Burada saat axşam ondur. Bakıda isə artıq sabah açılıb, saat səkkizdir. Mən hələ bu günün təəssüratlarını yazıram, bizimkilər yəqin səhər çayını içirlər…
İstanbuldan Mexikoya 14 saat uçduq. Gözüm qorxmuşdu, amma yol düşündüyüm qədər darıxdırıcı keçmədi. İki filmə baxdım, bir az kitab oxudum, arabir də mürgülədim. Təyyarədə hər millətdən sərnişin vardı. Ən çox da qulağıma rusca danışıq dəyirdi. Sən demə, Kankuna istirahətə gedirlərmiş.
Səhər saat səkkizdə Mexikoya endik. Meksikadakı səfirliyimizin əməkdaşları Emin bəy və Namiq bəy məni elə miqrasiya nəzarətində qarşıladılar. İlk görüşdən söhbətimiz tutdu. Onlar mənə Meksikanı danışdılar, mən də onlara Bakını. Qürbətdə adamı öz dilində qarşılayanda, deyəsən, yolun yorğunluğu da bir az tez çıxır.
Hava limanından şəhərə gedərkən gözüm yolboyu binalarda idi. Nədənsə, gördüklərim mənə elə də yad gəlmirdi. Gah kasıb məhəllələrdən keçirdik, gah da hündür binalar, dəbdəbəli evlər görünürdü. Küçə ticarətinin bolluğu, şəhər həyatının elə səkinin üstündə qaynayıb-qarışması mənə bir az Tailandı xatırlatdı. Yol yoldaşlarım deyirdilər ki, meksikalılar rahat adamlardır, işlər bir az dolaşanda da “yaxşı olar” deyib yollarına davam etməyi bacarırlar. Birinci gündən bütöv bir xalqa xasiyyətnamə yazmaq tezdir, amma bu “yaxşı olar” sözü mənə heç yad gəlmədi. Bizdə də onunla nə qədər iş yola verilib…))
Çantaları otelə qoyub səfirliyimizin digər əməkdaşı Mehdi bəylə şəhərin mərkəzinə üz tutduq. Mərkəzdə küçələrin çoxu bağlanmışdı. Sən demə, Meksikaya gəlişim ölkənin ən yaddaqalan günlərindən birinə təsadüf edibmiş. 20 noyabr Meksika İnqilabının başlandığı gündür. 1910-cu ildə Fransisko Madero xalqı uzun illər ölkəni idarə etmiş Porfirio Diasın hakimiyyətinə qarşı məhz həmin gün ayağa qalxmağa çağırmışdı. Bu gün meksikalılar o inqilabın 116-cı ildönümünü qeyd edirdilər.
Belə fürsəti əldən verərdikmi? Biz də tamaşaçılara qarışdıq. Bir də gördüm ki, ətrafımdakılarla bir ağızdan “¡Viva México!” — “Yaşasın Meksika!” deyirəm. Ölkəyə gəlməyimdən heç üç-dörd saat keçməmişdi, artıq bayramlarına şərik olmuşdum.
Axırıncı dəfə belə izdihamlı xalq paradını sovet dövründə görmüşdüm. Məktəblilər, sadə vətəndaşlar, hərbçilər bir-birinin ardınca keçirdilər. Bir yanda gur bığları, enli sombreroları ilə inqilab dövrünü canlandıran atlılar, o biri yanda bəzəkli geyimlərdə at belində keçən qızlar, arxalarınca da köhnə avtomobillər… Hər dəstəyə baxanda adamın ayrı sualı yaranırdı. Mənim də marağım axırda gedib atların cinsinə çıxdı. Müəllimlik də belə şeydir, camaat parada baxır, sən özünə təzə sual tapırsan.
Yavaş-yavaş Zócalo meydanına gəlib çıxdıq. Rəsmi adı Konstitusiya meydanıdır, amma burada hamı ona Zócalo deyir. Meydanın şimalında tarixi kafedral, şərqində isə Meksika hökumətinin yerləşdiyi Milli Saray ucalır. İkisinin arasında qədim astek paytaxtı Tenoçtitlanın baş məbədinin qalıqları var. Kafedralın, sarayın qarşısında şəkil çəkdirdik. Meydanın ən çox bu tərəfi xoşuma gəldi. Bir az əvvəl küçədə 1910-cu ilin Meksikasına baxırdım, indi isə bir meydanın ətrafında asteklərin, ispanların və bugünkü Meksikanın izlərini görürdüm.
Artıq günorta saat iki idi. Səhər səkkizdə təyyarədən enmişdim, cəmi altı saata isə mənə elə gəlirdi ki, bir günü tamamlamışam. Adını indidən unutduğum balaca bir restoranda ayaqüstü yemək yedik.
İlk günün sonunda ən çox yadımda iki səs qaldı. Biri səhər hava limanında eşitdiyim doğma Azərbaycan dili, o biri də günorta Mexikonun ortasında mənim də qoşulduğum “¡Viva México!” sədası. Emin bəyə, Namiq bəyə və Mehdi bəyə ürəkdən təşəkkür edirəm. Onların sayəsində bu boyda şəhərdə ilk gündən qəriblik çəkmədim.
Mexiko, 20 noyabr 2026








