Şəmil Sadiq süni intellektin təsiri və təhsil strategiyasının əhəmiyyəti haqqında danışdı!
Bu günlərdə tanınmış alim və təhsil eksperti Şəmil Sadiq İTV-nin “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub. O, “Əmək bazarında hansı ixtisaslara uyğun iş yoxdur?” mövzusunda çıxış edib, çıxışında süni intellektin (SI) insan əməyini əvəz etməsi və müxtəlif sahələrin avtomatlaşdırılması məsələlərinə toxunub.
Şəmil Sadiq bildirib ki, süni intellektin cəmiyyətə təsiri əsasən ölkənin inkişaf tempi və kadr hazırlığı ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, dünya texnologiyanın sürətli inkişafına hazır olduqda bu prosesin insanlıq üçün təhlükə yaratmayacağı, əksinə, yeni imkanlar yaradacağı gözlənilir. Buna görə də cəmiyyət süni intellektin yaratdığı potensialdan maksimum yararlanmaq yollarını araşdırmalıdırlar.
O, xüsusilə, təhsil sahəsində düzgün strategiyanın qurulmasının vacibliyini vurğulayıb. Onun fikrincə, ölkənin gələcək inkişafı üçün təhsil siyasəti sistemli şəkildə formalaşdırılmalı, ixtisas seçimləri əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Müasir dövrdə gənclərin innovativ biliklərə yiyələnməsi, eləcə də süni intellektlə ayaqlaşan bir təhsil modelinin qurulması strateji əhəmiyyət daşıyır.
Sonda Şəmil Sadiq elm və təhsil sahəsində çalışan, gələcəyə dair böyük hədəfləri olan bütün gənclərə uğurlar arzulayıb.



