Gecənin bir aləmi idi. Yerimə həmişkindən tez girsəm də, yata bilmirdim. Yerimin içində fırlana-fırlana qalmışdım. O, qədər fırlanmışdım ki, artıq qulaqlarım da od tutub yanırdı.
Elə gözümü yumub yatmaq istəyirdim ki, ayan-çayan fikirlər, düşüncələr bilmərrərə imkan vermirdi. Gah yadıma yeni yazmaq istədiyim romanın taleyi düşür, gah ağlıma maraqlı sujetlər gəlirdi.
-Əşşi bu nədir e, görəsən, nə vaxt gedəcəm yuxuya – deyib yorğanı çəkirəm başıma, bu dəm yeni bir məqalə ideyası məni giring edir. -İlahi bu nə gündür mən yaşayıram. Axı mən gərək sabah tez duram, çıxış etmək üçün konfransa hazıraşam. Bu nədir belə – deyib durub gedirem mətbəxə. Gözümə satışan ilk əşya uşaqların divanın üstündə qoyduğu qələm olur. Fikir vermirəm, bir alma götürüb həyətə çıxıram ki, bəlkə təmiz hava yuxu gətirə, amma nə fayda? Heç xeyiri yoxdu. Bir dəli şeytan deyir ki, aç kompüteri başla yarım qalan işlərini görməyə, sonra nəsə bu dəli şeytanın qulağına bir şeylər pıçıldayır və beləcə dəli şeytan asanlıqla məndən əl çəkir.
Yenidən yerimə girirəm, telefonu götürüb internet səhifələrində qurcalanaraq vaxt keçirmək istəsəm də, özümə qoyduğum qadağ ucbatından bu fikirdən də əl çəkirəm. Nəsə məni narahat edən hekayə, məqalə, roman haqqında düşüncələri unudub yatmaq istəyirəm.
Amma nədənsə həmişəkindən fərqli olaraq bugün baş verənləri heç yada salmaq istəmirəm. Heç nə olmamış kimi heç ağlıma bu gün yersiz olaraq dostlarımdan birinin xətrinə dəydiyimi belə xatırlamıram. Heç özüm özümü sorğu sual edib, özümü məzəmmət etmirəm. Heç bu gün yaşadıqlarımı belə xatırlamaq istəmirəm.
Sadəcə üstümə hücum çəkən ideyaları iti qovan kimi beynimdən qovub, rahatca yaşamaq və Rahatca da adam kimi oyanmaq istəyirəm. Elə buna görə də sadəcə gözlərimi sıxır, fikrimdə fikirlərimi qovuram, alınmır… Əsəbləşib neçə gün öncə həkimdən aldığım yuxu dərmanını əlimə alıram. İçməmək üçün sanki iradəmlə çəkişirik. Qəfildən ürəyimdən keçir ki, bundan elə 5-6 sın birlikdə at və birdəfəlik yat. Axı həkim demişdir ki, ehtiyatlı olun. 4-5 dənəsi adamı öldürər, nəsə bu fikri həmin dəqiqə rədd edir, bir dənə çıxarıb 2 yerə bölüb atıram və yuxuxnun gəlməsini gözləyirəm. Yuxu da sanki bir ay parçası gözəl olub özünü qoyub naza. Elə naz-qəmzi isə gəlir ki, adamın ürəyi çəkilir. Həsrət adamı elə dəli divanə edib ki, görən kimi saralıb həmin andaca vüsala çatmaq istəyirsən. Elə bu anda bir seir gəlir ağlıma, -yazmayacam,- deyib, üzümü o yana çevirirəm. Beləcə ağlıma gələn ideyaların hamısın rədd edib, vicdanımın səsini eşitmək istəməyib insan övladımın icadı ilə özümü xilas edirəm. Yuxunu qoynuna girib mışıl-mışıl yatıram.
Səhər duranda hiss edirəm ki, başım dumanlıdır, yer ayaqlarımın altında oynayır. Nəsə hər şey birtəhərdi. Yavaş-yavaş həyətə çıxmaq istəyirəm. Qapı açılmır. Güc edirəm. Birtəhər qapıdan boylanıram. Görürəm ki, vicdanımla ilham pərim elə sarmaş-dolaşdırlar ki… İlahm pərim vicdanımı bütün ruhu ilə qucaqlayıb. İlah Pərimin Vicdanıma dəlicəsinə sarılması mənə üzüm koluna sarılmış küzü xatırladır. Diqqətlə baxıram, görürəm onlar soyuqdan donub ölüblər. Çovğunun qapımıza çırpdığı qar onların qapıda qalan dırnaq izlərinin üstünə yağıb. Onların qabağınd diz çökürəm, İlham Pərimlə Vicdanımın ölməməsinin arzusundayam. Daşlaşmış ürəyim donmuş cəsədlərin qarşısında acizliyini göstərir. İstəyirəm vicdanımı məzəmmət edim, deyim ay alçaq, ay insafsız, ay daş ürək sən bunları axşam niyə çöldə qoydun ki, onlar da ölsün. Amma vicdan nə gəzir, gözümün qabağında meyidini görürəm. İstəyirəm deyi hardasan ay İlham pərim gəl, bir ağı deyib ağlayım bu hala, bu qəzaya. Yadıma qarşımdakılar düşür. Hə o da yadıma düşür ki, deyəsən mən axşam ağlıma gələn ideyaları, fikirləri itin qovan kimi qovmuşam axı. Onlara xəyanət etmişəm axı… Elə bu düşüncələr beynimin içində vargəl edirdi ki, bir dən vicdanımın dodaqlarının tərpəndiyini hiss edirəm. O, nəsə deyir. O, hələ də ölməyib, o yaşayır,-deyib, sevinirəm. Asta və xırıltılı səslə deyir : Biz gecə çox cəhd etdik evimizə girmək üçün, amma sən qapını açmadın ki….
