Satira

Bayram

Qoz-fındığı almağa pul çatmayır,
Fəhlə yazıq axşamları yatmayır,
Kişmiş nədir, heç mövücü tapmayır,
Dərdləri çox, bəndə necə ölməyə? !
Bayram da vaxt tapdı durub gəlməyə.

Vaxt var idi, darvazanı açardıq,
Qurşaq atıb, pay yığaraq qaçardıq,
Qurşaq atan görəndə nur saçardıq,
Gəlmir əlim bir qozumu bölməyə,
Bayram da vaxt tapdı durub gəlməyə.

Şamlar bizə yeddiləvin oldu, vay!
Çün yanmayır bəxt işığım, söndü, vay!
Bayram bizə min əzaba döndü, vay!
İnsan yazıq bəs nə qədər gülməyə?
Bayram da vaxt tapdı durub gəlməyə.

Bayram gəldi, yoxdu pulum, hambalam,
Getdim ki, mən torba atıb pay alam,
Qonşum kimi şənlənə kefdən balam,
Məmur məni tulladı tez bölməyə,
Bayram da vaxt tapdı durub gəlməyə.

Arvad dedi, evdə yatan ərdimi?
Pul olsaydı, yar belə deyərdimi?
Bir kimsəyə söyləmədim dərdimi,
Yoxdur kəfən, gəlmir üzüm ölməyə,
Bayram da vaxt tapdı durub gəlməyə.

Bayram gəldi, qap-bacanı bağladım,
Aş bişmədi, qoz sınmadı, ağladım,
Mən nəfsimi bir ömürlük dağladım,
Sadiq yazıq pul axtarır, görməyə

Bayram da vaxt tapdı durub gəlməyə.

Oxşar yazılar