Qabırğa Sindromu və Türk Qadınına Baxış
Son zamanlar bəzi sosial şəbəkə “qəhrəmanları” qadın mövzusunda danışarkən ərəb mədəniyyətindən miras qalmış patriarxal təfəkkürün təsiri ilə hər cür təhqiredici və köhnəlmiş fikirləri tirajlamağa başlayıblar. Qadını ikinci dərəcəli varlıq kimi görmək, ona yuxarıdan aşağı baxmaq və onun həyatdakı yerini yalnız kişinin kölgəsində təsəvvür etmək — bu, sadəcə “qabırğa sindromu”nun təzahürüdür. Bu sindromun kökləri isə bəzi dinlərin və ideologiyaların qadını kişi üçün “yaradılmış” bir varlıq kimi təqdim etməsində axtarılmalıdır.
Halbuki Türk təfəkkürü qadına yanaşmada tam fərqli, daha yüksək mənəvi və fəlsəfi bir mərtəbədə dayanır. Biz elə bir millətik ki, mifik düşüncəmizdə qadını – Umay Ananı – Tanrının anası, qoruyucu ruh və yaradıcı qüvvə kimi təqdim etmişik. Umay obrazı təkcə analığı deyil, eyni zamanda müdrikliyi, gücü və bərəkəti təmsil edir.
Tarixə nəzər salaq: Ərəb yarımadasında qız uşaqları diri-diri basdırıldığı dövrdə, biz qadını xaqanın yoldaşı, obanın ağlı və ruhu kimi qəbul edirdik. Bizim toplumda evlənmək istəyən gənclərə bir-birini tanımaq, görüşmək imkanı tanınırdı. Bu, həm qadının iradəsinə, həm də insan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına verilən dəyərin göstəricisidir.
Avropada qadınlar “cadugər” damğası ilə tonqallarda yandırıldığı zamanlarda, Nizami Gəncəvi “Leyli” obrazı ilə qadın zəkasını, Yunus Əmrə və Hacı Bektaş Vəli isə qadını ilahi eşqə qovuşan bir varlıq kimi ucaldırdı. Qadın bizim fəlsəfəmizdə ilham qaynağı, yoldaş və həyatın bərabər tərəfdaşı kimi dəyərləndirilib. Tarix boyu çoxlu misallarımız var ki, Şahın xatunu onunla birgə at çapıb, qılınc çalıb, dövlət məsələlərində söz sahibi olub.
Bu gün isə bəzi zəif təfəkkürlü kişilər “əgər qadın işləyərsə, pul qazanarsa, öz yolundan çıxar, ərinə tabe olmaz” kimi düşüncələrlə cəmiyyətə təzyiq göstərməyə çalışırlar. Halbuki bu, qadının deyil, həmin kişilərin güvənsizliyini və zəifliyini göstərir. Güclü kişi öz güvənini qadını basqı altında saxlamaqda deyil, onunla bərabər addımlamaqda tapır. Edirsə, demək ki, İbni Səlamın yolçusudur!
Qadını xəyanətə meyilli, iradəsiz və idarə olunmalı varlıq kimi təqdim etmək — seksist və təhlükəli bir düşüncədir. Bu yanaşma nə dinin ruhuna, nə insan haqlarına, nə də çağdaş cəmiyyətin ədalət və bərabərlik prinsiplərinə uyğundur.
Bu gün bizə düşən vəzifə qadını tarix boyu olduğu kimi, yenə də dəyərli, ağıllı, güclü və yaradıcı bir tərəfdaş kimi tanımaq və tanıtmaqdır. Türk təfəkküründə qadının yeri yüksəkdə olub — və bu, dəyişməməlidir.
Ana haqqı, Tanrı haqqı!
