrətlənməmək olmurdu. Rəhmətlik Zəlimxan Yaqubun onunla bağlı bir gözəl sözü vardı – “sirr qoxuyan kişi”. Doğrudan da sirr qoxuyurdu danışdqca. Yəni onunla elə səmimi, real müsahibələrimiz vardı ki, bu gün onlar kimlərisə incidə bilər. İsa müəllim reallıqları danışa bilirdi. Təəssüf edirdin ki, bu qədər müdrik, mülayim bir insan bunları niyə görməli idi?! Baxın, ədəbiyyatda heç kim İsa müəllimdən eqoistlik, kimisə əzmək, ümumiyyətlə, pisliklə bağlı bir kəlmə də danışmır. O da mənimçün bir şəxsiyyət formatıdır. Mən belə adama ədəbiyyatla şəxsiyyəti bütövləşən adam deyirəm. Bunu mən Nəsimidə, Hüseyn Caviddə və İsa Muğannada görürəm. Adam romanında vicdan dərsi keçsin, özü vicdansız olsun, bu, üst-üstə düşmür. Amma, İsa Muğanna yazdıqlarını yaşayıb, yaşadıqlarını yazıb. Bu baxımdan o, ədəbiyyatla bütövləşən adamdır. Onu unutmaq olmaz, o, mənim üçün tarixdir.

Ölkədən kənarda necə, çap olunursunuzmu? “Odərlər”in ölkədən kənar həyatı necə oldu?

– “Odərlər” iki dildə -alman dilində və Türkiyə türkcəsində çap olunub. Beynəlxalq kitab saytlarında hazırda satışda da var. O nəşriyyatların üzərində olan məsələ olduğu üçün hələ maraqlana bilməmişəm, nə satılıb, nə qazanmışıq?! Amma Türkiyədə bir neçə universitetdə təqdimatı oldu. Bundan başqa, “Yuxu maşını” romanım da rus dilində çap olundu. Bununla bağlı, bir təşkilat tərəfindən mükafat da göndərildi. Küveytdə bir “Azərbaycan ədəbiyyatı tarixi” adlı kitabım çap olundu. “Ümidlərin izi ilə” romanım rus dilində Qazaxıstanda və Qırğızıstanda çap olundu. Düşünürəm ki, yaxın zamanlarda “Odərlər” daha çox çap olunacaq.

Təşəkkür edirəm maraqlı söhbət üçün.

– Mən də təşəkkür edirəm, xeyli vaxt idi ədəbiyyat söhbəti etmirdim.

Bölməsiz Hədəf nəşrləri Köşə Manşet Xəbərlər

Daş Kitabı yazanların sərgisi – Şəmil Sadiq yazır

VII BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI HAQQINDA TƏƏSSÜRAT

6-10 oktyabr tarixlərində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası baş tutdu. Pandemiyanın gətirdiyi bəlalardan dolayı iki ildir ki, kitabla bağlı bu cür möhtəşəm sərgi keçirilmirdi. Bəli, çətin durumda olan naşirlər bu anı çoxdan gözləyirdi.

Düzü, sərginin keçiriləcəyi yerlə bağlı mənim də tərəddüdlərim vardı. Çünki şəhərimizin lap o başında – Eksposentrdə keçiriləcəkdi. Bu adı eşidəndə hamın ağlına gələn ilk bu cümlələr gəlirdi: “Kimdir kitab oxuyan?”, “Kimdir kitaba görə bu boyda yolu gələn?” Bir də Eksposentr ətrafında belə bir imic formalaşmışdı ki, orda sadəcə texnologiya, inşaat, mebel və sairə bahalı sərgilər keçirilir, kitabın orda nə işi var. Axı kitab varlılardan bir az uzaq görünür. Sanki kitabı sadəcə imkansızlar sevir, oxuyur. Əslində, bir az da elədir, sanki Exposentri kitaba, kitabı Exposentrə yaraşdıra bilmirdik. Amma beş gün davam edən sərgi göstərdi ki, biz yanılmışıq, kitaba görə, oxumağa görə Çinə, Şama gedən bu millət niyə 30 dəqiqəlik yolu gəlməsin ki?! Bəzən özümüzü heç də yaxşı dəyərləndirə bilmirik. Axı bu millətin uluları Orxan-Yeniseydə daşlar üzərində kitab yazıb, hələ XI əsrdə lüğət yazıb, Cəlil Məmmədquluzadə və silahdaşları eşşəklərin üzərində ta Hindistana qədər kitab, jurnal göndərib, gətirib… İndi bizə nə olub ki, yarım saatlıq yolu özünə rəva görməsin!
hg7

Bəli, beş gün müddətində gördük ki, oxuyan da var, yazan da. Çünki VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qısa zamanda çox mütəşəkkil təşkil edildi. Naşirlərə yer seçimindən başlamış, oxuculara şəhərin iki məntəqəsindən ödənişsiz marşrut təşkil edilməsi, Zəfərimizin dostu, qardaşımız Türkiyədən gələn otuza yaxın naşir, tanınmış yazarlar, tərtibat, çıxışlar və tədbirlər üçün ayrılmış panellər, uşaqlar üçün təşkil edilmiş əyləncəli oyunlar, Mədəniyyət Nazirliyinin naşirlərin arzularını daima diqqətdə saxlamaları ürəkaçan mənzərə idi. Əvvəlki sərgilərimizdən çox yanı ilə fərqlənirdi. Çünki kitab üçün ayrılan bu möhtəşəm saray göz qamaşdırırdı. Bir çox kitab sərgilərində iştirak etmişəm – Frankfurt, London, İstanbul, Moskva, Almaatı, Daşkənd və s. Pafoslu səslənməsin, deyim ki, format olaraq sanki TÜYAP kitab sərgisinin kiçik variantı idi. Birinci dəfəydi ki, sərgi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən naşirlərin qrupu yaradılmış, Azərbaycan Nəşriyyatları İctimai Birliyi ilə bir neçə dəfə görüş keçirilib məsləhətlər aparılmış, gedişatla bağlı məlumat verilmişdi.

hg8

Önəmli tərəflərindən biri də naşirlərə əlavə yer kirayələmək üçün şərait yaradılması idi. Nazirlik üçün təklif edilən 6 kvadrat metrlik yerdən əlavə, hər kvadrata görə beş gün üçün cəmi 50 manat məbləğ müəyyən edilmişdi. Bu da naşirlərimizin standart yerdən çıxaraq öz stendlərini daha geniş, daha maraqlı dizaynda tərtib etmələrinə şərait yaratdı. Bunu Parlaq İmzalar, Teas-press, Hədəf Nəşrləri, Everest nəşriyyatlarının timsalında görə bildik. Və beləcə, yeni ənənənin başlanğıcı oldu və gələn sərgi üçün daha ciddi rəqabət bizi gözləyir.

Bu sərgidə o da ilk idi ki, yeni yaranan Azərbaycan Nəşriyyatları İctimai Birliyi öz stendi ilə iştirak edirdi… Naşirləri birləşməyə, birgə şəkildə problemləri səsləndirməyə, onlara sinə gərməyə çağırırdı.

Sərginin gedişində Mədəniyyət naziri Anar Kərimov naşirlərlə görüşdü, problemlərini dinlədi. Bəndəniz də söz alaraq cənab nazirə naşirlərin bir neçə problemi haqqında danışdım. Ümid edirik ki, yaxın zamanlarda onlar da həllini tapar. Yaddan çıxmamış bunları da qeyd edim:

 

hg9

 

1. Şənbə-bazar günləri şəhərimizin müxtəlif yerlərində mütəmadi kitab yarmarkalarının təşkili;

2. Dərsliklər və uşaq ədəbiyyatda olduğu kimi, bədii, elmi və publisistik ədəbiyyatın, ümumiyyətlə, kitabın vergidən azad edilməsi;

3. ANİB Kitab mərkəzinin açılması – bütün nəşriyyatların öz kitablarını oxuculara daha rahat təklif edə biləcəyi, müzakirələrin aparıla biləcəyi salonun olması, kitabla bağlı startap layihələri işləmələri üçün gənclərə masalar və bilgisayarlarla təhcil edilməsinə xidmət edən bir məkan;

4. Nəşriyyatlar üçün güzəştli kreditlərin, subsidiyaların verilməsi;

5. Tərcümə kitablar üçün qrant müsabiqələrinin keçirilməsi;

6. Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün dövlətin təşviq proqramlarının hazırlanması;

7. Kağız üzərindən ƏDV-nin götürülməsi;

8. Naşirlər gününün təsis edilməsi və nəşriyyat sektorunda fəaliyyət göstərən şəxslərin dövlət təltiflərinə salınması və ya mükafatların təsis edilməsi;

9. Rayonlarımızda bu cür mütəşəkkil sərgilərin təşkil edilməsi;

10. Kitaba “daş kitabə” adlı abidənin qoyulması və ya kitabsevərlər üçün parkın salınması.

hg10

Açığı, cənab nazirin də bu və digər yoldaşların təkliflərinə səmimi münasibət göstərməsi, dəstəkləməsi uzun illərdir, sahibsiz qalan kitabı sevindirməyə bilməzdi.

Səgrinin son günlərinin adətən sönük keçəcəyini gözləyən naşirlər bu dəfə də yanıldı, şənbə-bazar tarixləri olduğu üçün sərgiyə ciddi axın oldu.

Sərgidə xarici naşirlərlə yerli naşirlər üçün B2B görüşlərinin təşkil edilməsi isə bir ayrı profesionallıqdan xəbər verirdi. Biz də Hədəf Nəşrləri olaraq sərgidə iştirak edən Türkiyəli naşirlərin hər birinə “xoşgəldin” paxlavası, Azərbaycan-Türkiyə bayraqları ilə rənglənmiş Xarı bülbül ikonu hədiyyə etdik, söhbətlər apardıq.

Düzdür, biz bundan da möhtəşəm, regional bir sərgini keçirə biləcək ölkəyik. Bunu başlanğıc hesab etsək, gələn ilki sərginin daha möhtəşəm olacağına ümid artır. Bu il fəxri qonaq ölkə Türkiyə idi, gələn dəfəsə Pakistanın olması arzusu doğdu içimdə. Niyə də yox? Axı Pakistan bu qarışıq dünyada bizə yaxın olan böyük Şərq dövlətidir, niyə mədəniyyətlərimiz inteqrasiya olmasın, tanışlıq yaranmasın?!

Həm də ümid edirik ki, gələnilki sərgiyə daha mütəşəkkil hazırlaşılacaq, xarici yazarlar, hətta nobelçi yazarlar oxucularla görüşə dəvət ediləcək, Eksposentrin daha böyük salonunda, daha geniş imkanlara sahib olan stendlər qurulacaq, mətkəblilərin, tələbələrin gəlişi daha yaxşı təmin ediləcək, onlara kitab almaları üçün güzəştli kart sistemi veriləcək, nəinki iki məntəqədən marşrutlar təşkil ediləcək, hətta qeydiyyatdan keçmiş iştirakçılara bütün marşrutlar ödənişsiz olacaq! Bütün bunlara gördüklərimizdən sonra daha çox inanır, bütün təşkilatçılara təşəkkürümü bildirirəm.

Şəmil SADİQ
ANİB-in sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent

hg12

hg13

Manşet Xəbərlər

MİQ imtahanlarında nə baş verir?!

MİQ imtahanlarında nə baş verir?!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu il keçirdiyi MİQ (Müəllimlərin İşə Qəbulu İmtahanı) imtahanları barəsində çox ciddi mübahisələr, tənqidlər və təəssüf hissi ilə də qeyd edim ki, bəzən təhqirlər eşidirik. Bunların səbəbi isə keçirilən imtahanların səviyyəsi, məzmunu ilə bağlıdır.

Düzdür, bu mövuzda hər il müəyyən narazılıqlar səslənsə də, builki imtahanlar xüsusi aqressiya ilə yadda qaldı! Bu cür etirazların olması və bundan sonra da olacağı təbiidir. Amma məhz bu il kampanya xarakteri alması ilk baxışdan diqqət cəlb edir. Niyə belə oldu, bunu yaradan səbəblər nədir və vəziyyətdən çıxamaq üçün nələr etmək lazımdır? Aşağıda xüsusi bəndlərlə öz sübyektiv münasibətimi bildirmək qərarına gəldim.

1. Ümumilikdə MİQ imtahanların təşkili birmənalı olaraq Azərbaycan müəllimində özgüvən formalaşdırdı. Müəllimlərin hansısa direktordan, maarif müdirindən, rüşvətdən, day-daydan asılılığını darmadağın etdi və müəllimlər öz haqlarını tələb etmək gücünü əldə etdilər. Çünki artıq müəllim bilir ki, onu kimsə işə minnətlə qəbul etmir, özü bunu əldə edir, öz bacarığı və biliyi sayəsində! İstədiyi zaman MİQ-ə girib məktəbini dəyişə dəyişə bilir. Bu, möhtəşəmdir: AZAD MÜƏLLİM! Ona görə məhz Azad müəllim deyirəm ki, o kiminsə qarşısında gözükölgəli deyil və bu zaman bu azadlıq müəllimin Ruhuna da çökür. Ölkəmizin gələcəyi isə sərbəst düşüncəli, azad ruhlu, haqqı uğrunda döyüşə bilən gənclik yetişdirməkdir ki, müəllim bunu sadəcə bur ruh yüksəkliyi ilə yarada bilər.

2. MİQ imtahanı sübut etdi ki, diplomlu olmaq bilikli, bacarıqlı olmaq deyil. Bu da onu göstərir ki, universitetlərimizin təhsili nəinki özəl sektorun, heç dövlətin də tələblərinə cavab vermir! Sistemə yenidən baxılmalı, yenidən formalaşdırılmalıdır! Pedaqoji fakültə məzunları məktəbdə dərs keçəcək səviyyədə olmalıdır! MİQ imtahanı həm də göstərdi ki, hələ də ali məktəblərin vahid ali konsepti yoxdur və MİQ imtahanının səviyyəsi ilə DİM abituriyent imtahanının sual bazasının, məzmunun, çətinlik dərəcəsinin bir-birindən fərqi yoxdur. O zaman sual yaranır, əgər müəllim də abituriyent, yəni 11-ci sinif səviyyəsində imtahan olunacaqsa, 4-6 illik ali məktəb təhsilinə nə gərək var?

3. MİQ imtahanı bizə sübut etdi ki, müəllim sadəcə konkret kitablardan konkret bilgiləri öyrənməklə olunmur. Əslində bunu bilirik, amma arada dünyagörüşə yönəlik sualların olması bunu müəllim namizədə bir daha üstüörtülü şəkildə ifadə edir. Bu prosesdə həm də məntiq və dünyagörüşü vacibdir ki, bunu sadəcə universitetlər vermir, insan öz üzərində çalışmaqla da əldə edir. Düşündürücü, məntiqi suallara müəllimlər tərəfindən verilən reaksiyaya, üzbəüz müsahibələrə diqqət etsəniz, vəziyyətdən hali olarsınız. 60 bal toplayan bir müəllimin müsahibə zamanı verilən suallara cavabı bəzən faciəvi olur!

4. MİQ imtahanı göstərdi ki, 15 ildə tələb edilən təfəkkür yönümlü məktəbə keçid formalaşmadı və hələ də ənənəvi təhsilin qalıqları hökm sürür. Keçirilən dərsin ölçülməsi zamanı təqdim edilən KSQ, BSQ kimi suallar necə ki, yaddaş yönümlüdür, eləcə də MİQ sualları da bundan qaça bilməyib hələ də. Hələ də əzbərçiliyə yönəlik tapşırıqlardan istifadə edilir ki, bu da Təhsil Nazirliyinin təbliğ və müdafiə etdiyi prinsiplərə tamamilə ziddir! Düşünürəm ki, müəllim olacaq şəxslər hökmən qabiliyyət formatlı bir müsahibədən keçməlidir. Səsi, görüntüsü, davranışı, psixoloji durumu, milliliyi və bəşəriliyi və s. ölçülməlidir.

5. MİQ imtahanı göstərdi ki, Təhsil Nazirliyinin niyyəti saf, əməlində isə hələ də çatışmazlıqlar var. Bəli, problem var və bu Nazir səviyyəsində diqqətdə saxlanılır. Nazir, müavinlər, aidiyyatı qrum rəhbərləri prosesi izləyir, sosial şəbəkələrdən belə münasibət bildirir, izah verir. İşinin sahibi olmaqdır bu, yanlışı ilə, düzü ilə sahiblənməkdir işinə! Sosial şəbəkələrdə rəylərdə belə bu tip müzakirələrə rast gəlirik ki, məmuriyyət sisteminin bu cür münasibəti bizim üçün yenilikdir. Bir məmur, rektor səmimi şəkildə öz fikirlərini müəllimlərlə bölüşür, müzakirələrə girişir. Buna təhsil Naziri və Təhsil institutunun direktorunu missal çəkmək olar. Bunu indiyə qədər heç bir qurumda görməmişdik. Ümid edirəm ki, bu cür aktivlik gələcəkdə nəticə çıxarılması, yaxşı işlərin görülməsi ilə nəticələnəcək!

6. MİQ imtahanı sübut etdi ki, köhnə formatı arzulayan tənbəl və savadsız müəllimlər də az deyil ki, “day-day”la məktəblərə yol tapıb, bu cür zəhmətə düçar olmaqdan yayınmaq istəyir, bacarıqlı və bilikli olanların qabağını kəsərək. Siz düşünün bir, bu seçimlərdən döyüşərək keçən müəllimlərin yetirmələri gələcəkdə necə azad ruhlu, necə sərbəst düşüncəli olacaq?! Ona görə bir qism müəllim namizədi yaranmış situasiyadan yararlanmaq məqsədi ilə aqressiv münasibət sərgiləyir.

7. MİQ imtahanı sübut etdi ki, Təhsil Nazirliyi Ali məktəblərlə razılaşadıraraq, hər ilin əvvəlində əhatəli bir ədəbiyyat siyahısı təqdim etməli və sual nümunələri açıqlamalıdır. Bu zaman müəllimlərin işi daha da ağırlaşacaq, bəli. Çünki indi ixtisas sualları sırf orta məktəb proqramına köklənibsə, o zaman bu areal genişlənəcək və oxu materialı çoxalacaq. Lakin bunun faydalı tərəfi o olacaq ki, ali məktəblər tədrisini düzgün qurmağa çalışacaq, tələbələr də bu normalarla tələblərə uyğun müəllim kimi yetişəcəklər. Ən əsası müəllim hansı ədəbiyyatdan və necə istifadə edildiyini biləcək və qeyri-müəyyən suallar yaranmayacaq. Bu gün müəllimlər pedaqogikanı, məktəbdarlığı, kurikulumu, psixologiyanı və s. hardan oxuyacağını bilmir. Bununla bərabər heç bir təhsil proqramımızda olmayan məntiq suallarından necə istifadə ediləcəyini, hansı proqram əsasında hazırlanacağı bəyan edilməlidir.

8. MİQ göstərdi ki, TN yanındakı İctimai Şura bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və hələ də tərəfini müəyyən etməkdə tərəddüd edir, sanki. Müəllimlər də belə bir şuranın ya varlığından xəbərsizdir, ya da xəbərləri var, güvənləri yoxdur. Amma ictimai şura vəzifəsini Nazir özü boynuna götürdü və müəllimlərə suallar ünvanlayıb, həlli yolunu axtardı. Halbuki son zamanlar nazirliklərin dəb halını alan ictimai şuralarının ilkidir bizim şura və heyətdə işinin öhdəsindən gələcək yetərincə mütəxəssis var və arzu edərdim ki, yaranmış vəziyyətə ciddi münasibət bildirilsin, obyektiv yanaşma sərgiləsin. O da maraqlıdır ki, müəllimlər İctimai şuraya müraciət edibmi, bu mövzuda?

9. MİQ imtahanı göstərdi ki, hüquqi dövlətin vətəndaşları olan müəllimlər hələ də öz haqlarını hüquq müstəvisində həll etməyi bilmir, öyrənmir, yararlanmır. Sosial şəbəkələrdə ora-bura rəy, status yazaraq neqativ tənqiddən və təhqirdən istifadə edərək özünü qaragüruhçu kimi aparan bəzi məsləkdaşlarım, haqlıdırlarsa və buna əmindirlərsə, niyə hansısa rəsmi müraciətddən yararlnmasın ki?!. Məsələn, görmədik ki, bir və ya bir neçə müəllim özlərini haqlı olduğunu düşündükləri halda hansısa məhkəməyə müraciət etsin, nazirliyə yazılı və əsaslandırılmış etiraz bildirsin. Mən görmədim, əminəm ki, siz də. Sadəcə məişət səviyyəsində etirazı ilə yadda qaldılar. Bunun da bir neçə səbəbi ola bilər: 1. Müəllim daxilən etirazının haqlı olmadığını bilir və öz bacarığına güvənmir. 2. Məhkəmə sisteminə güvəni yoxdur 3. Hüquqlarını necə və harda müdafiə edəcəyini bilmir. 4. Təşkilatlana bilmir.

10. Ən xoşagəlməz hal isə odur ki, yaxınlarda nazirlik istifadə edilmiş sualların izahını təqdim və hansı ki, bu sualların izahını verən müəllimlər, yerli-yersiz tənqid edildi. Müəllim dostlarım inciməsin, bu kütlə psixologiyasıdır, axı həmin yoldaşlar da bizlərdən biri, sizlərdən biri, hətta bir neçə il öncə MİQ-dən keçən müəllimlərdir. Haqlı durumdan haqsız duruma düşməyə nə gərək vardı ki…

11. Sualların çətinliyindən yersiz şikayətlənən müəllimlərimiz də oldu. Hamı bilməlidir ki, hər bir sual nə qədər də meyarlarla hazırlansa, yenə də subyektivdir. Kimin üçünsə çətin hesab edilən sual, kimin üçünsə çox asandır. Bunun üçün də bu şəffaf prosesi şübhə altına salmağa heç bir gərək yoxdur. Neçə-neçə müəllim bu prosesdən üzüağ çıxıb və iş qazanıb. Bəli, qüsurlar var və həmişə olacaq da. Lakin hər bir şeyin təhri var və biz müəllim olaraq pozitiv tənqiddən heç bir zaman yayınmamlıyıq. Ən azında bizim peşənin imicinə yaddır.

Müəllimliyə namizədlər tərəfindən tez-tez səslənən digər bir fikir də əlimizdə diplom ola-ola niyə imtahana girməliyik? Düşünürəm ki, bu cür düşüncə yanlışdır. Axı biz kapitalizm dövründə yaşayırıq. Kim istəsə, nə qədər adam istəsə yerli və xarici universitetlərdə təhsil ala bilər. Bu o demək deyil, hər universiteti bitirən şəxs müəllim kimi birbaşa işə başlamalıdır. Bu mümkün deyil və düz də deyil. Nazirliyin də belə bir öhdəliyi yoxdur. Axı hamımız yaxşı bilirik ki, universiteti bitirən şəxslər hamısı müəllimliyə layiqdir və uyğun təhsili alıb. Belə çıxır ki, bütün ixtisaslar üzrə universiteti bitirən şəxslər işlə təmin edilməlidir. Bu hansı sahədə var ki, müəllimlik peşəsində də belə olsun. Tələb-təklif məsələsi var, tələbə cavab verən kadrlar isə həmişə, hər zaman öz yerini tapmışdır və tapir da. Şəxs mən təhsil iş adamı olaraq uzun illərdir ki, kadr tapmaqda əziyyət çəkirəm. Yaxşı kadrlar isə öz şərtlərini belə irəli sürüb istədiyi maaşı və vəzifəni ala bilirlər. Hə, deyə bilərik ki, universitet təhsilimiz keyfiyyətli deyil, tələblər cavab vermir, bu başqa məsələ. Və bu da birbaşa Təhsil Nazirliyinin səlahiyətindədir.

Düşünürəm ki, nazirlik mövqeyindən çəkinməməli, amma irad və təklifləri də dəyərləndirərək uyğun bir format tapmalı və prosesi də olduğu kimi davam etdirməlidir. Sadəcə eyni fənnin sahiblərini iki ayrı sual format ilə imtahan etməməlidir. Istənilən halda burada ədalət prinsipi pozulacaq və biz bunu DİM-in də iki dəfə ard-arda keçirdiyi imatahnlarında da görmüşdük. Suallar metal deyil ki, onu qızıl tərəzisində ölçəsən. Nə qədər obyektiv yanaşsan da, aralarında ya fərq olacaq, ya da elə yozacağıq.

Sualların hazırlanması zamanı isə Azərbaycanda yaxşı olamayan bir ənənə var: Əzələ nümuayişi. Biz bunu uzun illərdir DİM suallarında görürük. Sanki sualı tərtib edən şəxsin vəzifəsi odur ki, necə yazım, yaza bilməsinlər. Nə qədər az adam doğru cavabı tapırsa, deməli bir o qədər yaxşı sualdır. Bu isə özlüyündə yanlış yanaşmadır. Biz bu cür müsabiqələrlə ən yaxşısını seçmək arzusundayıq, ona görə də çətin suallar da hökmən olmalıdır, amma bu o demək deyil ki, suallar yorucu, vaxt aparan, incə faktoloji olmalıdır. Bütün bunlar da nəzərə alınarsa, təkmilləşdirilərsə, çox yaxşı nəticələr əldə edəcəyik.

Bir daha imtahana məntiqli və əsaslandırılmış şəkildə etiraz edən müəllim dostlarıma və bu prosesə yetərincə səbirli, açıq, demokratik və anlayışla qarşıladığı üçün cənab Nazir Emin müəllimə və Təhsil İnstitutunun direktoru Rüfət müəllimə təşəkkür edirəm.

Hörmətlə,
f.ü.f.d., dos Şəmil Sadiq

Köşə Manşet Xəbərlər

Nəşriyyatları böhrandan necə xilas etməli?

PHOTO-2021-03-26-18-50-18jpg-1617050253 (1)
Bu günlərdə çap sektorunda maraqlı yeniliyə imza atıldı. 20-dən çox nəşriyyat birləşərək “Azərbaycan Nəşriyyatları” İctimai Birliyini (ANİB) təsis etdi. İdarə Heyətinin qərarı ilə “Hədəf” Qrupun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ANİB-nin sədri seçildi.

Bəs belə bir qurumun yaradılması ideyası hansı zərurətdən doğdu? Birliyin qarşısında nə kimi hədəflər durur? Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün hansı işlər görülməlidir? ANİB sədri Şəmil Sadiqlə bu və digər suallar ətrafında söhbət apardıq.

Azərbaycanda nəşriyyat etikası aşağı səviyyədədir

Birlik sədri deyir ki, Azərbaycanda son bir neçə ildə öz layihələri ilə ayaq üstə duran, nəşriyyatçılığı biznes sektoru kimi inkişaf etdirən bir çox nəşriyyat yaranıb. Lakin yalnız kitab satışı ilə yaşaya bilən çox az sayda nəşriyyat var. Buna görə də nəşriyyatlar çox ciddi problemlərlə qarşılaşır. Birincisi, piratçılıq baş alıb gedir. Nəşriyyatların topdansatış mağazalara təsir imkanları yoxdur, bazara onlar diktə edir. Halbuki nəşriyyat kitab istehsal etməsə, mağazalar işləyə bilməz. Amma min bir əziyyətlə yazılan kitabların bazarda surəti çıxarılıb satılır. Düzdür, bu, daha çox metodik vəsaitlərdə baş verir, amma bədii ədəbiyyatda da bu problem var.

Şəmil Sadiqin sözlərinə görə, kitab yarmarkaları da təşkil edilmir, mağazalar azdır, iki ildə bir dəfə kitab sərgisi keçirilir ki, onu da sadəcə nəşriyyatlar və müəlliflər bilir. Tələbələr, məktəblilər bu yarmarkalara doğru-düzgün cəlb edilmirlər. Xarici yazarların Azərbaycan oxucusu ilə tanışlığı, yerli yazarların maliyyə çətinliyi, redaktə işi, korrektə, tərcümə sahəsinin pərakəndə vəziyyəti, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması ilə bağlı demək olar ki, heç bir iş görülmür: “Bir sözlə, Azərbaycanda nəşriyyat etikası, poliqrafiya mədəniyyəti çox aşağı səviyyədədir. Ümumiyyətlə, ömrünü kitaba həsr edən naşirlər, tərcüməçilər, redaktorlar, korrektorlar, dizaynerlər heç bir yerdə yada salınmır, dinlənilmir. Bütün bunlar azmış kimi, kiçik bir ölkədə üç-beş nəşriyyat öz arasındakı münasibətləri düzgün koordinasiya edə bilmir. Beynəlxalq sərgilərdə nəşriyyatlarımızın nə qədər cılız olduğunun fərqinə varmaq adamı narahat edir. Bu baxımdan nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər çoxdur – daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digər məsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir. Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatdırılması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb. Məhz bu səbəblər tələb edirdi ki, nəşriyyatların haqq və hüquqlarını, mənafelərini müdafiə edən, onları maarifləndirən, bu sahənin inkişafına dəstək verən ictimai birlik yaradılsın. Onun üçün də uzun sürən görüşmələrdən, müzakirələrdən sonra qərara gəldik ki, bir ictimai birlik ətrafında birləşərək bu sahəyə daha yaxşı xidmət göstərə, problemlərimizi həll edə bilərik. Beləcə, Azərbaycan Nəşriyyatlar İctimai Birliyi yarandı. Hədəfimiz Azərbaycan nəşriyyatının, kitabçılığının inkişafına xidmət etməkdir”.

Bu sahəni stimullaşdırmağın yolu yetərincədir

Naşirin sözlərinə görə, son on ilə qədər ölkəmizdəki nəşriyyatlar daha çox mətbəə kimi, ya da mətbə-nəşriyyat formatında çalışıb. Halbuki mətbəə sektoru ilə nəşriyyat sahəsi nə qədər bir-birindən asılı olsalar da, əslində, tamamilə fərqli sahələrdir. Təəssüf ki, bu sektorlar arasındakı fərqi bilməyən nəinki sadə vətəndaşlar, hətta ziyalılar, kitabçılar da var: “Nəşriyyat işi mətbəə işindən daha ağır və məsuliyyətlidir. Təsəvvür edin, qəzet deyəndə heç kimin ağlına mətbəə gəlmir ki, onun çapı harda olur, necə olur, bunu kim edir. Qəzetin çapa hazırlanması, məqalələrin yazılması, redaktəsi, tərcüməsi qəzeti qəzet edir. Kitab da belədir, yəni onu kitab edən mətbəəyə qədərki üzərindəki işdir. Düzdür, yüksək poliqrafiya da önəmlidir, amma məzmun ondan daha üstündür.

Artıq Azərbaycan inkişaf etməkdə olan ölkədir, istehsalata dövlət xüsusi maraq yaradıb, biznes mühiti yaxşılaşıb. Bunun üçün də belə birliklər zaman-zaman formalaşmaqdadır. Dünyada bu cür praktika çoxdur, yəni eyni sahə ilə məşğul olan biznes strukturları birləşir, yeni layihələr ortaya qoyur, dövlətini xaricdə təmsil edir, ölkənin tanıtımına xidmət edir, öz hüquqlarını rəsmi orqanlar qarşısında müdafiə edir, həmin sahənin inkişafı üçün mütəmadi təkliflər verir. Biz də birlik olaraq bu yöndə fəaliyyətimizi istiqamətləndirəcəyik”.

Maraqlıdır, görəsən ölkəmizdə müəllif və nəşriyyatlar kitab satışından normal qazanc əldə edə bilirmi? Dünya ölkələrində kitabçılıq gəlirli sahələrdən hesab edilsə də, təəssüf ki, istisnaları çıxmaq şərtilə bunu bizim ölkəmiz üçün demək olmaz. İstisnalar isə daha çox tenderlə işləyən mətbəə-nəşriyyatlarla bağlıdır. Ş.Sadiqin fikrincə, Azərbaycanda kitab bazarı ölü vəziyyətdədir. Bakıdan başqa rayon və şəhərlərimizdə kitab mağazaları yox dərəcəsindədir. Nəşriyyatların kitabları kitabxanalar, təhsil müəssisələri üçün alınmır, bunun da nəticəsində yaxşı yazarlar yetişmir, istedadı olanlar da sonradan dolanışıq naminə başqa sahəyə yönəlir. O nəşriyyatlar dolana bilirlər ki, onlar ya dərslik, ya da metodiki test kitabları çap edirlər. Amma kitab sektoru deyiləndə ilk ağla gələn bədii və elmi kütləvi ədəbiyyatdır: “Lakin bu sahəni stimullaşdırmağın yolu var və yetərincədir. Mədəniyyət Nazirliyi hər il kitabxanalara, mədəniyyət mərkəzlərinə ayrılan büdcədən nəşriyyatların uyğun, maraqlı kitablarından heç olmasa 100 ədəd alarsa, nəşriyyatlara təsərrüfat sektoru kimi ciddi güzəştli kreditlər ayrılarsa, müxtəlif layihələrlə mütaliəyə maraq yarada bilərsə, kitab sektorunun inkişafına xidmət edən qrant layihələr həyata keçirərsə, rayon və şəhərlərimizdə dövlətin mülkiyyətində olan binalarda kitab mağazalarının açılması təşviq edilərsə, əlbəttə ki, olar. İstənilən dövlət kitabxanasına da girin, bir ortabab kitab mağazasına da, görəcəksiniz ki, həmin kitabxanada heç bir yeni nəşr tapa bilmirsiniz. Düzdür, dövlət sifarişi ilə böyük nəşrlər var, amma kitab o qədər çoxdur ki, hamısını sifarişlə çap edib kitabxanaya vermək olmaz. O sifarişlərə ayrılan maliyyənin bir qismi məhz bu nəşriyyatlardan doğru-düzgün kitab alışına sərf edilsə, məncə, daha çox uğura nail ola bilərik. Heç eşitmisinizmi hansısa icra hakimiyyəti, ya da bələdiyyə kitabla bağlı nəsə etsin? Mən yox!”

Kitab mağazalarının yerində indi marketlər açılıb

Naşir hesab edir ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün görüləcək işlər çoxdur, bunun üçünsə münbit şərait yaranmalıdır. Nəşriyyatların kitablarını sata, göndərə biləcəyi mağazalar yox dərəcəsindədir. Çünki həmin kitab mağazalarının yerində indi marketlər açılıb: “Düzdür, bu, biznes sektorudur və özü-özünü inkişaf etdirməlidir. Amma söhbət kitabdan, ideologiyadan, mədəniyyətdən, mənəvi dəyərdən gedirsə, deməli, burda dövlətin dəstəyi və marağı daha çox olmalıdır. Onun üçün də bu məsələyə konseptual baxılmalıdır. Məsələn, bir hekayən “Azərbaycan” jurnalında çap edilirsə, ordan alınan qonorarın məbləği heç bir yazıçını stimullaşdıra bilməz. Nə qədər yaradıcı iş olsa da, yazarın dolanışığı, hörməti yüksək olmalıdır. O zaman rəqabət mühiti yaranar. Nəşriyyat da çap etməklə həm xeyir götürə, həm də xeyir verə bilər. Bu çox geniş mövzudur, problemlər çoxşaxəlidir. Yaxında ANİB olaraq kitabçılığın inkişafı üçün Mədəniyyət Nazirliyinə geniş təkliflər paketi göndərəcəyik”.

Bəs Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün nəyə, yaxud kimə ehtiyac var? ANİB sədrinin qənatincə, ilk olaraq oxucuya. Çünki oxucunu zamanında yetişdirmək çox vacibdir. Bu isə məktəbdən, universitetdən başlayır. Məsələn, dünyanın böyük universitetlərində içində geniş kitab mağazaları olur, orda nəşriyyatlar üçün sərgilər keçirilməsi, yazarlarla görüş adi haldır: “Lakin bizim böyük universitetlərimizdən heç birinin həyətində, içində kitab mağazası, kitab-kafe yoxdur. Televiziyalar reytinq olmadığı üçün kitab müzakirələri aparmır, yazarlar ön planda saxlanılmır, naşirlər yada düşmür. Təsəvvür edin, bütün sahələrin peşə bayramı var, naşirlər günü yoxdur. Kitab, kağız ƏDV-dən azad edilməli, dövlət kitabxanaları təkmilləşdirilməli, müasirləşdirilməlidir”.

Kitablarımızın təbliğatını nə ölkəmizdə, nə də xaricdə aparacaq qurum var

Son illər ölkəmizdə nəşr olunan kitabların dizayn və poliqrafiya işləri yüksək standartlara cavab verir. Azərbaycan nəşriyyatı və mətbəələri yüksək texniki göstəricilərə malikdir. Ən yüksək keyfiyyətdə kitabı ölkəmizdə nəşr etdirmək mümkündür və ən böyük müsabiqələrdə yer tuta bilər. Bəs bu göstəricini yaradıcı keyfiyyətə də şamil etmək olarmı? Məzmun necədir? Ş.Sadiq deyir ki, bu artıq nəşriyyatın işidir: “Pulu olan özünün və ya qohum-əqrəbasının kitabını çap etdirir, sonra da dost-tanışa paylayır və bununla iş bitir. Pulun yoxdursa, hansısa nəşriyyat risk edib deyə bilmir ki, nəinki qonorar verim, heç olmasa çap xərclərini biz qarşılayaq. Buna baxmayaraq, bu gün bir çox fədakar iş adamları, yəni nəşriyyat sahibləri var ki, ümidlidir və çətinliklə də olsa kitab çap edir, hətta cüzi də olsa qonorar verir. Amma bu çox azdır. Elə ona görə də rəqabət mühiti yaranmır”.

O ki qaldı kitabın təbliği və satışı ilə kimin məşğul olmasına, naşir bunu böyük problem hesab edir. Onun sözlərinə görə, bu işi nə nəşriyyat, nə də müəllif həyata keçirməlidir. Kitab satışını agentliklər, dağıtım şirkətləri, menecerlər təşkil etməlidirlər ki, bu fəaliyyət də ölkəmizdə yoxdur və yetişmir: “Çünki gəlir yoxdur. Ona görə də formalaşmır. Bizim kitabların təbliğatını nə ölkəmizdə, nə də xaricdə, heç qardaş Türkiyədə, İranda, Rusiyada belə aparacaq özəl, yaxud dövlət qurumu yoxdur. Bir çox ölkələrin öz ədəbiyyatını tanıtmaq üçün layihələri var ki, sən o xalqın hansı kitabını başqa ölkədə çap etmək istəsən, heç olmasa tərcümə xərclərini qarşılayır. Amma təəssüf ki, bizim ölkənin belə bir layihəsi yoxdur. Biz bunun ağrısını Azərbaycanın da qonaq ölkə olduğu sonuncu İstanbul Naşirlər Forumunda da yaşadıq. Xarici naşirlər təklif edir ki, bizim kitabı alın, maliyyəsini dövlətimiz qarşılayacaq, çünki məqsəd həmin dövlətin mədəniyyətini təbliğ etməkdir. Qarşılığında bizdən soruşurlar, “yox” deyirik. Hətta Türkiyənin TEDA qurumu bu il türk əsərlərini xarici ölkələrdə çap edən naşirlərə mükafatlar da verdi. Niyə bu cür sistem bizdə də olmasın?! Halbuki illik çox yox, 2-3 yüz min dollar ayırmaqla, ən azı 100 əsərimizi dünya bazarına çıxara bilərik. Bu da bizim müəllif hüquqları agentliklərinin, kitab prodüserlərinin, menecerlərinin yaranmasına gətirib çıxara bilər. Nəticədə kitab bazarı canlanar”.

Nəşriyyat işi yaradıcılıq işi olmaqla bərabər, həm də biznesdir. Biznes isə maarifçilik missiyasını həyata keçirmək üçün vasitə olmalıdır. Yəni uğurlu biznes olmalıdır ki, bu missiyanı yerinə yetirə, əhaliyə xidmət edə biləsən. Ona görə də kitab nəşrində maarifçilik missiyası və biznes maraqları paralel getməlidir. Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün də ilk olaraq mövcud problemlər aradan qaldırılmalıdır. Bu baxımdan nəşriyyatların təşkilatlanaraq birgə fəaliyyəti xeyli ümidvericidir. Necə deyərlər, tək əldən səs çıxmaz. Birlikdə komanda olaraq çalışmaq isə xeyli irəliləyişə və uğurlara səbəb ola bilər. Hələlik bu sahədə görülməli işlər çoxdur. Lakin əsas komandanın istəkli, həvəsli və çevik olmasıdır. İnanırıq ki, güclü komanda ilə ANİB qısa zamanda çox maraqlı layihələr həyata keçirəcək və Azərbaycan kitabçılığına yeni ab-hava gətirəcək.