Ustad Dərgisi

Teatrımızın dirilişi

mənəm mən dramı

( “Ustad”dərgisi 34-cü say)

Bu yaxınlarda  Azərbaycan Dövlət YUĞ Teatrında əziz dostum, dəyərli yazar İlqar Fəhminin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm mən…” mistik-psixoloji dramına baxdıq…

Əsər də, quruluş da, aktyorlar da möhtəşəm idi…

Mənim üçün Hötenin “Faust”una, Bayronun “Qabil”inə bərabər bir əsərdir… Çünki əsərdə Nəsiminin ruhundakı “İnsan”la göylərin savaşını gördük…

Mənim üçün Nəsimi, Hüseyn Cavid, Muğanna xəttinə İlqar Fəhmi də yazıldı…  Çünki Nəsiminin İnsan konsepsiyası, İnsan ruhundakı sirlər, İnsanın təbiətindəki enerji partlamasını seyr etdik… Nəsiminin timsalında yazarın özünün də göyləşmək dərdini, üsyanını duyduq…

Mənə görə Cavidin “İblis”inə bərabər bir əsərdir… Tamaşada Nəsiminin bir aşiq, bir cahan xilasedicisi olduğunu görüb, şəriət qaydaları ilə mübarizəsinin, haqqa doğru gedən yolda daxili təlatümlər yaşamasının şahidi olduq…

Mənim üçün Muğannanın “Cəhənnəm”inə bərabər əsərdir… Cəhənnəmdə eşqin olmamasıdır onu cəhənnəm edən, eşqsiz, sevgisiz hər yerin cəhənnəm olduğu qənaətinə gəlirik…

Mənim üçün Joze Saramaqonun “İsanın İncili”nə bərabər bir əsərdir…

İntellektual tamaşaçı üçün cənnət həzzidir… Bəli, əsər məhz intellektual tamaşaçı üçündür, çünki Nəsimini bilməyənlər, insan və Tanrı düşüncələri ilə çırpınmayanlar bu əsəri anlamaz və darıxarlar. Bu cür informasiya dolu  bir əsərə baxmaq üçün mifologiyadan günümüzün dini proseslərinə bələd olmaq tələb edilir.

Tamaşanı izləsəniz, Hüseyn Cavidin Arifi, Şeyx Sənanı ilə, Cəlil Məmmədquluzadənin Şeyx Nəsrullahını bir səhnədə görəcəksiniz… Adama elə gəlir ki, Şeyx Sənanın müəllimi Şeyx Kəbirlə, tamaşadakı Nəsiminin müəllimi Şeyx Əzəmi qarşılaşdırmağı qarşısına məqsəd qoyub yazıçı. Şeyx Kəbirin Müdrikliyi ilə Şeyx Əzəmin – Şeyx Nəsrullahın fərqini göstərmək istəyib bizə yazıcı…

Realizmlə romantikanın sevişməsini və nifrətini görəcəksiniz…

Hələ komediyanın acı yumorunu demirəm…

Tamaşaya baxanda “meyvələri üstündə qurumuş ağaclar sizi ağladacaq…”  Sədalarına çırpınacaqsınız, Cəhənnəmdə eşqin olmadığının fərqinə varacaqsınız, dişlərin və dodaqların dili necə zindanda saxladığını görəcəksiniz…

Nəsiminin içindəki insan qatları ilə tanış olacaqsınız…

Cəhalət pərdəsi necə olur, öyrənəcəksiniz…

Nəsiminin daxilindəki ziddiyyətin şahidi olacaqsınız…

Nöqtənin gücünə vaqif olacaqsınız…

Hərflərin sadəcə işarələr olmadığından xəbərdar olacaqsınız…

İnsan necə Allah olduğunu dərk edəcəksiniz…

Tanrının mələklərə insana baş əydirməsinin niyəsinin sualı ilə dönəcəksiniz…

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadənin özünəxas mistikası ilə sadə bir qara ipəklə əsərə necə dinamiklik gətirdiyini ifadə etmək çətindir. Düzdür, tamaşanın ortasında düşündüm ki, Qara yox, ağ parça olsa idi, daha fərqli olardı. Amma sonra fikrimdən daşındım, çünki qara cəhaləti ifadə edirdi, axı Nəsimini də Cəhalət məhv etdi…

Aktyorlar isə sözün əsl mənasında obrazlarını yaşayırdılar. Gərgin dinamizmlə davam edən tamaşa boyu, bir an da olsun, dayanmadılar.

Bu tamaşa bir daha göstərdi ki, Azərbaycan mədəniyyəti ölməyib və yaşamaqdadır. Son illər oynanılan əsərlərin əksəriyyəti klassik əsərlər olub, aktyorlar da bir vaxtlar oynamış aktyorları hardasa təkrarlayırlar. Amma bu əsərlə gördük ki, yazıçı da, rejissor da, aktyor da yeni nəslin nümayəndəsidir və şedevr yarada biliblər.

Teatrımız dirilir, canlanır…

YUĞ teatrının öz ruhu var, hərdən mənə teatrımızın ilk günlərini xatırladır bura. Çünki kasıb, kiçik və darısqal bir məkandır. Ona görə də bu teatrda əyləşəndə elə bilirəm ki, ilk tamaşamız oynanılacaq indilərdə, Cəfər Cabbarlı min bir əzabla tamaşa hazırlayıb, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə həyəcanla əsərinin necə oynanılacağını gözləyir, qorxa-qorxa gələn tamaşaçılar sakitcə dişlərini sıxıb nə baş verəcəyini  gözləyirlər…

Həm əsərin mistik, fəlsəfi ağırlığı, həm quruluşun dinamizmi, həm aktyorların həyəcanı, həm müəllifin arxanda oturub tamaşa ilə birgə tamaşaçının da mimikalarını izləməsi, həm də məkanın kasıblıqdan doğan doğmalığı ruhumuza qida oldu.

Oxşar yazılar