Şəmil Sadiq əksər filoloqlar kimi hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmaqla yoldaşları arasında seçilmişdir. O, 1996-cı ildən üzü bəri yaradıcılığını püxtələşdirir, durmadan üzərində çalışırdı. 2006-cı ildə o, mənə “Qana qan qarışdı” kitabını korrektə üçün təqdim edəndə anladım ki, bədii yaradıcılıq Şəmil üçün əyləncə, rahatlıq, özünü ifadə, digərlərindən fərqlənmək üçün vasitə deyil, ciddi bir fəaliyyət sahəsidir. O zaman həmin kitabı diqqətlə oxudum, fikirlərimi bildirdim, məsləhətlərimi verdim. Kitabdakı bir əsər “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan “Qana qan qarışdı” dramı nəzərimi daha çox cəlb etmişdi. Əsərin tamaşaya qoyulması üçün də təşəbbüs göstərdim. Əsərin tamaşası da uğurlu alındı. Yəqin ki, Şəmil Sadiqi sonrakı yaradıcılığa sövq edən də, həvəsləndirən də elə bu idi.
Müəllifin “OdƏrlər” romanını 2013-cü ildə hədiyyə alanda sevindim. Şəmil müəllimin yaradıcılığının rəngarəng olması bu kitabla özünü doğrultdu.
Mənim Şəmil Sadiqdə gördüyüm, bəyəndiyim və hər zaman başqalarına nümunə olaraq göstərdiyim cəhət onun öz üzərində çalışması və oxuduqlarından bəhrələnməsidir. Belə ki, onun əsərlərini oxuyanda onu yaxından tanıyan digər şəxslər kimi mən bu ideyanın onda necə yarandığını rahat təsəvvür edə bilirəm. Yəni Şəmil həyat hadisələrini rahat bədii əsər materialına çevirə, oxuyub təsirləndiyini, milli-mənəvi kökümüzlə bağlı tapdığı hər bir şeyi ideya kimi oxucsuna təlqin edə bilir. Adı qeyd olunan romanda da müəllif fəlsəfə doktorluğu dissertasiyasının tədqiqat obyekti olan, yaradıcılığına aşiq olduğu Hüseyn Cavidin “Turançılıq” ideyasını, ömrünün qürub çağında tanış olduğu, Şəmil Sadiq yaradıcılığına böyük ümid bəslədiyini söyləyən İsa Muğannanın “Odərlər” düşüncəsini, mifik, fəlsəfi sərvətimizi, Nizami, Nəsimi kimi dahilərin irsindən süzülüb təfəkkürümüzdə iz qoyan cəhətləri gənc oxuculara maraqlı, eyni zamanda aktual bir mövzu – Qarabağ müharibəsi fonunda təlqin etməyi bacardı.
Məni yenə də bu kitab üzərinə qayıtmağa, onu yenidən vərəqləyib, bu yazını yazmağa sövq edən isə son iki ay ərzində mənfur düşmənlə sərhəddə baş verən hadisələr oldu. Romanın süjetində yer alan hadisələr sanki gözümün önündə canlandı. Bu da məni yazıçıların, həqiqətən, ilahi bir diktə ilə yaratdığına bir daha inandırdı.
Şəmil Sadiq “OdƏrlər” romanında Vətən anlayışını dar çərçivədən çıxarmağı bacarmış, onu Qarabağ, Azərbaycan Respublikası, istibdad əlində əzilən Güney, soyqırıma məruz qalan Türküstan, müstəqillik üçün çarpışan Krım, asimilyasiyaya uğrayan Qaqauziya deyil, bütövlükdə türklük, türkün yaşadığı, yurd saldığı ərazi kimi götürür. Məhz buna görə də romanda nə Dədə Əfəndi, nə Qoroğlu, nə də digər zabit və əsgərlər, sənətkar və ziyalılar deyil, ümumilikdə Turançılıq, türkçülük, türkün fikir və əməl birliyi, bir sözlə ideologiyanın özü baş qəhrəman kimi çıxış edir. Romanda oxuyuruq: “Bu gün də onun boynuna babalarından, atalarından qalan bir yük düşmüşdü. Amma daha böyük yük idi. İndi bir kəndin, bir ölkənin yox, bütün türklüyün, bütün bəşəriyyətin gizlədilmiş tarixinin üzə çıxarılması idi bu yük”. (səh. 335)
Bu mənada bəzən yazıçının öz arzuları da reallıq kimi təqdim olunur. Amma bu romantik sənətkarlardakı kimi inanılmaz yox, real görünür. Bəzi hadisələri isə peşəkarlıqdan uzaq olsa da, öncəgörənlik də adlandıra bilərik. Belə ki, romanın süjetində yer alan milli oyanış, Qarabağda əsgərlərin ruh yüksəkliyinin artması, xalqın orduya, qələbəyə inam hissinin dərinləşməsi təkcə müəllifin arzuları olaraq qalmır, reallığa çevrilir, son aylarda cəbhədə baş verən canlanma da bunu sübut edir.
Romanın sonunda Şəmil Sadiqin yazdığı aşağıdakı fikirləri oxuduqda onların 2013-cü ildə nəşr olunmuş bir əsərdən olması bizdə təəccüb doğurur. Sanki son bir ayın hadisələrinin şərhi təəssüratını yaradır : “Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlamış, hər gün bir neçə evə üçrəngli bayrağa bükülmüş onlarla şəhid tabutu ilə bərabər, milyonlarla evə “bu gün Azərbaycan ordusu Xocalı və Qaradağlı qisasını ermənilərdən aldı” və s. kimi sevinc dolu şad xəbərlər də gedirdi. Bu şad xəbərin özü də sanki üçrəngli bayrağa bürünərək qürur duyurdu”. (səh. 327)
Bu romanda bütün məclislərimizin, nitqlərimizin sonunda səsləndirdiyimiz “o gün olsun üç rəngli Azərbaycan bayrağını Şuşaya, Xankəndinə sancaq”, – ifadəsi bədii şəkildə əks olunmuşdur. Əsərdə bu arzunun beş nəfər Azərbaycan gənci tərəfindən, onların igidliyi, şücaəti sayəsində reallaşdığını görürük. Azərbaycan bayrağını qondarma “Qarabağ Respublikası”nın mərkəzi binasına sancan Məhəmməd bu hadisənin fərqinə varmayan separatçı rejimə müraciətlə: “Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz bu bayrağı? Bu Azərbaycan bayrağıdır ki, başımız üstündə dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz? Niyə baş əymirsiniz?! Niyə qaçıb rədd olmursunuz bu torpaqlardan?! Bir baxın, görün, necə qürurla dalğalanır?! Görün Sizin murdar nəfəsinizə önəm vermədən səmanı necə də aydınladıb?!” (səh. 253)
Sanki bu söz Milli Qəhrəman Mübariz İbrahimovun, şəhid Fərid Əhmədovun, ölümü gözə alaraq uf demədən bayrağını təhqir etdiyi üçün düşmənin başını kəsən Ramin Səfərovun nitqidir, bir obrazın dilində ümumiləşərək Vətən oğullarının arzusunu canlandırır, dünyaya hayqırır. Bu bir nəfər yazıçının ürək sözləri deyil, minlərin, milyonların diləyidir.
Şəmil Sadiq “OdƏrlər”də Ziya Göyalp, İsmayıl bəy Qaspıralı, Bəkir Çobanzadə kimi türkçülərin, turançıların vətənpərvərlik təşəbbüsü ilə məsələyə yanaşır. Məhəllələrə parçalanmış Türk ellərini, oba-oba, oymaq-oymaq, kənd-kənd, şəhərlərlə, mahallarla birləşdirərək vahid Türküstan yaratmaq əzmini ortaya qoyur. Romanın əvvəlində nalbəndin dilindən verilən: “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” – aforizmi ilə bütün əsərin leytmotivini yönəltmiş olur.Əsər boyu türkün əzəmətinə inam formalaşır. Ulu şaman məclisi, Türk ellərinin birliyi təşkilatının bütün türk cümhuriyyətlərində qollarının olması müəllifin milli-etnik həmrəylik arzusundan irəli gəlir. Onun fikrincə xalqı ümmətçilik deyil, milli birlik birləşdirə bilər. Firqələr, təriqətlər, sektalr bu milli birliyi pozmağa yönəlmiş təxribatdan başqa bir şey deyil. Şəmil Sadiqin Qoroğlunun gələcək misiyası ilə bağlı dediyi sözlər sanki gənc nəslə çağırışdır: “Sönməz odun sönməməsi üçün Qoroğlu da o gündən oda çevrildi. Vətəni, milləti qorumaq üçün o, bəzən köz olub düşmənin bağrına yapışacaq, bəzən məşəl olub elin yolunu işıqlandıracaq, bəzən də tonqal olub xalqı birləşdirəcəkdi”. (səh. 31)
Sözü Tanrının sirri sayan müəllif bir çox gizli mətləbləri Dədə Əfəndinin dilindən verir. Fikrimcə, İsa Hüseynov Dədə Əfəndi obrazının prototipi olaraq çıxış edir. Yazıçı da özünü Qoroğlunun simasında təsəvvür edərək xəyallar aləmində hərəkətə gəlib bəşəri misiyanın ardınca düşür.
Şəmil Sadiq “Qana qan qarışdı” dramında qoyduğu məsələni bu əsərində də davam etdirir, qanın saflığı, genin təmizliyi məsələsini, hətta elmi müstəvidə belə həll etməyə çalışır. Əgər “Qana qan qarışdı” dramında Dədə Qorqudun dilindən: “Türk elinə bəla üz verib, bəylər. Türkün qanı yad qanına qarışıb, düşmən torpağında oğuz toxumu cücərib, bu türkün məhvinə aparıb çıxaracaq”, – sözlərini səsləndirməklə gen saflığını qorumağa çağırırsa, “OdƏrlər” romanında yüzillər sonra “Qan qardaşlarının çətin və köməksiz durumuna dözməyən ağalar qısa müddətdə 45 nəfərlik sıravi dəstə ilə Amasiyaya doğru üz tutmuşdular”, – deyib qorunan bu saflığın məslək və əməl birliyinə səbəb olduğunu göstərir. Nəzərimizdə M.K.Atatürkün: “Türkün türkdən başqa dostu yoxdur”, – fikri canlanır.
Müəllif müxtəlif amillərin ayırdığı milli toplumu bir bütöv halında görmək istəyir. Türklərin İslamı qəbul etməsini də, Babəkin mübarizəsini də türkün gen yaddaşı ilə bağlayır. “İnsanlığın tarixinin Sibirdən gəldiyini” yazan yazıçı tanrıçılıq inancına önəm verir. Babək kimi xalq qəhrəmanlarının İslama deyil, işğala qarşı döyüşdüyünü əsaslandırır.
Müəllifin fikrincə, yaşamaq üçün ölüb, həm yaşadan, həm də yaşayan qəhrəmanlar bu Vətənin gələcəyi naminə iş görə bilər.
Əsər belə qəhrəmanların aramızda varlığına inam formalaşdırır. Bizi özümüzə qayıtmağa səsləyir. Şəmil Sadiq Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Araz kimi əsərində toplumu birləşdirə biləcək, ona nicat yolunu göstərə bilən kitab fenomenini ortayaqoyur. Burada bir ailənin, bir mahalın, bir millətin deyil, bəşərin nicatına səbəb ola biləcək üç kitab haqqında söhbət gedir. Onlardan birini əldə edən Qoroğlu türkün əzəmətini özünə qaytarmaq üçün çalışır.
Şəmil müəllimin liderlərlə bağlı fikirlərindən biri də bu kitaba hopub. “Liderlər hamının görmədiyi yolu görməli, getmədiyi yolu getməli olan şəxslərdir”, – sözləri bir düstur kimi səslənir. Romanın mərkəzi surəti Qoroğlu da belə bir obraz kimi yaradılıb. Onu da şübhələr qovurur, o da bədbinliyə qapıla bilir, o da bəzən inam hissini itirir. Amma ali gələcək uğrunda mübarizə onu bəşərin xilasına ruhlandırır, qaranlıq mühitdə gözünə işıq, havasız şəraitdə nəfəs verir.
Romanda qadın obrazları da diqqəti cəlb edir. Ulu “Dədə Qorqud”dan, dahi Nizamidən qaynaqlanan bu ənənə “OdƏrlər” əsərinə də siraət edib. Qadının ailədə rolu, əri ilə münasibətdə səmimi, belə demək mümkünsə, qardaşlığı Şəmil Sadiqin yaratdığı obrazların dilində də öz əksini tapır. Dədə Qorqud sayağı bu qadınlar hər cəhətdən öz yarlarını tamamlayır: “…kişiyə həmişə güclü bir qadın lazımdır. Yeri gələndə onunla döyüşə getsin, yeri gələndə onu qorusun, masa başında kişisinə ağıllı məsləhətlər versin. Bu türk ənənəsindən gələn bir hal idi”. (səh. 310)
Bolqar türkü olan Boqomilla Abadjiyevanın gizli fəaliyyəti, Azərbaycan naminə gördüyü işlər oxucunun istər-istəməz türk qadını üçün bir qürur duymasına səbəb olur. Onun öz ali tapşırığını yerinə yetirdikdən sonra diri ələ keçməsin deyə üzüyünün qaşı əvəzinə gəzdirdiyi zəhəri içib əbədiyyətə qovuşması, müəllifin romanın əvvəlində Hüseyn Caviddən gətirdiyi epiqrafla uzlaşır : “Ölüm var ki, həyat qədər dəyərli…”
Romanda ailə münasibətləri, ər arvad, övlad valideyn arasındakı dostluq ənənəsi türk ailə özülü üzərində qurulub. Əsər oxunaqlıdır, süjeti cəlbedicidir, tək ahəngli deyil. Bu roman mütaliəyə o qədər də həvəsi olmayan bəzi gəncləri də cazb edib, onların milli ruhda formalaşması üçün faydalı ola bilər. Şəmil Sadiqə uğurlar diləyərək roman trilogiya şəklində nəzərdə tutulan “OdƏrlər”in davamını, gözləyirik.
Nəcəfzadə Əzizağa Bayram oğlu
filologiya üzrə fəlsəfə doktoru, AMEA Məhəmmməd Füzuli adına Əlyazmalar İstitutunun elmi katibi