Meksikanın ikinci günü – Kanallar, kuklalar və yaşayan tarix…
Meksikada ikinci günümüzü də başa vurduq. Bu gün proqramımızda Mexiko şəhərinin mərkəzindən təxminən 33 kilometr məsafədə yerləşən Xochimilco (Soçimilko) bölgəsini gəzmək vardı. Adı qədim nahuatl dilində «çiçək tarlalarının yeri» mənasını verən Xochimilco Meksikanın ən maraqlı turizm mərkəzlərindən biridir. 1987-ci ildən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu məkan qədim Meksika mədəniyyətinin günümüzə qədər gəlib çatmış canlı nümunəsidir.
Əslində, buranı açıq səma altında kənd təsərrüfatı muzeyi də adlandırmaq olar. Kanallar arasında süni torpaq sahələri yaradılıb. Chinampa adlanan bu əkin sahələrində müxtəlif tərəvəzlər, gül-çiçək yetişdirilir, istixanalar fəaliyyət göstərir. Bütün bunlar ispanların Amerikaya gəlişindən çox əvvəl Meksika vadisində formalaşmış əkinçilik mədəniyyətinin davamıdır.
Kanallar boyunca hərəkət edən, trajinera adlandırılan rəngarəng taxta qayıqlar isə bu məkanın xüsusi gözəlliyidir. Qayıqları idarə edən şəxs əlindəki uzun ağac dirəyi kanalın dibinə dirəyərək qayığı hərəkətə gətirir. Nə motor səsi var, nə də texnologiyanın müdaxiləsi. Bir tərəfdə sakit təbiət, digər tərəfdə musiqi, rəqs, gülüş və insan izdihamı…
Kanalın sağ-solu bizim bildiyimiz klassik kənd mənzərəsini xatırladır. Amma bu sadə mənzərəni insanların həyat eşqi o qədər rəngarəng edir ki, saatların necə keçdiyini hiss etmirsən. Bu gün şənbə olduğundan əylənməyə gələn yerli insanların da sayı çox idi. Bir qayıqda ad günü keçirilir, digərində mariaçi musiqiçiləri nəğmə oxuyur, başqa birində insanlar yeyib-içir, rəqs edirlər. Sanki bütün kanal boyunca həyat bayramı keçirilir.
Bugünkü yol yoldaşım səfirliyimizin dəyərli əməkdaşı Namiq bəy idi. Söhbət əsnasında məlum oldu ki, illər əvvəl 20 nömrəli məktəbdə ona bir-iki dəfə dərs də demişəm. Dünya doğrudan da kiçik imiş. Bakının 20 nömrəli məktəbində başlayan müəllim-şagird xatirələrimiz illər sonra Meksikanın su kanallarında davam edirdi. İnsan yol yoldaşından, həmsöhbətindən razıdırsa, yolun uzunluğu da yorucu olmurmuş.
Qayıqları fərdi şəkildə kirayələmək və ya turist qruplarına qoşulmaq mümkündür. Biz daha sərbəst olmaq üçün ayrıca bir qayıq götürdük. Adətən, turistlər iki və ya dörd saatlıq gəzintilərə üstünlük verirlər. Biz isə beş saatlıq tur seçdik. Təxminən 100 ABŞ dollarına başa gələn bu turun müddətini uzatmağımızın xüsusi səbəbi vardı. Meksikaya gəlməzdən əvvəl oxuduğum, şəkillərinə baxdığım və hər turistin getmədiyi qəribə bir məkanı görmək istəyirdim.
Isla de las Muñecas – Kuklalar adası.
Bu adanın yaranması ilə bağlı qəribə bir rəvayət var. Deyilənə görə, vaxtilə burada balaca bir qız suda boğulub. Adada yaşayan Julián Santana Barrera adlı şəxs həmin uşağın ruhunun narahat dolaşdığına inanaraq ağaclardan birinə kukla asıb. Sonralar tapdığı köhnə, atılmış, qolu-ayağı qırılmış kuklaları da ağaclara, daxmaların divarlarına yerləşdirməyə başlayıb. Bu rəvayətin tarixi həqiqət olub-olmadığı məlum deyil, amma zamanla ada yüzlərlə kuklanın toplandığı qeyri-adi bir məkana çevrilib.
Buranı atılmış kuklaların muzeyi də adlandırmaq olar.
Ağacların budaqlarından sallanan, illərin təsirindən rəngini və görkəmini itirmiş kuklalar insanda qəribə hisslər oyadır. Əslində, uşaqlığın, məsumluğun, sevincin simvolu olan kukla burada tamam başqa məna qazanıb. Uşaqlıq sevinci ilə ölüm qorxusunun eyni məkanda birləşməsi… Bir yazıçı üçün yetərincə düşündürücü mənzərədir.
Bugünkü gəzintimizdə daha bir maraqlı canlı ilə tanış olduq. Adı axolotl (aksolotl), elmi adı isə Ambystoma mexicanum olan bu canlı balıq deyil, suda yaşayan salamandr növüdür. Onun ən qeyri-adi xüsusiyyəti itirdiyi ətraflarını, hətta bəzi zədələnmiş orqan və toxumalarını yenidən bərpa edə bilməsidir.
Aksolotlun adı qədim Aztek mifologiyasındakı Xolotl tanrısı ilə əlaqələndirilir. Rəvayətə görə, ölümündən yayınmaq istəyən Xolotl müxtəlif canlıların görkəminə girir və sonda suda yaşayan bu qəribə varlığa çevrilir. Bu gün təbii yaşayış mühitində nəsli ciddi təhlükə altında olan aksolotl regenerasiya xüsusiyyətinə görə müasir elmin də diqqət mərkəzindədir.
Beləcə, qədim mifologiya ilə müasir biologiyanın kəsişdiyi nöqtədə daha bir canlı ilə görüşdük, ona yaxından baxmaq, toxunmaq imkanımız oldu.
Beş saat boyunca qayığımızda özümüzlə götürdüyümüz təamların dadına baxdıq, yeyib-içdik, söhbətləşdik, musiqi dinlədik, əyləndik. Yolüstü gül-çiçək plantasiyalarına, istixanalara baş çəkdik, dönüşdə isə kiçik suvenirlərimizi, hədiyyələrimizi aldıq.
Mexiko şəhərinə qayıdandan sonra günümüzü Meksikanın dünyaca məşhur milli yeməyi olan tako (taco) ilə tamamladıq. Takonu burada fərqli formalarda təqdim edirlər. Ya hazır şəkildə süfrəyə gətirirlər, ya da tortilyanı, əti, göyərtini, müxtəlif sousları və digər ərzaqları ayrıca verirlər, sən də öz zövqünə uyğun takonu özün hazırlayırsan. Belə olanda yeməyin özü də bir növ əyləncəyə çevrilir.
Bu günümüzün yeddi-səkkiz saatını məhz bu gəzintiyə həsr etdik. Xeyli yorulduq, amma şirin yorğunluq idi. Çoxlu şəkillər, videolar çəkdik. Ən əsası isə Meksikanı bir az da yaxından duyduq.
Düşünürəm ki, bir ölkəni tanımaq üçün onun muzeylərini, tarixi abidələrini gəzmək, kitablarını oxumaq yetərli deyil. Gərək insanlarının arasında olasan, onların necə güldüyünü, necə əyləndiyini, nə yediyini, bir-birinə necə münasibət bəslədiyini görəsən. Bəzən bir xalqın həyat fəlsəfəsini onun elmi-fəlsəfi kitablarından deyil, bir şənbə günü necə istirahət etməsindən daha yaxşı anlayırsan.
Bu gün Xochimilcoda məhz bunu yaşadım. Meksikanın təkcə tarixini deyil, həyat eşqini də gördüm.
Dəyərli yol yoldaşım Namiq bəyə bu maraqlı gün və səmimi həmsöhbətliyi üçün təşəkkür edirəm.
Sabah yeni bir yolçuluq, yeni bir tarix, yeni təəssüratlar…
Meksikanı kəşf etməyə davam edirəm…
Embajada de México en Azerbaiyán / Embassy of Mexico in Azerbaijan









