Hədəf STEAM Liseyində “Bakının qurtuluşu” günü qeyd olundu
13 sentyabr 2024-cü il tarixdə Hədəf STEAM Liseyi Nəsimi filialında Qafqaz-İslam Ordusu tərəfindən Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsi gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi idarə heyətinin sədri Səfər Qaraqoyunlunun rəhbərliyi ilə 20 nəfər üzv qonaq qismində iştirak etdi.
Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbir Hədəf Liseyi balabilgələri və Türkiyədən gəlmiş Azərbaycan əsilli qonaqların iştirakı ilə coşğulu bayram ab-havası ilə keçdi.
Hədəf Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq salamlama nitqi zamanı qonaqlara lisey haqqında qısa məlumat verərək Hədəf konseptinin mahiyyətini izah etdi. Daha sonra natiq Nuru Paşanın başçılığı ilə Bakının qurtuluşu zamanı şəhid olmuş qəhrəmanlarımızı yad edərək Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildirdi. Şəmil Sadiq 2007-ci ildə İstanbulda qələmə aldığı “Türkiyəm” şeirini tədbir iştirakçıları üçün səsləndirdi.
İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi idarə heyətinin sədri Səfər Qaraqoyunlu çıxışı zamanı 1918-ci il 15 sentyabr tarixində Bakının azad edilməsində iştirak edən Qafqaz-İslam ordusu əsgərlərinin xatirəsinin hər il rəhbərlik etdiyi dərnək tərəfindən xüsusi qeyd edildiyini bildirdi.
Tədbir Hədəf STEAM Liseyi balabilgələrinin Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına həsr olunan şeir və mahnıların səsləndirilməsi ilə davam etdi.
Sonda tərəflər bir-birinə hədiyyələr təqdim etdi, xatirə fotosunun çəkdirilməsi ilə tədbir başa çatdı.