Xəbərlər

“Kitab kimi ömür – Şəmil Sadiq 46”


2 sentyabr tarxində “Çəmənzəminli” açıq məhəllə kitabxanasının açılış mərasimi keçirildi. “Çəmənzəminli” açıq məhəllə kitabxanası Hədəf Şirkətlər Qrupunun layihəsidir.
Bu kitabxana Yusif Vəzir Çəmənzəminli küçəsində təmənnasız fəaliyyət göstərir. Kitabxanadakı bütün kitablar sakinlərin istifadəsindədir. Burada hər kəs əyləşə, mütaliə edə bilər.
Kitabxana ilə bağlı yalnız bir qayda var – kitabları aparmaq olmaz.
Həmçinin könüllü şəkildə kitabxananı zənginləşdirmək də mümkündür. Oxucular da bu kitabxanaya töhfə verə bilər.
Açıq hava kitabxanası sosial layihədir. Bu kitabxana övladlarımızın asudə vaxtını dəyərləndirmək, kitaba olan sevgini aşılamaq və inkişaf etdirmək niyyəti ilə qurulur.
Kitabxanada heç bir mühafizə və xüsusi nəzarət sistemi yoxdur. Təsisçilər əmindirlər ki, kitabxanadakı bütün vəsaitlər qorunacaq, elə sakinlər tərəfindən genişləndiriləcək.
Kitabxananın adı da təsadüfi seçilməyib. Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərindən dolayı kitabxana da Çəmənzəminlinin adını daşıyır.
Eyni zamanda Hədəf və Xan nəşrlərinin təşkilatçılığı ilə Şəmil Sadiq yaradıcılığına aid yeni kitabların təqdimat mərasimi keçirildi.
Tədbir Hədəf Nəşrlərinin direktoru Nərmin Səlimova moderatorluğu ilə Şəmil Sadiq yaradıcılığından bəhs edən təqdimatla açıq elan edildi.
Hədəf STEAM Liseyinin icraçı direktoru Nizami Hüseynov Şəmil Sadiqin 25 illik pedaqoji təcrübələri əsasında hazırlanan Hədəf konseptinin yeni nəşrini təqdim etdi.
“XAN” Nəşriyyatının direktoru Səbuhi Şahmursoy Şəmil Sadiqin yeni nəşr olunan “Qorqud atanın pıçıltısı”, “Qara tut ağacı” kitabları haqqında təqdimat etdi.
Hədəf Şirkətlər Qrupu Baş direktorunun müavini Emin Sadiqov və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Hədəf Şirkətlər Qrupunun qurulmasında Şəmil Sadiqin fəaliyyət yolu haqqında çıxış etdilər.
Həmçinin tədbirdə bir çox tanınmış ziyalılar, ədəbiyyat xadimləri iştirak etdi.
Yazıçı Nazim Muradov, publisist-şair Əkbər Qoşalı, jurnalist Şahin Nəcəfov, xalq artist Eldost Bayram, şair Rüstəm Behrudi, iş adamı İlham Behrudi Şəmil Sadiqin həyat və yaradıcılıq yolundan bəhs etdilər.
“Kitab kimi ömür – Şəmil Sadiq 46” görüşünə dəyər qatan bütün kitabsevərlərə təşəkkürümüzü bildiririk!
Dəyərli rəhbərimiz Şəmil müəllim, sizi yeni yaşınız münasibətilə təbrik edir, sizə sağlam ömür, tutduğunuz bu yolda tükənməz enerji, fəaliyyətinizdə uğurlar arzulayırıq!

Oxşar yazılar