Xəbərlər

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın.

Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

Oxşar yazılar