Səfər qeydləri və xatirələr

“Doktoranturaya gəlmişdim, direktor müavini oldum”

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlərlə maraqlanmaq, yeni sədr təyinatından sonra baş verən dəyişiklikləri ictimaiyyətə çatdırmaq üçün institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq ilə əlaqə saxlayıb, oraya yollandıq.

“Ədəbiyyat İnstitutu” deyəndə insanın gözü qarşısında cansıxıcı, fəaliyyət tempi aşağı olan bir mühit canlanır. Ancaq orada olduğumuz müddətdə düşüncələrimizdə yanıldığımızı gördük. Şəmil müəllimlə söhbətimizin böyük bir hissəsini AMEA-nın dəhlizlərində etmək məcburiyyətində qaldıq. Söhbətimizə Şəmil Sadiqin otağından başladıq.
– Şəmil müəllim, sizin direktor müavini vəzifəsinə təyin olunmağınızdan elə də çox vaxt keçməyib. Bu qısa vaxt ərzində institutda hansı yeniliklərə imza atılıb?
– Mənim bu instituta dəvət olunmağım birinci olaraq gəncliyə olunan münasibətin göstəricisidir, məncə. Bildiyimə görə, direktor müavinləri içində ən gənci mənəm. Bu da İsa müəllimin yeni baxış formalaşdırmasından irəli gəlir. 2003-2006-cı illərdə buranın aspirantı olmuşam. Artıq altı-yeddi aydır ki, bu vəzifədə çalışıram. Ədəbiyyat İnstitutu, akademiya mühiti bir az astagəl, qapalı mühitdir. Canlı ictimai-siyasi həyatla, publika ilə çox da təmasda deyil. Akademiyanın prezidenti dəyişəndən – Akif müəllim vəzifəyə gələndən sonra burada çoxlu islahatlar keçirildi. Ədəbiyyat İnstitutunun nəzdində yeni vəzifələr müəyyənləşdirildi.
Bir il ərzində institutumuzda böyük dəyişikliklər olub. Ədəbiyyat İnstitutuna 10 otaq əlavə verilib, bu da yeni şöbələrin yaranması ilə əlaqədardır. Onu deyim ki, mən bura doktoranturaya sənəd verməyə gəlmişdim, amma direktor müavini oldum. Həmişə fikirləşirdim ki, ədəbi tənqid bu qədər vacib olduğu halda niyə görə tənqid şöbəsi yoxdur? İsa müəllimlə ikinci görüşümüzdə eşitdim ki, artıq “Ədəbi Tənqid” şöbəsi yaradıldı, Vaqif Yusifli də rəhbər təyin edildi. “Mətbuat Tarixi” və “Mühacirət Ədəbiyyatı” adlı yeni şöbələr də yaradılıb. Mühacirət ədəbiyyatı ilə bağlı 10 cildlik kitab nəşr edilməsi nəzərdə tutulur. “Ədəbi Tənqid” şöbəsində dörd cildlik kitab çapa hazırlanır. Bundan başqa nəşriyyat şöbəmiz də yarandı və jurnallarımızın fəaliyyəti genişləndi. Bu şöbə elm sahəsində çalışan alimlərin əsərlərinin çapını nəzərdə tutur. İnformasiya Şöbəsi də var ki, burada da daha çox informasiyaların toplanıb yığılması və idarə edilməsi prosesi gedir.

Əvvəllər bir məqalə çap etdirmək istəyəndə, adətən, xarici jurnallara müraciət etməli olurduq. Bu da bildiyiniz kimi ödənişlidir. Yerli jurnallar da Ali Attestasiya Komitəsi tərəfindən tanınmadığına görə aspirantlar burada çap olunmaqda maraqlı deyillər. Bizim “Ədəbiyyat məcmuə”miz var. Onu yenidən dirçəltdik. Əvvəllər ildə bir dəfə çap olunurdusa, artıq ildə iki dəfə çap olunur. Bu buraxılışların birini də sırf gənclərə həsr etdik. Gənc aspirant və doktorantların məqalələri çap olundu. Bununla yanaşı, iki yeni jurnal təsis edildi. “Poetika.izm” jurnalının birinci nəşri çapa gedib. Yaxın bir-iki ay ərzində Ədəbiyyat İnstitutu publika ilə daha sıx əlaqədə olacaq. Bu məqsədlə artıq saytlar üzərində işləyirik. Digər jurnalımız isə “Ədəbi əlaqələr”dir. Əvvəllər bu jurnal rəhmətlik professor Vaqif Arzumanlının rəhbərliyində çıxırdı. Biz “Ədəbi əlaqələr”i yenidən çap etdik və işçilərimiz arasında onun təqdimatını da keçirdik. Bu jurnalların çap olunması Ədəbiyyat İnstitutunun elmi proseslərə yaxşı mənada müdaxiləsindən xəbər verir. Gəncliklə bizim ağsaqqal nəsil arasında bir qırıqlıq yaşanırdı. Bu, ədəbiyyatda özünü büruzə verirdi.
Ədəbiyyat İnstitutunda klassik bir ənənə var idi. İllik çap olunan bədii əsərlərlə bağlı məruzələr dinlənilirdi. Bu müşavirə sonuncu dəfə 1977-ci ildə keçirilib. Həmin müşavirənin materialları da 84-cü ildə çap edilmişdir. Üstündən, hardasa, 30 il keçib. Akademik İsa Həbibbəylinin təşəbbüsü və səyi nəticəsində “Ədəbi proses” ənənəsini yenidən bərpa etdik. Artıq “Ədəbi proses”lə bağlı materialları çap etmişik. Bunun çap olunması, həqiqətən, çox əhəmiyyətlidir. Orada gənc yazıçıların əsərləri müzakirə edilmişdi. Bu il də artıq on ikiyə yaxın məruzə olacaq.
Ədəbiyyat İnstitutu elm ocağıdır. İsa müəllim uzun illər Naxçıvan Dövlət Universitetində çalışıb. Universitet həyatı çox aktiv olur. İsa müəllim həmin aktivliyi Ədəbiyyat İnstitutunda da görmək istəyir. Bu da təhsil ilə elmin yan-yana getməsinə səbəb olacaq. Artıq Beynəlxalq Əlaqələr şöbəsi də fəaliyyət göstərir. Bizim indiyə qədər xarici dövlətlərlə ayrıca beynəlxalq müqaviləmiz yox idi. Bu şöbə yaranandan sonra Gürcüstan, Polşa akademiyaları ilə, Rusiyanın, Almaniyanın institutları ilə qarşılıqlı müqavillər imzalayıb.

– Jurnallarınız satışa çıxarılırmı? Ümumiyyətlə, geniş publikaya çıxmaq imkanlarınız varmı?
– Jurnallarımızın satışı yoxdur. Əgər kiməsə ehtiyac olarsa, verə bilərik. Maksimum 1000 tirajla çap edirik. Onsuz da, elm kütləvi deyil. Bu jurnalları kitabxanalara, universitetlərə veririk. Qarşıya məqsəd qoyulub ki, son çıxan jurnallarımız beynəlxalq indeksli jurnalların tələblərinə cavab versin. Mən elə bayaq İsa müəllimlə “Poetika.izm” jurnalı ilə bağlı danışırdım. Ondan jurnalın formatının necə olacağını soruşurdum. Mənə dedi ki, çalışın köhnədən qaçıb, yeni formatda çap edəsiniz. İstər kağızının keyfiyyəti, istərsə də dizaynı fərqli olmalıdır. Əsas məsələ isə jurnalın elmiliyinin qorunmasıdır. Beynəlxalq aləmdə elmiliyi-plagiatı qoruyan proqramlar var. Azərbaycanda isə hələ də bu yoxdur. Digər jurnallarımız kimi “Poetika.izm” jurnalında da məqalələr toplanılır, müəllifin adı göstərilmədən, anonim şəkildə məsləhət şurasına verilir. Onlar da məqalələrə öz rəylərini verirlər. Çox maraqlı rəylər alırdıq. Bir də görürdük ki, elmlər namizədi elmlər doktorunun məqaləsinə rəy yazıb. Rəydə də faktlarla göstərir ki, bu məqalə yararsızdır. Biz belə olan təqdirdə, həmin məqaləni geri göndəririk. Yəni çalışırıq ki, elmliyi qoruyaq ki, beynəlxalq indeks ala bilək. Arzumuz odur ki, artıq bizim jurnallar da xarici müəlliflərdən məqalələr alsın. Görürsən ki, müəllif eyni məqaləni bir adla bizə, başqa adla Türkiyədəki bir jurnala verib. Bu isə böyük problemdir. Sonradan Ali Attestasiya komissiyasının tələblərinə ziddir.

Söhbətimizin bu yerində Şəmil müəllimə zəng gəldi. O, institutun direktoru İsa Həbibbəylinin onu çağırdığını deyib, üzrxahlıq etdi. Akademiya həyatını yaxından öyrənmək üçün onunla birgə yuxarı çıxdıq. İsa müəllim bizi akademiyanın zalında qarşıladı. O, işçilərinə şərqşünas alim Aida İmanquliyevanın 75 illik yubileyi ilə bağlı keçiriləcək tədbir barəsində göstərişlərini verdi.
Daha sonra Şəmil müəllimlə Ədəbiyyat İnstitutuna ayrılmış yeni zala qalxdıq. O, bu məkan haqqında bizə ətraflı məlumat verdi:
– Ədəbiyyat İnstitutu yeni- elektorn akt zalı hazırlayıb. Biz bu tip zalları adətən böyük holdinqlərdə görürdük. Ancaq artıq ədəbiyyatın da belə bir məkanı var. Buradakı kamera vasitəsilə altı ölkə ilə eyni anda canlı bağlantı qura bilərik. Bütün texniki təchizatla təmin olunub. Bundan başqa proyektor və ağıllı lövhə də tədbir iştirakçılarının işini asanlaşdırmağa xidmət edəcək.
Buradan çıxıb kitabxanaya getdik. Dəhlizdə hər şöbənin qarşısında stendlər qoyulub. Şəmil müəllim bu stendlərin bir növ nəzarət mexanizmi olduğunu dedi:
– Hər şöbənin qarşısında belə stendlər var. Bu stendlərdə həmin şöbənin çap etdiyi kitablar yerləşdirilir. Kimin nə iş gördüyü göz qabağında olur.
Ədəbiyyat İnstitutunun kitabxanasının kiçik olması məni təəccübləndirsə də, Şəmil müəllim burada yetərincə kitab olduğunu bildirdi:
– İnstitutun ayrıca kitabxanasıdır. Əməkdaşlarımız mütəmadi olaraq bu kitabxanadan istifadə edirlər. Bütün nəşrlərimizi də buradan tapmaq olar.

Söhbətimizin son hissəsini yenə Şəmil Sadiqin otağında davam etdirdik. “Necə olur ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində “Nəşriyyat” şöbəsi, Azərbaycan Yazıçılar Birliyi və Ədəbiyyat İnstitutu kimi böyük qurumlar olduğu halda, ədəbiyyatımızı xaricdə tanıda bilmirik?” – deyə soruşdum.
– Doğurdan da, bu çətin məsələdir. Bu yalnız Ədəbiyyat İnstitutunun yaxud da Yazıçılar Birliyinin öhdəsinə düşə bilməz. Bu, ümummilli məsələdir. Amma bizim institutun öhdəsinə düşən vəzifələrdən biri müasir və klassik əsərlər haqqında yazılan elmi məqalələri beynəlxalq jurnallarda çapını təmin etməkdir. Beynəlxalq Əlaqələr şöbəsinin qarşısına qoyulan məqsədlərdən biri də budur. Bizdə “xarici əlaqələr” deyəndə adətən Rusiya, İran, Türkiyə ilə münasibətlərdən danışırdıq. Ancaq artıq bu ölkələrdən də kənara çıxmaq niyyətindəyik.
Tutaq ki, mən İsa Muğanna araşdırmaçısıyam. Elmi işimdir deyə, araşdırıram. Ancaq özüm deyib, özüm eşitməməliyəm. Məqaləm tərcümə olunub Türkiyədə, Rusiyada və yaxud hansısa Avropa ölkəsində çap olunmalıdır.
Amma mən də razıyam ki, ədəbiyyatımızın dünyaya təbliği çox zəif gedir. Yalnız öz əlində imkanı olan yazıçılar, yaxud da qohumu vəzifədə olan yazıçılar xaricdə çap oluna bilir. Bir də piar qurmaq məsələsi var. Əgər bizdə rəqabətə dayanıqlı nəşriyyatlar olsa, onda hərə öz yazıçısını xarici bazara çıxarmaqda maraqlı olacaq. Pərakəndə şəkildə isə bu mümkün deyil. XIX əsrdən bu tərəfə olan müəlliflərin dünyada tanınmaması artıq bizim günahımızdır. Burada Yazıçılar Birliyinin də, Ədəbiyyat İnstitutunun da müəyyən mənada günahı var. Axı necə olur ki, Xalid Hüseyninin bir neçə əsəri dünyada tanındı? Düzdür, burada siyasi məsələlər də var. Ancaq biz də piar üçün siyasi məsələlərdən istifadə etməliyik. Elə etməliyik ki, Hüseyn Cavidin pyesi bütün Avropada səhnəyə qoyulsun. Bunun üçün hər qurum öz sahəsində ciddi çalışmalıdır. Əlbəttə ki, əsərlərin keyfiyyəti də önəmli şərtdir.
– Hər halda dünya üzrə elmi məqalələrin dili də çox dəyişib. Belə bir fikir var ki, alimlərimiz hələ də sovet dövründən qalma qəliblərlə işləyirlər.
– Mən bununla razı deyiləm. Açığı mən də bu cameənin içinə girənə qədər yazının texniki tərəflərinə xüsusi fikir vermirdim. Məncə, elmdə də gənc nəsil yetişir. Beynəlxalq jurnallarda bizim alimlərin məqalələri çap olunur. Orada nəzarət güclüdür. Hər bir jurnala diqqətlə baxırlar. Elə olur ki, konfransa məqalə göndərirsən qəbul olunmur. Yəni yazılarımız tələblərə cavab verməsə, heç bir yerdə qəbul olunmaz.

İstər-istəməz bir sovet məktəbi və onun ənənələri hələ də qalmaqdadır. Ədəbiyyat İnstitutu Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev məktəbinin, böyük bir ənənənin üzərində qurulub. Dünyaya elmi açılışımız son 15-20 ildir ki, baş verir. Yəni istər-istəməz müəyyən proses gedir. Bu gün İnstitutumuzun akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əliyar Səfərli, professorlar Teymur Əhmədov, Qəzənfər Paşayev, Tahirə Məmməd, Bədirxan Əhmədov, Məmməd Əliyev, Vaqif Yusifli, Asif Rüstəmli, Nüşabə Araslı, Zaman əsgərli və s. kimi nəhəng alimlərlə yanaşı, yetişməkdə olan sağlam gənc alimlər də var ki, müasir elmi yanaşmaları klassik elmi təcrübələrlə vəhdətdə həyata keçirir, adlarını çəkdiyim ədəbiyyatşünaslarımızın tövsiyələri ilə maraqlı əsərlər ortaya qoyurlar. Bunlara Elnarə Akimovanın, Nərgiz Cabbarlını, Günay Qarayevanı, Eşqanə Əzimovanı, Maral Yaqubovanı və sairəni misal çəkmək olar. Ən əsası odur ki, institutumuzun direktoru Akademik İsa Həbibbəyli Yaşlı nəslin təcrübəsinə, elminə nə qədər inanırsa, gəncliyin dinamikasına da bir o qədər hörmət edir və formalaşamalarına dəstək olur. Məhz buna görə də, 2014-cü ilin ədəbi yekunları haqqında məruzələri məhz gənc nəslə həvalə edib.
Bu gün bütün iclaslarımızda hər dəfə şöbələrə tapşırıq verilir ki, şöbənizdə müdafiəsi gecikən alimlərə kömək edin. Vaxt var idi ki, müdafiələrin hansısa səbəblərdən gecikdirilməsi olurdu, bəzən də texniki səbəblərdən proses uzanırdı. Ancaq artıq bu cür hallar arxada qalıb. Ədəbiyyat İnstitutunda elmi işlə məşğul olan şəxslərə münbit şərait yaradılıb. İnstitut rəhbərliyi çox maraqlıdır ki, hər kəs elmi işini vaxtlı-vaxtında təhvil versin.

Oxşar yazılar