Xəbərlər

Ankarada Azərbaycan-Türkiyə qardaşlığı

Şəmil Sadiq şagirdlərlə görüşərək mühazirə oxuyub

Tanınmış yazıçı, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, təhsil mütəxəssisi Şəmil Sadiq Ankarada fəaliyyət göstərən, Türkiyənin köklü təhsil ocaqlarından olan “Nesibe Aydın Okulları” şəbəkəsinin “Yıldızlar Okulları” filialında şagirdlərlə görüşüb.

Görüşdə məktəbin 9-10-cu sinif şagirdləri, pedaqoji heyət və rəhbərlik iştirak edib. Tədbir şagirdlərin hazırladığı “Şəmil Sadiq kimdir?” adlı xüsusi təqdimatla başlayıb.

“Savad tərbiyə və sayğı ilə birləşəndə dəyər qazanır”

Görüş təəssüratlarını bölüşən Şəmil Sadiq şagirdlərin intellektual səviyyəsini və etik davranışlarını yüksək qiymətləndirib:

“Savadlı uşaqlar həm də tərbiyəli və sayğılı olur. Bunun əyani sübutunu məhz “Yıldızlar Okulları”nda gördüm. Bir məktəb necə olmalıdır desəniz, bu təhsil ocağını nümunə göstərərdim”, – deyə o bildirib.

Milli kimlik və qardaşlıq vurğusu

Çıxışında təhsildə dəyərlərin önəminə toxunan yazıçı, müasir dövrdə təhsildən gözləntilər və milli kimlik məsələləri ətrafında mühazirə oxuyub. Tədbirin ən yadda qalan anlarından biri isə Şəmil Sadiqin şagirdlərlə birlikdə “Azərbaycan-Türkiyə” şeirini səsləndirməsi olub. İki qardaş ölkənin birliyindən bəhs edən bu anlar zalda böyük coşğu ilə qarşılanıb.

Maraqlı hədiyyə: Yazıçı adına əkilən ağac

Görüşün sonunda şagirdlərin suallarını cavablandıran Şəmil Sadiq onlara müəllifi olduğu kitabları hədiyyə edib. Məktəb rəhbərliyi tərəfindən isə yazıçıya maraqlı və anlamlı bir hədiyyə — onun adına əkilmiş ağacın sertifikatı təqdim olunub.

Yüksək səviyyəli qonaqpərvərlik

Şəmil Sadiq tədbirin təşkilinə görə “Nesibe Aydın Okulları”nın qurucu təmsilçisi, tanınmış iş adamı Mirkan Aydına təşəkkürünü bildirib. Rəsmi hissədən sonra o, Türkiyənin görkəmli təhsil xadimi Nesibe Aydın və tanınmış iqtisadçı Burcu Aydın ilə bir araya gələrək təhsilin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Oxşar yazılar