Şeir

Bir sevgilin ola Seulda…

Bir qıyıq göz sevgilin ola,
Sən onun, o sənin dilin bilməyə…
Bircə kəlmə üçün zülm çəkəsən…
Hər şeyə ‘’good’’ deyib, güləsən ancaq,
Əlinlə-qolunla yorub özünü,
Gözlərin dil aça, durasan ancaq…
Bu dəm yadına ‘’Very Good’’ düşə,
Ya da başqa dildəki ‘’Krasivaya’’…
Deyəsən, o gülə, sən zənn edəsən,
Könlünə gedən yolları fəth eyləmisən…

Sevə bir sarmaşıq, bir çinar kimi,
Sarılmasına da güləsən ancaq,
Bir sarmaşıq kimi, bir ağac kimi
dilsiz-ağızsız…

Bir sevgilin ola həm də bütpərəst,
‘’Ya sən islamı qəbul eylə mənim dinimə gəl,
Ya da məni təlim elə məzhəbi isayə gəlim,’’
Şərt qoymayasan, Şəhriyar kimi…
Səssiz səmirsiz, Buddaya gedib,
Təzim edəsən arzularınçün,
Sonra bilinməz makolli içib,
Bəyənməsən də, Good deyəsən,
Buddanı ürəkdən tərifləyəsən,
… Səhərə qədər…

Ona uşaq kimi oyun qurasan,
Deyəsən ‘’Sevirəm’’ sizdə necədir?,
Sarang hamnida, deyə, gülərək.
Gözünə baxaraq, təkrarlayasan.
O da sakitcə pıçıldayaraq,
– Yes, Sarang hamnida,
deyə, alovlanasan.
Ürəyin gülə,
Diləyin gülə,
Kələyin gülə.

Sevib sevildiyin, çılğın anında
Vaxt yaxandan tuta, çıxıb gedəsən,
Sənə buraxılmış ipək dəsmalın,
Gözünə, könlünə sıxıb gedəsən.

Bir sevgilin ola səndən uzaqda,
Sevəsən bir ömür kənardan onu…
Hardadır, necədir xəbərsiz kimi,
Sevəsən daima öz bildiyin tək…

Çox uzaqda, əlin yetməyən,
Məsələn, Seulda, ola sevgilin,
Nə gedə biləsən, nə də o gələ…
Həsrətin vüsala dönüşməsini
Dada bilməyəsən bir ömür boyu…
Xəyalla qurasan eşqin məclisin…
Şərabı tək süzüb, təkcə içəsən.

Oxşar yazılar