Xəbərlər

Firudin Cəlilov balabilgələrə ustad dərsi keçib

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Hədəf Liseyinin Nəsimi filialında “Turan Balabilgə Akademiyasının” üzvələrinə və liseyin balabilgələrinə “Qədim türk tarixi-Urmu nəzəriyyəsi” mövzusunda  ustad dərsi keçib.

Turan Balabilgə Akademiyasının “Tarix və Mədəniyyət” bölməsinin rəhbərləri Araz Vəlizadə və Abbas Abdulzadə əvvəlcə Firudun Cəlilovun həyatı və elmi fəaliyyətinə dair salyd-təqdimat ediblər.

Özünün müəllifi olduğu “Urmu nəzəriyyəsi” barədə məlumat verən Firudin Cəlilov bildirib ki, bu nəzəriyyəyə görə Urmiya gölü hövzəsi (Cənubi Azərbaycan) türklərin etnik, mədəni və dil baxımından ən qədim formalaşma mərkəzlərindən biri, hətta əsas ocağıdır. Urmu mədəniyyəti Yaxın Şərqin Azərbaycan ərazisində formalaşmış ən qədim mədəniyyətlərindən biri sayılır. Bu ərazilər minilliklər boyu türk tayfalarının (Manna tayfa birlikləri, saklar/iskitlər, oğuzlar, qıbçaqlar) əsas məskənlərindən biri olub. Urmu mədəniyyəti türk etnosunun formalaşmasında iştirak edən ən qədim yerli mədəni bazalardan, arxeoloji-mədəni komplekslərdən biridir və Cənubi Qafqaz-Anadolu-Mesopotamiya arasındakı mədəni körpü rolunu oynayıb.

“Urmu nəzəriyyəsi”nə görə, “Türklər yalnız Altay-Orta Asiyadan çıxıb” fikri yetərli deyil: Türk etnosunun formalaşması çoxmərkəzli olub. Bu mərkəzlərdən biri və bəlkə də ən qədimi Urmu bölgəsidir. Nəzəriyyədə türklərin yalnız Altaydan çıxması fikri təkzib edilmir, lakin vurğulanır ki, Altay türk dünyasının sonrkı siyasi mərkəzlərindən biridir, lakin ilkin və yeganə vətən deyil.

Ustad dərsində balabilgələrin Urmu gölü ətrafında  qədim  sənətkarlıq, ticarət, toponimlər, etnonimlərlə bağlı sualları cavablandırılıb, izah və iqtibaslar verilib, Azərbaycan dilinin və əlifbasının tarixi, dilimizin saflığının qorunması mövzularında təqdimatlar edilib.

Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində-2025-ci il dekabrın 5-də Hədəf Liseyində təsis edilib. Akademiya hazırda 6 bölmə üzrə fəaliyyət göstərir. Üzvlər üçün ardıcıl olaraq görkəmli alim və mütəxəssislərin iştirakı ilə elmi araşdırmalar və ustad dərsləri təşkil edilir.

Hədəf MEDİA

Oxşar yazılar