Xəbərlər

Şəmil Sadiq: Dövlət dəstəyi əsasında birgə maliyyələşmə modeli təhsildə keyfiyyətə yol aça bilər

Məktəblərin birgə maliyyələşmə modelinə keçidi təhsildə keyfiyyətin yüksəldilməsi, valideynlərin seçim imkanlarının genişləndirilməsi və dövlət xərclərinin daha səmərəli idarə olunması baxımından mühüm mexanizm kimi dəyərləndirilir. Bu barədə Media25-ə açıqlamasında Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq bildirib.

Təhsil texnoloqu qeyd edib ki,  birgə maliyyələşmə modelinin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət bir şagird üçün nəzərdə tutduğu təhsil xərcini birbaşa valideynə yönəldir və valideyn həmin vəsaiti istədiyi təhsil müəssisəsinə köçürmək hüququ qazanır.

Onun sözlərinə görə, bu model bir neçə mühüm məqsədə xidmət edir: dövlətin üzərindəki maliyyə yükünü azaltmaqla yanaşı, təhsilin keyfiyyətinin artırılmasına şərait yaradır, özəl təhsil sektorunun inkişafını stimullaşdırır və orta, eləcə də aşağı gəlirli ailələrin keyfiyyətli təhsilə çıxış imkanlarını genişləndirir.

Dosent Şəmil Sadiq bildirib ki, hazırda ölkədə illik ödənişi 3 000 manatdan 30 000 manata qədər dəyişən məktəblər mövcuddur. Rəsmi qiyməti 10 000 manata qədər olan liseylərin ortalama real ödənişi isə müxtəlif endirim və güzəştlər səbəbilə adətən 6–8 min manat civarında olur.

O, nümunə olaraq qeyd edib ki, Hədəf Liseylərində 9–11-ci siniflər üzrə illik ödəniş bölgədən asılı olaraq 5–6 min manat təşkil edir və bu məbləği ödəyən valideynlərin böyük əksəriyyəti varlı təbəqə deyil, orta təbəqə nümayəndələridir.

Şəmil Sadiq diqqətə çatdırıb ki, 6–8 min manat illik ödəniş aylıq hesabla təxminən 600–700 manat deməkdir. Aylıq gəliri 1500–2000 manat olan və övladının təhsilini prioritet hesab edən valideynlər bu yükü öz üzərinə götürürlər. Onun fikrincə, bu da özəl təhsilin əsasən orta təbəqə üçün əlçatan olduğunu göstərir.

Ekspert vurğulayıb ki, əgər dövlət özəl məktəbdə oxuyan şagirdin bu məbləğinin 3–4 min manatını öz üzərinə götürərsə, orta və aşağı gəlirli ailələr üçün özəl məktəblər real alternativə çevrilər, özəl təhsil sektoruna maraq artar və sektor təşviq olunmuş olar. Eyni zamanda dövlət məktəblərində sıxlıq azalacaq, dövlət həm xərclərə qənaət edəcək, həm də nəticəyə fokuslanan daha səmərəli model qurmuş olacaq.

Şəmil Sadiq əlavə edib ki, bu yanaşma münasib qiymətli, lakin keyfiyyətli “ekonom məktəblərin” yaranmasına və inkişafına da ciddi təkan verə bilər ki, bu da uzunmüddətli perspektivdə ölkənin ümumi təhsil sisteminin güclənməsinə xidmət edər. Birgə maliyyələşmə modeli dünyanın bir sıra ölkələrində konkret mexanizmlər əsasında müzakirə olunub və tətbiq edilir. ABŞ-da dövlət müəyyən kateqoriyadan olan şagirdlər üçün təhsil xərclərinin bir hissəsini vauçer sistemi (dövlət xərcləri artıq məktəbə deyil, birbaşa şagirdə yönəldilir və valideynin seçim imkanı yaranır) ilə qarşılayır və valideynlər bu vəsaiti dövlət və ya özəl məktəbdə istifadə edə bilirlər. İsveçdə və Niderlandda dövlət büdcəsindən ayrılan vəsait hər bir şagird üçün eyni məbləğdə hesablanır və dövlətlə yanaşı özəl məktəblərə də yönəldilir. Çilidə isə bu model 1980-ci illərdən tətbiq olunur və özəl məktəblərin payının artmasına səbəb olub. Beynəlxalq təcrübə göstərir ki, birgə maliyyələşmə modeli aydın qaydalar və effektiv nəzarət mexanizmi ilə tətbiq edildikdə təhsildə keyfiyyət və seçim imkanlarını genişləndirir.

Oxşar yazılar