NDU-nun Beynəlxalq Məktəbində yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin təlimi keçirildi!
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Hədəf STEAM Liseyinin direktoru Şəmil Sadiqin təlimi baş tutdu. Təlimdə universitetin pedoqoji ixtisasları tədris edən müəllimləri və bu ixtisaslarda təhsil alan sonuncu kurs tələbələri iştirak etdilər.
Universitetin Tədris Departamentinin direktoru Şahin Əliyev Hədəf STEAM Liseyinin direktoru Şəmil Sadiq haqqında məlumat verdi. Bildirdi ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya gələn Şəmil Sadiqin uğurlu təhsil və iş fəaliyyətindəki təcrübələri tələbələr üçün nümunədir. Şahin Əliyev qeyd edib ki, müxtəlif illərdə fərqli müsabiqələrdə “İlin ən yaxşı müəllimi” seçilən, bir çox elmi-metodik, bədii kitabın, elmi məqalənin müəllifi olan yazıçının auditoriya qarşısında təlimi tələbələr üçün böyük fürsətdir.
Şəmil Sadiq təhsil və iş həyatında uğur qazanmağın yollarından, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların əhəmiyyətindən bəhs etdi, tələbələri daim öyrənməyə, yeni çağırışlara hazır olmağa və peşəkar inkişaflarını davam etdirməyə təşviq etdi. Eyni zamanda təlimçi “HƏDƏFDƏ STEM və ya peşəyönümlü təhsil”, “Korporativ mədəniyyət” adlı təqdimatlarında təhsil yönümlü müxtəlif başlıqlı məlumatlara diqqət çəkdi. Tələbələrlə müəllimlik peşəsi və şəxsi inkişaf barədə tövsiyələrini bölüşən Şəmil Sadiq karyera planlaması necə aparılmalı, korporativ ünsiyyət, uğurlu və düzgün CV hazırlama qaydaları və bir çox mövzuda məlumatları təqdim etdi.
Görüş interaktiv formada keçdi, tələbələr öz suallarını ünvanlayaraq Şəmil Sadiqin şəxsi və peşəkar təcrübəsindən faydalandılar.









