Piramidalar hamı kimi mənim üçün də həmişə bəşəriyyət tarixinin ən böyük sirlərindən biri olub. Dünyanın müxtəlif yerlərində, bir-birindən minlərlə kilometr uzaqda, bəzən bir-birindən xəbərsiz yaşamış xalqların ucaltdığı bu nəhəng tikililər haqqında düşündükcə ağlımda saysız-hesabsız suallar yaranır. İnsan niyə piramida tikmək istəyib? Niyə məhz bu formanı seçib? Göyə yaxınlaşmaq, tanrılarla danışmaq, ölülərini əbədiləşdirmək, yoxsa özündən sonrakı nəsillərə bir mesaj ötürmək üçün? Yoxsa başqa planetdə yaşayan insanlarmı tikib?
Əlbəttə, arxeoloqların, tarixçilərin bu suallara verdiyi kifayət qədər ciddi cavablar var. Misirdə piramidaların hökmdar məzarları kimi tikildiyini hamımız bilirik. Mərkəzi Amerikada isə onların dini mərasimlər, hakimiyyətin nümayişi və şəhərlərin müqəddəs məkanlarının təşkili ilə əlaqəsi haqqında mühüm bilgilər əldə olunub. Amma bütün bunlar məndəki sualları tamamilə susdura bilmir. Çünki bir tikilinin hansı məqsədlə istifadə olunduğunu bilmək hələ onu yaradan insanın bütün düşüncə dünyasını anlamaq demək deyil.
Məncə, piramidaların ən böyük sirri onların necə tikilməsindən daha çox, onları tikən insanların dünyanı necə təsəvvür etməsindədir.
Meksikadakı üçüncü günümün proqramında Teotihuakan qədim şəhərinə səfər vardı. Günəş və Ay piramidalarını görəcəkdik. Sözsüz ki, Meksikaya gəlmə səbəblərimin başında bu dururdu.
Piramidalarla ilk ciddi tanışlığım Misirdə olmuşdu. Giza piramidalarını görməyə gedəndə içimdə qəribə bir həyəcan vardı. Sanki tarix kitablarından çıxıb minilliklərin o tayına keçəcəkdim. İnsan bəzən bir abidəni görməyə deyil, onun haqqında illərlə qurduğu təsəvvürlə görüşməyə gedir. Amma Misirdə gözləmədiyim bir hiss yaşamışdım. Nəhəng piramidaların yaxınlığında küçələrdəki həyat, insanların gündəlik qayğıları, davranışları, yaşam tərzləri ilə qarşımda yüksələn o möhtəşəm tikililər arasında qəribə bir məsafə hiss edirdim. Sanki piramidaları yaradan sivilizasiya ilə bugünkü həyat arasında görünməz bir uçurum vardı.
Öz-özümə düşünürdüm: görəsən, bu insanların əcdadları həmin piramidaları tikənlər idimi? Yoxsa tikintidə çalışan sadə əməkçilərin, daş daşıyanların, əkinçilərin nəsilləri burada qalmış, hökmdarlar, memarlar, kahinlər və hakim təbəqələr isə tarixin içində itib getmişdilər?
Əlbəttə, bunlar elmi nəticə deyildi. Mənim bir turist, bir yazıçı kimi o an yaşadığım təəssüratlar idi. Bugünkü insanların görünüşündən, yaşayışından onların qədim əcdadları haqqında hökm çıxarmaq doğru olmazdı. Amma bu hiss məni bir düşüncəyə gətirmişdi: bir xalqın bugünkü vəziyyəti onun minillər əvvəl yaratdığı sivilizasiyanın bütün gücünü və düşüncə səviyyəsini ifadə etməyə bilər. Bəzən daşlar insanlardan daha yaxşı yaddaş saxlayır.
Meksika isə mənim üçün tamam başqa bir tarix dünyasıdır. Biz Avropa, Asiya və müəyyən mənada Afrikanın mədəniyyətlərinə daha çox bələdik. Qədim yunanları, romalıları, misirliləri, çinliləri, hindliləri tarix kitablarından tanıyırıq. Bu xalqların arasında minilliklər boyu ticarət yolları, müharibələr, dinlər, dillər və mədəni əlaqələr mövcud olub. Amma Amerika bizim tarixi təsəvvürümüzdə çox vaxt XV əsrin sonundan başlayır. Kolumbun səyahəti ilə sanki yeni bir dünya açılır. Halbuki bu, yalnız avropalıların həmin qitə ilə genişmiqyaslı təmasının başlanğıcı idi. Amerika heç də o zaman yaranmamışdı, yaxud ilk dəfə insan ayağı dəyməmiş torpaq deyildi. Burada minilliklər boyu xalqlar yaşamış, şəhərlər salınmış, dövlətlər qurulmuş, mürəkkəb təqvimlər, astronomik müşahidələr, memarlıq və dini-fəlsəfi təsəvvürlər formalaşmışdı. Təsəvvür edin, dünyanın başqa bir tərəfində, bizim tanıdığımız qədim sivilizasiyalardan böyük ölçüdə ayrı inkişaf edən insanlar öz şəhərlərini qurur, göy cisimlərini müşahidə edir, zaman haqqında düşünür, tanrılar yaradır, onlara məbədlər ucaldırdılar. Onların da günəşi vardı, ayı vardı, ölümü vardı, qorxusu vardı, ümidi vardı. Bəlkə də insanlığın ən böyük ortaq cəhəti budur: harada yaşamasından asılı olmayaraq, insan bir gün başını qaldırıb göyə baxır və soruşur: –Orada nə var?
Teotihuakana çatanda ilk diqqətimi çəkən qədim şəhərin miqyası oldu. Bu gün gördüyümüz xarabalıqlar vaxtilə nəhəng bir şəhərin sadəcə qalıntıları idi. Tədqiqatçıların hesablamalarına görə, Teotihuakanın ən qüdrətli dövründə burada təxminən 100–200 min insan yaşamış ola bilər. Bu, eramızın ilk əsrlərində dünyanın ən böyük şəhər mərkəzlərindən biri demək idi. Düşüncəsi belə qəribədir. Bu gün qarşımızda daş divarlar, pilləkənlər, meydanlar, piramidalar görünür. Amma vaxtilə burada uşaqlar doğulub, böyüyüb, insanlar sevib, evlənib, mübahisə edib, bazarlıq edib, sənətlə məşğul olub, tanrılarına dua ediblər. Bu daşların arasında bir vaxtlar həyat qaynayıb. İndi isə səssizlikdir…
Teotihuakanın ən maraqlı cəhətlərindən biri də budur ki, şəhəri quran xalqın kimliyi hələ də tam aydınlaşdırılmayıb. Şəhərin sonrakı sakinləri və bölgənin xalqları haqqında məlumatlarımız olsa da, onun ilkin qurucularının hansı dildə danışdıqları, özlərini necə adlandırdıqları qəti məlum deyil.
Asteklər bu şəhərin qüdrətli dövründən əsrlər sonra bölgəyə gəlmişdilər. Onlar xarabalıqları müqəddəs məkan hesab etmiş, buranı tanrıların yarandığı yer kimi mənalandırmışdılar. Bu gün işlətdiyimiz Teotihuakan adı da nahuatl dili ilə bağlıdır. Yəni biz bu şəhəri onun qurucularının verdiyi adla belə tanımırıq. Bir sivilizasiya düşünün: yüz minlərlə insanın yaşadığı şəhər qurur, nəhəng piramidalar ucaldır, mürəkkəb şəhərsalma sistemi yaradır, sonra isə zaman onun öz adını belə əlindən alır. Bundan böyük tarixi faciə ola bilərmi?
Günəş piramidasının qarşısında dayananda ilk olaraq Misir piramidalarını xatırladım. Amma burada gördüyüm tikili onlardan xeyli fərqlənirdi. Gizada iri daş bloklarının bir-birinin üzərinə yerləşdirilməsi insanı heyrətə gətirir. Həmin daşların daşınması, qaldırılması, belə dəqiqliklə düzülməsi barədə düşünəndə qədim mühəndisliyin imkanlarına təəccüblənməmək olmur. Teotihuakanda isə başqa tikinti üsulu ilə qarşılaşırıq. Günəş və Ay piramidaları Misirdəki kimi hamar maili səthlərə malik deyil. Onlar pilləli, terraslı quruluşa malikdir. Tikintidə müxtəlif ölçülü daşlardan, daş qırıntılarından, torpaq və digər doldurucu materiallardan istifadə olunub. Vaxtilə səthlərin suvaqla örtüldüyü, rəngləndiyi də məlumdur. Deməli, bu gün gördüyümüz daş görünüşü həmin tikililərin ilkin görkəminin hamısı deyil.
Biz qədim dünyanı çox vaxt rəngsiz təsəvvür edirik. Çünki zaman onun rənglərini silib. Əslində isə tarix bizim gördüyümüzdən qat-qat rəngarəng olub. Günəş piramidasının üzərindəki bəzi çıxıntılar, terrasların arasındakı qeyri-bərabər səthlər də diqqətimi çəkdi. Bir anlıq mənə elə gəldi ki, bu nəhəng tikili daşdan hörülmüş bina deyil, insan əli ilə yaradılmış dağdır. Bəlkə də piramidanın fəlsəfəsi elə budur. İnsan təbiətdə gördüyü dağı öz əli ilə yenidən yaratmaq istəyib. Axı dağ tanrılara yaxınlığın, ucalığın, əbədiliyin rəmzi olub. Piramida isə insanın öz əli ilə ucaltdığı müqəddəs dağa çevrilib.
Günəş piramidasının hündürlüyü təxminən 65 metrdir. Ay piramidası isə ondan bir qədər alçaqdır. Ancaq yerləşdiyi relyef və şəhərin ümumi planı sayəsində Ay piramidası da olduqca əzəmətli görünür. Bu iki tikili bir-birindən uzaqda deyil. Onları Ölülər yolu adlandırılan geniş mərasim prospekti birləşdirir. Əslində, bu yolun adı da sonrakı Astek ənənəsi ilə bağlıdır. Onlar yolun ətrafındakı tikililəri məzarlarla əlaqələndirmişdilər.
Günəş piramidası şəhərin əsas oxunun şərq tərəfində, Ay piramidası isə həmin oxun şimal ucunda yerləşir. Bu yerləşmə təsadüfi şəhərsalma təsiri bağışlamır. Ay piramidasının arxasındakı Cerro Gordo dağı ilə yaratdığı mənzərə xüsusilə diqqətəlayiqdir. Bu nəhəng şəhərdə memarlıqla təbiət sanki bir-birini tamamlayır.
Ancaq Günəş və Ay adlarının bu piramidalara qoyulması da maraqlıdır. Bu adlar tikililərin ilkin qurucularının onları məhz həmin göy cisimlərinə həsr etdiyini tam sübut etmir. Mənbələrə görə onlar sonrakı dini təsəvvürlərin və adlandırmaların məhsuludur.
Bəs ilkin qurucular bu piramidalara nə dediklərini bilmirik. Hansı tanrılara üz tutduqları haqqında cavabımız yoxdur. Bəzi izlərimiz var, amma bütün cavablarımız yoxdur. Bu gəzintidə mənə dəstək verən Azərbaycanın Meksikadakı səfirliyinin əməkdaşı Mehdi bəy idi.
Mehdi bəy təxminən iyirmi ilə yaxındır Latın Amerikasının müxtəlif ölkələrində diplomatik fəaliyyətdə olub. Səfirlik və konsulluq işində çalışıb, bölgəni yaxından tanıyır. Onunla söhbət etdikcə hiss edirsən ki, Latın Amerikası onun üçün sadəcə xəritədəki ölkələr deyil. Bu coğrafiyanın insanlarını, davranışlarını, mədəniyyətini, həyat tərzini uzun illərin təcrübəsi ilə öyrənib.
Yolboyu müxtəlif mövzulardan danışdıq. Meksikanın tarixindən, xalqlarından, bölgənin özünəməxsusluğundan, diplomatik həyatın maraqlı və çətin tərəflərindən… Mənim üçün belə səfərlərin ən böyük üstünlüklərindən biri də budur: getdiyin yeri yalnız gözlərinlə deyil, orada yaşayan və onu tanıyan insanların düşüncələri ilə də görürsən. Teotihuakanda isə söhbətlərimiz bir az da fəlsəfi xarakter aldı. Bu piramidaları kimlər tikib? Niyə tikiblər? Onların qurucuları haraya gediblər? Belə böyük şəhər niyə əvvəlki qüdrətini itirib?
Əlbəttə, tarixçilər şəhərin tənəzzülünü siyasi qarşıdurmalar, sosial böhranlar, ətraf mühitdəki dəyişikliklər və başqa amillərlə əlaqələndirirlər. Amma bir şəhərin süqutunu izah etmək onun içində yaşamış hər insanın taleyini bilmək demək deyil.
Sözsüz ki, sivilizasiyalar ölmür, sadəcə başqa xalqların yaddaşında yaşamağa davam edir. Həmin gün piramidaların qarşısında dayanarkən ağlıma qəribə bir hekayə ideyası da gəldi. Dünyanın müxtəlif yerlərindəki piramidalar arasında görünməz əlaqə olsa necə olar? Bir insan heç özü də bilmədən onların qarşısında eyni işarəni göstərsə və bu işarə minillərdir yatan hansısa sirri oyatsa? Bəlkə də insanlığın daşlarda axtardığı sirr əslində öz yaddaşında gizlənib?
Günəş Piramidasının yuxarısına çıxmağa icazə yox idi, amma turistlər Ay Piramidasının birinci qatına qalxmağa icazə verirdilər. Bizim pilləkən adlandırıb, istifadə etdiyimiz pilləkənlər də adi deyil. Bizim bugünkü pilləklən standartından çox uzaqdır. Həm hündür, həm də ayaq yerləri ensizdir ki, bu da enib, qalxmağı xeyli çətinləşdirir. Ya o insanlar fərqli boy-buxunda olub, ya da bunlar pilləkən kimi nəzərdə tutulmayıb.
Artıq gəzintimiz bitmişdi, şəkil çəkdirməkdən doymur adam, dönüb bir də baxırsan, bir də baxırsan. Gözünü yumub bir sirli əlin sayəsində o günlərə getmək istəyir adam. Amma…
Gəzintimizi başa vurub bir neçə kiçik suvenir aldıqdan sonra şəhərə qayıtmamışdan piramidaların yanındakı milli restoranda-Mexcio Lindoda yemək yedik. Burada isə günün ən gözlənilməz, ən təsirli anlarından birini yaşadım.
Restorana daxil olanda böyük bir masa diqqətimi çəkdi. Masa əvvəlcədən hazırlanmışdı. Üzərində Azərbaycan bayrağı vardı. Qarşısında isə adım yazılmışdı:
Şəmil Sadiq — Meksikaya xoş gəlmisiniz! Bir anlıq dayandım. Etiraf edim ki, belə incə düşünülmüş diqqət məni çox duyğulandırdı. Dünyanın o biri tərəfində, Azərbaycandan minlərlə kilometr uzaqda, bir Meksika restoranında öz bayrağını görmək qəribə hissdir. O bayraq orada sadəcə masa bəzəyi deyildi. Mənim üçün o, dövlətimin varlığının, müstəqilliyinin, dünyanın uzaq bir nöqtəsində belə öz vətəndaşına sahib çıxmaq imkanının rəmzi idi. Bir daha düşündüm ki, müstəqil dövlətə sahib olmaq nə qədər böyük nemətdir. Biz bəzən dövlətin varlığını gündəlik həyatımızda o qədər təbii qəbul edirik ki, onun əhəmiyyətini unuduruq. Amma vətənindən minlərlə kilometr uzaqlaşanda, başqa dilin, başqa mədəniyyətin, başqa həyat tərzinin içində olanda dövlətin nə demək olduğunu daha dərindən anlayırsan. Sənin dövlətin var. O dövlət okeanın bu tərəfində öz bayrağını dalğalandırır. Burada səfirliyi var. O səfirlikdə vətənini, millətini sevən, ölkəsini layiqincə təmsil etməyə çalışan insanlar çalışır. Və sən harada olursansa ol, bilirsən ki, ehtiyac yarananda müraciət edə biləcəyin bir ünvanın var. Bu, insana qəribə bir güvən verir.
Meksikaya gəlməmişdən bir həftə əvvəl səfirliyimizin əməkdaşları ilə, səfirimiz cənab Seymur müəllimlə bir neçə dəfə telefon danışığımız olmuşdu. Gəldiyim gündən isə diqqətlərini hiss edirdim. Qarşılanma, səfər proqramı ilə bağlı məsləhətlər, gündəlik qayğılar, hətta axşam otelə qayıdandan sonra zəng edib hər şeyin qaydasında olub-olmadığını soruşmaları… Bütün bunlar formal münasibətdən daha artıq idi. Xüsusilə də haqqında müxtəlif təhlükəsizlik xəbərdarlıqları eşitdiyin, sənə hələ yad olan bir ölkədə belə münasibət daha çox dəyər qazanır.
Mən o masanın qarşısında dayananda bunu bir daha anladım: Dövlətin gücü yalnız onun sərhədlərinin içində deyil, sərhədlərindən kənarda vətəndaşına verə bildiyi güvəndə də görünür.
Bu ölkənin mətbəxi də tarixi kimi rəngarəngdir. Bəzən bir yeməyin içində qədim yerli xalqların qida ənənəsi ilə ispan təsirini yanaşı görürsən.
Bizə müxtəlif qəlyanaltılar gətirdilər. Aralarında qurudulmuş həşəratlar da vardı. Xırda, qovrulmuş, bir az suxarını xatırladan, amma tamamilə fərqli dada malik bir nemət. Meksikada belə qidalardan ən məşhurlarından biri chapulines adlanan qovrulmuş çəyirtkələr, soxulcanlardir. Hətta qarışqa yumurtasından hazırlanan salat da vardı. Əvvəlcə bir qədər tərəddüd etdim. Sonra düşündüm ki, başqa ölkəyə gəlib yalnız öz mətbəxinə uyğun yemək axtarmağın nə mənası var? Bir xalqı tanımaq istəyirsənsə, onun süfrəsinə də oturmalısan.
Əsas yeməklərdən biri isə mənə bizim sac yeməklərini xatırlatdı. İsti Vulkanik daş qabda təqdim olunan, ət və tərəvəzlərin birlikdə hazırlandığı yemək həm görünüşü, həm də dadı ilə Azərbaycan mətbəxinə yaxın idi. Meksikada buna bənzər yeməklər alambre və ya molcajete kimi müxtəlif adlarla təqdim olunur. Bir daha əmin oldum ki, xalqların dilləri, dinləri, tarixləri nə qədər fərqli olsa da, süfrə arxasında bir-birinə yaxınlaşması çox asandır.
Günümüz maraqlı söhbətlər, yeni dadlar, xoş ovqat və gözlənilməz duyğularla başa çatırdı. Amma mənim üçün gün hələ bitməmişdi.
Axşam otelə qayıdanda bir qədər dincəldim. Mənə dəfələrlə tapşırmışdılar ki, gecə şəhərdə tək gəzməyim. Xüsusilə də tanımadığım dar küçələrə girməyim, ehtiyatlı olum. Sözsüz ki, bunlar yerində verilmiş məsləhətlər idi. Amma insanın qəribə xasiyyəti var: bəzən ona nəyi qadağan edirlərsə, ən çox onu etmək istəyir. Mən də axşam yenidən küçəyə çıxdım. Təxminən bir saat şəhəri təkbaşına gəzmək qərarına gəldim. Bəlkə bu, bir az yersiz cəsarət idi. Bəlkə də insanın özünə sübut etmək istədiyi mənasız bir kişilik iddiası. Axı təhlükəsizlik qaydalarına əməl etməmək heç də cəsarət göstəricisi deyil. Amma başqa bir hiss də vardı içimdə. Mən şəhərləri tək gəzməyi sevirəm. Çünki bələdçi ilə gəzəndə sənə göstərilən şəhəri görürsən. Tək gəzəndə isə bəzən şəhərin özünü. İnsanların üzünə baxırsan. Küçələrin səsini eşidirsən. Mağazaların işığına, binaların divarlarına, yol kənarındakı heykəllərə diqqət edirsən.
Meksikanın geniş prospektləri, xüsusilə Paseo de la Reforma prospekti məni diqqət çəkir. Prospekt boyunca sağlı-sollu heykəllər, abidələr, müxtəlif tarixi şəxsiyyətlərə həsr olunmuş büstlər, monumental sənət nümunələri diqqət çəkir.
Gecə otelə qayıdanda yorğun idim. Amma yatmaq istəmirdim. Telefonumda gün ərzində çəkdiyim şəkillərə baxdım. Günəş piramidası. Ay piramidası. Ölülər yolu. Daş divarlar. Restorandakı Azərbaycan bayrağı. Sonra yenidən Günəş piramidasının şəklini açdım. Uzun müddət baxdım. Yəqin ki, onların heç ağlına gəlməzdi ki, minillər sonra dünyanın başqa tərəfindən, Azərbaycandan bir adam gəlib bu daşların qarşısında dayanacaq, onların kimliyi haqqında düşünəcək, hətta bir hekayə yazmaq istəyəcək.
Meksika mənim üçün artıq xəritədə uzaq bir ölkə deyil. Minillər əvvəl yaşamış insanların düşüncələrinə açılan, hər qapısının arxasında başqa bir tarix gizlənən böyük bir dünyadır.
Bu gün o dünyanın Günəş və Ay adlı iki daş qapısının qarşısında dayandım.
Hələ ki, yol davam edir, qarşıda isə Guadalaxara kitab sərgisi, Yukatan var. Mayaların qədim şəhərləri, Kukulkan piramidası, başqa bir sivilizasiyanın daş yaddaşı…
Görək, növbəti qapının arxasında nə var…
Meksika, 22 noyabr 2026-cı il.






