Kitab-kitab böyüyək !!!
Kitabın, mütaliənin gücünə də, romantikasına da həmişə inanmışam. Bir məsələ var ki, biz kitabın gücündən çox romantikasına inanır, onun arxasınca gedirik. Kitabı daha çox əyləncə, vaxt keçirmək üçün oxuyur, ya da sıxıcı dərs kitabları deyib keçirik. 8-11 aprel tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən II Uşaq Kitab Festivalı bizi kitabın romantikadan çox gücə sahib olduğuna bir daha inandırdı. Sərgidə onlarla nəşriyyatın iştirakı da, minlərlə uşaq və yeniyetmənin, şagird və tələbənin, müəllim və valideynin axını da buna əsl sübutdur. Hələ təşkilatçıların, sərgi iştirakçılarının necə həvəslə festivala hazırlaşdıqlarını, oxucuları necə həvəslə qarşıladıqlarını görmək lazım idi. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) layihəsi olan sərgi-festivalın əsas təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi idi. Artıq 3 ildir, fəaliyyət göstərən ANAİB yarandığı ilk gündən kitabın, kitabçılığın inkişafına ciddi töhfə verir, bu sektorun yeni hədəflərə doğru aparılmasında komanda olaraq çalışır. İndiyə qədər “Bölgələrə kitabla gedək” çağırışı altında Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi şəhərlərimizdə yazıçılarla oxucuları görüşdürüb, bölgələrimizdə kitabı əlçatan edib. Keçən ildən idarə heyətinin qərarı ilə məhz uşaqlar üçün nəzərdə tutulan, spesifik layihə həyata keçiririk.
ANAİB UŞAQ KİTAB FESTİVALI! Düzü, ilk müzakirələrimizdə əksəriyyətin fikri o idi ki, onsuz da nəşriyyatların sayı azdır, ixtisaslaşmayıblar, kitab sərgilərində iştirak edən oxucu sayının bu qədər az olduğu dövrdə yalnız uşaqlara ünvanlanan sərgi-festival baş tutarmı? Narahatlıq doğuran səbəblərin arxasında ciddi faktlar dururdu, amma layihə müəllifi, uşaq yazıçısı Fatimə Alxazın israrla, “Yaxşı olacaq, məncə, başlayaq” – deməsi, komandanı inandırması, layihəyə başlamağımıza kifayət etdi. Və bacardıq! Ciddi marağın olduğuna da şahid olduq. Axın-axın gələn məktəblilərin kitabla təması, festival çərçivəsindəki tədbirlərdə aktiv iştirakı, bir daha göstərdi ki, bu prosesi gileylənməklə yox, əməli işlə inkişaf etdirə və uşaqlarımızda oxu bacarıqlarını formalaşdıra bilərik. Sözsüz ki, belə sərgilərin təşkilində həm özəl sektorun, həm də dövlət qurumlarının ciddi dəstəyinə ehtiyac var. Çox təəssüflə qeyd edim ki, keçən il müraciət etdiyimiz dövlət qurumlarından, özəl sektordan heç bir dəstək ala bilmədik. Sonda yenə birliyin üzvləri əlini daşın altına qoyub öz imkanları hesabına o möhtəşəm tədbiri keçirə bildi. Aldığımız nəticə, sosial aktivlik, gələn mesajlar çətinliklə addımlayan kitab sektorunu az da olsa, ruhlandırdı. Və bu il daha planlı, daha mütəşəkkil, daha öncədən layihənin icrasına başlanıldı. Üstəlik dövlət qurumlarının verdiyi motivasiya işin möhtəşəmliyini ortaya qoydu. Demək, bir şeyi sidq-ürəklə istəyəndə olurmuş. Amma istəməklə yanaşı cəhd etmək də önəmli idi.
Festivalın piarı “Mənim kitab daxılım” layihəsi üzərindən aparıldı. 20.000 daxıl hazırlayıb məktəblərdə şagirdlərə payladıq. Üstəlik bu daxıllar müasir təhsil yanaşmasına xas şəkildə, interkativ formada naşirlərin birbaşa iştirakı ilə uşaqlara paylanıldı. Sinifdə birgə quraşdırıldı və elan olundu ki, sərgiyə qədər daxıllara pul yığıb, bu qutularla sərgiyə gəlib 50 %-ə qədər endirimlə kitablar əldə edəcəksiniz. Uşaqların sevinci, həvəsi çox uğurlu nəticə verdi. Sərgidə uşaqların o daxıllarla stendlərə yaxınlaşmasını, həvəslə pullarını saymasını görmək çox gözəl idi. Bu, uşaqlarda təkcə kitaba məhəbbət yox, önəmli bir işi bacarmaq, hesabatlılıq, özgüvən, maliyyəni idarəetmə bacarığını formalaşdırmaq üçün vacib addım idi. Sərginin təşkilinə dövlət qurumlarının diqqəti, dəstəyi prosesi daha da alovlandırdı.
Sərgi-festivalın açılış mərasimində iştirak edən ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, və Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli öz çıxışlarında festivalın əhəmiyyətindən, gəncliyin formalaşmasında önəmli layihələrdən biri olduğunu vurğuladı, iştirak edən uşaqlarla söhbət edib şəkillər çəkdirərək onların yaddaşında silinməz iz qoydular. Yüksək çinli dövlət məmurunun kitabın təbliğində dəstəyinə həmişə ehtiyac var. Əgər oxucu sayını artırmaq istəyiriksə, bu cür addımları çoxaltmalıyıq. Təəssüf ki, 10 milyonluq Azərbaycanda cəmi 30 aktiv fəaliyyət göstərən nəşriyyat var. Lakin əhalisi demək olar, bizimlə eyni sayda olan Avstriyada 600-dən çox nəşriyyat fəaliyyətdədir. Bu o deməkdir ki, bizim oxucu sayımız az, tələbimiz minimum həddədir. Amma ümidsizliyə qapılmaq da yanlışdır. Keçənilki festival-sərgidən bu günə qədər ciddi dəyişiklik olub. Bir neçəsini sadalayım: – sərginin keçirildiyi məkan iki dəfə daha böyük oldu; – keçən il həm kitab mağazaları, həm nəşriyyatların hesabına 30 iştirakçı vardısa, bu il sadəcə nəşriyyatların iştirakı ilə 24 qurum sərgiyə qatıldı; – keçən ildən bəri 6-7 nəşriyyat öz alt markalarını yaradıb yeni uşaq kitabları ilə iştirak etdi. – 10-dan çox yeni nəşr məhz sərgi üçün hazırlandı, həmin gün oxuculara təqdim edildi; – keçənilki iştirakçı sayı 20.000 idisə, bu il 50.000-dən çox oldu; – keçən il 40.000 kitab satılmışdısa, bu il 70.000 mini ötdü; – keçən il tədbir iki gün davam etmişdi, bu il isə 4 gün; – keçən sərgiyə gələn uşaqlar daha çox hədiyyə kitab almaq üçün gəlmişdisə, bu il öz büdcəsi ilə kitab almağa, istədiyi kitabı seçməyə gəlmişdi; – keçən il sərgi çərçivəsində 30-a yaxın tədbir keçirilmişdi, bu il isə 60-dan çox əyləncəli, intellektual tədbir baş tutdu; – keçən il daha çox valideynlər uşaqları sərgiyə gətirməyə maraqlı idisə, bu il əksinə oldu; – bu il layihə çərçivəsində elmi-praktik konfransın da keçirilməsi prosesin tədqiqatı baxımından da çox önəmlidir ki, naşirlər gələcək fəaliyyətini bu sahədə qura bilsinlər; – ölkəmizdə ilk dəfə olaraq kitab sektorunda çalışan qurumların özəl sərgisinə naşirlər xüsusi hazırlanmış stendlərlə çıxdı. Bunlar göstərir ki, sözügedən sahədə görülməli iş çoxdur. Təşəbbüs olsa, milli dəyər, müasir düşüncəyə sahib gənclik yetişdirmək, ölkəmizin gələcəyi naminə daha faydalı işlər görmək olar. Bu gün yad və düşmən ünsürlərin əsirinə çevrilmiş gəncləri görməkdəyik, lakin savadlı, intellektual gənclik yetişdirə bilsək, onların dünyagörüşünü öz milli maraqlarımız və bəşəri dəyərlər əsasında formalaşdırsaq, bu gün yaşadığımız yanlışlıq davam etməz.
Dörd gün ərzində sərgiyə gələn uşaqlar yaşlarına uyğun tədbirlərə, yazarlarla görüşə, teatr tamaşalarına cəlb edilir, imza mərasimlərində iştirak edirdi. Zahid Xəlil, Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, Sevinc Elsevər, Solmaz Amanova, Elgüsel, Sevinc Nuruqızı kimi yerli uşaq yazarları ilə yanaşı Türkiyədən dəvət olunan Suat Turqut, Özgə Lokmanhəkim kimi ədiblər də maraqlı müzakirələr apardı, kitab imzaladılar. Tanınmışların nağıl saatı uşaqlarda daha çox maraq doğrudu. Xalq artisti Mənsum İbrahimov, tanınmış futbolçu Qara Qarayev, qiraətçi Xəzər Süleymanlı, yazıçı Rövşən Abdullaoğlu kimi tanınmış ictimai xadimlər uşaqlara öz üslublarında nağıl danışdılar. Düzü, əksəriyyət sərgi ilə yarmarkanı, sərgi ilə festivalı qarışdırır. Dörd günlük tədbir təkcə sərgi və ya yarmarka yox, Uşaq Kitab Festivalı idi və təşkilatçılar bunun tam öhdəsindən gəldilər. Festivalda iki səhnə ayrılmışdı, biri Firudin bəy Köçərli, biri isə Abdulla Şaiqin adını daşıyırdı. Bu özü də çox şeydən xəbər verir. Bu səhnələr günün bütün saatlarında dolu olurdu. Uşaq birliklərinin özfəaliyyəti, master-klaslar, rəssamların uşaqların şarjını çəkməsi – hamısı ümumi işin tərkib hissəsi idi.
Festivalın üçüncü günü “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçirildi. Seminarda Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini həll yolları ilə bağlı məruzələr edildi, təkliflər dinlənildi, müzakirələr aparıldı. – ANAİB-in sədri, seminarın moderatoru Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”; – Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri: oxuyub, anlamaq”; – yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”; – “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində. Çap və elektron resurslar: mif və reallıq”; – Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”; – məruzələri seminarın ciddiliyindən xəbər verir. Bəli, bu sadaladıqlarım Azərbaycanımız üçün, zəfərin uşaqlarını yetişdirmək üçün Ümummilli lider Heydər Əliyevin, “Azərbaycanın gələcəyi gənclərin çiyinləri üzərində qurulacaq” – ideologiyasının həyata keçməsi üçün böyük hadisə idi. Bunu həyata keçirən isə fədakar naşirlər – ANAİB komandası oldu. O komanda ki, böyük ideallar arxasında yorulmadan çalışır, güclərini birləşdirir, yeri gələndə kitab tərtib edir, yeri gələndə sərginin masalarını daşıyır, yeri gələndə satıcı kimi stendin arxasında kitab satır. Əlbəttə, kitab sektorunun çatışmazlığı çoxdur və bu problemləri təkcə vətəndaş həmrəyliyi ilə həll etmək mümkün deyil. Necə ki, bu layihənin həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ciddi dəstək verdi və kitabın arxasında durdu, eləcə də digər dövlət qurumları anoloji addım ata, beləcə, ölkənin gələcəyinə yatırım edə bilərlər. Kitabla böyüyən gənclik həmişə, hər yerdə Azərbaycanın üzünü ağ edəcək, gücünə, güc qatacaq!
Şəmil SADİQ ANAİB idarə heyətinin sədri
Azərbaycan müəllimi qəzeti, 14.04.2023
Azərbaycan Nəşriyyatları Assosiasiyası