Xəbərlər

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarımız iki mərhələdə aparılır. Birinci mərhələ həm də orta təhsil pilləsini bitirən şagirdlər üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat, ingilis dili üzərindən, qəbul imtahanlarının ikinci mərhələsi olan, el arasında hələ də “qrup imtahanları” adlandırılan blok imtahanlarında isə istiqamətlər üzrə fənn imtahanları keçirilir. Çox maraqlıdır ki, ikinci mərhələ imtahanlarında birinci mərhələdə Azərbaycan dilindən imtahan verən şagirdlər III blokda yenidən Azərbaycan dilindən, I və II blokda isə yenidən riyaziyyat fənnindən imtahan verirlər.
Bu heç bir halda qəbul edilə bilən və məntiqli deyil. Rəsmilər bunun “niyə”sini belə izah edirlər ki, abituriyentin seçəcəyi ixtisasa görə blokda eyni fəndən ona görə imtahan verilir ki, bilik daha dərinləməsinə ölçülsün. Bu fikrin özü belə yanlışdır. “Daha dərinləməsi” dedikdə daha çətin suallar nəzərdə tutulur. Bu isə abituriyentlərə əlavə yük, artıq stres, valideynlərə isə əlavə maddi yük, DİM-in özünə əlavə iş, büdcəsinə əlavə təsir (mənfəət və zərər, fərqi yoxdur) deməkdir. Bu dediklərim nəzərə alınsa, DİM-in mart-sentyabr ayları arasında uzun bir qəbul prosesi də asanlaşar. Halbuki DİM-in rəsmiləri də hər dəfə dilə gətirir ki, bu proses ağırdır və ona görə də belə uzun zamanı əhatə edir.
Nəzərə alsaq ki, III blok şagirdlərinin ikinci mərhələdə verdiyi Azərbaycan dili dil fənni sadəcə filologiya fakültələrinə faydalı ola bilər, o da olsa. Belə ki, III blokda tarix, ibtidai sinif, sosial iş və sairə kimi fakültələrdə bu fəndən sadəcə qrammatika üzərindən aparılan ikinci sorğulamanın əlavə yükdən başqa heç bir nəticəsi yoxdur. Heç filologiya fakültələrinə qəbul olmaq istəyənlər üçün də lazım deyil. Eyni prinsipi biz I və II blokda riyaziyyata aid edə bilərik. Sadəcə riyaziyyat və informatika fakültələri üçün qismən faydalı olan ikinci eyni fəndən – riyaziyyatdan imtahan qida sənayesi, kimya mühəndisi, coğrafiya müəllimləri üçün gərəkli deyil.
Biz qəbul imtahanlarına universitetə buraxılış imtahanı kimi baxmamalıyıq. Şagirdlər məktəbi bitirib universitetə ona görə qəbul olurlar ki, öz ixtisasını daha yaxşı mənimsəsin, mütəxəssis olsun. Amma abituriyentdən soruşulan bilik isə mütəxəssisdən soruşulan bilik səviyyəsindədir ki, bu böyük yanlışdır. Axı biz orta məktəb buraxılışını niyə bu qədər çətinləşdirməliyik? Məhz bu cür yanaşma repetitorluğun genişlənməsinə, dərinləşməsinə rəvac verir. Bu isə valideynlərin narazılığına, təhsildən, dövlətdən narazı qalmasına gətirib çıxarır ki, bunu isə heç bir məmur istəməməlidir. Təhsildən narazı kütlə qəbul prosesinin ağırlığından daha şiddətli narazı zümrəyə çevrilir. Çünki yaradılan bu cür çətin qəbul prosesi birbaşa valideynin büdcəsi hesabına başa gəlir ki, bu da məktəblərin nüfuzuna xeyli xələl gətirir.
Soyuq başla düşünəndə bir fəndən iki dəfə imtahan götürmək heç nəyə fayda vermir. Mürəkkəblikdən başqa heç nəyə yaramayan bu sistem aradan qaldırılmalıdır. Bir zamanlar mərkəzləşdirilmiş imtahan söhbəti gedirdi, indiki model guya ona yaxınlaşıb, amma tam deyil. Nə olar ki, buraxılış imtahanında götürülən o üç fənn elə qəbulun nəticəsi kimi də qəbul edilsin. Axı gənclik yazıqdır, valideynlər çətinlik çəkir, dövlət büdcəsindən əlavə xərclər yaranır.
Dediklərimin hər biri üçün hər iki qurumla müzakirəyə də, debata da hazıram. Kimsə məni inandırsın ki, bir filoloq olmaq istəyən üçün iki dəfə sorğu-sual etmək onun gələcək peşə fəaliyyətinə faydalıdır, hələ digər ixtisas sahiblərini demirəm.
Hörmətli Elm və Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də rəsmiləri dövlətimiz və millətimizin gələcəyi naminə bu məsələlərə geniş vaxt ayırıb, ciddi müzakirələr aparıb, daha uğurlu və sadə model müəyyənləşdirsələr, necə də gözəl olar. Təhsildə başqa maraqlar, eqolar, ambisiyalar heç bir halda qəbul edilən deyil. Təhsil güzəşti sevir, motivasiyanı sevir, inamı sevir, özgüvənin məhv edilməsini, stresi yox!

Oxşar yazılar