Hekayə Ustad Dərgisi

BİR MÜƏLLİMİN TARİXÇƏSİ

şəmil sadiq

Deyirəm, bəlkə, uşaqlara deyim, boş vaxtlarımda məni də özləri ilə aparsınlar? Onsuz da işsizəm. Bekarçılıq yaman darıxdırır məni. Əlindəki köhnə, saralmış, tozlu kitabları rəfə yığan Mətin özü də dəqiq qərar vermədiyi üçün yoldaşının fikrini dinləmək və ondan dəstək almaq istəyirdi.

Üç ildir ki, ailə həyatı quran Mətin müəllim maaşı ilə dolana bilmirdi. Dərs keçdiyi aylarda birtəhər keçinmək mümkün olsaydı da, müəllimin aclıq ayları olan üç yay ayı əsl quraqlıq idi. Əslində, onun üçün bütün aylar belə çətin keçirdi. Həftədə 40-45 saat dərs deyən Mətin iki nəfər uşaq hazırlaşdırırdı. Gənc olduğundan valideynlər hələ ona inana bilmədikləri üçün uşaqların sayı hələ ki, az idi. Yay aylarında isə hazırlığa gələn uşaqlarının olmaması onun işini bir az da çətinləşdirirdi. Həm də bu aylarda maaşlar da gec verilirdi axı. Buna görə də dolanışıq daha çətin olurdu.

Dərsdən çıxıb 157 nömrəli marşrutla birbaşa evə gəlirdi. O, dostları ilə görüşə də gedə bilmirdi. Yorğunluqdan avtobusa minəndən ta Xırdalana qədər mürgüləyirdi. Bir də sonuncu dayanacaqda sürücünün “çatmışıq” səsinə oyanardı. Çünki yeni köçdüyü darvazasız üçotaqlı evinin cəmi bir otağı hazır olduğundan, digər iki otağın hətta pəncərələri belə yox idi. Hazır olan otağın da suvağını ora köçəndən sonra özü vurmuşdu. Əslində fərsiz deyildi. Amma nə qədər çalışsa da, maddi durumunu qaydaya sala bilmirdi ki, bilmirdi. Evi də 3500 dollara almışdı. Bunun 500 dollarını xanımı qəpik-qəpik iki il ərzində yığmışdı. 3000 dollarını isə atası borc-xərc edib ona göndərmişdi ki, birdən aspiranturaya qəbulda pul-zad istəyərlər. Mətin də hazırlaşıb imtahanı vermiş, əlində olan pulu da düzəldib ev almış, oğluna ev almaq həsrəti ilə yaşayan atasını sevindirmişdi.

Yoldaşı da çox ağıllı qadın idi. Yarımçıq evə köçəndə heç bir söz deməmişdi. Şəhərdə, ən yaxşı şəraitdə böyümüş bu gəlin sevgisinin hərarəti ilə yaşayırdı. Balaca oğlunu adyallara büküb qışın soyuğundan qoruyan bu gəlin, hamamda nəinki isti suyun olmamasına, heç hamamın damının qoyulmamasına, içəri düzülmüş tək-tük daşların üstü ilə getməsinə də deyinməzdi. Çox ümidli və qürurlu qız idi. Heç vaxt şəraitsizlikdən gileylənməmiş, yoldaşını mənəvi cəhətdən incitməmişdir. Hətta evə köçəndə onlara köməyə gələn xalasının evin şəraitsizliyinə görə Mətinə qəribə baxmasına çox hirslənmişdi. “Mən onun daxili dünyasını sevmişəm, pulunu yox”, – deyərək, təşəkkür edib yola salmışdı. Qəlbin toxluğu insanı həmişə uca saxlayar. Qəlb tox olanda nə bədən üşüyər, nə də qarın ac qalar. Mətin ömür-gün yoldaşının bu gözütoxluğu qarşısında daha çox mənəvi əzab çəkirdi. Hərdən istəyirdi ki, yoldaşı deyinsin, gileylənsin, o da hirslənib daxili əzabının acığını ona töksün. Amma alınmırdı.

Şəraitsizlikdə xoş günlər yaşayan bu gənc ailə mənəvi qida ilə dolanırdılar. Bir-birinə dəstək olub xoş gələcəyə doğru getmək üçün hər gün üçün Tanrıya şükür edib sabaha böyük inamla yaşayırdılar. Hətta 8 Mart bayramında Mətin yoldaşına hədiyyə olaraq bir maşın daş, bir neçə kisə sement və qum almışdı. Sevincək yoldaşına sürpriz edərək ona gözlərini yumub palçıqlı, yağışlı mart ayında həyətə çıxmasını istəmişdi. “Sənə hədiyyə almışam!” – deyə sevinmişdi. Doğrudan da, yoldaşı üçün ən böyük hədiyyə idi. Utana-utana həyətə çıxan İsmətə bundan qiymətli hədiyyə ola bilməzdi. Sanki dünyaları ona vermişdilər, o qədər sevinmişdi ki! Əslində o, yoldaşından bütün xanımlar kimi gül dəstəsi, ətir gözləyərdi, amma bu hislər ona çoxdan yad idi. Qəlbinin hansısa bir dərinliyində, pünhan bir yerdə gizlətmişdi bu istəyi. Çünki ərinin zəhmətkeş olduğuna inanır, ailəcanlılığını təqdir edirdi.

Digər tərəfdən isə İsmət ərinin bu istəyini bir az yaxşı qarşılamadı: “İndi sən müəllim ola-ola gedib fəhlə işləyəcəksən?” – demişdi. Onu əsas narahat edən ərinin İsmətin qardaşlarının yanında işləməsi idi. Bəlkə də, başqa yer olsaydı, heç tərəddüd etməzdi. Axı kişinin alnıaçıq pul qazanması heç vaxt ayıb sayılmayıb. Təki şərəf və ləyaqəti itməsin.

Əşşi burda nə var ki? Bir də ki kim görəcək axı, bir evin içində təmir işlərində işləməyin nəyi pisdir? Həm də bekar qalmaq, arvadın yemək işlərinə qarışmaq kişi işi deyil, – deyərək, özünə təsəlli verdi.

Qayınları da bu fikri yaxşı qarşılamamışdılar. Usta işləyən qaynı “Mətin gəlməsin, biz onun pulunu hər ay ayırarıq” – deyərək, bacılarına toxtaqlıq vermişdilər. Kürəkənlərinin onlardan yaşca böyük olması da onları sıxırdı. “Biz Mətinı necə işlədək yanımızda, ayıbdı”,– deyib bunu bacıları vasitəsilə ona çatdırmışdılar. Sadəlövh qadın bu fikri həvəslə ərinə danışanda özü də bilmədən onun heysiyyətinə toxunmuşdu. Axı Mətin müftə yeyib yaşamağı vicdanına sığışdırmazdı. “Əgər sənə və mənə hörmət edirlərsə, alnımın təri ilə dolanmaq istəyimi başa düşsünlər” – deyərək, bu söhbətə birdəfəlik nöqtə qoymuşdu. Məcbur qalan uşaqlar Mətinin bu fikri ilə razılaşaraq, onu işə götürmüşdülər.

Ceyranbatandakı təmir işləri aparılan villada işə başlamışdı. Qaynı onu maksimum ötüşdürür, fəhlə işlərini də özü görməyə çalışırdı.

Evin hazır olan otaqlarından birində ev sahibinin ərköyün oğlu hərdən kompüterini quraşdırıb işləyirdi. İxtisasca riyaziyyat müəllimi olan Mətin arada gözucu uşağa baxır, özündən asılı olmayaraq, uşağı söhbətə çəkirdi. Hərdən suallar verir, bilmədiyi məsələləri ona izah etməyə çalışırdı. Mühitin təsirində olan uşaq etinasız və laqeydcəsinə Mətinə qulaq asar, savadlı fəhlənin qabiliyyətinə təəccüblənmirdi də. Mətin müəllimi isə bu münasibət heç narahat etmirdi. Onu narahat edən sadəcə yorğun olduqları zaman bərk ac olsalar da, yeməyin vaxtından gec verilməsi idi. Uşağın bu etinasızlığı və saymazlığı fəhlə həyatına alışmamış Mətin müəllimə çox ağır gəlirdi. Hərdən az qalırdı uşağa öyüd-nəsihət versin, onu tənbeh etsin. Hər gün əlindəgah alma, gah armud, gah da portağalla onların yanına gələn bu uşaq isə evlərində işləyən ustaların onun bu hərəkətlərindən nə qədər narahat olduqlarının fərqində belə deyildi. Amma evin nənəsi evin digər üzvlərinə nisbətən daha səmimi və qayğıkeş idi. Tez-tez uşağı səsləyib, “Ay bala, bu istidə o ustalar yazıqdır axı, gəl, bir çaydan-sudan apar onlara” – deyərdi.

Mətin müəllim gördüyü işdən utanmazdı, əksinə evə üzüağ, alnıaçıq gələr, həyat yoldaşının bu zəhmətkeşliyinə görə onunla fəxr etməsindən qürurlanırdı. Günə 3 şirvan qazanan müəllim 10 gündən sonra alacağı 30 şirvanı hara xərcləyəcəyi haqqında düşünür, hərdən də onu aylara vuraraq daha böyük planlar qururdu. Amma düşünmürdü ki, bu şəraitsiz evdə heç 10 gün keçməmiş xərclənib gedəcək. Həyatın enişli-yoxuşlu yollarında onu hələ çox sınaqlar gözləyirdi. Bu yaşananları kiməsə örnək olaraq danışacağını heç ağlına gətirmirdi. Həyat yolundakı pillələri qalxdıqca, geridə qalmış günlər yuxarıdan baxanda çox cılız görünürdü.

– Ata, bizim evdəki fəhlə var ha, bilirsən, nə savadlıdır?

– Hansını deyirsən, o uzunu, yoxsa balacanı?

– Balacanı deyirəm.

– Nə bilirsən?

– Riyaziyyatdan elə məsələləri həll edir ki, heç müəllimlərimiz belə tez həll edə bilmir.

– Əşşi, yaxşı görək, sən də, o nə qanır riyaziyyat nədir?!

– Yox, ay ata, o gün uşaqlarla bir çətin məsələ tapıb verdik, anında həll etdi.

– Boş-boş işlərlə məşğul eləmə ustaları. Bunlar yemək üçün bilərəkdən işi uzadırlar. Müftə yer tapıblar, qarınlarını otarmaq istəyirlər. Qoy işlərini qurtarıb rədd olsunlar. Usta tayfasına üz versən, adamın başına çıxar. İşlərini qurtarana qədər bir də ora getmə.

Ev sahibi ilə oğlunun bu söhbətini Mətin müəllim təsadüfən vannanı aşağıdakı otaqlardan birində təmizləyərkən eşitdi. Həmin gün həyatının ən alçaldıcı gününü yaşamışdı. “Kişi zəhməti ilə pul qazanar, alnının təri ilə ailəsini dolandırar” fikrini də unudub, özünə nifrət etmişdi. Evə elə gəlmişdi ki, bıçaq vursaydın qanı çıxmazdı. Yoldaşının qəhvəyi rəngli gözlərindəki olan həyat dolu baxışlarından da gizlənmişdi. Dünyanın ən rəzil adamı kimi hiss edirdi özünü. Yemək vaxtı yeməyin gecikməsinə hərdən deyindiyini yadına salıb lap xəcalət çəkirdi. Həmin gecə heç nə danışmadan, yorğunluğunu bəhanə edərək balaca, üç aylıq çəlimsiz oğlunun yanına uzanıb yatmışdı. Həyat yoldaşı ilə həm də dost olan Mətin hər şeyi, həttaişdə baş verənləri evdə danışıb, ürəyini boşaldardı həmişə. Amma bu dəfə bacarmadı. Əgər danışsaydı, ömür-gün yoldaşının qürurlu hesab etdiyi, güvəndiyi ərinin ağladığını görəcəkdi. Bəlkə də, həmişə incə belindən tutub oxşayan, tellərini əlinin dalı ilə yanaqlarından kənar edən, məhəbbət dolu baxışların yerini çarəsiz, alçaldılmış bir adam əvəzləyəcək.

Keçəl, şəkər xəstəliyindən arıqlayaraq əcaib bir görkəm almış, yekəburun, əyninə böyük kostyum geyməyi xoşlayan ev sahibinin oğluna verdiyi məsləhəti eşidən müəllim bilmirdi peşəsinə nifrət etsin, zəmanəni qınasın, yoxsa…

Buna cavab tapmağa çalışan “Qayə” şirkətlər qrupunun sahibi qələmi dəftərin üzərində qoyub düzəlişetmək istəyirdi ki, katibəsi içəri girib: “Bağışlayın, Mətin müəllim, Sumqayıtdakı binanın tikintisində işləyən fəhlələri çağırmışdınız. Müdir müavini dedi ki, onlar artıq yeməkxanada toplaşıblar. Süfrənin açılması üçün sizi gözləyirlər”, – dedi.

 

Qeyd: Hekayə müəllifin “Mən bir müəlliməm” kitabındandır

Oxşar yazılar