Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Monqolustanda – Ötükəndə çəkilən “Bir belgesel yolçuluğu” adlı proqramda iştirak edib.
Sizinlə Ötükən xatirələrini paylaşırıq!
Ötükən sənədli filmi və ya ayaqlar altında qalan tariximiz…
Əziz dostum, dəyərli türk sevdalısı, yazar və yayınçı Suat Turqutun dəvəti, Serkan Koçun təşkilatçılığı ilə “Bir belgesel yolçuluğu” adlı proqramda iştirak etdim. Təxminən 8 günlük Monqolustan səfəri baş tutdu. Açığı, yanvar ayından bu səfərə hazırlaşırdım. Çünki bu mənə görə sadəcə turistik gəzinti deyildi; həm elmi, həm mənəvi, həm də şəxsi baxımdan çox önəmli yolçuluq idi.
Bu səfər mənim üçün kökündən başqa məna, başqa yük daşıyırdı. Kitablarda oxuduğum, dərslərdə danışdığım, xəritələrdə yerini göstərdiyim, amma ruhumda həmişə uzaq çağırış kimi qalan yerlərə gedirdim; Ötükənə, Orxon vadisinə, Kül Tiginin, Bilgə xaqanın, Tonyukukun daş yaddaşına… Türkün ilk yazılı sözünün ucaldığı torpaqlara…
28 nəfərlik qrup idik. Türkiyədən, Avropadan gələn dostlarımız vardı, Azərbaycandan isə mən dəvət edilmişdim. Amma bir an belə özümü tək hiss etmədim. Çünki hamımızın amalı, qayəsi, sevdası eyni idi: Türk dünyasının qədim izlərini görmək, Orxon yazılarımızın, daş abidələrimizin, balbalların, kurqanların, müqəddəs yaddaş məkanlarının izinə düşmək…
Bu səfərin ən önəmli tərəfi də məhz bu idi: Türk tarixinin daş yaddaşına toxunmaq, Kül Tigin, Bilgə xaqan, Tonyukuk, Şiveet Ulaan, Külçur və adını saymaqla bitməyən onlarla abidə… Kitablarda oxuduğumuz, xəritələrdə gördüyümüz, dərslərdə danışdığımız o yerlərin qarşısında dayanmaq tamam başqa hissdir. İnsan orada sadəcə baxmır ki, sanki min il əvvəlki yaddaşı ilə üz-üzə gəlir.
Orxon yazılarının qarşısında dayananda bir daha anlayırsan ki, daşlar bir tarixdir. O daşların üstündə sadəcə hərflər yox, bir millətin ağlı, dövlət düşüncəsi, kədəri, xəbərdarlığı, qüruru və gələcəyə ünvanladığı səsi var. Bilgə xaqanın, Tonyukukun sözü bu gün də bozqırın küləyində yaşayır. Sanki daş susmur, sadəcə bizim onu eşidəcək qədər sakitləşməyimizi gözləyir.
Kül Tigin kompleksində, Bilgə xaqanın abidəsi önündə, Tonyukukun daşları arasında, balbalların sıralandığı o geniş çöllərdə insan istər-istəməz öz içində başqa bir sualla qarşılaşır: “Biz bu yaddaşa nə qədər sahib çıxmışıq? Bu daşlar yalnız keçmişdirmi, yoxsa hələ də sabaha baxan bir gözmü?” Amma təəssüflə qeyd edim ki, Monqolustan dövləti bu tarixə nəinki sahib çıxmır, heç dəyər də vermir. O qədim yazılar hələ də heyvanların oylağı olaraq qalır, yağışın, küləyin altında məhv olub gedir. Bu mənzərə, sözsüz ki, adamı mənən ağrıdır.
Monqolustan çölləri qəribədir. İlk baxışda boşluq kimi görünür. Amma o boşluğun içində böyük bir səs var. Bozqırın sakitliyi insanın içindəki səs-küyü azaldır. Günlərlə yol getdikcə anlayırsan ki, bu torpaqlar insana sadəcə mənzərə göstərmir, həm də onu “soyun”durur: tələskənlikdən, gündəlik qayğılardan, şəhər səsindən, süni təntənədən… Bir sən olursan, bir də göylər. Elə aydın, elə sonsuz bir göy ki, sanki Tanrının qapısından boylanırsan!
Qrupumuz çox maraqlı idi. Kiçiyimizin 15 yaşı, böyüklərimizin isə 83-84 yaşı vardı. Amma nə gənclər “yoruldum” dedi, nə də yaşlı professorlarımız, müəllimlərimiz, ziyalılarımız. Gecə-gündüz yol getdik. Bəzən saatlarla asfalt, bəzən torpaq yolda, bəzən də kilometrlərlə piyada irəlilədik. Elə gün olurdu ki, günümüzün 8-10 saatı yolda keçirdi. Bəzən bir balbalı, bir məzar daşını, bir kurqanın qalıqlarını görmək üçün saatlarla yol qət edirdik. Kənardan baxana, bəlkə, qəribə gələr: “Bir daş üçün bu qədər yol gedilərmi?” Amma o daş sənə kim olduğunu xatırladırsa, niyə də yox!
Yol boyu maraqlı söhbətlər, rəvayətlər, xatirələr, bilgi paylaşımları oldu. Mədəniyyətimizdən, tariximizdən, inanclarımızdan, Türk dünyasının bu günü və sabahından danışdıq. Bəzən “Çırpınırdı Qara dəniz” oxuduq, bəzən Turan marşı səsləndi, bəzən “Ayrılıq” mahnısı ilə kövrəldik. Açığı, belə səfərlərdə yolun özü də bir məktəbə çevrilir. Hətta bəzən avtobus sinif otağı olur, bozqır ağıllı lövhə, daşlar isə dərsliyin özü.
Bu səfərdə məni düşündürən məqamlardan biri də qədim mərasim yerləri, sunak daşları, qurban və törən məkanları oldu. Bəzi abidə komplekslərinin arxasında gördüyümüz, ortası deşik daşlar, balballar sadəcə “maraqlı arxeoloji detal” deyil. Onlar qədim türklərin ölüm, xatirə, ruh, qurban, mərasim və göylə əlaqə düşüncəsi haqqında danışır. İnsan həmin daşlara baxanda anlayır ki, qədim türk üçün məzar yalnız ölüm yeri yox, həm də mərasim yeri, yaddaş mərkəzi, ruhla toplumun görüş nöqtəsi idi.
Balballar isə ayrıca dünyadır. Səssiz dayanırlar, sanki hərəsi bir igidin, savaşın, andın, keçidin xatirəsini daşıyır. Daşlaşmış insan fiqurları kimi görünsələr də, əslində, daşlaşmış yaddaşlardır. Onların yanında dayananda insan təkcə keçmişi düşünmür, həm də öz dövrünü sorğulayır: Biz bu gün nəyin balbalını ucaldırıq? Hansı dəyəri sabaha daşıyırıq?
Bu yolçuluqda monqollarla, Tuva türkləri ilə, Avropada yaşayan türklərlə, Türkiyənin müxtəlif bölgələrindən gəlmiş insanlarla tanış oldum. Yeni dostluqlar qazandıq, bir-birimizdən çox şey öyrəndik. Sevdik, sevildik, paylaşdıq, danışdıq, düşündük. Sosial şəbəkələrdə başlayan tanışlıqlar artıq gerçək dostluqlara çevrildi.
Qrupun içində yol getmək də ayrıca təcrübədir. İnsan bəzən özünü də başqasının aynasında görür. Kimisi səssizliyi ilə öyrədir, kimisi zarafatı ilə yorğunluğu azaldır, kimisi bilgisi ilə söhbətə dərinlik qatır. Bu səfərdə yaş, ölkə, peşə fərqi aradan qalxdı. Hamımız bir yolun yolçusuna, dərvişinə çevrildik. Hərdən yorulduq, güldük, kövrəldik, bəzən də susduq. Amma o susqunluğun içində də böyük anlaşma vardı. Serkan bəy, Aşkın Koray bəy qrup rəhbəri kimi böyük səbir və məsuliyyət göstərdilər. Belə səfərlərdə hər kəs yorulur, kaprizlər, problemlər, kiçik narazılıqlar olur. Amma bütün bunların içində hamıya sayğı ilə, sevgi ilə yanaşmağa çalışdılar. Serkan bəyin bu işi sənədli filmə çevirməsi isə ayrıca önəmlidir. Ümid edirəm ki, bu film Türk dünyasının gənclərinə, xüsusilə də Orxon abidələrini, qədim Türk yaddaşını tanıtmaq baxımından böyük fayda verəcək.
Səfər bitdi. İstanbul Hava Limanında hər kəs öz yoluna ayrıldı. İnsan səfərin bitdiyini hava limanlarında daha yaxşı anlayır. Bir az əvvəl eyni avtobusda, eyni süfrədə, eyni yolda olan insanlar birdən-birə müxtəlif qapılara, müxtəlif şəhərlərə, müxtəlif həyatlara dağılır. Amma bəzi səfərlər insanın içində yox olmur. Monqolustan mənim üçün elə səfərlərdən oldu.
Mən də vətənə qayıtdım. Amma içimdə qəribə rahatlıq var. Sanki ruhum bir az saflaşıb, dünyagörüşümə yeni qatlar əlavə olunub, yaddaşım yeni bilgilərlə zənginləşib. Bu səfərdə təkcə yeni yerlər görmədim, həm də öz içimdə bəzi köhnə suallara qayıtdım. Türk olmaq nədir? Yaddaşa sahib çıxmaq nədir? Tarixlə fəxr etmək kifayətdirmi, yoxsa onu anlamaq, öyrətmək və yaşatmaq da lazımdır?
Bu səfər mənim üçün bir missiya idi. Bir ədəbiyyatçı, millətini sevən yazıçı, dilçi və təhsil adamı olaraq gördüklərimi, öyrəndiklərimi imkanım daxilində paylaşmağa çalışdım. Sosial şəbəkələrdə yazdım, danışdım, göstərdim, izah etdim. Nə qədər bacardım, onu siz bilirsiniz, əziz dostlar. Amma gücüm çatdığı qədər bu borcu yerinə yetirməyə çalışdım.
Çünki məncə, belə səfərlərin əsas mənası yalnız gedib görmək deyil. Əsas məsələ gördüyünü öz millətinin yaddaşına daşımaqdır. Bir gənc bu yazılardan sonra Orxon abidələri ilə maraqlanacaqsa, bir müəllim dərsində Bilgə xaqandan danışacaqsa, bir oxucu Tonyukukun adını ilk dəfə eşidib araşdıracaqsa, deməli, bu yolun mənası var.
İnşallah, belə yolçuluqlar davam edər. İndi könlümdə Altayları, Sibir türklərini görmək arzusu var. Bir gün Meksikanı da ziyarət etmək, oranın yerli xalqları ilə, qədim mədəniyyət izləri ilə tanış olmaq istəyirəm. Çünki insan dünyanı gəzdikcə yalnız başqalarını tanımır, həm də özünü daha yaxşı anlayır.
Bu adi səfər olmadı. Bu, daş yaddaşa doğru yol oldu.
Bozqırın nəfəsini içinə çəkmək oldu. Min il əvvəlki sözümüzlə bugünkü ruhumuzun görüşü oldu.
Bir az da özümüzə qayıdış idi.
Bir sözlə, unudulmaz oldu.
Yolumuz ağ olsun!













