Pıllı əmini çoxdan tanıyıram. Uşaqlıqdan elə bilmişəm ki, onun adı elə anadangəlmə bu cürdür. Nəinki mən, hətta bütün kənd camaatı bu cür bilir. Amma həmişə də camaatda bir şübhə vardı bu ada qarşı. Çünki bizim Pıllı əmi kimi tanıdığımız bu saf insan heç vaxt “pıllı” kimi görünmürdü.
Daha çox pulsuz adam təsiri bağışlayırdı. Böyüdükcə öyrəndim ki, sən demə bu kişiyə kənd camaatı onun heç bir zaman pul dərdi çəkmədiyi, pula ehtiyacı olmadığı, pulu olmasa da, bütün qonaqlıqları onun verdiyi, istənilən qonşu kənddə kim onu görərsə ona ən az 100 qramlıq araq qonaqlığı verdiyi və əksəriyyətinin boynunda minnəti olduğu üçün ona Pıllı əmi adını verib.
Pıllı əmi hər gün yeyib içsə də, heç bir zaman məhərrəmlikdə sinə vurmasından, baş yarmasından, dəstəbaşılıq etməsindən geri qalmazdı. Amma heç kim bu sadə və gülərüz, həm də baməzə adamı bu bir-birinə zidd əməllərinə görə qınamazdı. Çünki hamı yaxşı bilirdi ki, o, nə edirsə, ürəyindən keçəni edir və həmişə olduğu kimidir. İki üzlülüyü yoxdur, kiminsə toyuğuna kış deməz, kiməsə pislik etməzdi. Bir mənfi xüsusiyyəti çox içməyi idi. Amma mən böyüdükcə bu pulsuz Pullu əmini anlamağa başladım. Çünki onun içməyi ilə Kefli İsgəndərin kefliliyi arasında heç bir fərq yox idi. Həmişə sillə kimi üzə çırpılan həqiqətləri deməsinə ağıllılar da, dəlilər də “əşi keflinin biridir” deyib keçərdilər. Məsələn, onun dediyi hansı bir sözü başqa bir adam desə idi, hökmən ya döyülərdi, ya da dövlət məmurları tərəfindən içəri atılardı. Amma Pıllı əmini hamı ötüşdürürdü.
Elə buna görə də onun başına gəlməyən hadisə yoxdur. Yadıma düşdükcə gülümsədiyim hadisəni sizlərə də danışmaq istədim. Uzun illər bundan qabaq, ölkəmizin ordu quruculuğunun yeni dövrlərində Pullu əmi əsgərlik xidmətində olan oğlunu görməyə gedir. Həmişəki kimi içsəydi də, içməsəydi də kefli obrazı onunla idi. Oğlunun kef-əhvalını soruşduqdan sonra zorla oğlunu maşına mindirib evə aparmaq istəyir. Oğlu da xidmətin qanunlarını öyrəndiyi üçün atasının bu hərəkətini qəbul etmir: – Ata, heç kimdən icazə almamısan, cəmi 40 gündür ki, burdayam, evə getməyim düzgün deyil. Hərbinin qaydalarını bilirsən. Axı komandirin heç nədən xəbəri yoxdur.
Bunu eşidən Pıllı əmi başlayır komandirin nə ki müqəddəs sayılacağı şeylər var söyməyə. Pıllı əminin söyüşləri də bol və xoruz səsi eşitməmiş olurdu. Bəzən elə orijinal söyüşlər söyərdi ki, nə qədər biədəb olsaydı da, gülməyə bilməzdin. Nəsə, uzun sözün qısası oğlu atasının əlindən qurtulub hərbi hissəyə dönür. Səhər düzülüşündə komandir Qulunu bir addım önə çıxarıb 3 günlük “hauptvaxt” verir.
Hadisənin bu cür baş verməsini dostum Qulu hərdən məclislərdə danışar və “hamının valideyni yanına gələndən sonra komandir ona yaxşı baxardı, amma mənim atam gələndən sonra məni “hauptvaxt” göndərdilər”, – deyib gülərdi.
Sən demə, hadisənin əsli başqa cür imiş. Bir gün onun da iştirak etdiyi məclisdə bu hadisə yada düşdü və Qulu eynilə bizə danışdığım kimi nəql etdi. Pıllı əmi dözə bilmədi, bir də hadisəni özü danışdı.
– Ə qurumsaq oğlu, qurumsaq, niyə düzünü demirsən? Hə, düz deyir, basıb maşına gətirəcəkdim, amma əlimdən qaçdı. Soruşun niyə? Ona görə ki, mən vətənə qulluq etsin deyə, döyüş hazırılğı keçsin deyə göndərdiyim oğluma pazı əkdirirdilər. Elə bunu görən kimi dedim:
– Sənin komandirin bele-belə olsun, mən səni pazı əkməyə göndərmişəm bura, yoxsa xidmətə? Belədirsə, gedək həyətimizdə mən özüm sənə pazı əkdirərəm. Qoy görüm hansı ovrəş mənim qabağıma çıxa bilir bundan sonra. Komandiri tapa bilmədim, tapsaydım, yerə yıxıb pazıları ona yedirdəcəkdim. Hın, bax buna görə itquslu götürüb gətirirdim, alçaq aradan çıxdı.
Pullu əmi bunu deyib saf və ədalət işığı yanan gözləri ilə camaata baxdı və sanki “bəlkə səhv etmişəm” sualının cavabını axtardı.
Hə bizim Pıllı əmi belə əmi idi. Ona görə də, hərdən onun macəralarından danışacam sizə…