Azərbaycan Elmi Elmi-pedaqoji

Detektiv janrı: reallıqlar və perespektivlər

Azərbaycan ədəbiyyatında roman janrının nüfuzu XX əsrdən başlayaraq artsa da, XXI əsrin əvvələrində bu janr daha da populyaralıq qazanmağa başladı.

Bu populyarlıq roman janrını daha çox önə çıxardı və bu gün yazıçıların əksəriyyəti roman yazır (Bu o demək deyil ki, romançılığımız bütün bədii məziyyətləri ilə ədəbi tələblərə cavab verib, yüksək poetik xüsusiyyətləri ilə seçilir), oxucular da daha çox roman oxuyur. Məhz buna görədir ki, məhz anti-roman termini yaranmışdır. Elə buna görə də bir müddət ədəbiyyatımızda “roman bumunun” yaşandığı ciddi müzakirə mövzusuna çevrildi. Romanın bir janr kimi sürətlə populyarlıq qazanması, roman janrının kütləviləşməsi digər janrları arxa plana keçirməsə də, roman janrının aktuallığını xeyli dərəcədə artırdı. Sanki oxucuların poema, şeir, hətta hekayə oxumağa hövsələsi çatmır. Yazıçılar da digər janrlara müraciət etməyə bir o qədər meyilli deyillər. Bir tərəfdən də, kölgəsinə baxıb özünü böyük görən uşaqlar kimi, gənclərin çoxu hekayə yazmağı uşaq işi hesab edib “böyük” yazıçı kimi romana keçdilər birbaşa. Çünki şeir yazmaq istəyən romanında lirik parçalar, hekayə janrına müraciət etmək istəyən isə öz hekayəsini, əhvalatını romanına yerləşdirir. Bu, roman janrını digər janrlardan populyar edən səbəblərdən biri olsa da, sözsüz ki, ədəbi prosesdəki bu hal dünya ədəbiyyatında gedən proseslərlə də əlaqədardır. Rus ədəbi tənqidçisi V.Q.Belinski yazırdı ki, “Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Mübaliğəsiz demək olar ki, indi ədəbiyyat dedikdə roman və povesti nəzərdə tuturlar. Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir. Müasir romanın vəzifəsi həyatı bütün çılpaqlığı ilə əks etdirməkdir. Cəmiyyət romanı öz güzgüsü hesab edir”.

Dünya ədəbiyyatında da eyni tendensiya müşahidə edilir. Roman janrına kütləvi müraciət edilməsinin əsas səbəblərindən biri də, zənnimizcə, son dövrün romançılığı haqqında ədəbiyyatşünaslığın susmasıdır. Sanki ədəbiyyatşünaslar belə, roman janrında gedən istər məzmun, istərsə forma dəyişiklikləri ilə ayaqlaşa bilmir. Hətta bugünkü roman janrının formalarına, məzmununa, tipoloji quruluşuna, üslubuna diqqət etdikdə, demək olar ki, ədəbiyyat nəzəriyyəsi termin yaratmaqda və ad verməkdə çətinlik çəkir.

Professor Əlizadə Əsgərli “Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair” məqaləsinin girişində yazır ki, “XX əsrin 60-80-ci illərdə Azərbaycanda və ondan kənarlarda (rusdilli Azərbaycan sənətkarları) mövzu-problem baxımından tiploloji romanlar meydana çıxmış, ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. 90-cı illər romanları isə keçid dövründə, Azərbaycanda gedən ictimai-siyasi hərəkat və Azərbaycan-Ermənistan müharibəsi şəraitində meydana çıxdığından vaxtında ədəbi – tənqidi qiymətini ala bilməmişdir.”

İkinci bir tərəfdən roman janrının meyarları konkret olmadığından yazıçıların, xüsusən də ədəbiyyata yeni gələn gənclərin öz fikir və düşüncələrini, xatirələrini, başına gələnləri, eşitdiyi əhvalatları, hadisələri müəyyən bir təhkiyə ilə qələmə almalarına, bunu roman kimi təqdim etmələrinə şərait yarandı.. Əslində, bu bir növ də şərqin forma köynəyini cırıb atması və sərbəst düşüncəsini çılpaq şəkildə təqdim etməsi deməkdir. Çünki nəzmdə olan bütün janrlar qələm adamında böyük istedad tələb etdiyi kimi, böyük istedadları buxovlayıb çərçivəyə də salır və beləcə məzmun formaya qurban gedir. Lakin kürəsəlləşən dünya onu göstərir ki, Aristotelin “forma və məzmun vəhdətdə olmalıdır” ideallıq prinsipi özünü doğrultmur. Professor Məmməd Əliyevin “Yeni məzmun ənənəvi formalara, qəliblərə uyğun gəlmir, yeni forma yaradılması zərurəti yaradır” fikrinə əsaslansaq, istənilən mükəmməl məzmun özü bir formadır, qənaətinə gələ bilərik. Deməli, forma məzmundan irəli gələn məsələdir. Cəfər Cəfərov Mizə Fətəli Axundovun məzmun və formaya münasibətindən danışanda qeyd edirdi: ” O, başa düşürdü ki, həyat ədəbiyyata nəinki ideya və məzmun verir, yeni həyati məzmun özünəmüvafiq forma da doğurur.” Hegelin “məzmun və formaya əksikliklər arasında qarşılıqlı münasibət kimi baxması” (Məmməd Əliyev) forma anlayışının sadəcə məzmundan doğduğunu göstərir. Bu gün cəmiyyətin istənilən sahəsində formanın hardan və necə yarandığını araşdırsaq, mükəmməl məzmunun ya formaya ehtiyacı olmadığını, ya da mükəmməl məzmunun elə forma olduğunu görərik. Forma islahının yaranmasına səbəb isə məzmun əksikliyidir. Belə ki, məzmunda əksiklik və qüsur varsa, hər kəs orda forma axtarmağa başlayır. Kafkanın “Çevrilmə” sindəki Qreqor Zamzanın insan formasında olmaması, lakin məzmun olaraq insan duyğularını daşıması, yaşaması oxucunu forma axtrışından xilas edir. O, əsər boyu məzmunu izləyir. Lakin yaradılmış yeni məzmun özlüyündə bir forma ortaya çıxarmış olur.

Bütün bəşəriyyətdə “forma və məzmun vəhdəti” özünü doğrultmadığı halda “həyatı bədii lövhələr və surətlər vasitəsilə, ümumiləşmiş və fərdiləşmiş şəkildə əks etdirən, estetik-tərbiyəvi əhəmiyyətə malik olan söz sənəti-ədəbiyyat” (akademik İsa Həbibəyli) necə doğrulda bilər?

Fransız alimi Erblonun fikrincə, nəsrlə romanlar sonralar yazılıb, bu da onu göstərir ki, roman deyərkən forma yox, məzmun nəzərdə tutulur.

Bu baxımdan dəbdə olan ədəbiyyata gənclərin marağının artması və bu marağın təmin olunmasında demək olar ki, roman janrının cavab verməsi birbaşa yuxarıda qeyd etdiyimiz səbəbdən doğur: romanın konkret formaya sığmaması, konkret forma meyarlarının müəyyənləşdirilə bilməməsi. Bu yanaşma bir çox yazıçılar və tədqiqatçılar tərəfindən də təsdiqlənir. Filip Stevikin fikrincə, “Ənənə olaraq roman öz forması içində uğrusuz bir janrdır. ” Mark Tven öz yazdıqlarına haqq qazandırmaq üçün “Bu romanda gerçək bir motiv axtaranlar təqibə uğrayacaqdır; Əxlaq dərsi arayanlar ölkədən qovulacaqdır, hekayə tapmağa çalışanlar isə vurulacaqdır” deyirdi.

Bu da göstərir ki, yaradıcılığa yeni gələnlər birbaşa romandan başlayıb, “mən bir həyat hekayəsini qələmə almışam, yaşadıqlarımdır” deyərək yazdıqlarını ədəbiyyat və roman adlandırırlar. Bu yanaşma sanki roman terminin mənşəyindən də irəli gəlir. Bildiyimiz kimi bəzi mənbələrdə roman sözü Roma imperatorluğunda yaşayan xalqların istifadə etdiyi pozulmuş və naqis laytıncaya verilən addır. Bu naqis latınca ilə yazılan dastan və xalq öykülərinə roman deyilmişdir.

İndi də yarımçıq və qüsurlu yazılanları qədim dövrdəki kimi roman adlanıdırılaraq məsələnin ciddiliyindən boyun qaçırılır. Digər bir tərəfədən də Roman janrının konkret sərhədlərinin olmaması onun daima yenilənməyə, təkmilləşməyə, genişlənməyə, digər janrlarla inteqrasiyasına imkan verir. Bu baxımdan, bu gün roman bir növ ədəbiyyat anlayışını əvəz etmiş olur. Əgər Beliniskinin dili ilə desək, “indi ədəbiyyat dedikdə roman və povesti nəzərdə tuturlar. ” Romanın janr kimi geniş imkanlara malik olması və inkişafa meyilliyi ora gətirib çıxarıb ki, bu janrın içindən artıq yeni janrlar yaranmağa başlayır. Bir zamanlar romanın növləri kimi qeyd edilən tarixi, sosioloji, psixoloji, fantastik, detektiv, müharibə kimi terminlərdən bəziləri artıq yeni janr hüququ qazanmaqdadır.

….

Belə ki, bir vaxtlar sadəcə detektiv roman deyilirdisə, indi artıq “detektiv janr” ifadəsi nəinki bizim, o cümlədən də dünya ədəbiyyatşünaslığında da öz müstəqilliyini təsdiqləməkdədir. Çox maraqlıdır ki, bu cür halları adətən tədqiataçılar yaradır və elmə gətirir. Lakin bu məsələdə sanki oxucular ədəbiyyat nəzəriyyəsinə müdaxilə edir və bu ifadəni kütləviləşdirərək təzyiqi artırır. Dəfələrlə ədəbiyyatdan sadəcə oxucu kimi yararlanan qeyri-peşə sahibləri “detektivə niyə janr demirsiniz ki?” sualını ünvanlayıb. Bu fikri işlətməkdə oxucunu qətiyyən qeyri-peşəkar adlandırmaq və aşağılamaq niyyətində deyilik. Sadəcə, romanın növləri içində oxucu kütləsinin çoxluğu ilə seçilən detektiv əsərlərdir. Tarixi, psixoloji, sosioloji romanlara nisbətən detektiv və kriminal romanlar daha kütləvidir.

“Ədəbi janrlar dəyişməyən yazı qəlibləri deyil. Cəmiyyətdə zamanla meydana gələn dəyişikliklər ədəbiyyatda da öz əksini tapır. Ədəbi janrlar da dəyişən zamanın ehtiyaclarına cavab verəcək dəyişikliyə uğrayar. Yeni çağın təhkiyə formalarından olan roman janrı da zamanla dəyişikliyə uğramış, mövzuları və kompozisiyası dəyişmiş və yeni roman janrları ortaya çıxarmışdır. Bunlardan biri də detektiv roman janrıdır. ” (Hebibe Cezer)

Detektiv termininin yaranması

Detektiv roman janrından və onun tarixndən danışarkən ilk öncə ədəbiyyatımızdakı bu terminin hardan gəldiyinə diqqət edək. Azərbaycan ədəbiyyatşünasılığına rus ədəbiyyatşünaslığından keçən bu terminin söz olaraq latıncadan götürülüb mənası “ifşa etmək”, “açığa çıxarmaq”dır. Türk ədəbiyyatşünaslığında isə “detektiv” terminin qarşılığı olaraq “polisiye” sözü əvəz edir. Ədəbiyyatımızda “kriminal roman”, “xəfiyyə ədəbiyyatı”, “cinayət romanı” kimi tanınan bu nəsr janrı ilk öncə Qərbədə meydana gəlmişdir. “Əvvələr “mystery literatur” (sirli ədəbiyyat) sərlövhəsi ilə toplanan janrlar arasında göstərilir. Daha sonralar isə “supsense” (şübhə, həyəcan) və “crime”, “criminal” (suç) kimi adlarla ifadə edilməyə başlanmışdır. (T. Dursun Kakınç)

“Criminal” sözünün ingiliscədən təcüməsi “cinayət”, “cani”, “qatil”, “cinayət edən” mənasını verir. Türk ədəbiyyatında da detektiv terminin qarşılığı kimi işlənən “polisiyə” sözü fransızcada “policer” almanca da “polizeilich”, ingiliscə də “detektiv” olaraq işlədilir. Türkiyə türkcəsinə məhz “polisiyə” terminin keçməsi 1930-cu illərdəki məlum dil islahatları sayəsində olmuşdur. T.Dursun Kakınc “polisiyə roman” ifadəsi ilə bağlı qeyd edir ki, “Bu roman janrının əvvəllər “cinai roman” daha sonra isə qərbləşməmizi göstərsin deyə “polisiyə roman”a çevrilmişdir”

Dilimizə ruscadan keçməsi ehtimal edilən bu ifadə çox ehtimal ki, ruscaya da İngilis dilindən keçmişdir. Bu gün Azərbaycan ədəbiyyatşünaslığında daha çox xəfiyyə ədəbiyyatı və ya dedktiv kimi istifadə edilir. Bəzi mənbələrdə kriminal və detektiv ifadələri eyni anlamda işlənilsə də, istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında artıq kriminal termini ilə detektiv terminin sərhədləri müəyyənləşməkdədir. Kriminal roman anlayışı ilə, detektiv roman anlayışı ciddi şəkildə ayrı xətlər üzrə inkişaf edir. Kriminal romanlarda daha çox ölüm, qan nəzərə çarpırsa, detektiv romanlarda baş verən qətlin, oğurluğun, ümumilikdə cinayətin məntiqə söykənərək araşdırılıb ortalığa çıxarılması motivi əsas təşkil edir. Detektiv romanlarda, hekayələrdə, povestlərdə birbaşa qətlin yox, hər hansı bir törədilmiş qeyri-qanuni hadisəni törədənin ortalığa çıxarılması vacib məsələ kimi qoyulur. Əlbəttə itən tarixi önəmi böyük bir əşya, sənəd, kitab, xəzinə ya da bunlara bənzər bir şeyin izinin axtarılması mövzusunda da yazılanlar bu sahəyə aid edilir. Xüsusən haqqında bəhs etdiyimiz şəkildə ortaya qoyulan əsərlər daha çox olduğu üçün, bu janr ədəbiyyatımızda “cinai” roman şəklində adlandırılıb. Ahmet Mithat Əfəndinin bu sahədə yazdığı bir əsərə “Esrarı-Cinayat” adını verməsi bu mövzudakı qənaətimizin doğru olduğunu göstərir.

Bu baxımdan müxtəlif dillərdə müxtəlif cür ifadə edilən “detektiv” ifadəsinin dilimizdə daşıdığı mənası daha düzgündür. Digər bir tərəfdən də “polis romanı” adının verilməsi də bu janrın tələblərinə cavab vermir. Çünki çağımızda baş vermiş cinayət hadisəsinin araşdırılması ilə yalanız polis sistemi məşğul olmur. Müxtəlif təhlükəsizlik orqanları, müstəqil xəfiyyələr və s. qrumlar və şəxslər məşğul olduğundan “ifşa etmək”, “açığa çıxarmaq” kimi mənaları ifadə edən “detektiv” terminini daha məqsədəuyğun hesab edirik.

Detektiv romançılığın roman janrının xüsusi bir növü kimi formalaşmasının tarixi təxminən XIX əsrə gedib çıxır.

Tədqiqatçı Cəlil Cavanşir detektiv romanın yaranması haqqında yazır : “Detektiv janrının yaranmasını bəziləri Leru Qastonun “Sarı otağın sirri”, bəziləri isə Amerika yazıçısı Edqar Alan Ponun “Morq küçəsi cinayəti” romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk detektiv roman Çarlz Feliks ləqəbli müəllifin “Nottinq Hillin sirri” romanı hesab olunur. Bu roman ilk dəfə 1862-1863-cü illərdə hissələrlə “Once a Week” jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində “Bradbury & Evans” nəşriyyatı kitabı yayımlayıb.

Dostoyevskinin məşhur “Cinayət və Cəza” romanını klassik detektiv hesab edən tənqidçilər də var. Ancaq həm Dostoyevski də, həm də digər dünya ədəbiyyatının digər ünlü yazıçılarında detektiv macəraçılıqdan o tərəfə keçə bilmir. Edqar Alan Ponun əsərləri isə detektiv janrının bütün xüsusiyyətlərinə cavab verir.”

Detektiv janrı müəyyən bir tarixi inkişaf yolu keçdi. Bu inkişaf yolunda çox ciddi maneələr olsa da, nə qədər də biz bu ədəbiyyatı janr növü kimi qeyd etməsək də, istər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında XX əsrin sonlarından başlayaraq detektiv ədəbiyyat geniş oxucu və yazıçı kütlələrini əhatə etməyə başladı. Bəlkə də, bunun səbəblərindən biri dünyada gedən ictimai-siyasi, mədəni, iqtisadi porseslərin nəticəsində insanların macaraçılığa meylinin artmasıdır. Çünki bu günün insanı istənilən sahədə macəra axtarır. Bu macərada həyəcan, öncəgörmə arzusu, daima axtarışda olma istəyi bir növ ədəbiyyatda detektiv çaların üzərində quruldu. Bu çalar isə böyüdükcə və genişləndikcə zaman-zaman bir janr yaranması zərurətini ortaya qoyur.

Ciddi ədəbiyyat adamı kimi tanınan yazıçıların belə bu çalardan istifadə etməsi detektiv haqqında düşüncələrə təsirsiz olmadı. Əgər diqqət etsək görərik ki, detektiv janrının özündə belə yeni növlər meydana gəlir: tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, fantastik detektiv, tibbi detektiv, ironik detektiv, magik detektiv, elmi detektiv və s. “Umberto Ekonu, Orxan Pamuku, Haruki Murakamini bu sahənin öncülləri hesab etmək olar. Ancaq sadaladığımız yazıçılar detektiv ədəbiyyatı nümayəndəsi hesab olunmurlar. Onların romanlarında detektiv xətt sadəcə romanın strukturunun və süjetinin rəngarəngliyinə xidmət edir, postmodern roman xüsusiyyətlərinə isə tam cavab verir.” (C.Cavanşir)

 

Bəzən də detektivi bir janr hesab etməyən, ciddi edebiyyat nümunəsi kimi yaxına buraxmayan yazarlar belə oxucusunu həyəcanlanırmaq üçünmü, bunun nəticəsində kitablarının yaxşı satılması üçünmü detektivçilikdən yan keçə bilmir. Detektiv terminin bir janr olaraq otaya çıxması üçün əlbəttə ki, zaman lazımdır. Bu ədəbi proses zamanı nələrin ortaya çıxacağı isə gözlənilən olduğu qədər də, gözlənilməzdir. Təkcə 20-30 il aralığında “ədəbiyyatın ögey övladı” adı ilə tanınan bu roman növü artıq haqqında ən çox danışılan bir terminə çevrilmişdir. İnsanı daimi düşündürən kim?, nə zaman?, niyə? suallarına cavab axtarma çılğınlığı detektiv edebiyyatın aktuallığını artırır.

Oxşar yazılar