Səhər yuxudan ayılanda 81 yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib sakit-sakit ağlayırdı. Qəribə bu idi ki, mən onu kənardan görürdüm. Lakin onun ağarmış saçlarımı sığallamasını və üzümə düşən göz yaşlarını hiss etmirdim. Əvvəl elə bildim, yuxu görürəm. Qışqırdım, amma səsimi özüm də eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü.
Bu nə qəribə, nə maraqlı yuxudur?! Həmişə yuxularımı unutduğumdan dua etdim ki, kaş bu yuxunu səhər xatırlaya idim. Sonra oğlum gözlərini ova-ova gəldi. “Nə olub, ata?” – dedi. “Altunsaçımı itirdik” – deyə Əliqulu hönkürdü. O qədər qocalıb əldən getmişdi ki, ağlamağa da heyi yox idi… Oğlum da yanımda dizi üstə yerə çökdü. Diqqətlə üzümə baxdı. Sonra əlimi qalıdırıb öpdü. Onun da gözlərindən yaş axırdı…. Əliqulunun göz yaşları payız leysanına, oğlumun göz yaşları isə süni yağışa bənzəyirdi. Demirəm, onun ürəyi yanmırdı, ana itirdiyini hiss etmirdi. Amma sanki o, bunu – bir gün öləcəyimi gözləyirdi. Ölümümüzün yaxınlaşmağı ilə barışmışdı. Böyük oğlum idi Qaya. Soyuqqanlı və dözümlü olduğunu da yaxşı bilirəm. Amma onun məni itirməsi, atasının məni itirməsinə bənzəmirdi. O sanki nəsə qiymətli bir şeyini itirdiyi və bunu bir daha tapa bilməyəcəyi üçün heyfslənirdi. Atası isə sanki gözlərini itirib işıqsız, ayaqlarını itirib hərəkətsiz qalmışdı. Onların itirmək hisləri ən az bu qədər fərqlənirdi. Oğlum yavaş-yavaş ayağa qalxdı. Mən səssizcə kənardan onları seyr edirdim. Çox maraqlı idi. Mən də hamı kimi həmişə fikirləşirdim ki, bir gün ölsəm, məndən sonra nələr olar? Qaya bacısına və kiçik qardaşına zəng edib: “Anamızı itirdik, başınız sağ olsun” – dedi. Bunu o qədər soyuqqanlıqla dedi ki… Bu zaman: “Mən ölməmişəm” deyə yenə bağırdım. Amma heç kimin vecinə deyildi. Heç kim məni eşitmirdi. Oğlumun mərasimə hazırlaşması üçün çölə çıxdığını görüb tələsik uzandığım yerə yaxınlaşdım. Otaqda ilk toy gecəsindəki kimi, ərimlə tək idim. Gördüm ki, rəngim ağappağdı. Əliqulu uşaq kimi ağlayırdı. Gah əlimi tuturdu, gah üzümdən öpürdü, gah da başını sinəmə qoyurdu: “Axı mənə demişdin ki, səni basdırmasam, ölmərəm. Bəs niyə məni tək qoyub getdin? Qorxmursan ki, yenidən evlənərəm?” deyəndə elə güldüm ki, göz yaşlarım yanağımda rəqs etdi. Çünki gənc yaşlarımızdan aramızda olan zarafata eyham edirdi. Hərdən zarafat edərək: “Gərək sən ölən kimi bir arvad da alım” deyirdi. Mən də qarşılığında: “Səni basdırmasam, ölmərəm” – deyərdim. İndi bu qəmgin vaxtında bunu yadına salması məni yaman güldürdü. Kişiyə lap yazığım gəldi. Çünki arzusu gözündə qalmışdı. 81 yaşında necə evlənə bilərdi ki?! Bu sözü deyib, yanıma uzandı. Məni möhkəm-möhkəm qucaqladı. Mən bu qucaqlamanı görsəm də, hiss edə bilmirdim. 56 il idi ki, bir döşəkdə bu cür qucaqlaşıb yatardıq. Onun bu doğma təması mənə həmişə rahatlıq verərdi. Amma indi heç nə hiss etmirdim. Bu vəziyyəti də başa düşmürdüm. Daha yuxu olmadığına inanmışdım. Amma nə idi bu? Bəlkə, elə mən doğrudan da ölmüşdüm, bəlkə, sadəcə bir iksir içib yoxa çıxmışdım? Onun qara gözlərinə toxundum. Göz yaşlarını silmək istədim. Amma o heç nə hiss etmirdi. “Mən ölməmişəm” – dedim, qucaqladım. Amma nə o, nə də mən bir-birimizə toxuna bilirdik. Acizliyimi görüb bu acını mənə yaşatdığı üçün allaha üsyan etdim. Axı necə ola bilərdi, onu görəsən, eşidəsən, amma bu qədər ayrı olduğunu da hiss edəsən. Sən demə, əsl ayrılıq bu imiş. Həm də yana-yana ayrılmaq. Mən də qoşuldum can yoldaşıma. Başladıq ağlamağa. O, mənim yoxluğuma, mən də onun varlığına ağlamağa. Hələ ölümü dərk edə bilmirdim. Fəqət ərimin dərdinə şərik ola bilmədiyim üçün ağlayırdım. Mənim ölümümü faciə idi, yoxsa onun yalqızlığımı? Sonra çarəsiz qalıb pəncərənin qırağında oturdum və başladım gedişatı izləməyə. Səhər saatları olduğundan camaat bir az gec gəldi. Qızım içəri girən kimi əl atdı saçlarına. Özünü elə döyürdü ki, baxmağa tab gətirə bilmədim. Gözlərimi yumdum. Birdən onun yanğılı səslə ağısını eşitdim: “Ay anaaa, Allah məni öldürsün… Axı mən doyunca sənə qulluq edə bilmədim…. Dedin, “ayaqlarım ağrıyır”, qulaqardına vurub ovmadım, qurban olum sənə, anaaaaa. O ağrıyan ayaqlarına qurban olummmm. Cannnn, anaaa, cannn. Bir düz-əməlli yemək də bişirə bilmədim. İt kimi qışqırırdım üstünə… Allah məni öldürsün, anaaa, qədrini bilmədim. Gəlinlərdən şikayətlənirdin ki, dişlərim yox, ağzım ağrıyır, amma onlar mənə görə yemək bişirmirlər. Mən eşşək də bunu başa düşmədim” Sonra qonşular gəldi. Tez-tələsik molla çağırmaq istədilər. Güllü bacı dedi ki, qadınlar üçün molla Xeyrənsəni çağıraq. Yaxındadır. Həm də savadlı qadındır. Bu tərəfdən məclisi əlinə almış qapı qonşum Bikə dedi: Ay qız, onu neynirsən? Nə olsun ki, savadı var? Bir köpüklük ağlatmağı bacarmır. Gülçöhrəni çağıracam. Onun həm yaxşı yanğılı səsi var, həm də ürəkdən ağlayır. Adamın dərdləri, faciələri yadına düşür. Arvadın yasında gərək ürək dolusu ağlayaq. Beləcə, qərara gəldilər ki, Gülçöhrəni çağırsınlar. Sonra da məni ədəb-ərkanla aparıb dəfn elədilər. Əvvəl kənardan baxırdım. Gördüm ki, məni qoydular qəbrə. Fikirləşdim ki, mən çöldəyəm, onlarsa cismimi qəbrə qoyurlar. Toy günüm yadıma düşdü. Onda da 25 il yaşadığım evi, yurdu başqa bir yerə dəyişirdim. O zaman ruhum cismimdən öncə sevgilimin yanına getmişdi. Sonra cismimi bəzəyib-düzəyib ər evinə gətirmişdilər. İndi də cismimi yeni yurduna aparırlar, amma ruhum qalıb ərimin yanında. Fərq onda idi ki, gəlin gələndə mənə yol göstərən, necə davranacağımı öyrədənlər var idi. Amma indi heç kim mənə heç nə öyrətmir. Heç adam da yoxdur. Mən sanki boşluqda idim. Bura hara idi? Cənnətmi, cəhənnəmi? Deyəsən, nə cənnət vardı, nə də cəhənnəm. Boşluqda idim. Bəlkə də, keçiddəyəm, o dünya ilə bu dünyanın arasında. Qəbri qazdılar, oğlanlarım məni qəbrə endirəndə kəfənimi külək tərpətdi. Molla tez üzünü gələnlərə tutub dedi: “Ay camaat, üzünüzü o tərəfə tutun, mərhuməyə naməhrəmsiniz”. – Allah səni vurmuşdu, bura gələnlər nə hayda, sən nə hayda?! Kül başına! – deyib, qəbirdə yerimi rahatladım. Qorxdum ki, sonra qalaram ortalıqda, onsuz da, bu dünyada məni heç kim görüb, eşitmir. Pis ruhlar kimi qalaram sərgərdan. Necə ki, məni tələm-tələsik qüsullayıb dəfnə gətirmişdilər, eləcə də, torpaqlamağa başladılar. Torpağı elə tələsik tökürdülər ki, sanki durub qaçacaqdım. Ərim isə köhnə qəbirlərdən birinin yanında yerə çöməlib fikirli-fikirli siqaretini sümürürdü. Camaat köməkləşib “əldən qalan əlli il qalar” prinsipinə uyğun mənim üstümdə olan sal daşların üstünə torpağı tökdülər, həm baş, həm də ayaq daşlarımı qoyub uzaqlaşdılar. Oğlanlarım el qınağından çəkinib qəbrimin üstündən uzaqlaşmaq istəmirdi, desəm, qurdlu analara bənzərəm, amma inanın kimlərinsə gəlib onların qoluna girməklərini gözləyirdilər sanki. Beləcə, onlar getdilər. Üstümə o qədər torpaq tökmələrinə baxmayaraq mən yenə onları görür və eşidirdim. Bir az uzandım qəbrimin içində. Nə baş verəcəyini çox gözlədim. Amma nə gələn oldu, nə də gedən. Xeyli ötən günlərimi fikirləşdim. Keçmiş xoş və naxoş günlərimi gözlərimdə canlandırdım, evlənməyimi, uşaqlarımın doğulmasını, onların evlənməsini, nəvələrimi… Hamısını düşündüm. Nə cəhənnəm mələkləri, nə də cənnət mələklərindən bir xəbər var idi. Yaman darıxdım. Sən demə, ölmək belə imiş. Məkansız bir varlıq, zamansız bir varlıq olmaq nə pis şey imiş, allah! Hər yerə gedə bilsəm də, heç bir yer mənim üçün doğma deyildi. Kimsəsiz və sahibsiz idim. Dözüb dayana bilmədim qəbrimdə. Axı mənim üçün heç bir maneə yox idi. Qəbrimin üstünə çıxdım. Qəbiristanlıqda it ulayırdı. Günün günorta çağı burda təkcə Qırmızı Əlinin oğlu molla Vəli var idi. Molla deyəndə ki, bir vaxtlar çıxartmadığı hoqqa, sataşmadığı qız qalmayan bu bədbəxt bəndə sonradan tövbə etdiyi üçün keçib mollalığa. Beləcə qəbiristanlıqda gəzişir, “Yasin” oxuyub çörək pulu qazanır. Babalı deyənlərin boynuna, amma o gün təndirdə qonşular söhbət edirdilər ki, gecələr yenə əvvəlki kimi gizlincə bir “çubuş” aşırır. İndi də pirin qabağında oturub müdrik adamlar kimi təsbeh çevirir. Bir az onu seyr etdim. sonra heç kimin olmadığını gördükdə evimizə tərəf üz tutdum. Həyətimizdə bir vur-çatlasın idi ki, gəl görəsən. Ocaq yandıran kim, heyvanı doğrayan kim, samovarı qaynadan kim. Məhəlləmizdəki bütün cavanlar ölü sahibinə kömək üçün yığışmışdılar. Maşallah, heç nəyin korluğu yox idi. Hər şey qaydasında idi. Bir anlıq yenə toyum yadıma düşdü. Onda da belə idi. Amma indi bir video çəkiliş çatmırdı. Hamı yenə gülüşür, zarafatlaşır, heç nə olmamış kimi vəzifələrini yerinə yetiridilər. Ölənlə ölməyəcəkdilər ki… Çadırın qapısında oturan Əliqulu isə öz hayında idi. Gələnə, gedənə başı ilə “sağ olun, ölənlərinizə rəhmət” – deyib borcunu yerinə yetirirdi. Qızım da sakitləşmişdi bir az. Sanki ağlamaqdan matı-mutu qurumuş, pərişan halda məclisə baxırdı. Kəndin bütün qadınları gəlmişdi. Gülçöhrə də, maşallah, elə yanğılı səslə qiyyə çəkib ağlayırdı ki, gəl görəsən. Ömründə bir dəfə də salam-kəlamımız olmayan, amma el adətinə görə yas yerinə gələnlər də elə ağlayırdılar ki, sanki, nər igid itirmişdilər. Əlim ağzımda qaldı. Bir zamanlar mənim də məclislərdə bu cür hərəkət etdiyim yadıma düşdü. İlahi, insan nə qədər bədbəxt olur?! Nə qədər ikiüzlü olur?! Qızım Gülçöhrənin səsinə evin o biri başından səs verən qudam Zeynəb məni lap təəccübləndirdi. “Ay Səkinə, vayyyy. Qız, ciyərim yandı. Sən bir gün görmədin ki, qızzzzz. Müharibə illərində yetimçiliklə qapılarda qaldın, quru çörək yeməkdən ovurdların qabar olmuş Səkinəm vayyy. Bəs niyə tez getdin, sənin görəcək günlərin bundan sonra idi axı, bacı…..” – deyib elə qıyya çəkdi ki, elə bildim, özündən getdi. Bu, ikiüzlülüyün zirvəsi idi. Bir-birimizdən zindeyi-zəhləmiz gedirdi. Oğlum mənim sözümə baxmayıb onun qızını aldı. Çünki sevirdi. O da bilirdi ki, onun qızını almaq istəmirəm. Oğlumla qızının sevgisinə söykənib özünü göylə aparırdı. Səsimi eşitsəydi, deyərdim – “tfuuuuu sənin üzünə, baaa. Ay qız, mənim üçün belə ürəyin yanırdısa, qızını gündə niyə doldurub oğlumun üstünə salırdın?” Nəsə sonra hamısı sakitləşdilər və başladılar söhbətə. Çadraya bükülmüş bu arvadların müzakirə etmədiyi mövzu qalmadı. Hamının qarşısında durub onların bir-birilə etdiyi söhbətə öz yas mərasimində qulaq asmaq adama elə maraqlı gəlirki… Deməli, Məhəmmədin arvadının gecələr qonşunun oğlu ilə pəyədə gizlin görüşmələrini Güllünün görməsindən, Əhlimanın oğlunun Moskvada bıçaqlanmasından, bazarda vəziyyətin yaxşı olmadığından, Ərdoğanın türkləri gözünün götürməməsindən, Putinin Qarabağı neçə milyonasa Azərbaycana satmasından, Obamanın müsəlmanlığından, ermənilərin bizimlə yenidən birləşmək arzularına qədər həm məişət, həm də ictimai müzakirələri dinləyirdim. Sonra kişilərin çadırına getdim. Oğlumla bacım oğlunun söhbətindən bildim ki, mənim məclisimi aparan Molla Zülfüqar təcili harasa gedib. Getməyinin də səbəbi böyük vəzifədə işləyən Cavidin anasının can üstə olmasıdır. Zəng ediblər, o da oğlumdan üzr istəyib ki, bağışla, hələlik sizin məclisi məclisdəkilərdən biri aparsın. Mənlik bir iş yoxdur. Gedim onu da tez dəfn edim, gəlim. Sonra başqasını çağırarlar biabır olarıq. Buna görə də, qardaşımın kürəkəni Məmmədqulu hirslənib ki, bəs mən sizə deyəndə ki, bu gözü ilə görən qurumsağı çağırmayın, sözümə qulaq asmadınız. O, nazir müavinin anasını qoyub, gəlib usta Şakirin anasının yasını aparacaq? İndi gedin özünüzə molla tapın. Hamı dəyib bir-birinə. Mollasız məclis olar? Tez-tələsik gediblər bayaq mənim qəbiristanlıqda qoyub gəldiyim molla Vəlini gətiriblər. O da oturub yuxarı başda, məclisi idarə edə bilmir. İki dəqiqədən bir qışqıqrır ki, Allahınız olsun, dininiz olsun! Bə siz niyə belə edirsiniz! Fatihə! Bir az sakitlik yaranır, sonra yenidən ara qarışır, hərə öz dərdini, məsələsini yanındakı ilə bölüşür. Bir az keçməmiş Molla Vəli yenə qışqırır: “Yekə kişisiz əəə, fatihə! Bunun da səbəbi o idi ki, bizim rayonun başçısının qərarına görə yas mərasimlərində mollalar yalnız “Quran” oxuya bilər. Heç bir başqa söhbət edə bilməzlər. Çünki bəzi mollalar söhbətlərində ya gic-gic danışıb aləmi vururlar bir-birinə, ya da müxtəlif təriqətlərin təbliğatını aparırlar. Daha çox da, iranmeyilli mollalar təhlükəli idi. Bu bədbəxt mollalar da, Quranda “Yasin”, “Əşr” və “Fatihə”dən başqa nə bilirlər ki?! Ona görə də danışmağa bir şey tapa bilmirlər. Camaat da nə olsun ki, yasa gəlib? Ya nəsə danışmalı, ya da eşitməlidirlər axı. Kişilərin söhbətləri qadınlarınkından bir az abırlı olsa da, mənə heç bir aidiyyatı yox idi. Yavaş-yavaş qapıdan çıxdım. Dedim, gedim qəbrimə, birdən gələrlər məni aparmağa, tapmazlar, qalaram burda. Adam öləndən sonra elə bil ağıllanır, vallah. İndi kəndimizdə gördüyüm hər şey mənə cəhaləti xatırladırdı. Elə başılovlu yas mərasimindən çıxıb döngəni dönürdüm ki, gördüm oğlumla, onun Ordubaddan yas yerinə gələn dostu söhbət edir. Balaca oğlumu öləndən bəri yaxşı görməmişdim. Elə bil, qocalmışdı. Gözlərinin içində gördüyüm kədər qəlbimi qubar etdi. Bu oğlum həqiqi bir yetimi xatırlatdı mənə. Daha kövrələ bilmirdim. Birdən onun Ordubaddan gələn dostlu İlqar bükülmüş bir butulkanı verdi ona. -Qardaş, çoxdandır, gələ bilmirəm. Allah rəhmət eləsin, onun hesabına yenə görüşdük. Bu, tut arağıdır, anam özü çəkib. Neçə vaxtdır ki, sənin payını ayırıb. Qismət bu günə imiş. Oğlum da o tərəf-bu tərəfə baxıb butulkanı götürüb, maşınına qoydu. Mənsə öz qəbrimə getdim. Dünyadan və insanlardan yorulmuşdum. Elə bil, 80 il bu dünyada yaşamamışdım. Hər şey gözümdən düşdü, etibarsızlaşdı, cılızlaşdı. Sanki Tanrı mənə bunları göstərməklə, bir daha özünün böyüklüyünü sübut etmək istəyirdi… Elə bil, “Gör nə gündəsiniz” – deyirdi. Hələ mən savadsız bir qadın idim, gör savadlı adama necə görünərdi o dünyadan bu dünya… Bunları düşünə-düşünə lap ürəyim sıxıldı. Harasa qaçmağı, yox olmağı, düşünməməyı, görməməyı, kül kimi sovrulub yox olmağı arzuladım. Artıq qəbrimin yanına çatmışdım. Birdən gördüm ki, Əliqulu baş daşımın yanında oturub, başını da qoyub daşın üstünə. Hönkürmək istəyirdim, özümü saxlaya bilməyib, mənə qalan ərimi arxadan qucaqladım. Birdən o, əlini sinəsindəki əlimin üstünə qoyub: “Hara getmişdin, günortadan səni gözləyirəm, – dedi – yaman darıxdım”. Artıq mən ağlaya bilirdim… Əliqulunu hiss edə bilirdim, ona toxuna bilirdim… Sevincimdən gülürdüm, göz yaşlarımı silə-silə: “Sənə demişdim axı, səni basdırmasam, heç yana getmərəm”– deyib onu qucaqladım…