Ustad Dərgisi

Soldat, nişan yes?

(“Ustad” dərgisi, 13-cü say)

– Soldat, panama yes?
– Soldat, remen yes?
– Soldat, heç olmasa nişan yes?
Bu kəlmələrin mahiyyətini indiki gənclər bilməz. Bu hər bir azərbaycanlı uşağın Sovet əsgərinə ünvanladığı sözlər idi… Bizim kəndimiz İran adlanan dövlətlə – yəni Cənubi Azərbaycanımzla sərhəd bölgəsində və evimiz də kəndin girişində olduğu üçün tez-tez qapımızdan keçən əsgər maşınlarının dalınca qaçır, “çest” verərək bu ifadələri işlədirdik. Tank, BTR kimi zirehli maşınlardan, əlisilahlı əsgərlərdən belə qorxmazdıq, az qalırdıq özümüzü maşınların altına ataq. Ona görə qorxmurduq ki, onlara güvənir və sevirdik. Soldatlar da bu durumdan məmnun olurdu. Hansı xalqdan, hansı ölkədən olması da maraqlı deyildi. Onlar bizim əsgərlər idi. İstər qardaş qazax-özbək olsun, istər erməni. Biz onlara güvənirdik, əsgərlərə hörmət edirdik. Ağır-ağır gedən əsgər maşınları bizim üçün sanki çərpələng idi. Maşınlar keçəndə hamımız ilk olaraq yol kənarına düzülüb, birinci olaraq “Soldat, panama yes?” deyirdik, əgər cavab gəlməsə, “Soldat remen yes?” deyərdik. Əgər buna da cavab gəlməsə, “Nişan yes?” deyib maşınların dalına düşərdik. Bəxtimiz gətirəndə, soldatlar səxavətli olanda papaq və ya remen alardıq. Bunlar olmasa, hökmən nişan olardı. Nişan sovet hökumətində uşaqlar üçün çox dəyərli bir şey idi. Oktyabryat nişanı, Komsomol nişanı o qədər mötəbər bir şey idi ki… Necə sevinc bəxş edərdi bizə. Soldatlar da özlərini çox önəmli adam hesab edərdilər bizim bu hərəkətlərimizə görə.
Bir hadisə də olmuşdu. İndi də evimizdə hərdən deyib gülərik. Həyətimiz kəndin girişində olduğundan, hasarımız da yoldan bir xeyli aşağıda bir metr yüksəklikdə ucaldığından tez-tez qapımız döyülüb nəsə istənirdi. Hansısa yolçu su istəyər, hansısa yolçunun maşını xarab olduğundan açar və s. istəyərdi. Lap nağıllardakı kimi, yol kənarında olan qarı nənənin evi kimi idi. Atamdan gördüyümüz qonaqpərvərliyi biz də davam etdirərdik. Amma ağlımıza gəlməzdi ki, hansısa əsgər gəlib bizim həyətdə bitən bir kolu istəsin. Biz bir gün evdə oyanayarkən qapımız döyüldü. O zaman hələ balkonumuz olmadığından ev qapımız birbaşa həyətə açılırdı. Küçə qapımız da sadəcə görüntü üçün olduğundan kim istəsə rahatca həyətə keçə bilərdi. Düzünü deyim o dövrlər nəsə oğurluq-falan söhbəti də yox idi elə bil… Qapımız döyüləndə anam qəhvəxanada sakitcə uzanıb mürgüləyirdi. Səsi eşidəndə anam “gəl də, sən də” – dedi. Bir də döyüldü, bu dəfə anam “diqalə də” deyərək gülümsündü. Əslində atamın hərdən evə gələndə qapını bu cür zarafatla döyməsi anama bu cür rəftar etməyə imkan verirdi… Üçüncü dəfə döyüləndə anam yerindən dik atılıb, qapıya gedib, qəfil açaraq, atamı diksindirmək istəmişdi. Amma qapını açanda elə qorxmuşdu ki, səsi indi də qulaqlarımdadır. Anamın təşviş içində qorxa-qorxa qışqırması qapını döyən əsgəri də qorxutmuşdu. O da geri çəkilmiş, rusca xatırlamadığım kəlmələr işlətmişdi. Tez-tələsik yaşmağını çəkən, yaylığını düzəldən anam, “Nə istəyirsən, a bala?” deyə yarıqorxulu, yarıtəəccüblü halda əsgərin üstünə qışqırmışdı. Dilimizi bilməyən bu sarışın rus əsgəri həyətimizi göstərib nəsə deyirdi. Təqribən həyətdən nəsə istəyən əsgərə anam “get, nə istəyirsən götür” demişdi. Əsgər də bu əl-qol hərəkətini başa düşüb həyətə getmiş və bizim o vaxt nə olduğunu bilmədiyimiz Çətənə kolundan yapışmışdı. Kolun kökündən yapışıb “Olar, qopardım” deyirdi soldat. Əslində nə o anamın, nə də anam onun dilini bilirdi. Sadəcə işarələrlə anlaşırdılar. Anamın “Əşşi çıxart, rədd ol da burdan” deməsini əsgər başa düşmüş, kolu bir göz qırpımında yerindən çıxarıb, imam qapısından çıxar kimi arxa-arxaya gedərək, təşəkkür etmişdi.
Əsgərdən birinci dəfə onda bir az qorxmuşduq. Amma atam gəlib bu söhbəti eşidəndə gülümsəməsi, bizi bir az yüngülləşdirmişdi. Bu kolun nə qədər önəmli olduğunu düşünmüş, bəlkə bundan verib, nişan almaq olar deyə ürəyimdən də keçirmişdim. Hətta sonralar əvəzində bir şey istəmədiyimə görə peşman olmuşdum.

* * *

Sovet soldatına qarşı məhəbbət və qorxuma bir böyük hadisə də səbəb olmuşdu. Belə ki, 80-ci illərin sonunda kəndimizdə bir əsgər ordudan qaçmışdı. Bu o zamanlar idi ki, yavaş-yavaş üsyanlar başlayır, müstəqil olmaq üçün xalq etiraz edirdi. Amma Sovet hökuməti hələ də var olduğundan ordudan qaçmaq böyük bir xəyanət hesab edilirdi. Buna görə də bir həftə boyunca yüzlərlə əsgər bizim qapımızın açıldığı yola səpələnmiş, gecə-gündüz növbə çəkmişdilər. Biz yenə qorxmurduq onlardan. Yenə çest verib, papaq istəyirdik. Ən çox nişanı da onda yığmışdım. Çünki nənəm gündə iki dəfə onlara çay göndərir, hərdən də yemək verirdi. Bunları da soldatlara mən apardığımdan onlarla aramız yaxşı idi. İlk dəfə silaha da onda yaxından baxmış, hətta əlimi də vurmuşdum. O boyda sovet ordusu bizim məhəllə uşaqlarının əyləncəsi olmuşdu. Onlar üçün də xoş idi deyəsən. Səhərdən axşama, axşamdan səhərə qədər yolu güdən əsgərlər də bizimlə əylənirdilər.

* * *
İl 1990…. Bakıda 20 yanvar hadisəsi baş verdi…. artıq onda mənim 12 yaşım vardı. Bir az qanırdım. O ərəfələrdə əsgər maşınları görəndə “çest” versəm də maşının dalınca düşüb qaçmazdım. Kəndə səs düşmüşdü ki, əsgərlər gəlir. İndiyə qədər qapımızdan keçən tankların evimizi belə titrətməsi nə qədər əyləncəli idisə, indi bir o qədər vahiməli gəlirdi. Bunu bu cür başa düşməyimizin səbəbi böyüklərimizdən gəlirdi. Çünki atam tələsik evə gəlib, işıqları söndürün və qapıya çıxmayın demişdi. Nəsə qeyri-adi bir şey baş verirdi. Nənəm qarğış tökürdü, hərdən də dolmalarım burnunuzdan gəlsin deyirdi. Deyəsən, 20 yanvar faciəsini eşitmişdi. Dünənə qədər əyləncəmiz, güvənc yerimiz olan tanklar birdən-birə od püskürən əjdahaya dönmüşdü. İndi nəinki biz ona yaxın gedə bilmir, heç uzaqdan da baxa bilmirdik. Həmin gecə çox qorxulu və vahiməli bir gecə oldu. Səhər də ehtiyatlı olmaq tapşırılmışdı. Amma uşaq fəhmilə nələrin baş verdiyini anlamırdıq. Tanklara və əsgər maşınlarına uzaqdan baxırdıq. Maraqlıdır ki, sanki soldatlar da dəyişmişdi. Əlləri tətikdə sağa-sola baxa-baxa tankların üstündə oturmuşdular. Bu şanlı əsgərlər indi qanlı-qanlı baxırdılar bizə. Balaca uşaqlardan biri bu dəhşəti başa düşmədiyi üçün qəfil “Soldat nişan yes?” deyə soruşdu… Soldatın tərs-tərs ona baxması, heç gülümsəməməsi bizi yaman qorxutdu. Və qaçdıq həyətə…
Və beləcə soldatlara olan sevgimiz o gündən öldü. Ondan sonra sərhəddən yavaş-yavaş çıxan soldatlara biz də tərs-tərs baxırdıq. İmkan düşəndə gizlincə dallarınca daş da atırdıq.
Soldat kəlməsinin yerinə doğmaca Əsgər kəlməsi gəldi. Artıq biz böyümüş, Soldat sözünü unutmuş, Əsgərimizin özümüz olduğunu dərk etmişdik. Düzdür, bəlkə də indiki əsgərlər uşaqlara nişan vermir, amma o da düzdür ki, bizim əsgər heç zaman bizə silah çevirməz. O silah həmişə düşmənə tuşlanıb…
İndi isə uşaqlar “Ən böyük əsgər, bizim əsgər” deyir.

Oxşar yazılar