“TəhsildəSƏN 5” forumu
12 oktyabr tarixində ölkəmizdə il ərzində iki dəfə təşkil olunan və bütün təhsil sektorunu əhatə edən “TəhsildəSƏN 5” adlı forum keçirildi. Artıq beşinci dəfə baş tutan forumda həm dövlət, həm də özəl sektoru təmsil edən 15 spiker öz təcrübələrini və yanaşmalarını 250-yə yaxın iştirakçı ilə bölüşdü.
Forumun açılış nitqi ilə Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini və təşkilatçılığın peşəkarlığını vurğuladı. Daha sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin Peşə Hazırlığının Təşkili Şöbəsinin müdiri Fərid Həsənov, Hədəf Şirkətlər Qrupunun qurucusu, publisist, naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadiq çıxış edərək forumun devizi olan “Təhsildə dəyərlər” mövzusuna toxundular və təmsil etdikləri qurumların təhsildə dəyər yaratmaq istiqamətində gördükləri işlər barədə məlumat verdilər.
Forum iki hissədən ibarət olub və əsas məqsədi iştirakçılar arasında sərbəst ünsiyyətin qurulması, yeni əməkdaşlıqların və əlaqələrin yaradılması idi. Spikerlər peşə təhsili, beynəlxalq imtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil, xaricdə təhsil, xarici dil biliyi, inklüziv təhsil, emosional zəka və digər aktual mövzularla bağlı fikirlərini paylaşdılar.
Tədbirin sonunda forum iştirakçılarına sertifikatlar təqdim olundu.