Daşkənddəyəm…
Gecə saat 1…
Darıxıram, sanki üç nöqtənin heç bir yerində deyiləm. Nə əvvəlində, nə axırında, nə də ortasında.
Bu gün qəşəng qar yağmışdı Daşkəndə. Sevgili kədəri xatırladırdı. Və ya sevgi ilə kədərin əl-lə yerimisəni.
Qar… Qar da qəribədir… Günəşli havada yağarsa, adamın əhvalı xoş olar, küləkli havada yağarsa, gərginlik, əsəb gətirər, tutqun havada yağanda isə, elə bil, kədər tökülür göydən. Daşkənddəki lap üçüncüdən idi. Kədər qəmli şəkildə rəqs edir, səni düşündürür, kimin əlindən tutduğunu, hara getdiyini bilmədyini kimi… Və sən nə düşünürsən, özün də bilmirsən. Hamıda olur bu hiss, sən sanki düşüncəlisən və nəyi düşündüyünü özün belə, bilmirsən.
Gecə bir filmə baxdım, axıra yaxın bilmişəm ki, baxmışdım. Filmin də sonu üç nöqtə ilə bitirdi…
Nədəndir, bilmirəm, mənim üslubumda həmişə üç nöqtə var. Artıq bir vərdişə çevrilib. Səbəbi oldu-olmadı, qoyuram. Bəzən təəssüfümü, bəzən sevgimi, bəzən müəmmamı, bəzən nifrətimi, bəzən boşluğu, bəzən kimsəsizliyi, bəzən çoxluğu, bəzən də heçliyi bildirir nöqtələrim. Hərdən öz özümə “Ata, Oğul, Ruh naminə” də deyirəm bu nöqtələri qoyanda… Nə də olmasa, qutsaldır bu üçlük. Hə, bir də, üç nöqtələri qoyanda ağlıma gəlir ki, niyə 1+1 iki edir, üç olmalı idi. Çünki üçlük ikilikdən doğur…
Adətən isə heç nə üçün, cümlənin, sözün, fikrin bəzəyi üçün qoyuram. Məni yaxşı tanıyanlar, oxuyunlar, bilənlər yaxşı bilir bunu. Amma tanımayanlar həmişə məna axtarır. Bəlkə də, mən bunu bilərəkdən belə edirəm… Qoy anormal və ya sirli görünüm deyə. Ola bilsin ki, yazıçılıq qabiliyyətim olduğu üçün məhz oyun məqsədilə yazıram. Bilmirəm ki…
Bir-iki nəfər dost-tanış da irad bildirib, “Dilçi adamsan, – deyib, – üç nöqtəni yerli-yersiz niyə qoyursan?” “Bu, mənim üslubumdur və özüm yaxşı bilirəm” – demişəm. Sən bilməzsən… Əslindəsə, bu zəhrimar üç nöqtə elə şeydir ki, qəşəng cavablar tapmaq olar: sevgilin soruşsa, deyərsən ki, sən, mən, biz və ya mən səni sevirəm… Oxucun soruşsa, yazılmayanlar… Dostun soruşsa, deyə bilmədiklərim… Düşmənin soruşsa, demək istəmədiklərim… Yoldan keçən soruşsa, həyat üç günlükdür… Özüm soruşsam, MƏN… – deyərək fəlsəfə qatmaq olar bu üç nöqtələrə.
Əslində, üç nöqtə özü fəlsəfədir. Di gəl, soruşanlar niyə soruşur, o maraqlıdır. Çünki onlar mənasını tapıb, göbəyin kəsib, sənəsə onu təsdiqləmək qalır. Təsdiqləməsən, narazı qalırlar. Bəs mən necə izah edim ki, bu üç nöqtə elə üç nöqtədir. Kimə nə cür sərf edir, o cür yoza bilər, özü bilər.
Başqa işarə də tapa bilmirəm, çünki bir nöqtədən zəhləm gedir, çox radikaldır(.) Nidanı çılpaq hesab edirəm, lümbələmlüt kimi(!) Sualın beli elə əvvəldən qırıqdır və cavablar həmişə düzgün olmur(?) Vergül asılılıq yaradır, asılılğı sevmirəm(,)
Üç nöqtədə isə demək istəyib, deyə bilmədiyin nələr var, ilahi, nələr… Üç nöqtə – bir az qarışıqlıq, dəyişkənlik, qərarsızlıq, pıçıltı, bağırtı, sərhədsizlik… Bax, daha çox xoşuma gələn tərəfi sərhədsizlikdir. Çünki insan qəribə məxluqdur, ondan hər zaman hər şeyi gözləmək olar, o sərhədsiz və çərçivəsizdir. Çərçivələrə üsyan edib insan həmişə… Bizim bu üç nöqtədə də sərhəd yoxdur, ənginlik var – Qaraqum səhrası kimi.
Üç nöqtə həm də çox humanist, mərhəmətli, genişqəlblidir. Hər şeyi uda və gizlədə bilər. Məsələn, nöqtələri necə udub, yenidən təqdim edirsə, heç ağlımıza gəlmir ki, üç nöqtə nöqtələrin toplusundan yaranıb axı. Ustalıq da elə bundadır ki, görürük, amma narahat olmuruq. Çünki üç nöqtə bunu gözümüzə soxmur, təvazökarlıqla edir…
Üç nöqtə bir yoldur, yol gedir, yol olacaq… Siz hələ bunun düzülüşünə baxın…, hardan gəldiyi də bəlli deyil, hara gedəcəyi də. Amma gedir, sanki dayanmaq bilmədən və qabağı açıqdır. Kəsəcək heç nə yoxdur qabağını… Heç nəyə fikir vermədən dünyanın gərdişində dığırlana-dığırlana gedir… İnsan oğlu da belədir: gəlişi də bəlli deyil, gedişi də bəlli olmayacaq, sanki…
Üç nöqtə zaman çarxıdır həm də: dünən də var, bu gün də, sabah da. Zamanın nöqtələrdəki vəhdətidir. Başlanğıcı, indisi, sabahı…
Üç nöqtə həm də başlanğıcdır: 1, 2, 3…
Gəlin, belə edək, mən elə bu yazının da sonuna üç nöqtə qoyum…
