Xəbərlər

Monqolustan həyat tərzi, kasıblıq, yoxsa özünəməxsusluq?!

Monqolustan uzaqdan “yaşıl dəniz” kimi görünür. Yüz kilometrlərlə yol gedirsən, hər tərəf yaşıl, sonsuz çöldür sanki. Amma yaxından baxanda bu yaşıllığın bizim Qafqaz dağlarındakı kimi rəngarəng bitki örtüyü olmadığını görürsən. Bizim dağlarda, yaylalarda gördüyümüz o zəngin ot, çiçək, kol, ağac müxtəlifliyi burada çox azdır. Sadəcə çimən və yövşan və bir iki də adını bilmədiyim bitki…
Əslində Bu, təbiətin kasıblığı deyil, daha çox çöl ekosisteminin xarakteridir: geniş, sərt, küləkli, aznövlü, amma heyvandarlığa uyğun otlaq sistemi. Üstəlik, uzun illər davam edən otarma təzyiqi də bitki örtüyünə təsirsiz ötüşmür. Xüsusilə quru və yarımsəhra çöllərində biomüxtəlifliyin azalması hiss olunur. Səbəb isə heyvandarlığın geniş inkişaf etməsidir.
Rəsmi statistikaya görə, Monqolustanda 2024-cü ilin sonunda mal-qaranın ümumi sayı 57,6 milyon baş olub. Bunun təxminən 42,5 faizi qoyun, 39,8 faizi keçi, 8,8 faizi iribuynuzlu heyvan, 8,1 faizi at, 0,8 faizi isə dəvədir. 2025-ci ilin sonunda bu rəqəm təxminən 58,1 milyon kimi göstərilir. Yəni 3,5 milyonluq ölkə üçün çox böyük nisbətdir: adambaşına təxminən 16–17 baş heyvan düşür.
Süd məsələsi də ayrıca maraqlıdır. Monqolustanda “süd mədəniyyəti yoxdur” demək doğru olmaz. Amma bizim anladığımız mənada pendir və zavod tipli südçülük mədəniyyəti çox zəif görünür. Biz yerli pendir mədəniyyətinə ciddi şəkildə rast gəlmədik. Bu mənzərə təkcə Monqolustana aid deyil; Orta Asiyanın bəzi ölkələrində də oxşar vəziyyət müşahidə olunur. Görünür, bizim pendir mədəniyyəti Qafqaz və Anadolu coğrafiyasında daha geniş və daha sistemli şəkildə formalaşıb.
Ənənəvi süd məhsulları isə var: qımız, monqolca airag, qurut tipli qurudulmuş məhsullar, fermentləşdirilmiş süd içkiləri, süd çayı və s. Yəni süd var, heyvan var, ənənə var. Sadəcə bu ənənə Qafqazdakı pendir, qaymaq, şor, qatıq, süzmə, nehrə yağı xətti ilə inkişaf etməyib.
Bəs bu qədər heyvanın südü hara gedir?
Cavab qismən belədir: südün böyük hissəsi ailə daxilində, mövsümi və ənənəvi üsullarla işlənir. Köçəri həyat tərzində südü zavoda daşımaq, soyutma zənciri qurmaq, standartlaşdırmaq, bazara çıxarmaq asan deyil. Heyvanlar da çox vaxt yüksək məhsuldar süd cinsləri kimi yox, sərt iqlimə dözümlü çöl heyvanları kimi saxlanılır. Yəni məsələ təkcə otun dadı, südün yağlılığı və ya məhsuldarlıq deyil; burada logistika, iqlim, dağınıq yaşayış, bazar infrastrukturu və ənənəvi istehlak modeli əsas rol oynayır.
“Ger”, yəni monqol çadırı məsələsi isə ayrıca maraqlıdır. Demək olar ki, hər həyətdə görmək olur. Yanında kiçik bir ev olsa da, həyətdə hökmən bir ger var. İlk baxışda bunu kasıblıq əlaməti kimi düşünmək olar. Amma ger sadəcə sığınacaq deyil; həm yaşayış forması, həm kimlik simvolu, həm də iqlimə uyğun praktik memarlıqdır. Tez qurulur, tez sökülür, qışda qızdırmaq nisbətən asandır, ailə həyatının mərkəzidir.
Ulanbatorda “ger rayonları” ayrıca böyük sosial hadisədir. Bu ərazilərdə yaşayan insanların bir hissəsi müasir şəhər infrastrukturundan tam yararlana bilmir. Su, kanalizasiya, istilik, yol və digər məsələlər ciddi problem olaraq qalır. Amma bununla yanaşı, ger monqolun yaddaşında sadəcə yoxsulluğun deyil, həm də köçəri ruhun, ailə bağının və azadlıq duyğusunun rəmzidir.
Monqolustan ilk baxışda boşluq kimi görünür. Amma əslində o boşluq deyil; başqa cür doluluqdur. Bizim gözümüz şəhər, hasar, bağ, meşə, bazar, pendir, qatıq, böyük ev, ağır mebel axtarır. Monqolun dünyasında isə torpaq daş hasarla yox, taxta ilə; ev divarla yox, gerlə; sərvət bank hesabı ilə yox, sürü ilə; süd isə pendirlə yox, qımızla və qurutla danışır.
Bir az kobud desək, biz baxanda “burada niyə heç nə yoxdur?” deyirik. Onlar baxanda isə bəlkə də belə düşünürlər: “Burada hər şey var: göy, ot, at, sürü, çadır, yol və azadlıq.” Başqa nə istəyirsiz?))

Oxşar yazılar