Xəbərlər

Uşaqlarla “yaşına görə yox, başına görə” davranın

Uşaqlarla “yaşına görə yox, başına görə” davranın

Təhsilə yanaşma son illərdə o qədər sürətlə dəyişir ki, bəzən həm yeni nəsil, həm də köhnə nəsil baş verənlərin miqyasını dərk etməkdə çətinlik çəkir. Buna görə də hər kəs bir növ özünü çarəsiz hesab edir. Təsəvvür edin, özünüzü 2000-ci illərdən əvvəlki məktəb mühitində görürsünüz: babamız, atamız, biz – hamımız eyni strukturun, oxşar qaydaların yetirməsi idik. Müəyyən yeniliklər olsa da, məktəbin mahiyyəti və müəllim-şagird münasibətləri uzun müddət sabit idi.

İndi isə vəziyyət tam fərqlidir. Son 30 ildə baş verən texnoloji və sosial transformasiya nəticəsində uşaqlarla müəllimlər arasında dərin uçurum yaranıb. UNESCO-nun 2023-cü il hesabatına əsasən, “rəqəmsal nəsil” adlandırılan Z və Alfa nəsli əvvəlki nəsillərlə müqayisədə gündə orta hesabla 6-7 saat ekran qarşısında vaxt keçirir. Bu isə onların öyrənmə tərzini, diqqət intervalını və motivasiyasını tamamilə dəyişib.

Bir vaxtlar məktəblərdə davranış qaydaları müzakirə olunmurdu – məsələn, oğlanların saç uzunluğu və ya üzündə tük olub-olmaması konkret qaydalarla tənzimlənirdi. İndi isə müəllim eyni qaydanı xatırlatsa, dərhal insan hüquqları ilə məktəb intizamı arasında mübahisələr başlayır. Bu, təkcə geyim və görünüş məsələsində deyil, telefon istifadəsi, dərs metodları və hətta qiymətləndirmə formalarında da özünü göstərir.

Məsələn, “məktəbə telefon gətirmək olmaz” qaydası bəzi hallarda müəllimin dərsdə texnologiyadan istifadə edərək layihə hazırlamasına mane olur. OECD-nin “Future of Education and Skills 2030” hesabatı göstərir ki, texnologiyanın tam qadağan edilməsi uşaqların yaradıcılıq və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyi ləngidir. Burada əsas məsələ balansı tapmaqdır.

Valideyn–Müəllim–Uşaq Dinamikası

Uşaqları idarə etmək müəllimlər üçün getdikcə çətinləşir. Valideynlər bəzən müəllimi qınayır, amma unudurlar ki, öz övladlarını idarə etməkdə də çətinlik çəkirlər. Psixoloqlar bildirirlər ki, “valideynlərin övlad davranışına təsiri” mövzusunda aparılan araşdırmalar göstərir ki, ailədə sərhədlər zəif olduqda, məktəbin təkbaşına uşağı istiqamətləndirməsi daha çətin olur.

Digər tərəfdən, müəllim də çətin vəziyyətdədir. Çünki bu gün məktəbə gələn uşaq artıq 6 yaşında YouTube, Roblox, TikTok və cizgi filmləri vasitəsilə formalaşmış bir “virtual sosiallaşma” təcrübəsinə sahib olur. Beynəlxalq PISA tədqiqatları göstərir ki, ekrana uzunmüddətli məruz qalma şagirdlərin diqqətini parçalayır, lakin eyni zamanda onlara çoxsəviyyəli informasiya emalı bacarığı qazandırır. Uşağın real həyata marağı azalır və valideyn də, müəllim də onu başa düşməkdə çətinlik çəkir. Nümunə görmək istəsəniz, ətrafınızdakı uşaqlarla ünsiyyıt qurmağa və bu məsələlərə diqqət etməyiniz yetərlidir.

Əslində problem qarşıdurmadan çox, nəsillərarası “frekans fərqi”ndədir. Bunu qəbul etdikdə, həll yolları görünməyə başlayır. Əks halda, valideynlə müəllim bir-birini ittiham etməyə davam edir, nəticədə uşaq ən mühüm dəstəyini itirir.

Bu gün isə biz özümüzü öldürür, bir-birimiz top atəşinə tutub qınayır, toqquşuruq.  Əslində, fərqinə varsaq ki, bizim qarşımızda daha güclü, daha bilgili, daha zəkalı və daha fərqli dünaynın uşağı var, o zaman nəsə etmək mümkündür. Bəlkə, indiki 6 yaşlı uşaq gəlib müəllim, valideyn olarsa, o zaman bir-birlərini bizdən daha yaxşı başa düşərlər, amma ona da inam yoxdur, çünki hər gün yenilənən texnologiya idarə edilməz bir vəziyyətdədir. Mənim atam mən aşıq oynayanda danlayırdı, mən böyük oğlumu kompyuterdə çox vaxt keçirəndə danlayır, amma kiçik oğlumu planşetlə təmasına görə danlayıram. Kompyuter qarşısında oturmasına az qala sevinirəm ki, deyəsən nəsə ciddi bir işlə məşğul olur. Yəqin ki, 3-5 ildən sonra suni zəkalı oyunlardan uzaq tutmağa çalışacağıq. Buna görə də düşünürəm ki, məktəblər tez bir zamanda kurikulumlarını buna uyğunlaşdırmalı, dəyişimə hazır olmalıdır.

Texnologiya və Kurikulumun Transformasiyası çox önəmlidir.  Texnologiyanın sürətli inkişafı pedaqoji yanaşmaları köklü şəkildə yeniləməyə vadar edir. Dünyanın qabaqcıl məktəbləri (Finlandiya, Sinqapur, Estoniya) artıq süni intellekt və layihə əsaslı təlimi kurikulumlarına inteqrasiya ediblər. Sinqapur Təhsil Nazirliyi 2022-ci ildən AI əsaslı öyrənmə alətlərini ibtidai siniflərdə pilot layihə kimi tətbiq edir. Hətta 2024-cü ildə Sinqapurda olarkən onlar esse yazılarını, inşaları müəyyən texnoloji vasitələrlə qiymətləndirdiklərinin şahidi olmuşdum.

Bəli  gələcəyin məktəbi üçün əsas məqsəd “çevik zəkalı, tənqidi düşünə bilən, adaptasiya qabiliyyətli” şagirdlər yetişdirməkdir. Bilgi əzbərlətmək artıq kifayət deyil; uşaqların analitik, sosial-emossional və etik bacarıqları inkişaf etdirilməlidir. Valideynlər də ənənəvi tərbiyə üsullarını yeniləməli, “uşaqla uşaq, böyüklə böyük kimi” prinsipi ilə yanaşı, empatiya və sərhəd qoyma bacarıqlarını balanslaşdırmalıdır.

Bu gün bizi ən çox qorxudan Suni Zəka proqramlarıdır. Süni zəka hələlik idarəolunan mərhələdədir, lakin gələcəkdə etik nəzarət olmadan onun “qaranlıq tərəfi” cəmiyyət üçün risk yarada bilər. Bu səbəbdən, uşaqları yalnız texnologiyadan uzaq tutmaq yox, həm də onu düzgün istifadə etməyə öyrətmək lazımdır.

Nəsillərarası anlaşmanı gücləndirmək üçün müəllim və valideyn uşağın “yaşına görə yox, başına görə” yanaşmalıdır. Çünki bugünkü altı yaşlı uşaq artıq böyük informasiya selinin içində böyüyür və onu idarə etməyi öyrənmək üçün böyüklərin yeni pedaqoji və emosional alətlərə ehtiyacı var.

Bəli, dəyişən dünyada dəyişməyən yeganə dəyər sağlam ünsiyyət və empatiyadır. Müəllim də, valideyn də uşaqla körpü qurmağı bacarsa, texnologiyanın gətirdiyi bütün çağırışlar fürsətə çevrilə bilər.

Məqaləni bitirəndən sonra, dedim ki, çat gpt-dən bununla bağlı tövsiyələr istəyim, görək o öz dərdinə nə dərman görür? Onun yazdıqlarını da mən redaktə edib, sizinlə paylaşıram:

  Müəllimlər üçün:

  • Rəqəmsal alətlərdən qadağa kimi yox, tədrisin məqsədinə uyğun “pedoqoji körpü” kimi istifadə edin.
  • Şagirdlərin ekran vaxtını izləyin, lakin eyni zamanda onu tədqiqat, layihə və yaradıcı işlər üçün yönləndirməyi öyrədin.
  • Davranış qaydalarını sərt deyil, izah və razılaşma əsasında tətbiq edin — bu, uşağın öz məsuliyyət hissini artırır.

 Valideynlər üçün:

  • Övladlarınızın rəqəmsal dünyasını tanıyın: hansı oyunları oynayır, hansı videoları izləyir, hansı sosial platformalarda vaxt keçirir.
  • Ailə daxilində “ekran – real həyat” balansını nümunəvi davranışla göstərin, yalnız qadağalarla deyil.
  • Müəllimlə əməkdaşlıqda müdafiə mövqeyindən çıxın, uşaq üçün ortaq strategiya yaradın.

 Təhsil rəhbərləri və siyasətçilər üçün:

  • Kurikulumlara texnologiyanın tənqidi istifadəsi, media savadlılığı və sosial-emossional bacarıqlar üçün ayrıca fənn və modul əlavə edin.
  • Müəllim hazırlığında “rəqəmsal pedaqogika” və “AI etikası” üzrə proqramları genişləndirin.
  • Məktəb qaydalarını çevik edin: həm intizamı qoruyun, həm də yeni nəsil bacarıqları təşviq edin.

 Hamı üçün ümumi mesaj:

  • Uşaqlarla ünsiyyətdə “yaşına görə yox, başına görə” yanaşma göstərin; onların maraqlarına hörmətlə yanaşıb, sərhədləri aydın müəyyənləşdirin.
  • Unutmayın: texnologiyanın sürətinə yalnız empatiya, ünsiyyət və müasir tədris bacarıqları ilə cavab vermək mümkündür.

 

Oxşar yazılar