Xəbərlər

Şəmil Sadiq Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb

Görüşdə Hədəf Şirkətlər Qrupu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq məsələləri, eləcə də tərəflərin birgə təşkilatçılığı ilə keçiriləcək “II Təlimdən Bacarığa Forumu”nun detalları müzakirə olunub.

Bildirilib ki, artıq bir neçə ildir təşkil olunan forum əsasən məktəbəqədər təhsil və bağça müəllimlərinin peşəkar inkişafına yönəlmiş platformadır. Beş gün davam edən tədbir çərçivəsində müəllimlərin pedaqoji bacarıqlarının artırılması, müasir təlim metodlarının paylaşılması və təhsildə yeni yanaşmaların müzakirəsi nəzərdə tutulur. Görüşdə builki forumun mövzuları və proqramı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin gələcək əməkdaşlıq imkanları və ölkədə təhsilin inkişafı istiqamətində mümkün birgə layihələri də müzakirə ediblər.

Görüş çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq Bakı Slavyan Universitetinin infrastrukturu ilə də yaxından tanış olub. Universitetdə həyata keçirilən yeniliklər, yaradılan mühit və inkişaf istiqamətləri barədə məlumat verən rektor Anar Nağıyev qeyd edib ki, ali təhsil müəssisəsində beynəlxalq akademik mühitin formalaşdırılması və müasir təhsil standartlarının tətbiqi istiqamətində ardıcıl işlər aparılır.

Şəmil Sadiq universitetdəki müasir və dinamik mühiti yüksək qiymətləndirərək bildirib ki, burada formalaşdırılmış məkanlar dünya xalqları universiteti ideyasını əks etdirir, eyni zamanda Azərbaycançılıq dəyərlərinin xüsusi vurğulanması diqqət çəkir.

O, Bakı Slavyan Universitetinin
ölkədə ali təhsilin inkişafına mühüm töhfə verdiyini qeyd edib və səmimi görüşə görə rektora təşəkkürünü bildirib.

Tərəflər gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə və bu əməkdaşlığın Azərbaycanda özəl–dövlət tərəfdaşlığının inkişafına töhfə verəcəyinə inamlarını ifadə ediblər.
Hədəf MEDİA

Oxşar yazılar