(“Ustad” dərgisi, 17-ci say)
Gecənin bir aləmi idi. Yerimə həmişəkindən tez girsəm də, yata bilmirdim. Yatağımın içində fırlana-fırlana qalmışdım. O qədər fırlanmışdım ki, artıq qulaqlarım da od tutub yanırdı. Elə gözümü yumub yatmaq istəyirdim ki, ilançayan fikirlər, düşüncələr başıma doluşur, rahatlanmağıma bilmərrə imkan vermirdi. Gah yadıma yeni yazmaq istədiyim romanın taleyi düşür, gah da ağlıma maraqlı sujetlər gəlirdi.
– Əşşi, bu nədir ee, görəsən, nə vaxt gedəcəyəm yuxuya, – deyib yorğanı başıma çəkdim. Bu dəm də yeni bir məqalə ideyası məni girinc etməyə başladı. – İlahi, bu nə gündür mən yaşayıram? Axı sabah gərək tez duram, çıxış etmək üçün konfransa hazırlaşmalıyam. Bu nədir belə? – deyib ayağa qalxaraq mətbəxə yollandım. Gözümə sataşan ilk əşya uşaqların divanın üstündə qoyduğu qələm oldu. Fikir vermədim, bir alma götürüb həyətə çıxdım ki, bəlkə, təmiz hava alam, bir az yuxu gətirə mənə. Amma nə fayda? Heç xeyri olmadı. Bir dəli şeytan deyir ki, aç kompüteri, başla yarım qalan işlərini görməyə, sonra nəsə, kimsə dəli şeytanın qulağına bir şeylər pıçıldadı və beləcə o, asanlıqla olmasa da, məndən əl çəkdi.
Geri qayıdıb yenidən yerimə girdim, telefonu götürüb internet səhifələrində qurcalanaraq vaxt keçirmək istəsəm də, özümə qoyduğum qadağa ucbatından bu fikirdən də əl çəkməli oldum. Nəsə… Məni narahat edən hekayə, məqalə, roman haqqında düşüncələri unudub,yenidən yatmaq istədim.
Həmişəkindən fərqli olaraq, bugün baş verənləri heç yada salmaq istəmirdim. Heç nə olmamış kimi uzanmışdım. Bu gün yersiz olaraq xətrinə dəydiyim dostlarımdan biri heç yadıma da düşmürdü. Heç özümü sorğu-sual edib məzəmmət də etmək istəmirdim.
Mən sadəcə üstümə hücum çəkən ideyaları iti qovan kimi beynimdən qovub, rahatca yaşamaq və səhər yuxudan rahatca, yəni adam kimi oyanmaq istəyirdim. Elə buna görə də sadəcə gözlərimi bərk-bərk sıxır, fikirləri beynimdən qovurdum… Amma alınmırdı… Əsəbiləşib, bir neçə gün öncə həkimdən aldığım yuxu dərmanını əlimə aldım. İçməmək üçün, sanki iradəmlə əlbəyaxa çəkişirdik. Qəfildən ürəyimdən keçdi ki, bundan elə beş-altısını birdən atım və birdəfəlik yatım. Axı həkim demişdi ki, ehtiyatlı ol; dörd-beş dənəsi adamı öldürə bilər. Nə isə… Bu fikri də həmin dəqiqə beynimdən rədd edir, bir dənəsini çıxarıb iki yerə bölərək atır və yuxunun gəlməsini gözləyirəm. Yuxu da, sanki bir ay parçası kimi gözəl olub, özünü qoyub naza. Elə naz-qəmzə ilə gəlir ki, adamın lap ürəyi çəkilir. Həsrəti də adamı elə dəli-divanə edib ki, görən kimi sarılıb, həmin andaca vüsala çatmaq istəyirsən.
Elə bu an qəfildən bir seir gəlir ağlıma. “Yazmayacam”, – deyib, üzümü o yana çevirirəm.
Beləcə, çox keçmir ki, ağlıma gələnlərin hamısını rədd edib, vicdanımın səsini eşitmədən insan övladının icadı ilə özümü yuxusuzluqdan xilas edirəm. Yavaş-yavaş yanıma gələn yuxunun qoynuna girib, mışıl-mışıl yatıram.
Səhər duranda hiss edirəm ki, başım dumanlıdır. Elə bil yer ayaqlarımın altında oynayır. Nəsə hər şey birtəhərdi.
Qalxıb asta-asta həyətə çıxmaq istəyirəm. Amma nə qədər dartıramsa, qapı açılmır. Güc edirəm. Birtəhər qapıdan boylanıram. Görürəm ki, vicdanımla ilham pərim sarmaş-dolaş olub oturublar… İlham pərim vicdanımı bütün ruhu ilə bərk-bərk qucaqlayıb. İlham Pərimin Vicdanıma dəlicəsinə sarılması mənə üzüm koluna sarılmış küzü xatırladır. Bir az da diqqətlə baxıram, görürəm ki, onlar soyuqdan donub ölüblər. Çovğunun qapımıza çırpdığı qar hər ikisinin qapıda qalan dırnaq izlərinin üstünə yağıb.
Onların qabağında diz çökürəm. Bütün qəlbimlə İlham Pərimlə Vicdanımın ölməməsini arzulayıram. Daşlaşmış ürəyim donmuş cəsədlərin qarşısında öz acizliyinə ağlayır. İstəyirəm vicdanımı məzəmmət edim, deyim “ay alçaq, ay insafsız, ay daşürək, sən bunları axşam niyə çöldə qoydun ki, onlar da öldülər?”
Amma vicdan nə gəzir? Hardadır o? İndi meyiti gözümün qabağındaca yerə sərilib…
Sonra istəyirəm: “Hardasan, ay İlham Pərim, gəl, birlikdə ağı deyib ağlayaq bu hala, bu qəzaya”, – deyim. Amma o zaman da yadıma qarşımdakılar düşür.
Hə… Bir də onu xatırlayıram ki, deyəsən, axşam ağlıma gələn fikirləri iti qovan kimi qov-muşdum axı. Onlara xəyanət etmişdim axı…
Elə bu düşüncələr beynimin içində var-gəl edirdi ki, birdən vicdanımın dodaqlarının tərpəndiyini hiss etdim. O nəsə deyirdi. Deyəsən, hələ ölməmişdi. “O yaşayır!” – deyib, sevinirəm.
O isə asta və xırıltılı səslə pıçıldayırdı: “Biz gecə çox cəhd etdik evimizə girmək üçün, amma sən qapını açmadın ki…”
