Türk dövlətlərindən olan naşirlər və nəşriyyat sahəsinin nümayəndələri Ankarada keçirilən Türk Dünyası Yayıncılıq Konqresi çərçivəsində bir araya gəliblər.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Bakı Kitab Sərgisi çərçivəsində türk ölkələrindən olan naşirlərin iştirakı ilə Türk Dünyası Naşirləri Birliyinin yaradılmasının vacibliyi vurğulanmış və bu istiqamətdə ilkin, qeyri-rəsmi addımlar atılmışdı.
Həmin təşəbbüsün davamı olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 27–29 mart tarixlərində Ankarada Türk Dünyası Yayıncılıq Konqresi keçirilir. Konqres türk dövlətlərindən olan naşirləri, nəşriyyat rəhbərlərini və sahə üzrə mütəxəssisləri bir platformada birləşdirir.
Tədbirdə Azərbaycandan da 10 nəfər naşir və rəsmi nümayəndə iştirak edir. Nümayəndə heyətinin tərkibində Azərbaycan Mədəniyyət Nazirliyinin Azərbaycan dili və Ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, ANAİB – Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiq də yer alırlar.
Konqres çərçivəsində nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, kitab mübadiləsi və türk dünyasında vahid nəşriyyat platformasının formalaşdırılması kimi məsələlər müzakirə olunur. Tədbirin əsas məqsədi türk dövlətləri arasında nəşriyyat sahəsində əlaqələrin möhkəmləndirilməsi və ortaq mədəni layihələrin təşviq edilməsidir.



