Ustad Dərgisi

Dövlətli olasınız, Sultanım!

(“Ustad” dərgisi, 19-cu say)

Dövlətli olmaq hər bir xalqın ən ümdə arzusudur. Dövləti olmaq isə hər bir xalqın böyük uğuru, gücüdür. Keçmişində dövlətinin olması bu gününün dayağıdır. Bizim isə bir millət olaraq həm keçmişdə, həm də bu gün dövlətimiz var. Dövlətimizin varlığı bizim qürur mənbəyimizidir.

Bu il Cümhuriyyətimizin 100 illiyidir. Bu haqda, yəqin ki, çox yazılıb, hələ yazılacaq da. Azərbaycan prezidentinin bu ili “Cümhuriyyət ili” elan etməsi Azərbaycan Respublikasının dünəninə olan sayğısı, ehtiramıdır. Bugünkü Azərbaycanın tarixi AXC-nin varisi olduğunu rəsmi şəkildə elan etmək dövlətimizinin gücündən, müstəqilliyindən xəbər verir. Cühuriyyət ilinə dövlət münasibəti onu göstərir ki, biz heç bir zaman  qonşu dövlətlərin vassalı olmaq arzusunda deyilik, Cümhuriyyətin yürütdüyü siyasətə sadiqik. Düzdür, Azərbaycan 25 ildə yetərincə müstəqil və sabit siyasət yürütmüş, öz istiqamətini dəfələrlə yüksək kürsülərdən bəyan etmişdir. Lakin bu da bir həqiqətdir ki, keçmişi olmaq ən böyük arqumenti olmaqdır.

İnsanlar, xüsusən də, bizim millət dünəninə çox böyük önəm verir. Dünəni bəlli olanlar əsli nəcabəti olanlardır, atası-anası olmaq deməkdir, bunun qədrini bilmək isə sabaha olan inamdan, sabaha qurulmuş böyük xəyallardan irəli gəlir.

Mirzə Fətəli Axundzadə ilə başlayan aydınlanmanın nəticəsi 70 il sonra qurulmuş Cümhuriyyət oldu. Çar Rusiyası kimi nəhəng bir imperiyaya qarşı gələn milli düşüncə sahibləri bu millətə bir daha müstəqil dövlət nəsib etdilər. 23 aylıq cümhuriyyət ömrü sürətli şəkildə milli dönüş edərək dövlətin milliliyini sübut etdi.

Dünənimiz bəlli, bu günümüzü yaşayırıq. İndi daha önəmli olan sabahımızdır. Həmin sabah ki, bizə bir də 28 aprel yaşatmasın, həmin sabah ki, bizə bir də 37-ci illəri yaşatmasın, həmin sabah ki, bizə bir də himn yazmağa nəsib etməsin. Yox, məncə, himn yazmağı nəsib etsin, həmin himn ki, bütöv Azərbaycanı görən himn olsun. Cümhuriyyətin bizə bəxş etdiyi, indi də qutsalımız olan Himnimizdir. Bu himni heç nəyə qurban verməyəcəyimizi bilirəm. Amma şəxsim adına deyim ki, Vahid Azərbaycan sevdasına himni yenidən yazmaq olar.

Bəs biz dediyim o vahiməli sabahları yaşamamaq üçün nə etməliyik, necə etməliyik? Məncə, sadəcə dəyişən dünya ilə milli çərçivədə ayaqlaşmalıyıq. Nəinki ayaqlaşmaq, hətta önə də keçməliyik. Bu millətin övladları öz potensialını bilməli və yararlanmalıdır.

Açıq fikirli gənclik yetişir, onların bacarığı və sabaha inamı bizi aydın sabaha səsləyir, səsləməlidir. İnsan kapitalına qoyulacaq sərmayələr elmi tərəqqi gətirə bilər ki, bu da bizim istəklərimizə cavab verəcək.

Məmməd Əmin Rəsulzadənin son nəfəsinə qədər mücadilə apardığı Cümhuriyyət davası bizim üçün bu gün son nəfəsimizə qədər mübarizə aparacağımız elm, elm, elm mücadiləsi olmalıdır.

Milli ruhumuzun təntənəli qələbəsi üçün isə bu gün Azərbaycan üçrəngli bayrağın mavi rənginə bürünüb qırmızıya da, yaşıla da sayğı duymalı, amma heç bir rəngin mavi gök rənginə xələl gətirməməsinə imkan yaratmamalıdır.

 

Oxşar yazılar