Köşə

Adlıq halın acınacaqlı halı

Adlıq hal müvazinətini itirmədən uca bir dağ başında oturub öz keçmiş halını xatırlayırdı. Gözünün önünə dünyanın, kainatın olmadığı bir dövr gəlirdi. O zaman hələ Tanrı da yox idi. O zaman hər şey təkdi və saf idi. Sonralar özü də xəbəri olmadan hallanmağa, parçalanmaya, bölünməyə başlamışdı.

Öncə öz içindən bir yiyə çıxaraq ona yiyələnmək sevdasına düşdü. Adlıq halın ümumə aid olan bütün mal və mülkünə sahiblənmiş və “burda mənəm, bağdadda kor xəlifə” demişdi. Əslində isə hər şey də kor xəlifənin adlıq halın içinə girməsindən sonra başlamışdı. Mənəm-mənəm deyənlərin sayı çoxalmış, hamı “mənim” deyib əli dəydiyindən tutub dartırdı. Yiyəlik halın təkəbbür və qüruru onu məhv edəcəkdi. Adlıq hal onun bu özbaşınalığından lap təngə gəlmişdi. Qabağına çıxan hər şeyə “mənim” demək onun harınladığının da sübutu idi. Düzdü arada bir etika naminə “bizim” də deyirdi, amma bu “bizim” o qədər cılız və zəif səslənirdi ki, “mənim”lərin qarşısında heç kimsə bunun səmimiliyinə inanmırdı. “Onun”ları isə demək olar ki, “yaxşı olsa ağadan, pis olsa nökərdən” prinsipini ifadə edirdi. Amma Yiyəlik halın xislətində bu naqisliklər olsa da, bu ümummilli problem deyildi. Çünki nə qədər zəif olsa da “bizim”lər də, “sənin”lər də, “onun”lar da var idi. Ən pis halda Yiyəlik Adlıq hala da sahiblənəcək və yeni meyarlar gətirəcəkdi. 0 nöqtəsi Yiyəlik hal olacaqdı. Bircə dəfə də olsun keçmişini xatırlamır, “mən” kökünün mahiyyətinin fərqinə varmır, amma özünün mənasız hissəciyi olan “-ın4”ü hər şeydən üstün tuturdu. Düzdür, bu, Yiyəlik halın şəkilçilərinin önəmi böyük idi, amma düşünə bilmirdi ki, Adlıq hal olmasa idi, o heç bir işə yaramırdı, quyruğu yox, başı kəsilmiş itlər kimi yararsız idi. Amma Adlıq hal o qədər sadə, alçaqkönüllü, müdrik idi ki, Yiyəlik halın bu xislətindən narahat olmurdu. Çünki onu islah edəcək gücü vardı. Bir də axı böyüklər kiçilməkdən qorxmurlar, çünki yenidən yüksəlmə gücünün olduğuna əmindirlər və onu da heç nə narahat etmirdi. Amma kiçiklər olduqları kimi olmaqdan qorxurdular, çünki onlar özlərini yalançı formada böyük göstərmişdilər. Yiyəlik halın bu dikbaşlığı nə qədər incitsə də Adlıq hal, sonunda ona ən yaxın olan bir hal idi. Amma Adlıq halı qorxudan digər hallanmalar idi. Başqa cür hallanmasını heç istəməzdi Adlıq hal. Bu sırada Yönlük hal da vardı…
Xaraktercə onun-bunun əlinə baxan, bu gərəksiz dünyada bir qaşıq artıq yemək üçün gah xainlərin əli ilə üzü uçuruma doğru yönləndirilir, gah da sadəcə “mənə” deyərək öz maraqları üçün vuruşurdu. Yönləndirilmək üçün sanki start vəziyyətdə idi həmişə. Hərəkətdə olanlar daima idarə edirdi onu. Hara gəldi, necə gəldi yönlənirdi. Başına cilov keçirilmiş heyvan kimi yönlənir, yönləndikcə də batır və aid olduğu komandanı da batırırdı. Bədbəxtlikdən onu daha çox mənfurlar yönləndirirdi. Gah şeytanın qollarında çırpınan yüngül əxlaqlı olurdu, gah rüşvətə düçar olub kiminsə qulu olurdu, gah yad qüvvələrin təsiri ilə yönlənib ifrat mövhümatçı olurdu, gah da qövmünün içində çaxnaşma salan bir iblisə çevrilirdi. O qədər miskin və qürursuz idi ki, heç bir zaman yönləndirən və idarəçi tərəf olmaq arzusuna düşmürdü. Şəxsi maraqlarına xidmət hesab edirdi yönlədirilməyi, amma əslində daima başqalarına xidmət edirdi. Yönlənmək üçün gözünün giləsi əsirdi. Gözü həmişə şeytanın qara bayrağının qaldırılmasında idi… Nə öz adını, nə də Adlıq halını, kökünü xatırlayırdı. Od vurulmuş kürə kimi yönləndiyi istiqamətdə ətrafı külə döndərirdi, Yönlük hal.
Təsirlik hal isə Yönlük haldan fərqli olaraq, hər qüvvənin təsirinə düşmürdü. İlk öncə düşünür, obyektivlik axtarır, amma sonda şəhvani hisslərin qurbanı olub təsirlənirdi. Zəifliyindən, acizliyndən təsirdən-təsirə düşərək dığırlanırdı sanki. Hətta elə halları olurdu ki, həm xeyrin, həm də şərin təsirinə düşür, Adlıq halı çaşbaş qoyurdu. Bu isə hərdəmxəyallıq idi. Adlıq halı yandıran isə Təsirlik halın mənşəyi bəlli olmayan fellərin təsirində olması idi. Bu zaman isə təsirdə olan hal mənşəyini unudur, adlığını unudur, kimə xidmət etdiyini bilmirdi. Əslində, Yönlük haldan fərqli olaraq, Təsirliyin yad qüvvələrin qollarında göz yaşı içində çırpanmasında bir sentimentallıq da vardı. Yönlük halın əməlləri apaydın görünsə də, Təsirlikdə bir az səmimilik də var. Özü də bilmədən düşmənin şirin dilinə aldanırdı. Yönlük halınkı riyakarlıq idisə, Təsirliyinki qulağı ilə düşünən qadınlara bənzəyirdi. Amma düşünsək ki, bir çox fahişələr üzünün yumşaqlığından o yolun yolçusu olublar, deməli Təsirlik halın taleyi o qədər qənaətbəxş deyildi. Sanki aldadılmş və sonra da özünü yataqda tək tapmış bir gənc qız idi.
Yerlik hal isə başını itirmişdi. Dəli olmuş ağsaqqallara bənzəyirdi. Qardaş bacılarının bu vəziyyətini gördükcə ora-bura qaçırdı. Yönlənənlərə, təsirə düşənlərə “getməyin, burda, evdə, kəndə, eldə qalın”, öz millətini bəyənməyənlərə “bizdə var, kənddə var, məndə var” deyib saçını yolurdu az qala. Lap hörmətsizləşmişdi. Özünü alçalmış hiss edirdi. Çünki qohum-qardaşı, dostu tanışı onu bəyənmir, ona dəyər vermir, amma yadların qığılcımına günəş, hiyləsinə qurtuluş deyirdilər. Bir sözlə Yerlik hal elə yerdə-yurdda qalmışdı. Ona sahib çıxan yox idi. Nə qədər yaransa da, eli ona sahib çıxmırdı. Ortada və kimsəsiz qalmış müdrik qocaya bənzəyirdi. Sadəcə parıltıdan xilas olub onu dinləyən lazım idi. Onun min illərdən süzülüb gələn arzularını, məramlarını eşitmək lazım idi. Xilasın sirlərini və şifrələrini almalı idilər. Özününkülərin dəyər vermədiyi bu yerlik halı bir gün yersiz hallar gələrək apardılar. Adını da qoydular ki, aparırıq müalicə edək, xəstəxanaya salaq. Halbuki onun beynində daşlaşıb qalan mətləblərə agah olmaq, bu yerlərin sirrini əldə etmək idi məqsədləri.
Kimsəsiz meyidlər kimi yerdə qalmışdı Yerlik hal… Ağlayanı da yox idi…
Çıxışlıq hal qabığını dəyişən ilanlar kimi özündən çıxsa da, özü olmaqdan gah qorxur, gah tərəddüd edirdi. Kim məndəndir demək yerinə, mən kimdən deyib durmuşdu. Mövqesiz adamlar kimi davranırdı. Gününün dərdini çəkməkdən “məndən əvvəl, məndən sonra”- deyə heç bir işin sahibi deyildi. “Burdan çıxıb gedəsən, məndən adam olmaz, məndən sənə yar olmaz” düşüncəsi onu bir boşluğa salmışdı. Özgüvəni olmadığından Adlıq halın işinə, doğrudan da, yaramırdı. Ona verilən titulu təvazökarlıq adı ilə ikiüzlülük kimi istifadə edirdi. Bir çox hallarda bir bütövün parçası olduğunu unudub, başqa yanlara yamaq olurdu. Qərarsız, qürursuz bivec kimi gəzirdi. Halbuki Adlıq halın ondan gözlədiyi dəyanət və mətanət idi. Özündən dünyaya baxmaq idi, dünyadan özünə baxmaq yox. O dən vurmalı idi özündən. Özündən danışmağa onun halı olmalı idi. Həyat tərzi ondan çıxmalı, cəsarət ondan öyrənilməli, keçmişindən bu gün üçün yararlanılmalı idi. Ondan ötən daşın qəhrini çəkməli idi Çıxışlıq hal. Amma çəkmirdi, məndən ötdü kimə dəyir, dəysin deyirdi.
Bütün bu mənəmlik, ikiüzlülük, qabığından çıxıb qabığını bəyənməməzlik o qədər də incitmirdi Adlıq halı. Çünki nə də olsa bunları görür, ehtiyatı əldən verməmək üçün mübarizə aparırdı. Lakin Qeyri-müəyyən yiyəlik və təsirliyin adlıq halın əvəzindən çıxış edib cəmiyyəti çaş-baş salması ən böyük təhlükə idi ona. Bu dərdi götürə bilmirdi. Bununla yaşaya bilmirdi. Yönlənmişlərə, təsirlənmişlərə, özündən çıxmışlara haqqın nə, nahaqqın nə olduğunu izah edə bilmirdi. Hamı da intellektual deyildi ki, ağı qaradan ayıra bilsin. Pis oxuyan şagirdlər kimi hər kəs Adlıqla Yiyəliyi və Təsirliyi qarışıq salır, batiniliyi anlamayıb zahirdə ilişib qalırdı. Ən güclü təşkilatların əli ilə bu elə işlənmişdi ki, kimsə batinə vara bilmirdi. Adlıq halın ilk və saf təfəkkür qatı radikal dinçilərlə, siyasətbazlarla, vətənbazlarla qarışıq salınıb saf gen dəyişdiririlir, kütlə idarə edilirdi.
Elə buna görə də Adlıq hal yenidən təşkilatlanmağa, özünə qayıtmağa ciddi cəhdlə çalışır, elini-obasını qurtarmaq üçün genini yenidən saflaşdırmaq zərurəti duyurdu.

Oxşar yazılar