Diş ilə dırnağın dastanı
1999-cu ilin 1 sentyabrı idi. Mənim üçün dünyanın 17-ci yayının son ayında, gəncliyimizin çiçək açdığı vaxtlarda Bilik Gününü qeyd edirdik. Qeyd edirdik deyəndə ki, böyük bir təmtəraq-filan yox idi. Sadəcə ilk dəfə gördüyümüz Universitet auditoriyasının 304-cü otağının qapısı açıldı və içəri üç şəxs daxil oldu. Nizami Cəfərov, Tofiq Müzəffəroğlu (Hacıyev) və bir nəfər cavan oğlan. Nizami Cəfərov əvvəl dekan olaraq özünü, sonra dekan müavini Tofiq müəllimi təqdim elədi. Sonra dedi ki, “Baxın, bu cavan oğlan da fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Şəmil Sadıqovdur”.
Üstündən 18 ildən artıq vaxt keçib, yəni “bir igidin ömrü”. O görüş həmin Şəmil Sadiqin kəmərindən asılmış iri bir “qozsındıran” mobil telefonla assosiasiya olunub yaddaşımda…
İllər keçdi. Müəyyən mərhələlərdə Şəmil müəllimlə kədərimizi, sevincimizi, uğurumuzu hətta dərdimizi belə tən böldük. Eyni cığırla addımladıq. Eyni üfüqlərə boylandıq. Və əlbəttə ki, həyatın gərdişi olaraq eyni yerdən zərbələr aldıq, təhlükələrlə qarşılaşdıq, xəbisliklərlə, paxıllıqlarla üzləşdik.
“İnsanlar eyni olmur, atam balası”. İçini üzünün təmənnalı təbəssümündə gizlədənlər var, … dostu var, düşməni var bu gərdişi-dövranın. Yazıqlar olsun ki, zəhrimar maddiyyat əldə etmək “çabasının” bataqlığında mənəvi dəyərlərin korroziyaya uğrama reallığı bitmək bilmir ki, bilmir. İndi yaşamaq, mübarizə aparmaq, dostluğu, mənəvi dəyərləri qorumaq çətindi, atam-qardaşım.
Sözün kor bucağında insan adlı anatomik ət maşınının daxili enerjisinin faydalı iş əmsalı fizika elmi tərəfindən hələ kəşf olunmayıb. Şəmil müəllimi tanıdığım vaxtdan əmək və uğur üçbucağında zəhmətin episentrində olub. O, arxadan atılan daşlara sadəcə gülümsəyib, uğur yoluna davam edib. Sanki tarixin o tayından şaman babaların mübhəm duası ilə öz missiyasını yerinə yetirir.
Dialektikanın qanunları var. İstəsən də, istəməsən də Sizif kimi əzab çəkəcəksən. Yeknəsəq həyat yolu adlandırılan çərçivədə öz izini müəyyənləşdirmək çətin olacaq. Şəmil müəllim bütün çətinliklərə rəğmən öz yolunu, üslubunu təyin etdi. “Uğurun formulu nədir?” sualına cavabı hətta ən məşhur oratorların Şəmil Sadiqin təkcə 10-12 illik fəaliyyət istiqamətini göstərməsi kifayətdir. Bəhrəsini verən nümunəvi işgüzarlıq dəyəri kimi.
Bu gün hər evdə latın qrafikasında olan dərs vəsaitləri var, işıq var. Axundovların, Zərdabilərin, Vəzirovların, Məmmədquluzadələrin, … maarifçilik ənənələrinin fərqli formada, fərqli üslubda, fərqli təzahürdə davamı var. Bu mayak işığı gələn o evlərdə neçə fidan balaya işıqlı və düz yol göstərir. Neçə körpə sabah bu tərbiyə ilə “Sən olasan gülüstan” ifadəsini deyəcək.
Şəmil müəllimin zəhməti, qatlaşdığı əziyyətlər, maddi və mənəvi sıxıntıları gözümün qabağında olub. Və bir də söykəndiyi mənəvi dəyərlər – ailəsi, yaxınları, dostları… Təbii ki, qarşılıqlıdır: Şəmil müəllim də onları tək qoymayıb, həmişə yanlarında olub. Bax, uğurun əsas formulu budur.
Arif Əsədov
Filologiya üzrə fəlsəfə doktoru
147 saylı Texniki humanitar liseyin direktoru