Hədəf Liseyində 2024/2025-ci tədris ilinə yekun Elmi-Pedaqoji Şura keçirildi
2024/2025-ci tədris ilinə yekun olaraq Hədəf Liseyinin pedaqoji heyəti üçün Elmi-Pedaqoji Şura iclası təşkil olunub. İclasda tədris ilinin ümumi yekunları, görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıdakı dövr üçün planlar müzakirə edilib.
İclası giriş sözü ilə Hədəf Liseyləri üzrə icraçı direktor Nizami Hüseynov açaraq gündəlik və məruzəçiləri təqdim edib. O, şura iştirakçılarını salamlayıb, Hədəf Konseptinə uyğun şəkildə qurulmuş fəaliyyətin nəticələri, idarəetmədəki dəyişikliklər və strateji hədəflər barədə məlumat verib.
Hədəf Stars Campus-un icraçı direktoru Şəmsəttin Bəşər yeni kampusun fəaliyyəti, təhsil imkanları və inkişaf planları haqqında təqdimatla çıxış edib.
Akademik direktor Püstəxanım Səfərova tərəfindən liseydə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, dərs formalarının tətbiqi, monitorinq, qiymətləndirmə prosesləri, ELTA qiymətləndirmələrinin nəticələri, KİQ, BİQ və dərs dinləmələri barədə geniş məruzə təqdim olunub.
Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova, Xətai korpusunun icraçı direktoru Elmin Yaqubbəyli IX – XI siniflər üzrə buraxılış və qəbul imtahanlarına hazırlıq mərhələləri, keçirilmiş sınaq imtahanlarının müqayisəli statistik nəticələri və sosial fəaliyyətlərlə bağlı hesabatlarını bölüşüblər.
Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli və Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə isə il ərzində həyata keçirilmiş layihələr, olimpiadalar, müsabiqələr və sağlam rəqabətin təşkili barədə məlumat verib. Həmçinin balabilgələrin texnologiyadan istifadə bacarığı, istedadların aşkarlanması, sosial işin təşkili və yeni dərsliklərlə aparılan tədris prosesi də vurğulanıb.
İclas çərçivəsində 2024/2025-ci tədris ili üzrə fərqlənən əməkdaşlara təhsil sahəsindəki yüksək nailiyyətlərinə, PKPD (Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi) nəticələrində göstərdikləri uğurlara və ümumi fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim olunub.
Sonda Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov kollektivə işgüzarlığına görə təşəkkür edib, qarşıya qoyulan hədəflərlə bağlı məlumat verərək yeni tədris ilində uğurlar arzulayıb. O həmçinin müəllimlərə PKPD üzrə nəticələri təqdim edib.
Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq çıxış edərək növbəti tədris ili üçün planlaşdırılan yenilikləri və struktur idarəetmədə nəzərdə tutulan dəyişiklikləri müəllim heyətinə təqdim edib, qarşıdan gələn dövr üçün uğurlar diləyib.
















